Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

Rəşad Məcid: "Studiyadakı bu iki nəfər - Rasim Qaraca və Qan Turalı tövbə etməlidir"


Pen klub - 201011
Gözlə
Embed

No media source currently available

0:00 0:50:41 0:00
Direct-ə keçid

PenClub-201011

Rəşad Məcid:

- Hazırda studiyada olan bu iki nəfər isə (Rasim Qaraca və Qan Turalı - İ.R.) uzun illərdir bizim milli dəyərlərimizə, ziyalılarımıza qara yaxan, hörmətsizlik edən insanlardır. Onların ikisi də tövbə etməlidirlər.

Qan Turalı:

- 30-cu illərdə Kommunist Partiyasının ideoloji xəttini Jdanov aparırdı. O, məhdud təfəkkürlü bir ziyalı idi. Tez-tez də yazıçıları tövbəyə çağırırdı. Mən indi Rəşad Məcidin də danışığında bu jdanovluğu gördüm.

Rasim Qaraca:

- Bir dəfə də Anar Rzayev çağırmışdı ki, gənclər üçün tövbə qapısı açır. Bunlar özlərini ya peyğəmbər hesab edirlər, ya özləri haqqında nəsə yüksək fikirdədirlər. Birincisi, elə Sabirin, Mirzə Cəlilin zamanında da onların kölgəsini qılınclayan məcidkimilər çox idilər.


Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son zamanlar mətbuatda Mirzə Cəlil, Sabir, Bəxtiyar Vahabzadə ilə bağlı polemikalarla razılaşmadığını deyib.

O bildirib ki, xalqın milli dəyəri olan ziyalıların milli kimliyi, onların şəxsi

Rəşad Məcid
Rəşad Məcid
həyatı və digər məsələlərlə bağlı mətbu polemikaların açılması zərərlidir...

"Pen klub" proqramında bu mövzunu şair Rasim Qaraca, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid (telefonla) və kulis.az saytının rəhbəri Qan Turalı müzakirə ediblər.



Qan Turalı:

- Mən Əli Həsənovun dediklərini dövlətin rəsmi mövqeyi kimi qəbul etmirəm. Dövlət bu cür məsələlərin daha fövqündə dayanmalıdır. Və dövlətin funksiyaları da Azərbaycan Konstitusiyasında təsbit olunub. Əli Həsənov isə Prezident Administrasiyasının şöbə müdiri olmazdan əvvəl tarix elmləri doktorudur. Yəni o bir ziyalıdır. Öz mövqeyini elmlər doktoru kimi bildirib. Mən bu cür qəbul edirəm. Burada Əli Həsənovun dediyi yanaşma da bir az mübahisəlidir. Bu sırf jurnalist etikası ilə həll olunası problemlərdir. Klassikləri yenidən təbliğ etmək, yenidən yazmaq əlbəttə yaxşı haldır. Dövlətimiz də bu mənada yaxşı işlər görür. Məsələn, yubileylər keçirir və sair. Amma Mirzə Cəlili təkcə yubileylə, kitabını nəşr etməklə təbliğ etmək olmaz. Bunun üçün davamlı polemikalar da olmalıdır.
Amma məni narahat edən başqa məsələlər var. Məsələn, bir müddət əvvəl İran İslam Respublikasının vətəndaşı olan Ənsari soyadlı bir şəxs öz kitabında o dövrün bir çox ziyalıları ilə yanaşı Cəlil Məmmədquluzadənin də mason olduğunu yazmışdı. Əlbəttə, mason olmaq qətiyyən təhqir deyil. Amma mason olmayanı belə adlandırmaq artıq təhqirdir. Mən Əli Həsənova, hüquq mühafizə orqanlarına tövsiyə edərdim ki, məsələn, bu kitabla bağlı bir iş görsünlər. Söhbət kimisə həbs etməkdən getmir. Sadəcə, dövlət səviyyəsində ona ciddi bir cavab versinlər.
Amma başqa polemikalara gəldikdə, mən deyək ki, Əli Həsənovun çəkdiyi çərçivəni tam olaraq bilmirəm. Məsələn, bizim saytda davamlı olaraq klassiklərlə bağlı polemikalar gedir. Və bu cür polemikalar lazımdır. Amma qırmızı xətti keçmək lazım deyil. Bax o İran vətəndaşının iki Azərbaycan vətəndaşı ilə birgə yazdığı kitab qırmızı xətti keçməkdir. Bu adamlar Milli Elmlər Akademiyasında işləyirlər. Yəni dövlətin rəsmi qurumunda çalışaraq, ondan maaş alaraq dövlətin yubiley keçirdiyi adamı mason adlandırmaq məncə qırmızı xətti keçməkdir.

