Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:10

Son günlər Bakıda niyə özümüzü 90-cı illərdəki kimi hiss etdik?


Bakıda şaxtalı günlərdən biri, 7 noyabr 2012
Bakıda şaxtalı günlərdən biri, 7 noyabr 2012
Korrupsiometrin budəfəki mövzusunu qış verdi. Kəskin şaxtalar, qar Bakıda və ümumiyyətlə Abşeron yarımadasında yumşaq desək ciddi problemlər yaratdı.

Yollarda qəzaların, yaralıların sayı getdikcə artır, evsizlər arasında ölənlər var, elektrik, qaz təminatında fasilələr yaranıb.

Rəsmilər ciddi problemlər olduğunu inkar edir, hökumətin kifayət qədər texnika aldığını deyirlər. Amma hətta dövlət qəzeti olan “Azərbaycan” qəzeti Bakı şəhər rəhbərliyini tənqid edənlər sırasına qoşulub.

Korrupsiometrin əsas sualı isə bu oldu:

BAKINI YAZDA SELƏ, QIŞDA BUZA ƏSİR EDƏN NƏDİR: PUL ÇATIŞMAZLIĞI, TƏCRÜBƏSİZLİK, YOXSA, SADƏCƏ KORRUPSİYA?

Proqramda iştirak edənlər:

  • İlham Şaban - Neft araşdırmaları mərkəzinin rəhbəri
  • Rövşən Ağayev - İctimai təşəbbüslərə yardım birliyinin sədr müavini
  • Xalid Ələkbərov - Bakı şəhər İcra hakimiyyətində şöbə müdiri (Xalid müəllim canlı polemikaya qoşulmaqdan imtina etdi, amma proqramdan əvvəl suallara cavab verdi).
  • Ayaz Əhmədov – uzun müddət Norveçdə yaşamış azərbaycanlı.

İlham Şaban hesab edir ki, əsas problemlərdən biri idarəçilikdəki qüsurlardır. O ​qeyd edir ki, Bakı şəhər icra hakimiyyəti son illər şəhər təsərrüfatı belə
İlham Şaban
İlham Şaban
vəziyyətlərdə istifadə olunmaq üçün çox sayda texnika alıb: “Bəs, belə bir şəraitdə biz bunu niyə görmədik?

“Azerenerjiyə” 2006-2011- ci il də daxil olmaqla dövlət büdcəsindən investisiya xərcləri maddəsi ilə 1 milyard 119 milyon 360 min manat vəsait ayrılıb.

“Bakıelektrikşəbəkə” 418 milyon 900 min manat. Yəni bu üst- üstə bir milyard altı yüz milyon manatdan çox vəsait edir. Bunun qarşılığında biz yenə də Abşeron yarımadasında elektrikin tez-tez kəsilməsinin şahidi olduq.

Rövşən Ağayev isə qeyd edir ki, Barmek Bakıdan qovulandan sonra elektrik təsərrüfatına böyük miqdarda pul ayrılıb. Amma əksinə, Barmekdən sonra
Rövşən Ağayev
Rövşən Ağayev
elektrikin qiyməti qaldırılıb, işığın kəsilməsi çoxalıb: “Bakıda yaşayanlar bilir ki, Barmekin dövründə Bakıda elektrik təminatında problemlər aradan qalxmışdı.

“Bakıelektrikşəbəkə”yə üst-üstə 450 milyon manatdan çox pul ayrılıb. Bu pulla Bakının elektrik təsərrüfatını elə vəziyyətə gətirmək olardı ki, insanlar ən azı ekstermal vəziyyətlərdə elektrik kəsintisi ilə üzləşməzdilər.

“Azərenerjiyə” də böyük pullar ayrılır. Özü də bu, təkcə dövlət büdcəsindən ayrılan vəsaitdir. Bir ildə milyard manatdan söhbət gedir. Ümumilikdə problem ondan ibarətdir ki, Azərbaycanda elektrik təsərrüfatı, istilik təsərrüfatı, qaz təsərrüfatı özəl sektorda deyil, dövlətin əlində olduğu üçün hökumət öz eyiblərini örtməklə məşğuldur.”

