Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

Aslan Quliyev. Yazıçılar Birliyinin “təqaüd tapmacası”


MÖVQE


Aslan Quliyev


YAZIÇILAR BİRLİYİNİN "TƏQAÜD TAPMACASI"

Dostumun bir idarədə işi dolaşığa düşmüşdü, heç nədən incidir, get-gələ salırdılar. Dostum da həmən idarəyə məktub yazmışdı:

«Möhtərəm cənablar!
Bilmək istəyirəm, sizdə vicdan, iynənin ucu qədər insaf, insanlıq hissi, ədalət varmı?»

Dostumun əvvəl yazdığı məktublara olduğu kimi, bu məktubuna da cavab verməmişdilər, amma əvvəl yazdığı məktublardan fərqli olaraq bu məktubuna reaksiya vermişdilər. Dostumu məhkəməyə çağırdılar. Hakim bozarmışdı, bu nədi yazıbsan, adamları təhqir eləyirsən! Dostum sakitcə cavab verdi. «Mən onları təhqir eləməmişəm. Onlara vicdansız deməmişəm, sadəcə olaraq vicdanları olub olmadığını soruşmuşam».
Hakim duruxdu, məlum idarənin müdiri və işçiləri hamısı burdaydı, üzünü onlara tutub soruşdu:
- Sizdə vicdan var?
- Var! – xorla cavab verdilər.
- Eşitdin? – indi də dostumdan soruşdu.
- Eşitdim, – dostum təsdiqlədi.
- Demək, məsələ həll olundu, gedə bilərsiniz,.
- Axı o məktubuyla bizdə vicdan olduğunu şübhə altına alıb, –

Anarla görüşmək istədiyimi eşidəndə isə daş atıb başını tutdu, nə danışırsan, heç kim qəbul eləməyəcək, vacib işləri var. Istədim hansı vacib işləri olduğunu soruşam, amma nə iş gördüklərini soruşanda nə hala düşdüklərini xatırlayıb, susmağa üstünlük verdim.
müdir cürətsiz halda dilləndi.
- Vətəndaşın soruşmaq haqqı var. Soruşursa, cavab verin.
Bununla da məsələ yekunlaşdı.
Dostumun bəxtinə insaflı hakim düşmüşdü.
Dostum da poçtun müdirinə qonaqlıq verib, proses öncəsi insaflı hakimə yazdığı, amma hələlik gedib hakimə çatmayan: «Bilmək istəyirəm, sizdə ədalət varmı?» başlıqlı məktubunu geri qaytarmışdı.

Amma qonaqlıqda çox içmişdi, ən pisi də içəndən sonra görüm dünya hardan gəlib hara gedir deyə küçəyə çıxmışdı, bundan da daha pisi dünyanın hardan gəlib hara getdiyini dəqiq görə bilməsə də, hansısa tədbirdən çıxan həmən müdiri görə bilmişdi. Dabanlarını cütləyib müdirin qabağında farağat dayanmış, məlum sualını soruşmuşdu: «Bilmək istəyirəm, sizdə vicdan varmı?»

Yaxınlıqdakı dörd-beş polis özlərini yetirmişdilər, sən nə danışırsan, belə hörmətli adamı necə təhqir eləyərsən? Dostum özünə haqq qazandırmışdı: «Mən onu təhqir eləmirəm, sadəcə soruşuram. Indicə məhkəmədən çıxmışıq, orda hakim aydınca dedi ki, vətəndaşın soruşmaq haqqı var». Müdir də onun dediklərini təsdiqləmişdi, düz deyir, buraxın onu, sonra da dostumun qulağına pıçıldamışdı: «Işini düzəldirəm, amma səni and verirəm üç əsr ərzində dünyasını dəyişən bütün sülalənin goruna, bir də mənə belə sual vermə». «Yaxşı, - dostum razılaşmışdı, – ayıq vaxtı vermərəm. Amma sərxoş vaxtı mən özümü idarə eləyə bilmirəm».
Sonrası necə oldu, bilmirəm, amma mən dostumun ayıq vaxtını xatırlamıram.

***

Hər il əlli yaşlı yazıçıya bir illik təqaüd veriləcəyini oxuyanda müraciət eləməyi qərara aldım. Bunlar bircə dəfə də olsa mənim üçün yaşıl işıq yandırmayıblar, bu dəfə yəqin etiraz eləməzdilər.