Rasim Q:

- Əli Həsənov görsün onun sözü nə qədər qiymətlidir ki, Azadlıq Radiosunda polemikaya səbəb olur. Heç olmasa bu sözlərdən arada işlətsin. Bu bizim nə qədər bədbəxt cəmiyyət olduğumuzun göstəricisidir. Yüksək çinli məmurların sözünə həsrətik, qəbuluna düşə bilmirik ki, prezident, onun administrasiyasının rəhbəri, şöbə müdiri yerli mətbuat üçün o qədər qapalı şəxslərdir ki, bunlardan bir söz eşitmək bayram kimi görünür. Bu, utanılacaq bir haldır. Ona görə də məncə Əli Həsənov bu polemikaya sevinməkdən çox kədərlənməlidir. Şəxsən mən müəyyən təkliflərlə onun qəbuluna düşmək istəmişəm, amma buna nail olmamışam. Hətta ondan daha kiçik məmur olan Fatma Abdullazadənin (PA Humanitar şöbənin müdiri - İ.R.) də qəbuluna düşə bilməmişəm vaxtilə. Əlbəttə ki, indi belə bir arzum yoxdur. Bizdə ziyalı anlayışı o qədər kiçildilərək sıradan çıxardılıb ki, indi ziyalılar haqqında danışmaq da adama bir az gülməli görünür. Hansı ziyalıdan danışırıq, əgər ali təhsilliyə ziyalı demək bizdə dəbə çevrilibsə. Halbuki əslində ziyalı ictimai mövqeyi olan, kütlənin önündə dayanan və ona yol göstərən. yoluna işıq salan birisi sayılmalıdır. Belə bir ziyalı bizdə yoxdur. Əksinə, indi ziyalı dediyimiz insanlar cəmiyyətdə qaranlığın payını daha da artırmaqla məşğuldular.
Müstəqil ziyalılar, mənim kimi müstəqil mövqeyi olan insanlar da qəbul edilməməkdədir. Yəni biz min söz deyirik, əhəmiyyət verən olmur. Amma Əli Həsənovun sözünə belə bir polemika açılır. Barı öz sözlərinin qiymətini bilsinlər və bu sözdən daha çox desinlər.

Rəşad M:

- Mən əvvəllər də Əli Həsənovun belə emosional çıxışlarını eşitmişəm. Bilirəm ki, o, müəyyən dərəcədə təsirli çıxışlar edir. Burada da gözlənilmədən mətbuatla bağlı çıxışında bu məsələyə toxundu və çox təsirli fikirlər dedi. Mən bu barədə artıq bir yazı da yazmışam. Yəqin ki bu günlərdə çap olunacaq. Mən hesab edirəm ki, Əli Həsənov bir vətəndaş, bir insan kimi tam həqiqəti dedi. Dövlət məmuru kimi də bu fikirləri demək lap yaxşıdır. Hazırda studiyada olan bu iki nəfər isə (Rasim Qaraca və Qan Turalı - İ.R.) uzun illərdir bizim milli dəyərlərimizə, ziyalılarımıza qara yaxan, hörmətsizlik edən insanlardır. Onların ikisi də tövbə etməlidirlər. Bəlkə də Tural bir qədər az, Rasim bir qədər çox tövbə etməlidir. Amma onlar bizim mənəvi mühitimizə, bizim ruhumuza, xalqımıza böyük zərbə vurublar əslində, mənim fikrimcə.

İlqar R:

Rəşad bəy, niyə belə düşünürsünüz?

Rəşad M:

