Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:14

Türkmənistanın daha bir seçki səhifəsi


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhamedov Türkmənistanın prezident seçkisində növbəti dəfə qalib gəlib. Bazar günü keçirilən səsvermədə səslərin 97 faizdən də çoxunu qazanıb.

54 yaşlı Berdymukhamedov Aşqabaddakı seçki məntəqəsinə atası, oğlu və oğul nəvəsi ilə birlikdə gəlib. Ailənin ağsaqqalı kimi atasının birinci səs verməsinə şərait yaradıb.

2006-cı ildə Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələn Gurbanguly Berdymukhamedovun budəfəki seçkidə 7 rəqibi var idi. Amma elita təmsilçiləri olan bu loyal rəqiblərdən heç biri seçki kampaniyası dövründə hər hansı tənqid belə səsləndirməyib.

Müxalifət seçkilərə qatılmayıb, bildiriblər ki, Berdymukhamedov azad seçki rəqabəti haqda sözünün üstündə durmayıb.

SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ ŞADYANALIQ

Seçicilərin dediklərinə görə, bazar günü seçki məntəqələrində milli geyimdə rəqs edən və ölkə başçısına mədhiyyələr oxuyanlara rast gəlinirdi.

Bəzi seçicilər AzadlıqRadiosuna deyiblər ki, başqa namizəd olmadığına görə Gurbanguly Berdymukhamedova səs veriblər. Rəsmi məlumatlardan fərqli olaraq, seçki məntəqələrinə səs vermək üçün gələnlərin o qədər də çox olmadığını bildirənlər də var. Onlar bunu daha çox soyuq hava ilə əlaqələndiriblər.

«Mən məntəqədə bütün ailəsinin adından səs verməyən gələn birisini gördüm. Başqa heç bir pozuntunun şahidi olmamışam. Ötən seçki ilə müqayisədə təşkilatçılıq daha yaxşı idi. Mən səs verdiyim məntəqədə konsert təşkil olunmuşdu, polis ətrafa nəzarət edirdi» – seçicilərdən biri deyir.

Türkmənistan Konstitusiyasına görə, prezident 5 illik müddətə seçilir. Səsvermənin nəticəsinə görə, ikinci yerdə duran enerji və sənaye naziri Yarmukhammet Orazgulyev səslərin yalnız 1.2 faizini qazanıb.

SOVET ÖLKƏLƏRİNİN ƏNƏNƏSİ

Seçkidə prezidentin böyük səs çoxluğu ilə qələbə qazanması keçmiş Sovet İttifaqından olan Mərkəzi Asiya ölkələri üçün artıq ənənəvi nağıla çevrilib. Berdymukhamedovun qonşuluğundakı həmkarı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də ötən il səslərin 95 faizini qazanaraq seçkidə qalib olmuşdu. Bir vaxtlar Niyazov özünü «Türkmənbaşı» - bütün türkmənlərin atası adlandırırdı, Berdymukhamedov isə «Arkadag» – Hami status ilə tanınır.

Rəsmi məlumata görə, Türkmənistanın prezident seçkisində əhalinin 96.7 faizi iştirak edib.

«Bu, çox böyük rəqəmdir. Biz çox xoşbəxtik. Hər kəs bizim açıq seçkini dəstəkləyir» - Mərkəzi seçki Komissiyasının sədri Niyazliev belə deyir.

Bu, Sovet İttifaqından ayrıldıqdan sonra Türkmənistanda keçirilən üçüncü prezident seçkisidir. 1992-ci ildə Saparmurat Niyazov səslərin 99.5 faizini toplayaraq prezident seçilmişdir. 1999-cu ildə isə parlamentdə ömürlük prezident elan olunmuşdu. 2007-ci il seçkisində isə seçicilərin 89 faizi Berdymukhamedova səs vermişdi. O, prezident kürsüsünə gələndə həmvətənlilərinə islahatlar vəd etsə də, hələ ki ölkədə heç bir mühüm dəyişiklik hiss olunmur.

İNDİ DƏ BERDYMUKHAMEDOVA PƏRƏSTİŞ


Yalnız hakimiyyətə gəldiyi ilk ayında Gurbanguly Berdymukhamedov öz xələfi Saparmurat Niyazovun apardığı siyasətin bəzi ziddiyyətli məqamlarını dəyişdirməyə çalışdı.

Məsələn, kənd xəstəxanalarını yenidən açdı, xalqa internetdən istifadə imkanı yaratdı.

Həyata keçirdiyi ən gözəgəlimli dəyişiklik isə öz xələfinin şəxsiyyətə pərəstiş siyasətini alt-üst etməyi oldu. Berdymukhamedov Niyazovun saysız-hesabsız heykəllərini, bütün şəhərlərdəki portretlərini yığışdırmaqla bağlı göstəriş verdi.

Niyazov ilin bəzi aylarına öz və anasının adını vermişdi. Berdymukhamedov bunu da ləğv etdirdi.

Amma çox keçmədi ki, Berdymukhamedov öz xələfinin şəxsiyyətə pərəstiş siyasətini davam etdirdi, öz şəxsiyyətinə pərəstiş ənənəsini yaratmaqla.

Türkmənistanın bütün şəhərlərini, ofislərin divarlarını artıq Berdymukhamedovun portretləri zəbt etməyə başladı.

«TÜRKMƏNNAMƏ» VƏ YA «ADAMNAMƏ»

Əvvəllər diş həkimi kimi çalışan Berdymukhamedov Niyazovun kitab yazmaq ənənəsini də davam etdirdi. 5 illik hakimiyyəti dövründə sağlamlıqdan tutmuş ölkənin cins atlarınadək müxtəlif mövzularda onlarla kitab nəşr etdirib.

Mətbuatın yazdığına görə, hazırda ölkə başçısı yeni kitabının üzərində çalışır. Türkmən xalqının mənəvi bələdçisi kimi təqdim olunan kitabın «Türkmənnamə» və ya «Adamnamə» adlanacağı deyilir.

Niyazovun həyata keçirdiyi daha bir ənənə - indi Türkmənistanda Berdymukhamedovun babası, atası və başqa qohum-əqrəbasının adını daşıyan küçələrə, məktəblərə, təşkilatlara rast gəlmək mümkündür.

MÜŞAHİDƏÇİSİZ SEÇKİ

Türkmənistanda prezident seçkisini heç bir beynəlxalq müşahidəçi izləyə bilməyib. Ölkə rəsmiləri heç hüquq müdafiəçiləri və jurnalistlərin də səsverməni müşahidə etməsinə imkan verməyib.

«Amnesty International» bəyan edib ki, Türkmənistan hələ də insan haqlarını kobud şəkildə pozmaqda davam edir. Beynəlxalq təşkilat həmçinin ölkə həbsxanalarında işgəncə hallarının olmasını, siyasi və dini ifadə məhdudiyyətinin mövcudluğunu qeyd edir.

Heç bir nümayəndəsi seçkidə iştirak edə bilməyən ATƏT də seçkinin nəticəsini mənfi dəyərləndirib. Qurum ölkədə azadlıqların məhdudlaşdırıldığını, siyasi rəqabətin olmadığını da bildirib.

Türkmənistanın dövlət mediasında isə son seçkini ölkə tarixində yeni səhifə kimi qələmə veriblər. Dövlət televiziyasından sitat: «Ölkədəki seçki məntəqələrində xüsusi fəallıq və xoş əhval-ruhiyyə ab-havası hökm sürürdü».
XS
SM
MD
LG