Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

Bakının qarlı-çovğunlu havasında nələr baş verir?


Arxiv foto
Arxiv foto
Ötən gecədən başlayan çovğunlu-qarlı havanın ilk fəsadları qeydə alınıb. Fevralın 8-i günorta saatlarına qədər Bakıda 16 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə AzadlıqRadiosuna Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov danışıb:

«Sürücülər hava şəraitini nəzərə almadıqları üçün qəzalar avtomobillərin sürüşüb bir-birinə dəyməsi nəticəsində baş verib. Çox təəssüflə deyim ki, iki avtomobil qəzasında iki nəfər yüngül bədən xəsarəti alıb».

«ASTA SÜR MAŞINI AMANDIR SÜRÜCÜ...»

Vaqif Əsədov sürücülərə xəbərdarlıq edir. Deyir paytaxt yolları buz bağladığından yollara yalnız belə şəraitdə hərəkət etməyə hazır olan avtomobillərlə çıxmaq məsləhətdir. Çünki belə hava təcrübəsiz sürücülər üçün çox təhlükəlidir.

Vaqif Əsədov həm də sürücüləri xəbərdar edir ki, əl və ayaq əyləclərindən istifadə etməsinlər, yalnız sürəti tənzimləməklə hərəkət etsinlər. Şöbə müdiri deyir ki, yaxşı olar ki, qarlı-çovğunlu havada ictimai nəqliyyata üstünlük verilsin.

Vaqif Əsədov
Vaqif Əsədov
Amma şəhərdəki ictimai nəqliyyatın hərəkətində də məhdudiyyətlər yaranıb. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovun AzadlıqRadiosuna dediyinə görə, fevralın 8-də xəttə üç-dörd dəfə az avtobus çıxarılıb:

«Bu gün cəmi 700 avtobus xəttə çıxıb. Bu da adi normadan 3-4 dəfə aşağıdır. Onlar da yolların buz bağlaması səbəbindən bir neçə saatlıq qısa iş rejimi üzrə işləyəcəklər.

Bundan başqa, saat 10-a olan məlumata görə, Beynəlxalq Avtovağzaldan 280 sərnişinlə cəmi 16 avtobus çıxıb. Sərnişin yoxdur. Adamlar çovğuna görə rayonlara getmirlər».

TƏHSİL NAZİRLİYİ BU DƏFƏ ƏMR İMZALAMADI, TÖVSİYƏ ETDİ

Hava şəraitinə görə orta məktəblərdə dərslərin dayandırılması ilə bağlı Təhsil Nazirliyi əmr imzalamasa da əksər məktəblərdə dərs yoxdur. İbtidai sinif şagirdlərinə bir gün əvvəl xəbərdarlıq edilib. Bəzi məktəblərdə isə şagirdlər az gəldiyindən dərslər təxirə salınıb.

Nazirlik isə uzaq yerlərdən məktəbə gedən şagirdlərə dərsə getməməyi, istilik sistemi olmayan məktəblər isə dərslərin dayandırılmasını tövsiyə edib.

DƏRSƏ GƏLƏN ŞAGİRDLƏR DƏ EVƏ BURAXILIB

Nizami rayonundakı 220 saylı orta məktəbdə istilik sistemi olsa da dərsə gələn az olduğundan şagirdləri evə buraxıblar:

Yasamal rayonundakı 13 saylı məktəbdən verilən məlumata görə, hər sinifdən 5-6 şagird gəldiyindən dərslər normal keçirilməyib.

Ötən həftə Azərbaycan ərazisində kəskin hava şəraiti ilə əlaqədar təhsil naziri Misir Mərdanov həftənin 2-3 gününü təhsil müəssisələrində dərslərin dayandırılması barədə əmr imzalamışdı.

Bakı 2012
Bakı 2012
Yolların qardan təmizlənməsinə gəldikdə Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyir ki, 100-ə yaxın texnika gücləndirilmiş iş rejimində yolların təmizlənməsinə cəlb olunub.

«HAVA FEVRALIN 9-DA MÜVƏQQƏTİ DÜZƏLƏCƏK»

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyevin dediyinə görə, fevralın 9-u gündüz saatlarından qar və çovğun səngiyəcək:

«Bu külək sabah gündüz saatlarında zəifləyəcək, hava mülayimləşəcək. Qar yağmasında da qısa fasilə olacaq».

BAŞ TUTMAYAN AVİAREYSLƏR

Aeroportdan APA-ya verilən məlumata görə, qar-çovğun hava limanının da iş rejiminə təsir edib. Daxili aviareyslərdən Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran və Bakı-Tbilisi reysləri təxirə salınıb. Tehran və Tbilisidən Bakıya nəzərdə tutulan reyslər də baş tutmayıb.

Londondan Bakıya gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub. Hava limanından verilən məlumata görə, uçuş-enmə zolağı buzla bağlanmasa da, çovğun uçuşların yerinə yetirilməsinə mane olur.

«MƏSƏLƏ PULDA, TEXNİKADA DEYİL... »
Qubad İbadoğlu
Qubad İbadoğlu

Ekspertlər isə indiyə qədər infrastruktura ayrılar milyonların nəticəsinin belə qarlı-çovğunlu havada çox az hiss olunduğunu deyirlər. İqtisadçı Qubad İbadoğlu qışa hazırlıqla bağlı həm Fövqəladə Hallar Nazirliyinin, həm də Bakı Şəhər İcra Hakimiyyətinin texniki təchizatla təminatı üçün hər il açıq və həm də bəzi xərclərin daxilində xeyli pul ayrıldığını deyir:

«Bu gün əsas problem pis idarəçilik problemidir. İdarəçilik düzgün təşkil olunmayan yerdə ən yaxşı texnika belə istifadəsiz qalır».

Qubad İbadoğlu bildirir ki, son bir neçə ildə həm Fövqəladə Hallar Nazirliyinin, həm də Bakı Şəhər İcra Hakimiyyətinin texniki bazasının möhkəmləndirilməsi üçün 50 milyon manata yaxın vəsait ayrılıb.
XS
SM
MD
LG