Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:29

Peyğəmbərə aid Tweet-lərə görə edam oluna bilər


Hamza Kashgari, Saudiyyəli blogger, Arxiv
Hamza Kashgari, Saudiyyəli blogger, Arxiv

Səudiyyə Ərəbistanında kafir elan edilən bloggerə ən ağır cəza istənilir

Səudiyyə Ərəbistanından olan gənc jurnalist öz ölkəsinə qaytarılıb. O, Məhəmməd Peyğəmbər haqqında Twitter sosial şəbəkəsində yazdığı tvitlərə görə məhkəmə qarşısında cavab verməli olacaq.

23 yaşlı Hamza Kashgari bir neçə gün əvvəl Səudiyyə Ərəbistanından Malayziyaya qaçmışdı. Hamza oradan da Yeni Zelandiyaya keçmək istəyərkən, sərhədçilər tərəfindən saxlanılıb.

“Al Bilad” qəzetinin keçmiş şərhçisi olan Kashgari Twitter-də özünün guya Məhəmməd Peyğəmbərlə söhbət etdiyini xəyal edib və bu söhbətdən bəzi hissələri tvitləyib. O, Həzrəti Məhəmmədi “qiyamçıları sevən”, “başqalarına nifrət edən” kəs kimi qələmə verib.

Onun tvitlərinə dərhal reaksiya verilib. Bir sutka ərzində Hamzanın yazdıqlarına 30 min qəzəbli cavab gəlib. Hətta “Səudiyyə əhli Hamza Kashgarinin cəzalandırılmasını istəyir” adlı Fasebook səhifəsi yaradılıb və bir gün ərzində onu 20 min insan bəyənib.


Nasser al-Omar adlı ruhani isə YouTube ilə video müraciətində göz yaşları tökərək bloggerin həbs olunmasını tələb edib, ona veriləcək cəzanın digərlərinə də dərs olacağını deyib.

Səudiyyə Ərəbistanının mətbuat naziri Abdul-Aziz Khoja isə jurnalistin yazdıqlarından çox əsəbəlşdiyini gizlətməyib:

“Mən onun postlarını oxuyanda çox hirsləndim ki, iki müqəddəs məkana malik olan bir ölkədə kimsə peyğəmbərə bu cür hücum edir”.

Mətbuat naziri bütün yerli qəzetlərə göstəriş verib ki, heç kim Hamza Kashgarinin yazılarını dərc etməsin.

Bununla yanaşı, hazırda dünyanın müxtəlif ölkələrindəki jurnalistlər Hamzanın azadlığa buraxılması tələbi ilə tvitlər yayır, postlar yazırlar.

Artıq blogger öz səhifəsində yaydığı tvitlərə görə hər kəsdən üz istəyib. Lakin onun hərəkəti ölkə rəhbərliyi səviyyəsində kafirlik kimi dəyərləndirildiyindən, Hamzanı ciddi cəza gözlədiyi aydındır.

Səudiyyə Ərəbistanında kafirlik edənlərə qarşı ölüm hökmü də kəsilir.
XS
SM
MD
LG