Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:48

R.Denber: «Azərbaycanda hüquq müdafiəçilərinin hüquqları pozulur»


Rachel Denber
Rachel Denber
«Azərbaycanda elə bir vəziyyətdir ki, hüquq müdafiəçilərinin özləri birbaşa hüquq pozuntularının qurbanı olur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber deyib.

Onun fikrincə, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət həddindən artıq gərgindir. Amma önəmli hal odur ki, bu pozuntuları diqqətə çatdıran kifayət qədər hüquq müdafiəçisi var:

«Ciddi təzyiqlərə, çətin şəraitə baxmayaraq, Azərbaycanda kifayət qədər zəhmətkeş və öz peşəsinə sadiq hüquq müdafiəçisi var. Onlar pozuntuların aşkarlanmasında və bu halların beynəlxalq sferaya çıxarılmasında yaxşı işlər görürlər. Məncə, həmin hüquq müdafiəçilərinin bayramını qeyd etsək, yerinə düşər».

POZUNTULAR HƏR YERDƏ VAR, AMMA...

R.Denber bildirir ki, insan hüquqları ilə bağlı pozuntular dünyanın hər yerində var. Ancaq bu haldan əks arqument kimi istifadə etmək yanlışdır:

«İnsan hüquqlarının pozulması Amerikada, Böyük Britaniyada, dünyanın hər bir yerində baş verir. Bu o deməkdir ki, səma mavidir, dəniz suludur. Biz Azərbaycanda insan hüquqlarından danışanda, Azərbaycandakı real vəziyyətdən söhbət edirik. Biz İngiltərədən danışırıqsa, orda yüzlərlə hüquq müdafiə təşkilatları var. Bu təşkilatlar oradakı hüquq pozuntularını araşdırırlar, hökuməti islahatlara məcbur edirlər. Azərbaycanda insan hüquqları haqda bir beynəlxalq hesabat olanda, hökumət cavab verir ki, pozuntular dünyanın hər bir yerində mövcuddur. Amma mənim qənaətimə görə, bu, çox ucuz bəraətdir. Deməli, ABŞ tənqid olunanda, Amerika rəsmisi deyə bilər ki, siz niyə Amerikadan danışırsınız, Azərbaycanda insan hüquqları pozulur, gedin, oranı araşdırın. Belə olan halda Azərbaycan rəsmiləri özlərini necə hiss edər Sizcə? Məncə, Amerika, Britaniya rəsmiləri bu cür danışsalar, Azərbaycan rəsmiləri bunu çox qəribə qarşılayacaqlar».

HÖKUMƏT HEÇ NƏ İTİRMƏYƏCƏK

Hüquq müdafiəçisi düşünür ki, Azərbaycan hakimiyyəti siyasi və vicdan məhbuslarını azad etməklə heç nə itirməyəcək:

«Hazırda 17 vicdan məhbusu həbsdədir. Vəkillərə edilən təzyiqlər dayandırılmalı, siyasi motivlərlə həbs olunanların hamısı buraxılmalıdır. Bununla hökumət heç nə itirməyəcək. Onlar oyunu uduzmaq istəyirlərsə, bu oyunu davam etdirsinlər. Uzunmüddətli strategiya üçün insanları azadlıqdan məhrum etmək çox yanlış bir addımdır».

R.Denber deyir ki, Azərbaycan hakimiyyəti vaxt itirmədən demokratik institutlar qurmalıdır. Sonra gec ola bilər:

«Son 10 ayda baş verənlər göstərir ki, hər şeyi stabilliyə qurban verən hökumətlər sonradan qeyri-stabilliklə üzləşirlər. Məncə, hökumət vaxt itirməməlidir və demokratik institutları indidən qurmalıdır. Çünki bu institutlar qurulmazsa, ölkədə kövrək avtoritar rejim olacaq. Belə stabillik dayanıqlı deyil...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG