Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:22

Prezident Administrasiyası: Fransa Senatının qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir


Elnur Aslanov
Elnur Aslanov
«Fransa Senatının «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın «Respublika Demokratiyasının» ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur».

Bunu «APA»ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

«Bu qanun nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər», - E.Aslanov bildirib.

Onun fikrincə, qanunun qəbulunu qeyri-mümkün edən arqumentlər kifayət qədər çoxdur:

«- Birincisi, bu qanun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. Aşağıdakı məqamlar bunu bir daha sübut edir: 1) hakimiyyətlərin bölgüsü prinsipinə ziddir, qanunverici hakimiyyət hakim rolunu oynaya bilməz; 2) qanunverici orqan özünün bayağılaşdırılmasına gətirib çıxaracaq hər hansı istənilən məsələ ilə bağlı qanun qəbul edə bilməz; 3) qanunun icrasını təmin edən hakimlər nəyin əsasında cinayət tərkibini müəyyən edəcəklər, iddia edilən soyqırımı ilə bağlı heç bir beynəlxalq yurisprudensiya yoxdur.

- İkincisi, bu qanun demokratiya prinsiplərinin və fundamental insan azadlıqları ilə ziddiyyət təşkil edir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa insan hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında əksini tapıb.

- Üçüncüsü, qanun elm adamlarının azad şəkildə tədqiqat aparmasına mane olur, onların obyektiv tarixi məlumatları mənbələrdə olduğu kimi təhlil etmək əvəzinə qanunun mahiyyətinə uyğun olaraq susmalarına gətirib çıxaracaq».

E. Aslanovun fikrincə, bunun özünü insan hüquqlarının beşiyi hesab edən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur:

«Məsələyə rasional yanaşma, Türkiyə tərəfinin təklif etdiyi kimi, onun tarixçilər tərəfindən araşdırılmasını zəruri edir. Lakin erməni tərəfi hər zaman bu ideyadan qaçıb, tarixi sənədləri və faktları arxivdə saxlamağa üstünlük verib.

Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması dialoq və konstruktiv mövqe tələb edir. Azərbaycan qondarma «soyqırımı» məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub. Bu, Azərbaycanın prinsipal mövqeyidir, tarixi hadisələrə «siyasi» və «diskriminativ» yanaşma qeyri-məqbuldur. Ermənilər heç də iddia etdikləri kimi «məzlum» xalq deyillər, onlar yaxın tarixdə Xocalıda dinc azərbaycanlıların soyqırımını törədiblər. Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir».
XS
SM
MD
LG