Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

Avropa Birliyinin taleyi Davosda müzakirə olunur


Switzerland -- Joseph E. Stiglitz, Professor, Columbia University, of the US, attends a session at the World Economic Forum (WEF) in Davos, 25Jan2012
Switzerland -- Joseph E. Stiglitz, Professor, Columbia University, of the US, attends a session at the World Economic Forum (WEF) in Davos, 25Jan2012
İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumunun 2-ci günündə avro-zonanın borc böhranı və dünya iqtisadiyyatına təsiri əsas müzakirə mövzusu olub.


ALMANİYA YENƏ SƏRT QƏNAƏTƏ ÇAĞIRIR

Almaniya Kansleri Angela Merkel bir gün öncəki axşam çıxışında borc böhranıyla bağlı növbəti addımlar atmazdan öncə ciddi düşünmə vaxtı gəldiyini deyib:

“Biz indi arxasında dura bilməyəcəyimiz sözlə vermək istəmirik, çünki Almaniya, bütün Avropa ölkələrini təmsilçisi olaraq tuta bilməyəcəyi sözlər versə, bazarlarda vəziyyət pisləşən kimi bu bütün Avropa üçün faciəvi olar.”

Merkel əlavə edib ki, sərt qənaət tədbirləri ilə yanaşı bütün Avropada həm də idarəetmə islahatları aparılmalıdır.

IQTISADÇILAR MERKELIN PLANINI ÖLÜM SPIRALI SAYIR

Ancaq məşhur maliyyəçi George Soros Merkelin ideyalarının və sərt qənaət tədbirlərinin Avropanı uçuruma sürüklədiyini bildirib:

“Almaniyanın istədiyi sərt qənaət tədbirləri Avropanı ölümcül borc spiralına sürükləyəcək. Büdcə kəsirinin azaldılması maaşların və gəlirlərin sürətlə azalmasına gətirəcək, iqtisadiyyat kiçiləcək və vergi gəlirləri də azalacaq”.

Soros deyir ki, bu da Avropanın daha çox borclanmasına və yekunda hətta siyasi olaraq Avropa Birliyinin dağılmasına səbəb olacaq.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Joseph Stiglitz də Merkelin fikirlərini bölüşmür:

“Mən ümid edirdim ki, həmrəylikdən danışanda o deyəcək ki, bəli, biz indi ehtiyacı olan dövlətlərə kömək edəcəyik. Ortaq xəzinəmiz olacaq. Sərt qənaət tədbirlərindən daha vacib olan ortaq fiskal - maliyyə qaydalarımız olacaq. Amma bunun yerinə o yenə əvvəlki fikirlərinə - “qənaət, qənaət, qənaət” fikirlərinə qayıtdı ki, bu da iqtisadi inkişafa gətirə bilməz”.


AVROPA BİRLİYİ İRANDAN DA PİS GÜNƏ DÜŞÜR

Davos forumunda çıxış edən Britaniyanın Baş naziri David Cameron iqtisadi bphrandan çıxmaq üçün Avropa liderlərini daha sərt olmağa və əsl liderlik nümayiş etdirməyə çağırıb.

Cameron deyib ki, avro-zonanın borc böhranı və rəqabət qabiliyyətini itirməsi ümumilikdə bütün Avropanın biznes etibarına zərbə vurur və investisiyaları itirməsinə səbəb olur:

“Avropanın Axil dabanı – zəif yeri rəqabət qabiliyyətinin olmamasıdır. Lissabon Sazişi bizim ehtiyacımız olan struktur islahatlarını həyata keçirə bilmədi. Statistika isə, yetərincə ürküdücüdür. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Avropa Birliyi üzvlərinin yarıdan çoxunun rəqabət qabiliyyəti 1 il əvvəlkindən daha azdır. Birliyin 5 üzvünün rəqabətə davamlılığı isə İrandan da aşağıdır”.

Cameron Avropa bürokratiyasını biznes mühitinə zərbə vurmaqda və iş yerlərini bağlamaqda ittiham edib. Və Fransanın təklif elədiyi maliyyə əməliyyatlarına görə ümumavropa vergisini də dəlilik adlandırıb.

İTALİYA VƏ YUNANISTAN ÇABALAYIR

Davos forumunda müzakirənin davam etdiyi bir vaxtda borc böhranıyla üzləşən ölkələrdən olan İtaliya ən aşağı faizlərlə 5 milyard avro dəyəri olan orta-müddətli istiqrazlar buraxıb. Və bununla büdcəyə təzyiqi azaltmağa ümid edir.

Böhranın müflislik həddinə gətirdiyi Yunanıstanda isə dövlətin öhdəliklərini vaxtilə satın alan banklar və sığorta şirkətləri Afina hökumətiylə qeyri-rəsmi danışıqlara başlayıblar. Ancaq bu danışıqların nə iləsə bitəcəyinə və bankların nə isə əldə edəcəyinə heç vasitəçilər də ümid bağlamırlar.

Davos forumunda bu gün Avropa liderləri bir məsələyə də aydınlıq gətiriblər ki, böhrandan qurtarmaq üçün 4 trilyon dollar valyuta ehtiyatı olan Çinin əlinə göz dikməyəcəklər.


DAVOSDAN XƏSTƏLƏRƏ XOŞ XƏBƏR

Bütün dünyadan 2600-a yaxın rəsminin, iqtisadçının qatıldığı forumda xoş xəbərlər də eşidilib.

Məsələn, Microsoftun əsasını qoyan filantrop Bill Gates AİDS, vərəm və malyariya ilə mübarizə üçün Beynəlxalq Fonda nə az-nə çox, düz 750 milyon dollar bağışlayıb. 2006-cı ildə Gates bu fonda 500 milyon dollar ayırmışdı.
XS
SM
MD
LG