Xalid Ələkbərov isə ümumiyyətlə hazırda Bakıda qışla bağlı ciddi problemlərin olduğunu inkar edir: “Nə qədər texnikamız var hamısını çıxardıq, hamısı işləyir. Bakı üzrə hər rayonun özünün 10-15 beş texnikası, şəhərdə yerləşən müəssisə təşkilatlarını cəlb etmişik, özümüzün yüzdən yuxarı qar təmizləyən texnikamız var. Texnika ilə problem olmayıb, hər şey yığışdırılıb. Dünən bütün şəhərin mərkəzi girişi çıxışı texnika qoyulub təmizlənib.

Canlı müzakirəyə qoşulmaqdan imtina edən Xalid Ələkbərov bu fikirlərini müxbirimizə polemikadan əvvəl telefon söhbətində deyib. O, şəhər təsərrüfatını iflic edən səbəblərdən biri kimi korrupsiyanın olması fikrini də rədd edir, bildirir ki, ümumiyyətlə belə suallar ona aid deyil.

Uzun müddət Norveçdə yaşamış Ayaz Əhmədov isə proqramda bu şimal ölkəsində qar-çovğunla necə aparılmasına dair təcrübəsini bölüşdü: “Məsələn, mənim yaşadığım Bergen şəhərində şaxta olanda əhaliyə müraciət olunur ki, imkan daxilində maşınlardan istifadə olunmasın. Şəhər sakinləri xüsusi avtobuslarla təmin olunur ki, şəhərdə ictimai nəqliyyatın işi davam etsin.

Güclü qar çovğunu olanda şəhər kiçik ərazilərə bölünür, bəzi yerlərə birbaşa şəhər bələdiyyəsinin infrastrukturları xidmət edir. Əlləri çatmayan yerlərə təsərrüfat nümayəndələri olur, şəxsi firma nümayəndələri və ya yerli bələdiyyələr tərəfindən seçilmiş adamların kiçik maşınları olur, onlara xüsusi qurğular qurulur onlar da yolu təmizləyirlər.”

Polemikanı tam şəkildə burada dinləyə bilərsiniz:



Proqramda iştirak edən ekspertlər ümumilikdə paytaxtın yazda selə, qışda buza əsir düşməsinin vəsait çatışmazlığı ilə bağlı olması barədə fikirləri rədd edirlər. Onların fikrincə əsas problem idarəçilikdə qüsurlar, bir az dəqiqi korrupsiya riskləridir. Polemikada səslənmiş təkliflər qısaca aşağıdakılardır:

Rövşən Ağayev:
- Şəhər təsərrüfatı, qaz, elektrik paylama şirkətləri özəlləşdirilməlidir.
- Özəl şirkətlərə xidmətin keyfiyyəti ilə bağlı konkret öhdəliklər qoyulmalıdır.

İlham Şaban:
- Şəhərin idarəçiliyində qüsurlar aradan qaldırılmalı, dövlət büdcəsindən ayrılmış vəsaitlər daha səmərəli istifadə olunmalıdır.
- Fövqəladə hallarda şəhərə cəlb olunan texnikanın sayı kəskin artırılmalıdır. Mövcud texnikadan daha səmərəli istifadə olunmalıdır.

Oxucular arasında isə polemika hələ davam edir. Bu forumda sən də öz fikirlərini göndərə, təkliflərini bölüşə bilərsən.

Əsas sual budur:
SƏNCƏ, BAKINI YAZDA SELƏ, QIŞDA BUZA ƏSİR EDƏN NƏDİR: PUL ÇATIŞMAZLIĞI, TƏCRÜBƏSİZLİK, YOXSA, SADƏCƏ KORRUPSİYA?
XS
SM
MD
LG