- Ona görə ki biz indi müstəqilliyini yeni bərpa etmiş dövlətik. Az-çox yapışası, söykənəsi yerimiz çox azdır. Bu nöqtələri də bunlar vurub sıradan çıxardırlar. Azərbaycanın böyük ziyalılarını çox absurd iddialarla təhqir edirlər. Bəxtiyar
Vahabzadəni təhqir edirlər ki, niyə sovet Azərbaycanından orden alıb, amma özləri bir sayta görə mövqelərini 180 dərəcə dəyişirlər. Təhqir edirlər ki, sovet hökumətindən nəsə almısan, amma özləri SOROS fondunun pulu ilə vulqar jurnal buraxıb gənclərimizin beynini zədələyirlər. Bunlar - mənim bu həmkarlarım, yazarlar tövbə etməlidirlər. Bu şeylər onların özlərinin də başına gələcək.
Keçmişi araşdırmaq, hansısa şairdə nəsə əyər-əskik tapmaq olar. Amma ona nə bu dövrdən, nə də cavanlıq yaşından baxmaq olmaz. Məsələn, cavanlıq dövrümüzdə biz də Mirzə İbrahimova istehza ilə yanaşırdıq, əsərlərinə bir az yuxarıdan baxırdıq. Amma zaman keçdi və bir gün biz Cəmil Həsənlinin kitabından oxuyanda ki, 50-60-cı illərdə Mirzə İbrahimov Azərbaycan dili uğrunda nə fikirlər söyləyib, hansı mücadilələr edib, mən şəxsən o illərdəki fikirlərimə görə xəcalət çəkdim. İndi imkanlar o vaxtdakından daha genişdir. Hərənin bir saytı var, söz demək üçün qəzetlər çoxdur. Amma hesab edirəm ki, bu neçə ildir bizim yazıçılarımıza qarşı başlanmış aqressiv münasibəti, təhqiredici intonasiyanı dayandırmaq lazımdır. O cəsarətli fikirləri də Əli Həsənovun deməsini mən çox bəyəndim. Çünki bəziləri, ümumiyyətlə, bu xaosu, bu ziyalıların, dəyərlərin sındırılmasının məhz hökumətin bəzi dairələrinin marağında olduğunu deyir. İndi açıq görünür ki, bu, hökumətin marağında deyil. Əsasən xarici qüvvələrin marağındadır. O qüvvələrin də məqsədi, ümumiyyətlə, Azərbaycan ruhunu sındırmaqdır. Buna da xidmət edənin ikisini tapıb oturtmusunuz studiyada.

İlqar R:

Amma Rəşad bəy, xatırlayırsınızsa, Rafiq Tağl Sabirdən yazanda Qan Turalı ona qarşı çıxanlardan biri idi.

Rəşad M:

- Rafiq Tağının Sabir məsələsi, məncə, cəmiyyəti tərpətmək üçün bir oyun idi. Fikirləşəndə görürsən ki, Rafiq Tağı öz həyat tərzi, yaşayışı ilə Sabirin əleyhinə olmalı deyildi. Ola bilsin ki, o, Sabirə maraq oyatmaq üçün yazmışdı o yazını. Amma mən ədəbiyyata o cür maraq oyatmağın, o cür müzakirələrin də tərəfdarı deyiləm. Cəmiyyət laqeyd və kütdürsə, bu o demək deyil ki, ona arxadan zərbə vurmalıyıq. Hesab edirəm ki, bütün bu proseslərdən çıxmağa zaman kömək edəcək. Rafiq Tağının da, əlbəttə ki, günahları var. O da yeri gəldi-gəlmədi ifrata varıb. Səməd Vurğuna, Mirzə Cəlilə, başqa şəxsiyyətlərimizə qarşı təhqiramiz, düzgün olmayan ifadələr işlədib. Məncə, bu, bizim cavanları da, ədəbiyyat sevən adamlarımızı da yaralayır. Rasim Qaraca da, Qan Turalı da bilməlidirlər ki, əgər onlar Anarı, Ramiz Rövşəni hörmətdən salmağa çalışır və buna az da olsa nail olurlarsa, bu, yaxşı deyil. Çünki Anar və Ramiz Rövşən hörmətdən düşən cəmiyyətdə Rasim Qaraca nəinki Əli Həsənovun və ya Fatma Abdullazadənin, heç adi bir məmurun da qəbuluna düşə bilməyəcək. Çünki ədəbiyyatın simvolu, dəyərlər onlardır. Sizin nə dərəcədə dəyər ola biləcəyinizi, əzizlərim, hələ zaman göstərəcək. Amma bu yolla, inanmıram ki, olasınız. Tövbə eləməyiniz lazımdır. Ən çox da Turala deyirəm bunu. Onun istedadına bələdəm. Savadlı, məlumatlıdı. Artıq gənclik dövrü yavaş-yavaş keçdikcə, bilirəm ki, müəyyən işlərinə görə də bir az xəcalət çəkəcək.

İlqar R:

Tural bəy, belə görünür ki, sizin nəzərinizdəki qırmızı xətt əslində Rəşad Məcidə görə xeyli uzaqda cızılıb.

