Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

Hökumət özəl torpaqları yeni qaydalarla alacaq


Foto: Arxiv
Foto: Arxiv
Kranın dəmir ağızlı çalovu divarı iri parçalarla qoparıb yerlə-yeksan edir... Bir necə saat bundan əvvələ qədər bu divarlar insan nəfəsi ilə isinirdi, uşaq gülüşü ilə titrəyirdi. Amma indi yerdə daş-kəsək var. Daş-kəsəyin qopardığı tozanaq yatmamış başqa divar yıxılır. Yan-yörəyə yığışanlar isə bir neçə metr hündürlüyündə olan kranın iri, dəmir dişli çalovun zərbələrinə dözə bilmir, kimisi özünü qabağa atıb yıxılan divara dayaq olmaq, bir başqası göz yaşı ilə tozu yatızdırmaq istəyir deyəsən:

- 10 min manat təklif eləyirlər, 10 min manata nə almaq olar?

Bu dram bu günlərdə Bakının Bayıl qəsəbəsində, Bayraq meydanının yaxınlığında, hərbçilərin yaşadığı məhəllədə yaşanıb. Onların yaşadıqları yer dövlət ehtiyacları adı altında əllərindən alınır və əvəzində kompensasiya təklif edilir. Sakinlər isə bu kompensasiyanın az olduğunu iddia edirlər.

Evləri sökülən, «dövlət ehtiyacı» adı altında yaşadıqları yerlərdən köçürülənlər isə təkcə Bayraq meydanı ətrafında yaşayanlar deyil. Ölkədə dövlətin mülki hüquqları pozması ilə bağlı kütləvi şikayətlərə rast gəlinir.

QAYDALARDA NƏ VAR?

Bu ərəfədə isə Nazirlər Kabineti köçürmələrlə bağlı yeni qaydalar təsdiqləyib. Bu qaydalar mövcud durumu dəyişəcəkmi?

İqtisadçı Natiq Cəfərli deyir ki, yeni qaydaya görə, köçürülən adamların sayı 200-dən artıqdırsa və onlar köçürülən yerin yaxınlığında məskunlaşmaq istəyirlərsə, köçürülmə komissiyası bununla bağlı qərar verməlidir:

- Ümid edək ki, bu bənd icra olunacaq. Görünür, hökumət başa düşdü ki, son günlər cəmiyyətdə artan narazılıq sosial gərginliyə çevrilə bilər. Amma yenə də aydın deyil ki, «dövlət mənafeyi üçün» deyəndə, konkret hansı hallar nəzərdə tutulur. Düzdür, müvafiq qanunvericilikdə bəzi hallar göstərilib, amma orda əlavə edilib ki,
Natiq Cəfərli
Natiq Cəfərli
bu, Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Ümid edirdik ki, bu sərəncamda daha aydın göstəriləcək bu hallar. Amma təəssüf ki, belə olmadı, torpaqların hansı hallarda dövlət tərəfindən alınacağı yayğın verilib. O cümlədən, qiymətləndirmə də dəqiq olmalıdır.

Natiq Cəfərli deyir ki, sərəncamda istinad edilən «köçürülmə komissiyası» ilə bağlı məsələ açıq qalır. Məlum olmur ki, bu komissiyanın tərkibinə kimlər daxil edilməlidir:

- Əslində bu komissiyada bütün maraqlı tərəflərin nümayəndələri təmsil olunmalıdır. Sakinlər də maraqlı tərəfdir və burda iştirak etməlidir.

KÖÇÜRÜLMƏ PLANI SAKİNLƏRLƏ MÜZAKİRƏ OLUNMALIDIR

Sərəncamda göstərilir ki, köçürülmədən qabaq köçürüləsi sakinlərlə ictimai iclaslar keçirilməlidir. Köçürülmə planı iclasda iştirak edənlərin rəyləri, təklifləri nəzərə alınmaqla hazırlanmalıdır. Natiq Cəfərlinin fikrincə, belə bir qayda təqdirəlayiqdir, amma reallıqda buna yüksək dərəcədə əməl ediləcəyinə şübhələr var. Müsahibimizin fikrincə, bu şübhəni yaradan səbəblər son vaxtlar yaşananlardır: «Hətta məhkəmə sökülməməyə qərar versə belə, icraedici orqan buna əhəmiyyət vermir» deyən müsahibimiz hesab edir ki, hökumət indiyə kimi camaatla müzakirələrdən yayınıb:

- İndiyə kimi insanların fikri rədd edilib. Əlbəttə, adamları dinləmək çox vacibdir. Amma belə iclasların keçirilməsi isə o deməkdir ki, böyük insan qrupları ilə ortaq məxrəcə gəlinməlidir.
Bayraq meydanı - 11 oktyabr 2012
Bayraq meydanı - 11 oktyabr 2012
Bu isə təbii vaxt alacaq və bu məsələdə vaxt itkisi önəmli deyil. Çünki söhbət insanların mülki, yaşam hüquqlarından gedir. Ancaq Azərbaycan hökuməti planını çox sürətlə həyata keçirmək istəyir və bu zaman sərəncamda tələb olunan qaydanı sadəcə tətbiq etməyə bilər. Necə ki, «Eurovision» mahnı yarışması ərəfəsində «Dövlət satınalmaları» ilə bağlı dəyişiklik etdilər ki, tender keçirmədən də müəyyən işlər görmək mümkündür.

DÖVLƏT ELƏ VƏTƏNDAŞLARDIR

Natiq Cəfərli deyir ki, sərəncama görə, vətəndaş dövlət istədiyi təqdirdə öz torpağını və ya daşınmaz əmlakını satmalıdır. «Bu məsələdə dövlət özünü müstəsna hüquqlu göstərir, halbuki, dövlət elə vətəndaşlardır və onların bu yöndə mülkiyyət hüquqları mütləq qorunmalıdır» deyən müsahibimiz onu da əlavə edir ki, hökumət torpağına ehtiyac duyduğu vətəndaşı mütləq razı salmalıdır, ona zor tətbiq etməməlidir.

«Human Rights Watch» təşkilatı isə hesab edir ki, son illər Azərbaycanda vətəndaşların kütləvi mülki hüquqlarının pozulması halları müşahidə olunur. Təşkilat fevralın 29-da bununla bağlı öz hesabatını açıqlayacaq.
XS
SM
MD
LG