Bakıda olanda Yazıçılar birliyinə getdim. Anar yerində deyildi, köməkçisi Rauf bəylə görüşdüm. Mənim adım ona heç nə demədi, adam məni tanımadı, soyadımı bir qədər ümidlə əlavə eləməyim də heç nəyi dəyişmədi, yəni soyadım da adamın tükünü qımıldatmadı. Qaşqabağını tökmüşdü, baxır və düşünürdüm, görəsən bu adam nə vaxtsa gülürmü, yəni istəsə gülə bilərmi? Gülməyi bacararmı? Yox, istəsə də gülə bilməzdi, yəni bacarmazdı. Nə qədər təxəyyülümü sıxışdırsam, özümü əziyyətə salsam da, bu adamı gülən yerdə, gülən vəziyyətdə təsəvvür eləyə bilmirdim. Köməkçi başını qaldırıb üzümə belə baxmadan artıq siyahilərin tutulduğunu və Anarın belə işlərə baxmadığını dedi. Çaşıb qaldım, demək, sədr belə işlərə baxmır. Bəs onda hansı işlərə baxır, soruşdum və mənim qənaətimcə qarışqanı belə incitməyəcək sualım adama möhkəm toxundu. Bir az da qaraldı, bir az da tutuldu.

Qaralmaqda da davam eləyib gedirdi ki, Çingiz Əlioğlu girdi içəri. Olurmu belə, insan bir göz qırpımında necə də dəyişərmiş? Məlum oldu adam gülə də bilirmiş, yəni gülməyi bacarırmış, özü də belə əməlli başlı! Adama xoş üz göstərə bilirmiş, özü də əndazəsiz, şirin dillə də danışa bilirimş, məlum işdir, əndazəsiz. Keçib Çingiz Əlioğlu ilə üzbəüz oturmuşdu və artıq mənim varlığımı unutmuşdu, inanılası deyil, Çingiz bəyin adicə bir sözünə də gülməyi bacarmayan adam qəşş eləyib gedirdi.

Ayağa qalxıb məni sıxan bu otaqdan çıxmalı oldum. Özümü məzəmmətləyirdim, demək, sən yazıçı imişsən, adamları tanıyırmışsan, adamın əsla gülə bilməyəcəyi qənaətinə gəlmişdin, amma adam gülə bilirmiş, həm də necə gülürmüş! Pilləkənlərdən düşdükcə xəyallar qururdum, olaydım Çingiz bəyin yerinə, ara-sıra Yazıçılar Birliyinə gələr, otaqların qapılarını bir-bir açardım, qoy adamların üzlərindən payızın dumanı, qışın şaxtası, sazağı çəkilsin. Qoy adamlar bircə dəfə də olsa ürəkdən gülsünlər! Bahar havası gəlsin, bahar küləkləri əssin, günəş doğsun əlif yağı və boya qoxuyan binada…

***

Ilk təşəbbüsümün uğursuzluqla nəticələnməsi məni ruhdan salmadı. Növbəti il əvvəlcə Yazıçılar Birliyinin elektron ünvanına məktub göndərdim və çox çəkmədən mənə cavab verdilər. «Sizin arizeniz verildi Rauf mellime». Artıq Rauf müəllimlə tanış olmuşdum, ərizəni ona vermişdilərsə nəyəsə ümid eləməyə dəyməzdi. Adamın mənə necə üz göstərdiyi yadımdan çıxmamışdı, ərizəyə də münasibəti məlumdu. Yanılmamışdım. Çox çəkmədən Rauf müəllimdən cavab aldım.

«Salam Aslan muallim
Size yazib melumat vermek isteyirik ki sizin arize 10/03/2010 ilde gebul oleneb. Bu il tegayutle ba]li siyahilar artig tutulub ve sizin arizenize gelen illerde’ baxilachagir.

Anar muellimin komekchisi
Rauf Aslanov».