Qan Turalı:

- 30-cu illərdə Kommunist Partiyasının ideoloji xəttini Jdanov aparırdı. O, məhdud təfəkkürlü bir ziyalı idi. Amma o, nəinki sovet ədəbiyyatının, hətta fəlsəfənin də tezislərini vermək iddiasında idi. Tez-tez də yazıçıları tövbəyə çağırırdı. Yazıçıları, partiya rəhbərlərini tövbə etdirirdi. Mən indi Rəşad Məcidin də danışığında bu jdanovluğu gördüm. Mən də yaxşı mənada Rəşad Məcidin
savadına bələdəm. Savadlıdır, intellektual adamdı. Amma onu da bilməlidir ki, bunun elmi adı da jdanovçuluqdur.
O ki qaldı mövzuya, mənim Azərbaycan klassikasına sevgim sonsuzdur. Hətta mən hazırda 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri Azərbaycan klassikləri haqqında “Bizə yalan söylədilər” adlı kitab da yazıram. Üç fəsli artıq hazırdı. Yəni mənim üçün əsl ziyalı həm yaradıcı potensialları, həm də ümumi ictimai miqyasları ilə Cəlil Məmmədquluzadə, Sabir, Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cavid və digərləridir. Amma sağ olan adamları gətirib bunların yerinə qoymaq, bizi onları ittiham etməkdə suçlamaq özü düz deyil axı. Hər halda inzibati baxımdan Anar Rəşad Məcidin rəhbəridir. Onun bizi öz rəhbərinə qarşı tövbə etməyə çağırması nə dərəcədə düzdür? Axı mən Anarın istedadını inkar etmirəm. Onu öz nəslindən olan İsa Hüseynov, hətta Əkrəm Əylisli ilə müqayisədə böyük yazıçı saymıram. Onu yaxşı “esse”çi sayıram. Amma onun əsərini bəyənməmək o demək deyil ki, ona tövbə edilməlidir. Anar ədəbiyyatda özünün də mənsub olduğu 60-ci illər nəslini Mirzə Cəlil nəslinin davamçıları hesab edib. Amma tarix də, ədəbiyyat da, estetika da göstərdi ki, bunlar Mirzə Cəlil ənənələrini davam etdirməkdən çox uzaq oldular. Xüsusən Anar və yaxud da Elçin. Hamının kiminsə haqqında fikri ola bilər. Məsələn, Ramiz Rövşən haqda yazdığım bir məqaləyə görə o, indiyədək mənimlə düşməndir. Mən Ramiz Rövşənin fransız simvolizmi ilə Füzuli simvolizminin qarışığından yaranmış bir şair olduğunu yazmışdım. Onun Azərbaycan ədəbiyyatında mövqeyini tənqid etməmişdim, təhqir etməmişdim. Ramiz Rövşəni dahi kimi təqdim edirlər. Asif atanın bir sözü var: “Ramiz Rövşən dahidirsə, bəs onda Füzuli kimdir?” Yəni biz belə - hamını öz yerinə qoymaq estetikasından çıxış etmişik. Biz Ramiz Rövşənin istedadını inkar edə bilmərik ki. Amma biz nə qədər edirik belə məsələlərdə obyektiv olaq, AYB, Rəşad Məcid və başqaları onu başqa tərəfə çəkirlər. Ümumiyyətlə, Yazıçılar Birliyi adlanan qurumun yaranması ideyasını da Jdanov verib. Bu təfəkkür davam edə bilməz axı. Obyektiv tənqid olmalıdır və burada hər hansı şəxsə qarşı məhdudiyyət qoyulmamalıdır. Siz deyirsiniz Anar dahidir, mən deyirəm dahi deyil. Axı bunu demək də mənim hüququmdur.
Rəşad Məcid yaxşı olar ki, Anarı müdafiə etməkdənsə, rəhbəri olduğu qəzetdə baş nazirin müavini olan Elçin Əfəndiyevdən soruşsun ki, “niyə sənin və atanın (xalq yazıçısı İlyas Əfəndiyev nəzərdə tutulur - İ.R.) əsərləri Akademik Milli Dram Teatrında tamaşaya qoyulur, amma Mirzə Cəlilin əsərləri qoyulmur? Niyə neçə ildir “Ölülər”ə həsrətik. Niyə Cəfər Cabbarlının “Od gəlini” tamaşaya qoyulmur?” ..

İlqar R:

Rasim bəy, tövbə etmək fikrindəsiniz, yoxsa yox?

Rasim Q.

