Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Emin Milli ilə Adnan Hacızadə hardadırlar?


Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə və Emin Milli
Emin Milli və Adnan Hacızadə. Artıq bir ildir ki, bu iki bloqqerin adı gündəmdən düşüb. Bir il öncə həbsdən çıxdılar və... Artıq onların adı az-az hallanır sosial şəbəkələrdə, siyasi çevrələrdə... Artıq yeni siyasi məhbuslar var, bəlkə o üzdən? Bəs bu iki bloqqer nəylə məşğuldur?
ADNAN HACIZADƏNİN İNDİSİ
28 yaşlı Adnan Hacızadə öz işinə qayıdıb, yenə neft şirkətlərindən birində işləyir. Gənc fəallardan biri Pərvanə Persiani ilə nişanlanib. Bu arada evdə təmir aparır. Təhsilini davam etdirmək istəyir və imtahanlara hazırlaşır. Amma qəti qərar verməyib harda.
2009-cu ilin yayında baş verənlərisə unutmayıb. O günlərdən xatirə qalan dediyinə görə, əsəb pozuntusu, bir də:
«Mən burnumdan bərk zədə almışdım. Onun nəticələrini aradan qaldırmaq imkanım olmayıb hələ. Burnumdan nəfəs ala bilmirəm. Ona görə bəzən havasızlıq, baş ağrıları olur. Vaxt tapan kimi burun çəpərini düzəltmək üçün əməliyyata girəcəm».
EMİN MİLLİ ESSELƏR YAZIR
«Mən «Facebook»dan yanvarın sonuna qədər gedirəm. Universitet bunu tələb edir. Yeni İliniz mubarək olsun! Darıxmayın, qayıdacam!»
Londonda təhsil alan 33 yaşlı Emin Milli «Facebook» səhifəsində belə yazıb. O həbsdən çıxandan sonra mühüm addım atıb – rəssam bir xanımla ailə qurub. Gənc xanımı da Londonla Bakı arasında qalıb:
Emin MIlli həbsdən çıxandan sonra mühüm addım atıb – rəssam bir xanımla ailə qurub
Emin MIlli həbsdən çıxandan sonra mühüm addım atıb – rəssam bir xanımla ailə qurub
«Tələbə həyatı yaşayıram. Bir az çətinlik çəkdim ev tapana kimi. London bahalı şəhərdir, ayda 1100 funtla çox çətindir Londonda dolanmaq. Amma əziyyət deyil istədiklərimi öyrənmək üçün... İndi onu öyrənirəm ki, Latın Amerikasında, Afrikada, Asiyada dəyişikliklər necə olub, hansı sürətlə olub...

Gələn ilsə Azərbaycana dönəcəm. Ondan sonra düşünəcəm ki, hansı fəaliyyətlə məşğul olum. Amma indi yazıçılıqla məşğul olmaq istəyirəm. Fikrim var həm ədəbi əsərlər, həm də Azərbaycanın indisi haqda siyasi esselər yazım».
BƏS, BLOQQERLİK?
Adnan Hacızadə deyir ki, qismən də olsa video bloqqerliyə qayıdıb. Bundan başqa, «Facebook»da, «Twitter»də çoxlu izləyiciləri var. Onlarla vaxtaşırı müzakirələr aparır:
«Mənim hal-hazırda əsas ictimai fəliyyətim Azad Fikir Universitetinin koordinatorluğudur. Mühazirələri təşkil eidrəm, onların çəkilməsini, yayılmasını təşkil eidrəm. Siyasi məhbuslarla bağlı video çəkmişdim yaxınlarda, sonra 11 mart haqda videolar olmuşdu. Başqa gənclər təşkilatlarına məsləhət verirəm».
- Amma çoxları gözləyirdi ki, siz azadlığa çıxandan sonra daha fəal olacaqsız, ictimai həyatda daha çox görünəcək, həbsdəki gənclərə daha çox dəstək verəcəksiz.
- İnsanlar səni nə qədər çox tanıyırsa, bir o qədər səndən çox gözləntisi olur. Bu artıq insanın şəxsi seçimidir: sən onların gözləntilərini doğrultmaq üçün yaşamalısan, yoxsa öz istədiyin kimi? Mən öz istədiyim kimi yaşayıram. Belə də davam edəcəm.

