Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:56

Samirə Əşrəf "Açılmayan çətir" (Hekayə)


Neçə günlərdən bəri davam edən yuxusuzluq, məni o qədər əldən salmışdı ki, guppultu ilə döşəmənin üstünə yıxılan atamın səsi, bacımın qara-qışqırığı belə məni ayılda bilmirdi. Anamın ayaq səsləri eşidildi. Bir azca yuxu çimiri deyəsən bu gecə də mənə qismət olmayacaqdı. Yuxudan ayılıb özümü divara, qapıya çırpa-çırpa atamın otağına keçdim. Yazıq anam həmişəki kimi atamı döşəmədən qaldırmağa çətinlik çəkirdi. Anamla köməkləşib onu birtəhər çarpayısına uzatdıq. Anam məni gözləyirmiş kimi dərhal otaqdan çixdı. Atamın uç ildən bəri süzülüb cırığı çıxmış söyüşləri başlanmışdı. Artıq bu söyuşlər və qışqırıqlar mənim üçün o qədər adiləşmişdi ki, elə bil heç nə eşitmirdim. Atama yaxınlaşıb çırmanıb yuxarıya qədər qalxmış köynəyini çəkib qarnının üstünü örtdüm, ağzından köpüklənib sinəsinə axmiş suyu təmizlədim. Əllərimdən yapışıb bərk-bərk tutdu. Tezliklə söyə-söyə yuxuya getdi. Bacım gəlib atamın əlini əlimdən aralamaq istədi. Atam o dəqiqə tərpəndi, göz qapaqları səyridi. Onun ayılacağından qorxub bacımı kənara itələdim. O donqquldamağa başladı:
-Belə özünə öyrəşdirirsən, sən işdə növbədə olan günləri evi az qalır basımıza uçursun.
Sonra kinli-kinli atama baxıb dedi;
-Axır yatışın olsun.
Atamın üzünün rəngi ağarmışdı, xəstəliyinin bütün əzabları üzünə sirayət eləmişdi.
Yuxum qaçmış, keçmis günlərimiz yadıma düşmüşdü. Atam ali təhsilli həkim idi. Əvvəllər təcili yardımda, sonralar isə özəl klinikaların birində həkim kardioloq kimi isləmişdi. Hər şey atamdan yaşca balaca əmimin evlənməsindən sonra başlandı. Atamgil iki qardaş idilər. Onlar balaca olanda valideyinlərini itirmişdilər. Əmimi atam böyütmüş, oxutmuşdu. Ancaq əmim nədənsə yaşamaq üçün Moskvanı özünə məkan seçmişdi. Üç il bundan öncə atam onu yaxın qohumlarımızın qızı ilə nişanlayıb, toylarını etdi. Toydan sonra əmim tələm-tələsik iş üçün Moskvaya qayıtdı. Və onu heç cür geri qaytara bilmirdik. Hər dəfə nə vaxt gəlirsən soruşanda bəhanələr gətirərdi. Beləcə beş aydan sonra onun qayıtmayacağını görüb atam özü onu gətirmək üçün Moskovaya getməli oldu. O gedən günün səhəri əmim zəng vurub atamın beyin qansızması keçirdiyini xəbər verdi. Biz bu hadisənin məgzini sonralar oyrəndik. Sən demə atam Moskvaya çatanda əmimə zəng vurub gəldiyini xəbər vermək istəyir. Ancaq nə qədər zəng vurursa telefon məşğul olduğundan, xəbərsiz əmimgilə getməyə məcbur olur. Qapını əmimdən yaşda xeyli böyük olan, qucağında üç, dörd yaşlarında sarışın oğlan uşağı tutmuş bir rus qadın açır. Atam əvvəlcə səhv gəldiyini zənn edir, geri qayıtmaq istəyir. Bu zaman o biri otaqdan çıxan əmimi görən atama hər şey məlum olur. Atam gördüklərinə dözə bilməyib əmimlə bərk dalaşır, geri qayıdanda başını tutub pilləkanların üstünə yıxılır. Atam oradakı həkimlər tərəfindən yaxşı müalicə olub qayıtdıqdan sonra iki il normal həyat tərzi keçirtdi. Iki ildən sonra təkrar olaraq beyin qansızması keçirdi və yatağa düşdü. Indi isə sinir sistemi qəbul etdiyi dərmanlar nəticəsində pozulub. Bütün günümüz atamın söyüşləri, bacımın çığırtıları ilə ötüb keçir. Mən və anam bu vəziyyətə öyrəşmişik. Bir tək öyrəşməyən bacım və qonşularımız idi. Günlər keçir, onun vəziyyəti daha da pisləşirdi. Evimizdə bir dənə də olsun salamat qab-qaşıq, gözə dəyəsi əşya qalmamışdı. Atam hamısını sındırıb, dağıtmışdı. Dəfələrlə bacımla, anamla əlbəyaxa olub onları boğmağa çalışmışdı. Qonşularımızın şikayətləri, həkimin təkidi ilə ertəsi gün ruhi xəstəxanadan gəlmiş həkimlər atamı maşına mindirib apardılar.