- Bu tövbə məsələsi ikinci dəfə təkrar olunur, bir dəfə də Anar Rzayev çağırmışdı ki, gənclər üçün tövbə qapısı açır. Bunlar özlərini ya peyğəmbər hesab edirlər, ya özləri haqqında nəsə yüksək fikirdədirlər. Birincisi, elə Sabirin, Mirzə Cəlilin zamanında da onların kölgəsini qılınclayan məcidkimilər çox idilər. Onlar haqqında hər cür hökmlər çıxaranlar çox idi. İndi müasir dövrün də “Molla Nəsrəddin”i belə desək “Alatoran” jurnalıdır. “Alatoran” bir hərəkatdır, demək olar, yeni imzalar yetişdirir. Yeni ədəbiyyatın başlanmasına təkan vermişik. Hətta Rəşad Məcid bu hərəkatdan bəhrələnib. Onu bu məsələlərə görə irəli çəkiblər. Yəni biz tövbə etməliyiksə, o da bizim haqqımızı verməlidir, nankor olmamalıdır belə götürəndə. İkincisi də ki, təhqir məsələsi heç vaxt olmayıb bizim yazılarımızda. Qan Turalı dediyi kimi, biz yalnız tənqid eləmişik. Polemikaya səbəb olacaq yazılar yazmışıq. Nə demişiksə, həqiqətləri demişik. Məsələn, Rəşad Məcidin özü haqqında mənim bir məqaləm vardı, “525-ci düşüncə” adlı. Mən bu qəzetin Azərbaycanda 525-ci düşüncə sindromu olduğunu gündəmə gətirmişdim. Yəni redaktoru olduğun qəzetdə məqalələr dərc edirsən, özü də sənin əsərlərini tərifləyən məqalələr. Bu tipli materiallar orda çoxdur, bu çox obyektiv tənqid idi. Rəşad Məcid indi bunu bir kin edib və öz ürəyində saxlayıb. Bu tənqiddən nəticə çıxarmaq əvəzinə başlayır müsahibələrində, çıxışlarında bizim əleyhimizə danışmağa. Axı bu çox asandır.

İlqar R:

Rəşad bəy dedi ki, filankəslər aşağılanan cəmiyyətdə dövlət strukturları və məmurlar filankəsləri qəbul etməyəcəklər.

Rasim Q.

- Bizi onsuz da qəbul etmirlər, etməyəcəklər də. Heç etməsinlər də. Vaxtilə inam olub ki, Əli Həsənov hansısa müstəqil fikrə açıq adamdır, hansısa obyektiv bir təklifi qəbul edə bilər. Məlum olub ki, qəbul edə bilməz, qapalı bir insandır. Özünü qapayıb oturub, arada bir-iki söz danışır.

Rəşad Məcid bizə qarşı etdiyi tənqidlərdən yüzdə birini o məmurlara edə bilərmi? Yox. O, xasiyyəti, təbiəti etibarilə cəsarətsiz bir adamdır. Onun elə telefonda
danışanda nə qədər həyəcanlandığı hiss olunur. “Alatoran” elə müasir “Molla Nəsrəddin”dir. Üzümü elə burdan tutub deyirəm, əgər ideologiya üzrə bizə yol göstərən bir insandırsa, görsün “Alatoran”ın vəziyyətini, bunun ətrafında olan insanları. Biz dövlət tərəfindən mətbuata ayrılan fondlardan istifadə edə bilmirik, Soros fonduna gəlincə, onun da Bakının mərkəzində ofisi var, dövlət icazə verib. Lisenziyalı fəaliyyət göstərir. Qaldı ki, Soros fondu bizim jurnalı maliyyələşdirmir, sadəcə bir-iki layihəmiz olub, bunların çərçivəsində müəyyən qrant layihələrində iştirak etmişik. Bu ittihamlar da dəfələrlə səsləndiyi üçün mən buna öz münasibətimi bildirmək istəyirəm. İkincisi də sevinsinlər ki, “Alatoran” jurnalı artıq çıxmır. Son nömrəmizi fevral ayında buraxmışıq, artıq ilin axırıdır. Çünki bütün tutacaqları kəsiblər. İstəyirlər ki, hər şey nəzarətdə olsun, hər şey Rəşad Məciddə olan ütülənmiş düşüncə ilə əhatə olunsun. O zaman biz niyə deyirik ki, Azərbaycan demokratik respublikadır, burda hər kəsin azad fəaliyyəti üçün şərait yaradılmalıdır.

