Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

«Heydər Əliyev olmasaydı bilmək olmazdı Azərbaycanın taleyi necə olardı»


Ziyafət Əsgərov
Ziyafət Əsgərov

Parlament oktyabrın 18-də - Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi günü bu əlamətdar hadisəni müzakirə edirdi. Çıxışların əksəriyyətində keçmiş prezident Heydər Əliyev və onun oğlu indiki prezident İlham Əliyevin xidmətləri önə çəkilirdi.

MÜSTƏQİLLİK YOX, QURTULUŞ


Tarixə ekskurs edən vitse spiker Ziyafət Əsgərovun da çıxışında nə Məmməd Əmin Rəsulzadə, nə respublikanın bərpasında xidmətləri olan xalq hərəkatının liderləri, nə də həmin ərəfədə SSRİ-nin saxlanması üçün keçiriləcək referenduma qarşı çıxan 43 deputat xatırlandı. Əksinə, Ziyafət Əsgərov dedi ki, Azərbaycanın müstəqilliyinin bərpası 1991-ci ilin 18-oktyabrında baş versə də bu tarix qurtuluş günündən, yəni Heydər Əliyevin hakimiyyətə qayıdışından başlayır.

BİRLƏŞDİRİCİ HƏRƏKƏT...

Digərləri də bu qayda ilə çıxışları davam etdirirdilər. Təbii ki, əgər Fazil Mustafa çıxışında sonradan çoxlarının etiraz edəcəkləri məsələlərə toxunmasaydı. O bildirdi ki, əslində iqtidar və müxalifət mətbuatlarının hərəsinin müstəqillik gününü öz adına çıxması düz deyil. Bu hamının günüdür. Onun fikrincə, müstəqilliyə səs verən insanlar əslində böyük işlər görüblər və onlara bu haqqı vermək lazımdır:

«Məncə bu günün hamının haqqı olduğuna gəlib çıxacaq bir düşüncəni ortaya qoymağımız vacib idi. Məsələn, yaxşı olardı ki, Milli Məclisin bu iclasına müstəqillikdə rolu olan insanlar, o zamankı partiya rəhbərləri, lap bu gün müxalifətdə olan, hakimiyyətə radikal mövqedə dayanan insanlar dəvət olunaydı. Bu birləşdirici bir hərəkət olardı».

Fazil Mustafa
Fazil Mustafa
Fazil Mustafanın bu fikirlərindən sonrakı çıxışlar həm də ona cavab üzərində quruldu. Arada İqbal Ağazadənin də deputatları vətəndaş sülhünün vacibliyinə inandırmaq cəhdi bir nəticə vermədi.

YAP-dan olan deputat Siyavuş Novruzov dedi ki, post sovet respublikaları içərisində müstəqilliyini ən pis şəkildə qazanan Azərbaycan olub. Onun fikrincə, bu gün isə təkcə həmin məkanda yox Şərqi Avropada və dünyanın ayrı-ayrı ölkələri arasında ən inkişaf etmiş ölkə Azərbaycandır. Özü də məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində.

Siyavuş Novruzovun fikrincə, əgər Heydər Əliyev olmasaydı bilmək olmazdı Azərbaycanın və həmin o 43 deputatın taleyi necə olardı.

Bahar Muradova
Bahar Muradova
VİTSE-SPİKERDƏN "XƏYANƏTKAR" İTTİHAMI

Bir çox deputatlar kimi vitse-spiker Bahar Muradova da vətəndaş sülhü naminə günahkarların bağışlanmasını məqbul saymadı:

«Vətəndaş sülhündən danışırıq biz bu gün. Halbuki, o vaxt Azərbaycan cəmiyyəti vətəndaş müharibəsinə sürükləndi. Elan etdikləri dövlətin müstəqilliyinin itirilməsinə yönəlmiş fəaliyyətlə məşğul oldular. Xəyanət yolu tutdular. Əgər biz bütün cinayətləri bağışlayacaq bir ölkə olacağıqsa, onda qanunları niyə qəbul edirik? Onda günahlara görə cəzaları niyə müəyyən edirik?

Amma bütün bunlara rəğmən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində humanist mövqe tutdu. Bu cür addım atanlara loyal münasibət bəsləyib onların heç birini həbs etdirmədi. İndi nə deyirsiniz, biz onların günahlarını bağışlayıb deyək ki, sizdən üzr istəyirik? Hesab edirəm ki, onlar Azərbaycan xalqından üzr istəməlidilər».

Hakim partiyadan olan deputatlar dedilər ki, o vaxt müstəqillik aktina imza atanların bir çoxu sonradan milli maraqlara zidd fəaliyyət göstəriblər. Ona görə də onlara nəinki hansısa imtiyazların verilməsinə, heç bağışlanmasına da ehtiyac yoxdur.

«İNSANLARIN ƏMƏYİNİ HEÇ VAXT İTİRMƏK OLMAZ»

Vahid Əhmədov
Vahid Əhmədov
Sözügedən 43 deputatın biri, hazırda da Milli Məclisin üzvü olan Vahid Əhmədov isə belə münasibətlə razılaşmadı. Dedi ki, müstəqilliyin əldə olunmasında meydan hərəkatının üzvlərini unutmaq olmaz:

«Düzdü SSRİ-nin dağılması labüd idi. Bu proses gedirdi. Amma milli azadlıq hərəkatının da rolunu aşağılamaq lazım deyil. Yəni o insanların da bu məsələdə müəyyən qədər rolu olub. Onlara münasibət də dəyişməlidir.

Düzdü, referenduma qarşı çıxan o 43 nəfərin arasında sonradan müəyyən səhvlərə yol verənlər də oldu. Amma elələri də var ki, bu gün təqaüd ala bilmirlər. Həyat şəraitləri ağırdır. Onların əksəriyyəti artıq dünyasını dəyişib. Ailələri ağır vəziyyətdədir. Məncə, bu siyahıya yenidən baxmaq lazımdır. Yəni insanların əməyini heç vaxt itirmək olmaz».

Vahid Əhmədov deyir ki, vaxt gələcək bu tarix araşdırılacaq və hər şey üzə çıxacaq. Ona görə də indidən tarixi düz yazmaq lazımdır.

Azərbaycanın dövlət müstəqilliyinin qazanmasında fəal olan insanların arasında keçmiş prezident Heydər Əliyev də olub. Amma indi onların həyatda qalanlarının bir çoxu müxalifətin liderləri və ya fəal üzvləridirlər. Müxalifətdə olan istiqlalçı deputatlara da hansısa təqaüdün verilib-verilməməsi uzun müddətdir polemika mövzusudur. Onlar bildirirlər ki, onlar heç keçmiş millət vəkili statusu ilə də təqaüd ala bilmirlər.

İstiqlalçı deputatlardan biri, Musavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə hazırda həbsdədir. Müxalifətin bu ilin yazında keçirdiyi etiraz aksiyasına görə həbs edilən Arif Hacılı iki il yarım müddətinə azadlıdan məhrum edilib.
XS
SM
MD
LG