Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

"Aqil Abbas romanda özünü yazıçı kimi yox, dəstəbaşı kimi aparır,


İradə Musayeva
İradə Musayeva

sanki mesaj göndərir: kimin həddi var mənim danışdığım əhvalatlara, mənim dəstəmə bir söz desin". Tənqidçi İradə Musayeva...

Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Aqil Abbasın "Dolu" romanının "Oxu zalı" nda keçirilən müzakirəsinə qoşulur.


İradə Musayeva


İYİRMİ İLƏ YAZILAN ROMAN…

(A.Abbasın «Dolu» romanı haqqında)

Qarabağ faciəsi, Azərbaycanın Qarabağ yarası (müharibəsi yox, məhz yarası) haqqında ən dolğun, tarixə və reallığa daha yaxın və daha təsirli bir əsəri Aqil Abbasın yazması ehtimalı çox idi.

Çünki 1988-ci ildən bu günə qədər Qarabağ ssenarisindəki oyunları onun qədər (publisist, yazar, ictimai-siyasi mövqedə fəal vətəndaş, iyirmi dörd illik əzabları mənəvi-ruhi və hətta fiziki varlığında daşıyan qarabağlı və nəhayət millət vəkili kimi) intensiv izləyən və sözü, qələmi ilə mütəmadi reakisya verən ikinci bir adam tapmaq çətin olardı. Fəqət…

«Xahiş edirəm bu əsərdə kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil» — epiqraf-sıgortası ilə «Dünyanın ən varlı şəhəri» — Ağdam haqqında hekayəsinə başlayan müəllif yuxarıda sadaladığımız üstünlüklərinin heç birindən məqsədəuyğun şəkildə yararlana bilməyib.

Dillərdə dolaşan, qarabağlıların, xüsusilə ağdamlıların əzbər bildiyi hadisələrin (Rəşid Rehbudovun papağının oğurlanması, Seyid Lazım ağa, 709 – Surət Hüseynov oyunları, cəbhəçilər, Polyaniçko və s. onlarla əhvalatların) nisgilli bir dillə izharı…

Nisgilli hekayələr də, bayağı, ritorik qəhrəmanlıq çağırışları da insanları yorub və təsir effektini çoxdan itirib. Bu gün Azərbaycan və xüsusilə onun üstüaçıq qalan yarası — Qarabağ haqqında nə isə yeni, üçüncü bir intonasiya ilə deyiləcək sözə ehtiyac var. O «üçüncü», naməlum «söz»ü isə kim tapacaq, hələ ki, məlum deyil…

Aqil Abbas «Dolu» adlı romanında qrad yağışı altında yaşayan, işləyən, döyüşən Ağdamın ermənilərə təslim edildiyi son günlərə qədərki durumunu əks etdirməyə çalışıb. Şahidi olduğu faktlara təxəyyülündə «əl gəzdirib» və bütün bunları sadə, ənənəvi süjet texnikası ilə sistemləşdirib.

Əsərin ilk səhifələrində Y.Səmədoğlunun «Qətl günü» romanının ovqatını hiss etdik, Bəndələrinə qəzəblənmiş Tanrı, Tanrıdan ümidini üzmüş bəndələr, göydən bəla kimi yağan dolu, «Yiyəsiz Dövlətin Yiyəsiz övladları» və s. bu kimi təsvir və ifadələr «Qətl günü»ndəki cəza və qəzəb simvolu kimi ağzı açılmış Baba kahanı, «Gəlirəm, gəlirəm üstünüzə, ay Yer üzünü Qana çaxlayan ikiayaqlılar» intonasiyasını xatırlatdı…

Müəllif Qarabağ hadisələrini haqlı olaraq ssenarisi «dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazılmış dəhşətli kino»ya bənzədir:

«Bu kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu kino əvvəllər gördükləri kinodan təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu kino sona çatmırdı və bu kinonun sonu heç üfüqdə də görünmürdü».

Ancaq yazarın məğlubiyyəti onda oldu ki, o təqdim etdiyi hadisə və problemiləri sitat
gətirdiyimiz parçadakı analitik təfəkkür və qlobal yanaşma ilə, hadisələrə yuxarıdan və kənardan baxma mövqeyində davam etdirə bilmir, bu mövqeyi tez (4,5 səhifədən sonra) tərk edir və belə ciddi mövzuya politoloji-siyasi düşüncə və bədii təxəyyülün vəhdəti kontekstində deyil, macarapərəst cəlbetmələri, qurama təsiri bağışlayan hadisə və qəhrəmanları səviyyəsində girişir. Nəticədə bu qədər aktual və taleyüklu mövzu məhdudlaşdırılmış və kiçildilmiş zaman və məkan fraqmentallığında dəyərini, çəkisini itirir, xatirə dəftərindəki qeydlər, publisistik reportajlar təsəvvürü bağışlayır.