Elektron poçtla yüzlərlə məktub alıram, təkcə ölkəmizdən deyil, xaricdən də, amma tək biri ingilis hərfləri ilə yazılmış məktublar olur. Onu da Amerikada, Kanadada olan soydaşlarımız yazırlar.
Azərbaycan Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyi
Dilin qoruyucusu, keşikçisi vəzifəsini boyunlarına götürmüş bu adamlar isə hələ də azərbaycan əlifbası ilə yazmağı öyrənməmişdilər, qarğa dilində cavab verirdilər və qarğa dilində yazılmış bu məktubdan məlum olurdu ki, bu il də təqaüd almaqdan şəkimi vurmalıyam.
Bu məktub məndə bir az da nostalaji hisslər oyatdı, əskərilikdən yazdığım məktubları xatırladım. Buna uyğun başlayırdıq. «Yazıb sizə ərz eləmək istəyirəm ki…»

***

Yazıçılar Birliyində nəsr üzrə məruzə olmalıydı, dostumla birlikdə getdik. Məruzəçi tənqidçi Bəsti Əlibəyli idi. Sağ olsun, son iyirmi ildə nəsrimizdəki ən yaxşı on-on beş əsərin içində mənim də «Keçmiş döyüşçü və oğlan» povestimin adını çəkdi. Düzdü, məruzənin sonunda salon təlatümə gəldi, beş-on adam birdən söz alır, mənim adımı çəkmədiniz, kimin adını çəkmədiniz deyə hay-həşir salır, bununla da kifayətlənmir, bu mənlərin, kimlərin nə iş gördüklərini də sayırdılar və qulaq asdıqca bədənimdə qarışqa gəzirdi. Allah, Allah, mən hardaydım, belə çıxırdı dünyanın ən böyük yazıçıları, dahiləri, ədəbiyyatı yaradanları, ədəbiyyatın onlarsız nəfəs almağını boş ver, cıqqırını belə çəkə bilməyəcəyi adamlar məhz bu salonda oturublarmış. Bizim Azərbaycanımızdaymışlar, sadəcə biz onları tanımırmışıq. Ən orijinal təklifi də Anar verdi. Dedi, heç narahat olmayın, Bəsti xanımın məruzəsini dərc elər, altından da Yazıçılar birliyinin bütün üzvlərinin adını yazarıq, məsələ də bununla həll olunar.

Sona qədər qulaq asa bilməyib çıxdım. Qanım qaralmışdı, qardaşım, nə olub, nə məsələdi, adınızı çəkdilər, nə olasıdı? Illərlə adımızı bir yerdə çəkmirlər, heç səsimizi çıxartmırıq. Qanım qara olanda da nə qədər qan qaraldan hadisələr varsa, hamısı birdən yadıma düşür. Indi də təqaüd yadıma düşdü. Gəlmişəmsə, niyə də maraqlanmayım deyə, yenə də Rauf bəyin otağına getdim. Həm də bu dəfə inamla gedirdim, zarafat deyildi, son iyirmi ildə nəsrimizdə yazılan ən yaxşı əsərlərdən birinin müəllifiydim. Çifayda! Keçən ildən bu ilə heç nə dəyişməmişdi, tam əksinə, adam daha da tutulmuşdu və adamın necə güldüyünü xatırlasam da, yenə də yox, bu adam gülə bilməz deyə düşünürdüm.

Mən yaddaşımın bərbad olduğundan şikayətçiyəm, amma görünür təkcə mənim yaddaş problemim yox imiş, adam yenə məni tanımadı. Adım, üstəgəl soyadım ona heç nə demədi. Keçən il görüşməyimizi, ona məktub göndərməyimi, mənə cavab yazdığını isə yerli-dibli xatırlamadı. Xatırlamaq nədi, mənim ona məktub yazmadığımı, lap yazmış olaramsa belə, ona çatmadığını deyirdi. Sifətinin bircə əzələsi də tərpənmirdi, tərs kimi mədəniyyət nazirliyindən də kimsə gəlmirdi ən nəhayət adamın sifəti canlansın, nə düşündüyünü bilə bilim. Nə məktub, mən məktub işinə baxmıram. Elə beləcə də deyirdi, məktub işinə baxmıram. Qalmışdım məətəl, məktub işinə baxmırdısa, mənə cavab verən «Anar muellimin komekçishisi» kimdi bəs? Bərbad yaddaşımla onun mənə «sizin arizenize gelen illerde baxilachagir» yazdığını da xatırlatdım,- burda yaddaşlıq da bir iş yoxdur, belə məktubları istəsən də unuda bilməzsən, – söz yox, nə vaxt yazdığını xatırlada bilmədim. Bəs nə işinə baxırsan, qarışqanı incitməyəcək sualım yenə adama möhkəm toxundu. Başa düşə bilmirəm, bunlara nə deyirsən, veclərinə almırlar, amma nə iş gördüklərini soruşanda qış çölündə soyuq küləklər əsir, bir tutulur, bir qaralır, bir bozarırlar, bozarıb gedirlər!