Rəşad M (gülür):

- Mən bunları dinləyirəm, yenə yalan deyirlər. Çünki təhqir ediblər. 20 ildir Rasim Qaraca bizim ortada olanları ziyalı saymır. Mən hesab edirəm ki, Bəxtiyar Vahabzadə, Anar, Elçin, digər bizim bir sıra yazıçılarımız var ki, onlar əllərindən öpülməyə layiqdilər və hər bir vicdanlı Azərbaycan vətəndaşı bunu etməlidir. Ancaq bunlar onları təhqir ediblər. Tural indi danışır ki, Ramiz Rövşənə simvolik dedim, filan dedim. Ramiz Rövşən özü mənim yanımda Turala dedi ki, bala, niyə böhtan yazırsan, mən filan əsərin məsləhətçisi deyiləm. Ondan 10 gün sonra getdi bir də yazdı. Anara hər həftə qəzet səhifələrində zəhər içizdiriblər. İndiyəcən də edirlər. Mən heç, nə deyirlər, desinlər. Mənim Azərbaycanda buraxdığım qəzet, orada kimləri tənqid eləmişəm, kimləri etməmişəm, gələcəkdə qiyməti veriləcək. Amma bu qədər qeyri-təvazökarlıq edib “Alatoran”ı “Molla Nəsrəddin”lə müqayisə edir....
Sən 3-5 günlə ortadan çıxan, yox olan insansan, neynəmisən ki, ədəbiyyatda, jurnalda? Özü də mən sizin jurnala nəyə görə borclu olmalıyam ki. Əksinə, fikirləşirdim sizin o uşaqların azca işıq gələninə bir balaca kömək edim, ancaq sən aparıb onların hamısını dərənin, zibilliyin içinə yumarladın. Yarısını alkoqolik elədiniz, yarısını başdanxarab, dəli. Sənin o Azərbaycan cavanlarına vurduğun ziyan da sonralar bilinəcək. Amma burda söhbət hələ bizdən, bizimkilərdən getmir. Söhbət indi bizim klassiklər, onların davamçılarından gedir. Jdanov, Sovet ədəbiyyatı deyir... Sovet ədəbiyyatında, mən hesab edirəm ki, bizim yazıçılarımızın çox böyük rolları olub. Onlar nə qədər ideologiyaya xidmət edən əsərlər yazsalar da, ancaq Azərbaycan dilini qoruyublar, yaşadıblar. Yeri gələndə ezop dili ilə müəyyən sözlər deyiblər. Azərbaycan xalqının 1991-ci ildə müstəqillik qazanmasında o yazıçılarımızın böyük rolu olub.
Sən özünü Mirzə Cəlillə, Sabirlə müqayisə edirsən, fantaziyaya uyma, sən sıradan bir adamsan.

Rasim Q:

- Rəşad bəy, mənim yazdığım, dediyim hər hansı bir təhqirli ifadəni misal gətirə bilərsinizmi?

Rəşad M:

- Sənin yaradıcılığın, boz və mənasız yazılarının hamısını izləmirəm ki, yadımda da qalsın. Ancaq bilirəm ki, o vaxtlar “Ədalət” qəzetində olan səhifənizdə Anarı da təhqir edirdiniz, başqa yazıçıları da.

Rasim Q:

- Qətiyyən belə təhqir olmayıb. Təhqir olsaydı, Aqil Abbas onu buraxmazdı.

Rəşad M:

- Mənim Anara münasibətim katib oldum-olmadım, yenə də qalaçaq. 10-20 il qabaq da hörmət edirdim, bundan sonra da harada gördüm edəcəm. Axırıncı dəfə bir tədbirdə Bəxtiyar Vahabzadəni görmüşdüm, oturmuşdu, mən getdim onun əlindən öpdüm, indi də özüm-özümə hörmət edirəm ki, nə yaxşı bunu etmişəm. Eləcə də Anara və o birilərinə qarşı. Ancaq bilmirəm sizin öz taleyinizin uğursuzluğudur, ya içinizdə olan hansısa fəsadlardandır ki, o insanlara qarşı bu yolu tutdunuz və cavanları da yoldan çıxartdınız. Elə bildiniz ki, gəlib özündən
əvvəlkini söyüb təhqir etməklə uğur qazanmaq olar. Nə qədər ki, siz o keçmişdəkilərə hörmət etməyəcəksiniz, heç bir gələcəyiniz olmayacaq.

Rasim Q:

- Bizdə heç vaxt təhqir olmayıb, sadəcə tənqid olub.