Əslində sırf «yazıçı təxəyyülünün məhsulu» kimi təqdim edilən əsərdə kifayət qədər tarixi, real faktlar (A.Mütəllibov, Polyaniçko, Serbak, A.Bağırov, E.Bağırov, Ş.Mirzəyev, 709 – S.Hüseynov, Xalq cəbhəsi və s.) diqqətə çatdırılır. Dünyanın Ən Varlı şəhəri (Ağdam haqqında bu ifadə mübaligə məntiqini də aşır, ağdamlılar Azərbaycanda ən yaxşı yaşayan əhali ola bilərdi, amma dünya? Bu dünyanın Nyu-Yorku, Londonu, Parisi var axı. Ola bilsin ki, müəllif desin ki, «mənim üçün belə idi». Yenə deyirəm, mübaliğənin də ağıla söykənən bir nöqtəsi olmalıdır). — Ağdamın Ermənistanla müharibədə tək qaldığı və hər an xəyanətlərlə üzləşdiyi kimi ağrılı bir tarix səhifəsi də vərəqlənir:

«Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də lağ yeriydi:

— Nə oldu, ə! Yekə-yekə danışırdız? İndii ermənilərlə bacarmırsız!
Soyulmağa, qırılmağa birtəhər, dözmək olurdu, amma bu lağa yox. Bu lağ camaata erməni gülləsindən pis dəyirdi.

Başqa bölgələrdən qeyrətə boğulub gələn könüllülərdən savayı xalqın çoxu bu müharibəyə Ermənistanın Azərbaycanla müharibəsi kimi deyil, Ermənistanın Dünyanın Ən Varlı şəhəri ilə müharibəsi kimi baxırdı», Və hətta Ağdamın «Ağ evi» hesab edilən «Qonaq evi»ndə Bakıdan ermənilərin qabağını almaq üçün üox, «camaatın başının altına yastıq qoymaq» məqsədilə göndərilən vəzifəlilər və ya gələcəkdə vəzifə sahibi olmaq istəyən «anadilçilər, çənlibelçilər, yurdçular, cəbhəçilər, bozqurdlar, demokratlar, sosial-demokratlar pis niyyətlə qonaq olurdular, qurduqları oyunlarla əhalini və döyüşçüləri pərən-pərən salır, parçalayır, fürsət tapan kimi arxadan zərbə vururdular. Ona görə də qəhrəmanlardan biri – komandir deyir: «— Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma Bakıdan gələn bu uşaqlar dağıdacaqlar».


Müharibə bütün Azərbaycanda deyil, təkcə Qarabağda hiss olunurdu. Ona görə də Pələng adlı döyüşçü «Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır, millət qırılır, bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq ağlıyla fikirləşirdi ki, bu necə dövlətdi, bu necə millətdi, belə də müharibə etmək olar?»

Əsərdə igid, qəhrəman döyüşçülər, şəhidlər, şəhid anaları, talan olmuş şəhər, qanlı vuruşmalar, xəyanətlər və onlarla ürəkağrıdan, reallığına inandığımız hadisələrlə bağlı təsvirlər var.

Ancaq Aqil Abbas qələminin iyirmi ilə yazdığı «Dolu» adlı romanı da göstərdi ki, ədəbiyyatımız hələ də siyasətdə və hərbdə olduğu kimi Qarabağ dərdini nəinki çözməkdə, hətta ifadə etməkdə gücsüzdür.

Qarabağ insanı öz qarabağlı taleyinin fəlakətlərini (qaçqınlıq, itkilər, mənəvi-ruhi sarsıntılar) şahidi olduğu, iştirak etdiyi, acısını daddığı müharibənin şəklini, obrazını, xarakter və ifadəsitni dünya ədəbiyyatında, məsələn, Antuan de sent —Ekzüperinin, L.Tolstoyun, A.Kamyunun, Hemenqueyin, Con Steynbekin, İvo Andriçin əsərlərində daha çox tanıyır, yaşayır və hiss edir, öz halı ilə psixoloji ovqat ortaqlığı, paralelləri tapır, nəinki öz əsərlərimizdə… Məsələn Antuan de sent — Ekzüperinin 70 il öncə yazdığı «Hərbi təyyarəçi» əsərində təsvir olunan mənzərədə güllə yağışı altında əlinə düşən zəruri əşyaları boğçalara doldurub naməlum istiqamətə üz tutan Qarabağ qaçqınının halı nə qədər doğma cizgilərlə əks olunub:

«Onlar (qaçqınlar) hara gedirlər? Özləri də bilmirlər. Onlar kölgə kimi görünən dayanacağa doğru addımlayırlar. Çünki onların karvanı vahəyə çatan kim vahənin izi-tozu belə qalmır. Növbəsi çatanda hər bir vahə yoxa çıxır, öz növbəsində o karvana qarışıb gedir. Əgər karvan hələ də özünü yaşayırmış kimi göstərən bir əsil kəndə daxil olursa, o elə birinci gecə kəndin bütün həyat şirvəsini çəkib qurtarır. Çəyirdəyindən yeyən qurd kimi (s.190).

Bütün yollar başdan-başa tutulmuşdu. Amma onlar yenə köçürdülər. Şimalda kim isə ayağı ilə vurub qarışqa yuvasını dağıtmışdı. İndi qarışqalar hara gəldi qaçmağa başlamışdılar. Əməksevən qarışqalar kimi. Hayküysüz, həyəcansız, kədərsiz, Sanki vəzifə yerinə yetirirlər (s.190).

Hər cür təkərli yeşiklər üzə çıxarılmışdı. Ailənin qiymətli şey-şüyünü ora yığırdılar. Cırılmış mələfələrdən yan-yörəsi kənara çıxan şeyləri necə gəldi arabalara tərəf sürüyürdülər. Bütün bu qiymətli şeylər zir-zibilə çevrilirdi, onlar əvvəllr evin simasını

Aqil Abbas
Aqil Abbas
müəyyən edirdi. Onlar evin yaraşığı idi, hər bir şeyin öz yeri vardı. Hər biri vərdişlə zəruri olmuşdu, əziz olmuşdu, ona görə ki, xatirələrlə bağlı idi, ev rahatlığının yaradılmasında iştirak edirdi. Lakin adamlar bu şeylərin özlüyündə qiymətli olduğunu güman edərək onları buxarılardan, stollardan, divarlardan qoparıb alır, bir yerə toplayırdı. İndii isə məlum olurdu ki, bu şeylər zibil yeşiyinə tullanmalı adicə zir-zibildir. Onlar (qaçqınlar – İ.M.) demək olar ki, yaşamırlar. Onlar sonra, köhnə tarixlə daha ağır əzablar çəkdiklərini uyduracaqlar, amma indii daha çox bel ağrısından əzab çəkirlər, yükləri çox ağırdır – boğçaları yırtılır, mələfəyə yığılmış şeylər tökülür, yerindən tərpətmək üçün elə hey maşını itələmək lazım gəlir.
Məğlubiyyət haqqında bir kəlmə də eşidilmir. Bu onsuz da aydındır. Sizin mahiyyətinizin nədən ibarət olduğunu söyləməyinizə ehtiyac yoxdur. Bu adamlar elə mətlubiyyətin özüdür.

Fransanın içalatı tökülən müdhiş obrazı qarşımda durur, onu təcili surətdə tikmək lazımdır. Bir saniyə belə gecikmək olmaz. Bu adamlar ölümə məhkumdur… (s.198).

On milyon adamın fəryadı isə bir cümləyə yerləşmişdir. Bir cümlə kifayətdir ki, deyəsən:

— Sabah dörddə X-nın yanına gəlin

Yaxud:

— Deyirlər ki, on milyon adam qırılmışdır.

Yaxud:

— Sizin şoferiniz tapıldı.

Bunların hamısı eyni ahənglə deyilir. Dalbadal deyilir. On milyon adam. Maşın. Şərq ordusu. Qərb mədəniyyəti. Şofer tapıldı. İngiltərə. Çörək. Saat neçədir? (s.200)

Fərariləri isə bir yerə yığır, bu sıyıq xəmiri təzədən kündələyirlər (204)».


Bizim romançıların 99 faizi öz yazı əməliyyatlarını nəqletmə, quraşdırma, mövzudan, ideyadan, mahiyyətdən yox, məhz quraşdırılmış hadisələr situasiyasından doğan təsvirlər texnikası əsasında həyata keçirir.

Ən pisi isə odur ki, özlərini, öz obrazlarını ortadan çıxartmırlar. Elə hey özünü, sırf öz baxış və düşüncələrini nümayiş etdirmək mövqeyini tuturlar.

«Dolu» romanında da ağzını açıb danışan hər kəsdən (Komandir, Pələng, Drakon, Rəis, Kefli Çapay, At belində olan adam Pələngin anası və s.) A.Abbasın səsi çıxır…

Bu müharibə Azərbaycanda Qarabağ, Qarabağda Ağdam, Ağdamda isə Komandir adlı obrazın çiynində daşınan yük kimi təqdim olunur.