Anarla görüşmək istədiyimi eşidəndə isə daş atıb başını tutdu, nə danışırsan, heç kim qəbul eləməyəcək, vacib işləri var. Istədim hansı vacib işləri olduğunu soruşam, amma nə iş gördüklərini soruşanda nə hala düşdüklərini xatırlayıb, susmağa üstünlük verdim.

Anar iclasdaydı, çıxanda qarşılaşdıq, dostum onunla görüşmək istədiyimizi deyəndə, amma qısa olsun, deyə bizi kabinetinə dəvət elədi. Köməkçisinin Anarın özünün bizi dəvət elədiyindən xəbəri yox idi, arxamızca «Hara?!» deyə necə qışqırdısa, bir anlığa düşündüm təzəcə təmir olunmuş tavanın suvaqları qopub töküləcək. Adam təkcə qışqırmaqla qalmayacaqdı, yəqin silahdan-filandan götürüb arxamızca qaçacaqdı, tərs kimi bunun silahı olub olmadığını bilmirdim. Olsaydı, heç yerdən bada gedəcəkdik, təqaüd heç, şirin canımızdan olacaqdıq. Rüsvayçılığıl da bir yandan, , yerlilərimə bələdəm, bəzəməyin ölüsüdülər. Bəs deməzsən, qərara alır təqaüd almağa getsin. Buna deyirlər, otur evində, sən küçə, təqaüd küçə? Qulaq asmır, gedir. Orda da adama deyir, mən təqaüd almağa gəlmişəm. «Təqaüd istəyirsən, eləmi?» – bundan soruşurlar. «Elədi», – təsdiq eləyir. Adam da çıxardır tapançasını: «Al, bu da sənə təqaüd deyə!» alnının ortasından üç güllə vurur. Belə düşünürdüm, amma deyəsən, onu başa saldılar, sakitləşdi.

Anarın yanına bir dəfə də gəlmişdik, bizi son dərəcə səmimi, mehriban qarşılamış, çaya dəvət eləmişdi, çay içmədiyimizi deyəndə gülmüş, bilirəm demişdi, araq içirsiniz, onda gedək araq içməyə. Boyun qaçırmışdıq. Amma indii tamam başqa adamdı, ayaq üstəcə danışırdı, o ayaq üstəydisə, bizim oturmağımız heç yaxşı çıxmırdı və məcbur qalıb biz də ayaq üstə danışırdıq. Adım, soyadım Anara nəsə dedi, köməkçisi yalan danışırmış, məlum oldu təqaüd məsələsinə məhz elə Anar özü baxır, amma bu çox çətin məsələdi, qırğındı-qiyamətdi, bu il keçib, gələn il nəzərdə tutarıq. Mənim; «Bu təqaüd kimlərə verilir? Həm də nəyə görə verilir?» sualıma isə sadəcə cavab vermədi.
Gələn il?
Neynək, gələn ili gözlərik.

***

Bu il əvvəlcə həmişə olduğu kimi Yazıçılar Birliyinin elektron ünvanına məktub göndərdim, amma bu dəfə Rauf müəllim mənə cavab veməyi lazım bilmədi. Oturub təzədən məktub yazdım.