Qan Turalı:

- Bir şeyi xatırladım ki, təhqir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə bir cinayətdir. Bunu da məhkəmə təsbit etməlidir. Hətta hər hansı bir yazıda təhqiramiz bir şey varsa, ona Rəşad Məcid, yaxud Qan Turalı qərar verməli deyil, buna məhkəmə qərar verməlidir. Belə hesab edirəm ki, Rəşad Məcid bizim təqsirsizlik prezumpsiyamızı pozur.

Rəşad M:

- Mən sənə əgər cinayətkar desəm, onda pozular. Mən sənə deyirəm ki, təhqir etmisən.

Qan Turalı:

- Söhbət Daxili İşlər Nazirliyinin polis haqqında çəkdiyi bir filmdən gedir. Bu filmin məsləhətçisinin Ramiz Rövşən olması barədə bir çox mətbu orqanlarına press-reliz yollanmışdı. Bu filmin məsləhətçisinin Ramiz Rövşən olması barədə məlumat “kinozal.az” saytında da yerləşdirilib. Həmin linki mən Rəşad Məcidə də göndərmişəm. O sayt kino portalıdır və Rəşad Məcid qarışandan sonra o link ordan çıxardılıb. Məsələ bu cür olub.

Rəşad M:

- Rəşad Məcid yox e, Ramiz Rövşən sənin özünə dedi ki, mən o filmin məsləhətçisi deyiləm. Ancaq sonralar yenə yazdın onu, adamın əsəbləri ilə oynadın. Sizin o təhqirləriniz Anarın neçə dənə yazılmamış əsəridir, Ramiz Rövşənin neçə yazılmamış şeiridir. Bütün Azərbaycan ədəbiyyatına zərbə vurdunuz.

İlqar R:

Rasim bəy, necə düşünürsünüz, bu adamlar haqqında necə yazılmalıdır?

Rasim Q:

- Mən hesab edirəm ki, əgər biz doğrudan da demokratiya yolu tutmuşuqsa, hər şey demokratik prinsiplər əsasında olmalıdır. Demokratik prinsiplərdə də toxunulmaz insan, tənqidə cəlb oluna bilməyəcək bir şəxs, mövzu ola bilməz. Qan Turalının dediyi kimi, əgər orda təhqir elementi varsa, artıq bu, məhkəmə müstəvisinə keçir. Təhqir varsa, qarşı tərəf bunu məhkəmə qaydasında həll edə bilər. Kimliyindən asılı olmayaraq hamı tənqidə tabe olmalıdır. Kim özünü toxunulmaz hesab edirsə, birincisi, özü-özünü çürüdür, ikincisi də zaman onu çürüdür.

İlqar R:

Rəşad bəy, istər klassiklər olsun, istər sizin indi adlarını çəkdiyiniz və adları çəkilməyən yazıçılar, bunlar haqqında polemika açmaq lazımdırmı, lazımdırsa nəyə görə lazımdır və bunu hansı formada eləmək lazımdır?

Rəşad M:

- Bunlar ikisi də deyir ki, biz guya tənqid edirik. Söhbət tənqiddən getmir, təhqir etməkdən gedir. Bizim klassiklərin də qohum-əqrəbası yoxdur ki, gəlsin onları məhkəməyə versin. Klassikləri də, çağdaş yazıçılarımızı da müzakirə etmək olar, fikirlərini bəyənməmək olar, mövqe bildirib tənqid eləmək olar. Bu cavanların yazıçıları tənqid eləməkləri barədə söhbət yoxdur, nə qədər istəyirlər etsinlər. Təhqir və böhtan etməsinlər. Bunlar elə bilirlər Azərbaycan müstəqillik qazanıb deyə, indiyə qədər olanı pozacaqlar, dağıdacaqlar, onların yerində özləri dura biləcəklər. Heç vaxt dura bilməzlər. Əvvəla, ona gücləri və istedadları yoxdur. İkincisi, keçmişi dağıdırsansa, sənin gələcəyin olmayacaq. Onlar keçmişi baltalayırlar. Füzulinin də hansısa fikirləri ilə Axundov kimi barışmaya bilərsən, müzakirə edə bilərsən. Təhqir edə bilməzsən axı. Seymur Baycan yazmışdı ki, Füzuli halva paylayan olub, nə olub. Eləcə də bizim başqa klassiklərimizlə bağlı...

İlqar R:

- Rəşad bəy, əgər obyektiv müzakirələr açılırsa, bunun xeyri nədir, nəyə xidmət edə bilər?