Çoxdan «SOS» siqnalı verən tənha gəmi kimi okeanda batan şəhəri hər tərəfdən aldadırlar:

«Bu dəqiqə köməyə gəlirik». Yeddi yüz doqquz silah-sursatını götürüb qaçıb, ermənilər zəbt edə-edə irəliləyir, komandir döyüşçülərinə az qala yalvarır: — möhkəm durun, bura bizim Çanaqqalamızdır, arxada kömək yoxdu, bircə ana-bacılarımızdır…

Sonra hər şey məhv olur, yurd viran, döyüşçülər şəhid, komandir yaralı və əli qandallı müttəhim kimi müstəntiq qarşısında oturub, almanlar yardım paylayır…

Bu təsirli, təbii, yaddaşımızı, ruhumuzu, haqq, ədalət və doğma yurd, ləyaqət və şərəf uğrunda mübarizlik mücadiləsi duyğularımızı oyandıran abzaslardan dərhal sonra A.Abbasın yenə diktəsi və filosofanə monoloqu başlayır.

Telekanallardan birində çıxış edirmiş kimi mikrafonu taxır yaxasına və oxucunu da
Antoine de Saint-Exupery
Antoine de Saint-Exupery
bədii məkandan çıxarıb özü ilə haralarasa çəkib aparır. Komandirin qəhrəmanlıq mərtəbəsini Rəşid paşa, Diyarbəkr myüqayisələri ilə tamamlayır. Və keçir müəllif təltifetməsi (qərara gəlir ki, onun yeri Əshabi-Kəfdir) ilə onun müqəddəslik mərtəbəsinə.

Çarmıxa çəkilən İsa Peyğəmbər, daşlanan Məhəmməd peyğəmbər, oğlu İsmayılı qurban verən İbrahim peyğəmbər, İmaməddin Nəsimi, Prometey, Çingiz İldırım, Həmid Sultanov, Ayna Sultanova, şeytanlar, mələklər, cənnət, cəhənnəm, Qədir Rüstəmovun səsi… Komandir obrazının müəllifi ideallaşdırdığı bu gücün kölgəsində elə hey o tərəf, bu tərəfə qaçır, gah tarixə, gah dinə, gah əsatirə əl atır, qələminin əlindən düşdüyünü hiss etmir, komandirin yaxasına taxmağa göydən ulduzlar qoparmağa çalışır və ən təəssüflüsü — yazıçı olduğunu unudur…

İmkan vermir ki, oxucu ona ünvanlanan qəhrəmanlarla təkbətək qalsın, onlarla ünsiyyətdə olsun, onları duysun, hiss etsin, özü onu qiymətləndirsin, özü onu sevsin və ya ona nifrət etsin, özü dostlaşsın, mübahisə etsin və ya razılaşsın…

Obrazların və bədii mətnin yaradıcısı kimi yox, idarəedicisi və təşkilatçısı, dəstəbaşı kimi çıxış edir, hərdən elə mətnin içində sanki hədələyici ahənglə barmaq silkələyib mesaj göndərir: kimin həddi var mənim danışdığım əhvalatlara, mənim dəstəmə bir söz desin, bu müqəddəs mövzuya toxunsun, onu «Vətən xaini» adlandıraram.

Ancaq söhbət ədəbiyyatdan, yazıçıdan, romandan gedirsə bunları deməliyik. Əsərdə yerində işlədilməyən ifadələr, normaların pozulduğu cümlələrlə də rastlaşdıq: «Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş, yuxunun ən şirin yerində tuturdu» s.2. «Göydən dolu yağmırdı, Əzrayıl yağırdı» s.1. «Hər şeydən yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu Yiyəsiz Övladlar hirslərindən-hikkələrindən əllərini, dodaqlarını gəmirirdilər» s.2. «Elələri olurdu bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-filansız atılan səliqəli-səhmanlı güllələrdən birinə qurban olurdu…» s.2. «onun da öz bir gözəlliyi vardır» s.3. «Şəhərin adamları elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu» (? – İ.M.) s.3. «Sifətində bircə qıça da qan qalmamışdı» s.6. Müəllif dilindən deyilən cümləyə diqqət edin: «Bu Bakıdan tökülüb gələn və bir yaralı barmağa da …. qabiliyyətləri və səlahiyyətləri olmayanlar katibi də boğaza yığmışdılar» s.24. və s.

Əsərin sonunda komandir mələyə çevrilir Əshabi-Kəfə daxil olur. Soyunub girir kəhrizin suyuna və xoşbəxt uşaqlığını xatırlayır…

«Birdən hiss elədi ki, böyür-başında da kimlərsə üzür, çevrildi — Drakonu gördü, bir balaca, pırıl-pırıl balıq da onu ardınca aparırdı. Pələngi gördü-bir balaca, pırıl-pırıl balıq da onu ardınca aparırdı. Batalyonun bütün uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları balıqlar da onları öz arxalarınca dartıb aparırdı».

Bəli, yenə nağıl, yenə yuxu, yenə layla… Ey! Səs salmayın! Yatırıq. Atəşi kəsin! Yuxumuz gəlir…
XS
SM
MD
LG