Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:33

Ziyalılar Forumu Rafiq Əliyevin vəzifədən çıxarılmasını pisləyir


Ziyalılar Forumu
Ziyalılar Forumu
Azərbaycan Ziyalılar Forumu akademik Rafiq Əliyevin işdən çıxarılması ilə bağlı bəyanat yayıb.

Bəyanat müəllifləri hesab edirlər ki, Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdirliyindən məhz siyasi mülahizələr əsasında çıxarılıb.

Yada salınır ki, Rafiq Əliyev bir neçə il əvvəl də Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildiyi halda, seçkisinin nəticələri qeyri-qanuni şəkildə ləğv edilib. Bəyanat müəllifləri sual edirlər ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tarixin arxivinə atılmış «elmi kommunizm» üzrə «mütəxəssis» ola-ola Azərbaycan Milli Elmlər Akademiyasının birbaşa həqiqi üzv seçilir. Ancaq nədən dünya elminin aparıcı simalarından sayılan Rafiq Əliyev AMEA-nin həqiqi üzvü ola bilmir?

Bəyanatda həmçinin deyilir ki, bu cür zorakı addımlarla ölkədə haqq-ədalətin bərpasını, islahatların keçirilməsini istəyən ziyalıları məqsədlərindən geri çəkilməyə vadar etmək mənasız işdir.

Bəyanat müəllifləri daha sonra da hakimiyyəti ölkədə yaranmış vəziyyətin məsuliyyətini dərk etməyə, dünyada baş verən hadisələrdən nəticələr çıxarmağa çağırır.

Ziyalılar Forumunu ölkənin bəzi elm, mədəniyyət və ictimai xadimləri təsis ediblər.

Rafiq Əliyev bir neçə gün öncə Neft Akademiyasında «Avtomatlaşdırılmış İdarəetmə Sistemləri» kafedrasının müdiri vəzifəsindən azad edilib.

Əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndini pozması əsas göstərilir. Məcəllənin həmin bəndində işçinin öhdəlikləri, yaxud əmək vəzifələrini kobud şəkildə pozmasından bəhs edilir.
XS
SM
MD
LG