Rəşad M:

- Ədəbiyyatətrafı, ədəbiyyat müzakirələrinin olmağı indi lazımlı və xeyirlidir. Çünki cəmiyyətdə, ümumiyyətlə, ədəbiyyat küncə sıxışdırılıb, ikinci plana keçib, ədəbiyyatın ictimai fikrə, insanlara təsiri çox azalıb. Dünən 30-50-100 min tirajla kitabları çıxan müəlliflər indi 500-1000 tirajla çap olunurlar. Yazıçılarımızın səsi eşidilmir. Bu mənada polemikalar, qaynar diskussiyalar lazımdır. Amma dediyim kimi, ədəb-ərkan, etika çərçivəsində, keçmişdə xidməti olanlara hörmət, ehtiram çərçivəsində edilməlidir bu. Yoxsa elə gözünü yum, hamını qarala, indiyə kimi heç nə olmayıb, biz gəldik-deyə. Demokratiyadan danışırlar, amma davranışlarında o qədər qeyri-demokratik məqamlar var ki. Jurnal buraxırlar, AYO üzvü olmayanları çap eləmirlər. Demokrat ruhən demokrat olmalıdır, danışmaqla deyil.

İlqar R:

- Tural bəy siz necə düşünürsünüz, bu müzakirələr açılmalıdırmı və nə üçün?

Qan Turalı:

- Azərbaycan klassiklərini bizə daha çox adı ilə, heykəlləri ilə tanıdıblar. Bakı dünyada ən çox yazıçı, şair heykəli olan şəhərdir. Məsələn, İstanbulda bir dənə yazıçı heykəli yoxdur. Bu, bir tərəfdən yaxşıdır. Ancaq, ümumilikdə bunlar daşlaşmamalıdır, müzakirə olunmalıdır. Sabirin irsi indi də təhlil olunmalıdır, öyrənilməlidir. Məsələn, mən bir yazı yazmışdım: Gürcüstanda yaylaqda Üzeyir Hacıbəyovla Cəlil Məmmədquluzadə bir yerdə bozbaş bişirirlərmiş. Qazanın altına daş qoyublar. Daşın biri düşüb, bozbaş dağılıb yerə. Həmidə xanımın xatirələrində var bu hadisə. Biz bu cür yazıları əslində ona görə veririk ki, klassiklərə yenidən maraq artsın. İnsanlar oxusunlar və klassikləri boz şəkildə, rəsmi təqdimatdakı kimi görməsinlər. Buna görə klassiklərdən danışmağa həmişə ehtiyac var.

İlqar R:

Rasim bəy, sizin təsəvvürünüzdə bu polemikalar nəyə xidmət edir və necə olmalıdır?

Rasim Q:

- Belə bir deyim var, zamanın sınağından çıxmaq. Məsələn, hər hansı bir şair, yazıçı Mirzə Cəlil olsun, Sabir olsun, Füzuli olsun, bunlar zaman-zaman – 50 il keçir, bir daha sınağa çəkilirlər, 100 il keçir, bir daha sınağa çəkilirlər. Və bu prosesin-çəkişmənin fonunda onların dəyər olub olmadığı müəyyənləşir. Bu mənada klassiklərin, elə canlı klassiklərin özlərinin də təkrar-təkrar sınağa çəkilməsi onların özlərinə xidmət edir. Rəşadın adlarını çəkdiyi, məşhur dediyi yazıçılar gerçəkdən dəyərdilərsə, sınağa çəkilməkdən qorxmasınlar. Niyə qorxurlar, bunu başa düşmək olmur. Məsələn, Rəşad Məcid özü sınağa çəkilməkdən niyə qorxur? Şəxsən mən öz yaradıcılığımı tamamilə açıq buraxmışam və hər kəsi də tənqid edirəm ki, qoy məni də tənqid etsinlər. Tənqid eləməsən, səni tənqid etməyəcəklər. Məsələ burasındadır ki, bir çox dəyərlər zamanın sınağından keçə bilmir. Məsələn, bizim sovet şairləri – Səməd Vurğun olsun, Süleyman Rüstəm olsun, Məmməd Rahim, Mirzə İbrahimov olsun. Məsələn, Səməd Vurğunu silkələsən, ondan 5-10 şeir qalacaq. Deməli, onun dəyəri o qədər imiş. Ona dəyərindən artıq bir dəyər biçmək – bu, artıq bizim işimiz deyil.


PROQRAMIN VİDEOYAZISINA TAM ŞƏKİLDƏ YUXARIDA BAX
XS
SM
MD
LG