O gündən sonra evimizdə çox şey dəyişməyə başladı. Anam ilk günlər sıxıntılı, fikirli dolaşsa da sonralar pis günlərini unutmağa çalışdı. O tez bir zamanda uşaq baxçasında tərbiyəçi işləməyə başladı. Atamın otağını yenidən təmir elətdirib, içinə yeni əşyalar aldı. Aylarla qapımızı açmayan qohum, qonşularımız tez-tez bizə qonaq gəlirdilər. Bacım rəfiqələri ilə şəhərə gəzməyə gedir, saatlarla evdə tapılmırdı. Beləcə mənim gözlərim qarşısında bütün bu baş verənlər məni bir daha əmin edirdi ki, insan hər kəsdən öncə özünü sevir, sonra başqalarını. Insan yaşadığı ömür boyunca yalnız və yalnız öz rahatlığını, dincliyini qoruyub saxlamağa cəhd göstərir. Bir bə ki, boğulmamaq üçün saman çöpündən yapışan, kömək uman insandan axı nə gözləmək olardı?
Aradan beş aydan çox vaxt keçdi. Bacım halı vəziyyəti yaxşı olan imkanlı bir oğlanla nişanlandı. Bütün ciddi-cəhdlə atamı oğlan evindən gizlədirdik. Bacım bütün təzə qohumlarına atamın ağır xəstə olduğunu və yanına heç kəsin buraxılmadığını demişdi. Bir dəfə bacıma nişanlısından heç nəyi gizlətməməsini atamızın xəstəliyi barədə hər şeyi açıb nişanlısına deməsini təklif etdim. Bu sözlərim onu o qədər əsəbləşdirdi ki qışqırıb ağlamaqdan halı xarab oldu. Həmin günü anam mənim qarama dayanmadan deyinirdi.
-Nə istəyirsən o yazıq qızdan, qoymayacaqsan xöşbəxt olsun.
Bacımın əsəbləşməsinə özüm də pis olub, peşmançılıq hissi duyurdum.
Bacım keçmişindən qorxurdu, həm də lap çox. Sanki atam bacımın keçmişindən qoparılıb onun arxasınca atılan böyük bir daş parçası idi. O həmin daş parçasının gec-tez möhkəm zərbə ilə başına dəyib onu yerə yıxacağını hiss edirdi. Bunun üçünsə o tez bir zamanda qara daşlı keçmişindən, keçmişinin izləri olan evimizdən və bizdən yaxasını qurtarmağa calışırdı. Ancaq o bir şeyi unudurdu ki, keçmiş heç vaxt insanı tərk etmir. Çünkü keçmiş gələcəyə bağlıdır. Dunyanın harasına gedirsən get, fərqi yoxdu keçmişin ən vəfalı köməkçiləri olan xatirələr, yaşantılar, mütləq sənin qarşısına çıxıb gözlərini qırpmadan sənə baxacaqlar. Nə qədər qəribə səslənsə də keçmiş gözqamaşdıracaq qədər bəyaz olan parıltılı, atlas qadın libasının arxasından uzanan ətəyə bənzəyir. Libas hara gedirsə getsin ətək də onun arxasınca sürünüb gedir. Atlas daima gözqamadırıcı parıltısı və tərtəmiz bəyazlığı ilə insanların gözünü qamaşdırır. Ətək isə əksinə daim nəzərə çarpmadan sürünür, toz-torpağa bulaşıb, ayaq altında qalır. Lakin bəzən də dediyim kimi atlanıb önə keçir və hər kəsə deyir mənə yaxşı-yaxşı baxın. Mən keçmişəm, unudub həyatınızdan qoparıb, atmaq istəiyiniz keçmişəm.
Qoy keçmiş mənim bu sozlərimdən inciməsin. O daim gələcəkdən yapışıb ona yük olur. Və daim sürünməkdən toz qoxuyur. Çox vaxt keçmiş xöşbəxt, toy-düyünlü günlərdən, sevimli, məsum səkillərdən, isti ana qucağından ibarət xatirələri ilə öyünür. Ancaq yaxsı olar ki, vaxtsız və acımasız ölümlərlə, nakam məhəbbətlərlə, nisgilli ayrılıqıarla, dolu olan dərtlər yığınına da nəzər salsın.
Atamın xəstəliyində heç nə yaxşılaşmadı. Əksinə səhhəti get-gedə pisləşdi. O qədər arıqlamışdı ki, bir tək gözlərinə baxanda bilmək olurdu ki, bu həmin o adamdı. Günlərlə çörək yemir, bir qaşıq su belə içmirdi. Bacımın toyuna iki gün vaxt qalmışdı. Anamla bacım evdə yox idilər. Toy hazırlıqları ilə əlaqədar olaraq harasa getmişdilər. Dərsdən gəlib təzəcə yuxuya getmişdim ki, telefonun cingiltili səsinə yuxudan ayıldım. Dəstəyi qaldıranda atamı mualicə edən həkimin səsini eşitdim. O atamın vəziyyətinin pisləşdiyini və ailəmizdən bir adamın xəstəxanaya gəlməsini istədi. Ağlıma pis fikirlər gəlsə də həkimin təmkinli danışığı məni fikrimdən yayındırdı. Evdə heç kəs olmadığı üçün tələsik ayaqqabılarımı geyinib xəstəxanaya getdim. Ora çatanda atamın otağındakı çarpayının boş olduğunu gördüm. Məni zəif işıqlı dəhlizin sonundakı soyuq, divarları sovet dovründən rənglənmiş bir otağa apardılar. Dəmir çarpayının üstünə onun cansız bədənini uzatmışdılar. Üstünə örtülmüş mələfəni qaldırdım. Tam örtülməmiş kipriklərinin arasından qara rəngli gözləri işıldayırdı. Sifətində dərindən ah çəkib rahatlaşmış insanlara məxsus ifadə əmələ gəlmişdi. Daha o yox idi, canı bu dünyanın bütün iztirablarından, dərdlərindən, xəstəliklərindən həmişəlik qurtulmuşdu. Evə gəlib çatanda gecə saat on bir idi. Qapını anam açdı anamın qolları üstünə necə düşdüyümü xatırlamıram. Ayılandan sonra hönkürtü ilə ağlayıb atamın öldüyünü onlara dedim. Anamın gözlərində bir damla yaş parladı və tezcə də yox oldu. Bacım çox soyuqqanlılıqla mənə baxırdı, sonra o heç nə olmayıbmış kimi ayağa qalxıb yarımçıq qoyduğu işini davam etdirdi. Anamın gözü yol cəkirdi. Sükutu mən pozdum.
- Sabah gedib atamın meyidini xəstəxanadan götürməliyik.
Bacım sanki bu sözü gözləyirmiş kimi mənə baxıb ilan kimi fısıldadı.
- Sabah olmaz. Toydan sonra nə istəsəniz edərsiniz. Ancaq toya qədər olmaz.
Mən esitdiklərimə inanmadım.
- Sən nə danışdığını bilirsənmi, o bizim atamızdı, özgəsi deyil.
O mənə yaxınlaşıb əsəbiliklə gözlərini bərəltdi
-Qoymaram ki, ata-bala mənim toyumu məhv edəsiniz, eşidirsənmi? Elə bu dəqiqə özümü öldürərəm.
Onun bu sözləri sanki bayaqdan yatmış olan anamı yuxudan ayıltdı. O qorxa-qorxa ayağa qalxıb bacımı məndən aralaşdırdı. Mənim sual və ümüd dolu baxişlarım anamın üzünə dikildi. Anam mənim qəlbimdən kecənləri duyub dedi;
- Sabah gedib baş həkimlə danışıb, bir az hörmət edərəm iki gün orda saxlayarlar, toydan sonra gətirib dəfn edərik.
Anam yenə nəsə danışırdı, mən isə heç nə eşitmirdim, nəsə demək istəyirdim, bacarmırdım, başım fırlandı, ürəyim bərk bulanırdı. Özümü birtəhər vanna otağına çatdırıb qapını arxadan bağladım. Gecə saat ikidə onlar yatandan sonra əşyalarımı götürüb ömrümün iyirmi ilini keçirdiyim evdən həmişəlik ayrıldım.
Atamın məzarı üstünə gəlib çatanda, yağış ordan-burdan damcılayırdı. Yarım saat bundan oncə atamın dərman qoxuyan cansız bədənini gətirib bu soyuq lakin etibarlı torpağa tapsırdılar. Dedilər, ey torpaq biz insanların bəd əməllərinin qurbanı olan bu cansız meyitdən muğayat ol, ona yaxsı bax, qoyma qurd böcək canına daraşsın, ilanlar gözünü oysun. Yoxsa gəlib sənə elə toy tutarıq ki, dünya durduqca sənə dərs olar.
Qəbristanlıqdan çıxıb dayanacağa gedəndə leysan yağış yağmağa başladı. Hamı tələsik addımlarla qaçıb canını islanmaqdan qurtarırdı. Mən isə yağışdan islanıb, ağlaya-ağlaya gedirdim. Göz yaşlarım yağışa qarışmışdı. Ətrafdan keçənlər təccübblə mənə və əlimdə tutmuş olduğum bağlı çətirə baxırdılar.

2010 mart
XS
SM
MD
LG