Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

«Freedom Now» Bəxtiyar Hacıyevi müdafiə edəcək


Bəxtiyar Hacıyev məhkəmədə
Bəxtiyar Hacıyev məhkəmədə
-

“Biz Bəxtiyar Hacıyevin işini həm Azərbaycan qanunları, həm də bu ölkənin qoşulduğu beynəlxalq konvensiyalar baxımından təhlil etdik və qərar gəldik ki, o, əslində vicdan məhbusudur və onun işində fundamental insan azadlıqları pozulub”.

Bunu Azadlıq Radiosuna müsahibəsində Amerikanın “Freedom Now” Təşkilatının icraçı direktoru Maran Turner deyir.

Təşkilat qərara gəlib ki, azərbaycanlı gənc fəal Bəxtiyar Hacıyevin müdafiəsi ilə xüsusi məşğul olsun.

“Freedom Now” təşkilatının başqa hüquq müdafiə təşkilatlarından fərqi odur ki, o, hər bir ölkədən konkret bir şəxsi seçərək onun müdafiəsi ilə məşğul olur.

Məsələn, o, xeyli müddət ev dustağı olmuş və bu yaxınlarda siyasi fəaliyyətinə icazə vermiş nepallı müxalifət lideri Aung San Suu Kyi, beloruslu prezidentliyə namizəd Andrey Sannikov və başqalarını müdafiə edir.

Maran Turnet deyir ki, Bəxtiyar Hacıyevin işini elə-belə seçməyiblər. Çünki Azərbaycan hökuməti gənc nəslin cəmiyyətdəki rolunun artmasından ehtiyatlanmağa başlayıb və buna görə də gənc fəallara qarşı təzyiq və təqib kampaniyası aparır.

Turner bildirir ki, onlar Bəxtiyar Hacıyevin işini çox dərindən öyrəniblər və bu qənaətə gəliblər ki, ona qarşı irəli sürülən hərbi xidmətdən yayınma ittihamı tamamilə quramadır, ittihamın arxasında gənc fəalı susdurmaq məqsədi dayanır.

Xanım Turner xatırladır ki, Bəxtiyar Hacıyev Harvard Universitetində təhsil alıb, ictimai-siyasi fəaldır və onun fəaliyyəti Azərbaycan gəncliyi üçün bir nümunə ola bilər:

“Belə gənclər öz yaşıdlarını səfərbər edə bilər. Hökuməti ən çox qorxudan da budur”

Xanım Turner deyir ki, onlar artıq Bəxtiyar Hacıyevi müdafiə etmək qərarı veriblər və indi bununla bağlı konkret hansı addımları atmağı müzakirə edirlər.

“Bu çox mühümdür ki, artıq Bəxtiyar Hacıyevin işi Avropa İnsan Haqları Məhkəməsindədir. Çünki həmin məhkəmə Azərbaycan hökumətinin icra etməyə borclu olduğu hökmlər çıxara bilir. Bizim işimiz ondan ibarətdir ki, burada Amerikada və Avropada Bəxtiyarın müdafiəsi ilə bağlı işləri koordinasiya edək, həmin müdafiə işinə
Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev
Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev
daha çox diqqət cəlb edək.

Azərbaycan hökuməti öz üzərində bir təzyiq hiss etsin, anlasın ki, Amerikada da, Avropada da yüksək səviyyəli rəsmilər bu işə diqqətlə yanaşırlar və Bəxtiyarın həbsdə qalması yolverilməsdir”.

“Freedom Now” Təşkilatının icraçı direktoru deyir ki, Bəxtiyar Hacıyevin işi onların Azərbaycandan müdafiə üçün seçdikləri ilk iş deyil. Bundan qabaq onlar iki bloqçu Emin Milli və Adnan Hacızadənin işi ilə məşğul olublar. Xanım Turner deyir ki, bu baxımdan onların Azərbaycan hökumətinin siyasi, ictimai sferadakı taktikalarından xəbərləri var.

“Freedom Now” təşkilatının hələ ki öz nümayəndəsini Bakıya Bəxtiyar Hacıyevlə görüşməyə göndərmək planı yoxdur. Xanım Turner deyir ki, xaricilərin Azərbaycan gəlmək və həbsxanada kiminləsə görüşmək üçün xeyli prosedurunun olduğunu bilirlər, amma bu məsələni də gələcəkdə reallaşdırmaq yönündə addım ata bilərlər.
XS
SM
MD
LG