Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

Həbsdəki taksi sürücüsünə ailə üzvləri ilə görüş verilməyib


İlham Əmiraslanov
İlham Əmiraslanov
Yanvarın 19-da taksi sürücülərinin aksiyasında saxlananlardan bir neçəsinə 5 sutka inzibati həbs cəzası verilib. Ancaq onlardan yalnız 3-ü barəsində dəqiq məlumat əldə edə bildik –ikisi taksi sürücüsü, biri «Dalğa» Gənclər Hərəkatının üzvüdür. Daxili İşlər Nazirliyindən də həbs edilənlərin sayı barədə məlumat ala bilmədik. Nazirliyin mətbuat xidmətindən ümumiyyətlə həbslərin olmasını təkzib etdilər və saxlananların xəbərdarlıqdan sonra buraxıldıqlarını dedilər.

AİLƏNİN YEGANƏ İŞLƏYƏN ÜZVÜ HƏBSDƏ

Həbs edilən sürücü İlham Əmiraslanovun ailə üzvlərinin AzadlıqRadiosuna dediyinə görə, onlar bu həbsdən xəbərsiz olublar. Ailə başçısının saxlanması barədə ailədə heç kimə xəbər verilməyib. İlham Əmiraslanovun qızı Səbinə deyir ki, atası bir-neçə ay imiş taksidə işləyirmiş:

«Bizdə işləyən elə bir atam olub. Ailədə 7 nəfərik. Anam xəstədir. Böyük qardaşım əsgərlikdədir. Bir bacım da bu yaxınlarda əməliyyat olunub. Əvvəllər sosial yardım alırdıq, indi onu da vermirlər».

İlham Əmiraslanovun həyat yoldaşı yanvarın 20-də Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə getsə də, yoldaşı ilə görüşə icazə verilməyib. Apardığı yemək də qəbul edilməyib.

«BİZ AKSİYALARI DAVAM ETDİRƏCƏYİK»

Yanvarın 19-da aksiyada iştirak edən sürücülərsə ayrı-ayrı yerlərdə saxlananların daha çox olduğunu deyirlər. Sürücü Fərman Balayev:

«Bizdən 4-5 nəfər saxlanılıb. Onları 200 manat cərimə edib gecə saat 2-də buraxıblar. Tanıdığımız bir sürücüyə də 3 sutka verilib».

Fərman Balayev deyir ki, aksiyada polislər onu da saxlamağa cəhd ediblər. Amma o, birtəhər polislərin əlindən çıxa bilib.

Taksi sürücüləri həbslərə və təzyiqlərə baxmayaraq, aksiyaları davam etdirməkdə israrlı olduqlarını bildirirlər.

NAZİRLİK DƏ SONA QƏDƏR QƏRARINI DƏYİŞMƏYƏCƏYİNİ DEYİR

Namiq Həsənov
Namiq Həsənov
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə AzadlıqRadiosuna deyib ki, hətta sürücülərin aksiyaları davamlı olsa belə, bu, verilən qərarı dəyişməyəcək.

Nəqliyyat Nazirliyi ilə Yol Polisi yanvarın 14-dən lisenziyasız taksilərə qarşı reydlərə başlayıblar. Nazirlik hesab edir ki, taksi sürmək istəyənlər 5 illik lisenziya almalıdırlar. Bundan başqa, avtomobillərin istehsal tarixi 2006-cı ildən köhnə olmamalı, rəngi isə ağ və ya «London taksiləri» kimi bənövşəyi olmalıdır. Bir də avtomobilə sayğac və naviqasiya sistemi quraşdırılmalıdır.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNDƏN GİLEY

Saxlanan taksi sürücülərinin yaxınları hüquq müdafiəçilərinin onlarla maraqlanmamasından narazıdırlar. Ancaq İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 21-də həbsdə olan sürücülərlə görüşməyi planlaşdırdığını deyir: «Mənə müraciət olunmayıb. Sabah çalışaram gedim ora».

«İNZİBATİ ÜSUL TAKSİ SÜRÜCÜLƏRİNİ DAYANDIRA BİLMƏYƏCƏK»

«London taksiləri»
«London taksiləri»
Nəqliyyat məsələləri üzrə ekspert Valeh Hümbətoğlu isə bildirir ki, rəsmi qurumların həyata keçirdiyi tədbirlərlə taksi məsələsini həll etmək mümkün deyil. Onun fikrincə, çoxları taksi sürücüləri ilə evləri sökülənləri müqayisə edib bu aksiyaların da tezliklə sakitləşəcəyini deyirlər:

«5-otaqlı adamın evini söküb ona 1 otaqlı ev verməklə onu bir təhər sakitləşdirmək olar. Amma bu adamların son şansı taksi xidməti göstərməklə ailəsini dolandırmaqdır. O, əlacsızdır ki, «taksavatlıq» edir. İş yeri olsa, gedib işləyər. Yəni, onların etirazının qarşısını inzibati yollarla almaq mümkün deyil. Hökumət taksidən uzaqlaşdırdıqlarını işlə təmin etməlidir. Narazılıqlar yalnız bununla aradan qaldırıla bilər».

Valeh Hümbətoğlu milyon manatlarla büdcə vəsaiti hesabına alınmış «London taksiləri»nin effektli işləməyəcəyini düşünür və Nəqliyyat Nazirliyini daha səmərəli addımlar atmağa çağırır.
XS
SM
MD
LG