Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Beynəlxalq Kukla Teatrları Festivalı başladı


Arxiv foto
Arxiv foto
- Bəs bu dünya? Belə çıxır ki, mən həmişə bu dünyaya yad olacağam?

- Eh balaca... balaca... belə görürəm ki, sən həm də karsan. Heç nə eşitmək istəmirsən. Axı bu qəddar, qeyri-mükəmməl dünya sənin nəyinə gərəkdir?

Bu, Azərbaycan Kukla teatrı səhnəsində Uşaq və Küləyin arasında gedən dialoqdan bir parçadır.

«AĞ VƏ QARA»

Noyabrın 1-də Bakıda ilk Beynəlxalq Kukla Teatrları Festivalı belə - Kamran Şahmərdanın quruluş verdiyi «Ağ və qara» tamaşası ilə başlayıb.

Tamaşada gözdən əlil doğulmuş bir uşağın taleyindən bəhs olunur. Bu ssenari uşaqlar üçün bir az vahiməli səslənsə də, 12 yaşlı Ceyran Təbrizli belə düşünmür. Kukla Teatrına tez-tez gəldiyini deyən Ceyran festival tamaşasının əvvəlki tamaşalardan bir qədər də fərqləndiyi fikrindədir:

«Ümumi xoşuma gəldi. Yəni ananın uşağa sevgisi... Xoşum gəldi. Həmişəkindən fərqli idi bu dəfə. Düzdür, bir az qəmli idi, amma maraqlı, mənalı idi».

Bakıda düzənlənən ilk Beynəlxalq Kukla Teatrları Festivalı UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi təşkil edir. Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı heyəti Azərbaycana toplaşıb.

22 TAMAŞA GÖSTƏRİLƏCƏK

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyir ki, «Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq təşkil edilən festival dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub. Festival noyabrın 6-dək davam edəcək:

«Bu tarixlər arasında 22 tamaşa göstəriləcək. Kukla teatrında, Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında. 16 ölkəni təmsil edən 155 qonaq hazırda Bakıdadır. Bu günlər ərzində Azərbaycan teatr ictimaiyyəti bir neçə beynəlxalq quruma üzv olacaq».

BİLGİ ALIŞ-VERİŞİ

UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının baş katibi Jak Trüdo UNİMA-Azərbaycan Mərkəzinin yaradılmasını alqışladıqlarını bildirib.

UNİMA-Türkiyə Mərkəzinin prezidenti Mevlut Özhan isə bildirib ki, ölkələrin bir-birlərini tanıması, sənət və sənətçi mübadilələri üçün bu festivallar çox mühümdür:

«Festivallarda bura gələn sənətçilər bilgi alış-verişi edərlər, bir-birini öz ölkələrinə dəvət edərlər. Burda oynanan oyunlarla, yəni kukla teatrları ilə Azərbaycan xalqı eyni zamanda başqa ölkələrin də mədəniyyətlərini tanımış olur. Onların adət, ənənələrini öyrənmiş olurlar. O baxımdan da kukla sənətçiləri, kukla qrupları ölkələr arasında dostluq körpüsü formalaşdırırlar».

«TÜRKİYƏLİ HƏMKARLARIMIZ 1000-2000 MANAT ALIRLAR»

Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovanın fikrincə, ayrı-ayrı ölkələrin təcrübələriylə həm aktyorların, həm də tamaşaçıların tanış olması üçün belə festivallara ehtiyac var.

Aktrisa əcnəbi həmkarlarının sosial durumuna da toxundu:

«Mənim 12 illik təcrübəm var. Buna görə 180 manat maaş alıram. Bizim, məsələn, türkiyəli həmkarlarımız eyni işə görə dövlətdən bizim pulla 1000-2000 manat məvacib alırlar. Biz dolanmaq üçün əlavə işlər görürük – reklama, filmə, seriala çəkilirik. Amma teatr səhnəsi başqadır, maaşımız az da olsa, bu bizi səhnədən soyutmur».

Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində təqdim olunan tamaşalara biletlər oktyabrın 15-dən etibarən satışa çıxarılıb. Tamaşalara xüsusi ehtiyacı olan uşaqlar biletsiz gətiriləcək. Xarici kukla teatrlarının tamaşalarını anlamaq üçün isə öncə ssenarinin qısa xülasəsini tamaşaçılara təqdim edəcəklər.

Bakı Beynəlxalq Kukla Teatrları Festivalına hər iki ildən bir ev sahibliyi edəcək.
XS
SM
MD
LG