Fəallaşmaq ya yox mənim qərarımla olacaq. Həbsdən əvvəl heç bir partiyanın üzvü olmamışam, indi də siyasi ambisiyam yoxdur. Mən özümü məsuliyyətli vətəndaş hesab edirəm, həbsdən əvvəl də, həbsdən sonra da. Məncə, bu rolu mən çox gözəl yerinə yetirirəm.
- Sosial şəbəkələrdə fəal olan gənclərdən həbsə düşəni var. Onlara dəstək olmağı borcunuz sayırsımı?
Adnan Hacızadə dostlayıla birlikdə
Adnan Hacızadə dostlayıla birlikdə
- Bəli, bunu borcum sayıram. Vaxtaşırı onların ailələri ilə zəngləşirəm, görüşürəm. Məsləhət veririəm. Sosial şəbəkələrdə onları daim çalışıram diqqətdə saxlayım. Xarici təşkilat və müxbirlərin qarşısında bu məsələni qaldırmağa çalışıram. Bunun yetərli olub-olmaması mücərrəddir. Mən bunu edirəm, çünki bu, mənim borcumdur.
«BU GÜN SUSMAMAQ ELƏ İŞ GÖRMƏKDİR»
Emin Milli deyir ki, o konkret olaraq AXCP üzvü Cabbar Savalanla bağlı addımlar atır:
«Londonda ola-ola Amnesty İnternationalın iki yüksək səviyyəli tədbirində iştirak etdim. Bu təşkilatın milyonlarla üzvləri Cabbar Savalanla bağlı kampaniya aparır. Bu, böyük uğurdur.
- Gördüyünüz işin effektinə inanırsızmı?
- Mən heç vaxt özümdən razı olmamışam. Hesab edirəm ki, hər kəs bacardığı qədər iş görməlidir. Azərbaycanda bu gün kim bacarırsa, susmamalıdır. Bu gün susumamaq elə iş görməkdir.
Emin Milli onu da deyir ki, o siyasətçi deyil. Baxmayaraq ki, həbsdən əvvəl də ona bəziləri bloqqer kimi yox, siyaətçi kimi baxıb: «Mən öz mövqeyi olan vətəndaşam. Nəyi vacib saymışam, onu həmişə etmişəm. Həbsdən əvvəlki fəaliyyətimlə indiki fəaliyyətim arasında ciddi fərq yoxdur».
Amma yada salanda görürük ki, Emin Milli həbsdən əvvəl daha fəal olub. Yəni o çoxsaylı təşəbbüslərlə çıxış edib. 2006-cı il Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunu (FASE), daha sonra AN – Məzunlar Şəbəkəsini yaradanlardandır.

Bakıda bir neçə yoldaşı ilə Məmməd Əmin Rəsulzadənin büstü qoyulmalı parkda çiçək qoymaq istəyir və polis onu saxlayır. Daha sonra Gül Bayramına etiraz edənlərin arasında olan Emin Millini polis bir neçə saatlıq saxlayır. O 2009-cu ildə Kontitusiyaya dəyişikliklərə ABŞ-da etiraz edir, BMT-nin ofisi qarşısında. 2009-cu ilin yayında isə Adnan Hacızadə ilə birgə «Livan» restoranındakı qalmaqala görə həbs olunur.
BLOQQERLƏRDƏN GÖZLƏNTİ BÖYÜK OLUB
Emin Milli həbsdən sonra
Emin Milli həbsdən sonra
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltan hər iki bloqqerin proseslərdə daha yaxından iştirakını istəyir:
«Həmin dostlarımızın İctimai Palatada, başqa siyasi təşkilatlarda iştiraklarını istərdim. Onların potensialı da var ki, daha artıq iş görsünlər».
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya görə, siyasi kəsimin bloqqerlərdən daha böyük gözləntisi olub. Onun fikrincə, hər iki bloqqerə olan beynəlxalq və yerli diqqətdən dolayı belə fikir formalaşmışdı ki, onlar siyasi prosesin önündə gedəcəklər: «Bizim ətrafdakıların gözləntiləri qədər iş görməsələr də, ümumi prosesdə faydalı işlər görürlər. Ancaq ictimai təşkilatlar çox şey gözləyirdilər» deyir. Amma bununla belə, o, hər iki bloqqerin fəal gənclərə dəstək verdiyini qeyd edir.
XS
SM
MD
LG