Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Atadan oğula – Şimali Koreyaya «dahi davamçı» gəlir


Dövlət televiziyası Kim Jong-Il-in ölümünü elan edir
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

Şimali Koreyanın dövlət televiziyası bu ölkənin 69 yaşlı liderinin vəfat etdiyi elan edir.

Şimali Koreyanın lideri Kim Jong-il dekabrın 17-də 69 yaşında ölüb. Onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb:

«Dərin kədər hisi ilə bildirirəm ki, dekabrın 17-də bizim dahi liderimiz qəfil xəstəlikdən vəfat edib».

Gözüyaşlı diktorun səhər verdiyi bu xəbərlə Şimali Koreya yeni qeyri-müəyyənlik dövrünə qədəm qoydu. 69 yaşlı Kim Jong-il'in despotik hakimiyyət illəri onun nüvə silahı proqramı ilə daha çox yaddaşlarda qaldı. Bu proqramın əvəzində isə o, ölkəsini dünyadan təcrid etdi. Yoxsul ölkəsinin ac əhalisini əzab-əziyyətlərə düçar etdi.

Onun ölümü 23 milyonluq ölkəni dahi liderin üçüncü oğlu, az tanınan Kim Jong-Un'un ümidinə qoydu. Şimali Koreyanın KCNA xəbər agentliyi gənc Kim'i «dahi davamçı», «partiyanın, ordunun, xalqın görkəmli lideri» kimi mədh edib.

Kim Jong-il ordu qarşısında, 2 noyabr 2011
Kim Jong-il ordu qarşısında, 2 noyabr 2011
1 MİLYON ADAM ACINDAN ÖLDÜ

Kim Jong-il 1942-ci il fevralın 6-da doğulub. O, hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim Il Sung'un ölümündən sonra gəlmişdi.

O, Şimali Koreyada inqilabın dahi davamçısı kimi tanınırdı. Onun hakimiyyəti illərində ölkə yoxsulluğa yuvarlandı. 90-cı illərdə Şimali Koreyada aclıq zamanı 1 milyona qədər adamın öldüyü bildirilir.

Kim Jong-il 2008-ci ildə insult keçirmişdi. Dekabrın 17-də isə qatarda ölkə ərazisinə səfəri zamanı ürək tutmasından ölüb.

CƏNUBİ KOREYA ORDUSUNU HAZIR VƏZİYYƏTƏ GƏTİRİB

60 ildir şimal qonşusu ilə münaqişədə olan Cənubi Koreya Kim Jong-il'in ölüm xəbərindən sonra ordusunu yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirib. İki ölkəni ayıran 250 km-lik sərhəd boyunca nəzarət gücləndirilib. Cənubi Koreya prezidenti Lee Myung-bak ölkəsinin vətəndaşlarını sakitliyə, gündəlik işləri ilə məşğul olmağa çağırıb.

İki Koreyanı birləşdirən Azadlıq Körpüsü
İki Koreyanı birləşdirən Azadlıq Körpüsü
ABŞ prezidenti Barack Obama prezident Lee ilə telefon əlaqəsi saxlayıb. ABŞ-ın Koreya yarımadasında sabitlik və Cənubi Koreyanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinə sadiq qaldığını vurğulayıb.

3 ŞEYTAN DÖVLƏTDƏN BİRİ

Vaxtilə ABŞ prezidenti George W.Bush Şimali Koreyanı 3 şeytan dövlətdən biri adlandırmışdı. Bildirmişdi ki, nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcək. Ancaq Şimali Koreya bütün sanksiyalara baxmayaraq, 2006-cı ildə nüvə silahını uğurla sınaqdan keçirdi. İllərlə yığdığı böyük silah arsenalına nüvə silahını da əlavə etdi.

LİDERİN TABUTU MAVZOLEYƏ QOYULACAQ

Çin televiziyası Pxenyan küçələrində şimali koreyalıların hüznü ilə bağlı videogörüntülər yayıb.



Pxenyan sakinlərindən biri isə bunu deyib:

«Mən öz kədərimi sözlə ifadə edə bilmirəm. Danışa bilmirəm».

Kim Jong-il'in dəfni dekabrın 28-də olacaq. Dekabrın 29-a qədər isə ölkədə milli matəmdir. Kim Jong-il'in tabutu atasının yanına – Pxenyandakı Kumsusan Mavzoleyinə - şüşənin altına qoyulacaq.

Kim Jong-Un
Kim Jong-Un
OĞUL DA ÜRƏK XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKİR

Şimali Koreyanın sonrakı taleyi isə indiyə qədər dünya liderləri ilə təmas qurmayan üçüncü oğul Kim Jong-Un'dan asılıdır. O, Kim Jong-il'in üçüncü arvadından olan oğludur.

1983, ya da 84-cü il təvəllüdlüdür. Çoxları varisin onun ögey qardaşı Kim Jong-nam'ın, ya da böyük qardaşı Kim Jong-chol'un olacağını gözləyirdi. Ancaq 2009-un yanvarında Cənubi Koreyanın «Yonhap» agentliyi yazdı ki, Kim Jong-il Kim Jong-Un'u varisi elan edib.

Kim Jong-Un İsveçrədə təhsil alsa da, Qərbin təsirlərinə məruz qalmayıb. Ölkəsinə qayıdandan sonra hərbi universiteti bitirib. Kim Jong-il 2010-cu ilin avqustunda Çinə səfər edərkən oğlu Kim Jong-Un'u da özü ilə aparmışdı. Onun da atası kimi diabetdən və ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
XS
SM
MD
LG