« Azərbaycan Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə!
Cənab sədr! Yazıçılar Birliyinə iki-üç dəfə gələndən, sizinlə görüşəndən və sizə iki-üç dəfə yazılı müraciət eləyəndən sonra
Aslan Quliyevin Milli Kitab Mükafatının onluğuna düşmüş "Sonuncu" romanı, 2011
Aslan Quliyevin Milli Kitab Mükafatının onluğuna düşmüş "Sonuncu" romanı, 2011
başa düşdüm ki, məlum bir illik təqaüdü almaq üçün yazıçının gördüyü işlər heç bir rol oynamır. Təkcə keçən il «Ulduz» jurnalının yanvar sayında povestim, «Azərbaycan» yurnalının fevral, mart saylarında romannım çap olunub, iki tərcümə, bir nəsr kitabım işıq üzü görüb, MKM-in onluğuna düşmüşəm, virtual aləmdə yazıları ən çox yayılan yazıçıyam, qəzetlərdə, almanaxlarda çap olunmuşam, yazılarım türkcəyə, ingiliscəyə, ruscaya tərcümə olunub, «Yazı» adlı özəl jurnalın ilk sayını buraxmışıq. Azərbaycanın əyalətində yaşayıb bu nəticələri göstərən yeganə yazıçıyam. Bu təqaüdü almaq üçün sizin və ya katiblərdən birinin dostu, qohumu olmalısan, ya da sizinmi, katiblərdən birininmi haqqında yazılar yazmalısan, azından mühüm bir şəxsə sizə zəng elətdirməlisən. Dostunuz deyiləm, katiblərin arasında da dostum yoxdur, sizlərə qohumçuluğum da çatmır, hansı birinizinsə haqqında sanballı yazı da yazmamışam. Zəng elətdirməyə gələndə isə düzünü deyim, bəlkə də zəng elətdirmək olardı, amma nəyimiz olmasa da, quruca bir qürurumuz var və bu quruca qürura sizə zəng elətdirmək söhbətini heç cür yedizdirə bilmirəm. Mənə səmimi deyin, bu şərtlər daxilində təqaüd almağa ümid eləyə bilərəmmi? Cavab gözləyirəm.
Hörmətlə: Aslan Quliyev»

Məktubu YB –nin elektron ünvanına göndərmək mənasızdı. Poçtla göndərməyi qərara aldım. Qarlı bir gündə, külək qarı hər tərəfdən səpələyəndə rabitə şöbəsinə gedib məktubu göndərdim.

***

Ən qəribəsi də buydu, hər il əlli yazıçıya təqaüd versələr də, təqaüd alan yazıçıların siyahisini məxvi sirr kimi qoruyub saxlayırdılar. Qənaətimcə bu siyahini ələ keçirməkdənsə, rusların üçüncü nəsil qırıcı təyyarələrinin sirrini əldə eləmək daha asandı. Deyək ki, prezident kiməsə təqaüd verirsə, bununla bağlı sərəncam imzalayır, sərəncamda da aydınca təqaüd alanın adı, soyadı və bu təqaüdü nədən ötrü aldığı qeyd olunur.
Bəs bunlar niyə siyahini açıqlamır, gizlin saxlayırdılar?
Bu adamlara nədən ötrü təqaüd verdiklərini yaza bilməyəcəkdilər, ona görə.

***

Mən Yazıçılar Birliyinin üzvüyəm. Hansısa yazımda birliyi, onun yuxarı eşalonunu tənqid eləməmişəm. Amma bunlar məni əsla sevmirlər. Yazılarımın birində qeyd eləmişəm, «Yazıçının savaşı kitabı» çıxanda kitabın birliyin foyesində satışa qoyulmasını qadağan eləmişdilər.

Əlli yaşım tamam oldu. Birliydən adicə bir açıqca belə almadım.
Bu günlərdə isə daha bir namərdlikləri ilə üzləşdim. Tərcüməçisi olduğumuz kitab yazıçılar birliyinin vəsaiti ilə çap olunanda, adımızı tərçüməçilər siyahisindən sildilər. Yəni bu ona bənzəyirdi, kitab müəllifsiz çap olunmuşdu. Mən bununla bağlı «Kultaz»da yazıyla da çıxış elədim.
Susdular. Haqsız idilər ona görə.
Ölüm kimi haqsız idilər!

***

Bunlar axirət, insanlıq, həyatın əbədi olmadığı haqda düşünürlərmi?

***

Yenə də cavab vermədilər.
Vermədilərsə, bu da o anlama gəlirdi ki, ərizəmə «gelen illerde’ baxilachagir».
Bəlkə elə doğrudan da baxilachagir, deyə düşündüm.
Bəlkə baxilachagir, amma baxmayacaqları hər hallarından bəlli.

***

Dostumu küçədə gördüm, yellənirdi.
Əlini qarşıdakı binalara doğru uzadıb məndən soruşdu: «Bilmək istəyirəm, bunlarda vicdan varmı?»
Cavab verə bilmədim.
Bilmirdim.

kultaz.com
XS
SM
MD
LG