Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

Hər iki arvadını sevən Britaniya müsəlmanları


Britaniyada çoxarvadlılıq sürətlə yayılır. Müsəlmanlar arasında həm kişilər, həm də qadınlar çoxtərəfli nikahların tərəfdarıdır

Britaniyada yaşayan müsəlmanlar arasında birdən çox arvad saxlayanların sayı artmaq üzrədir. Bu barədə həmin ölkənin müsəlman icmalarından məlumat veriblər.

Birmingem sakini İmran hazırda 2 arvad saxlayır. O, həyat yoldaşlarının hər ikisini eyni dərəcədə sevdiyini deyir:

"Yəqin ki, siz də bir nəfərdən çox insanı sevə bilərsiz. Mən bir gecə bir arvadımla, növbəti gecə digəri ilə keçirirəm”.

Evli ikən kənarda arvad saxlamaqdansa, bu yaxşıdır

Hindistan desertlərinin alveri ilə məşğul olan İmran ilk dəfə 18 yaşında evlənib. Lakin 7 ildən sonra başqa birisinə vurulub. O, boşanmaq əvəzinə daha xeyirxah addım atıb və ikinci arvad alıb:

“Evli olub kənarda kiminləsə yaşamaqdansa, qanuni olaraq bu cür yaşamaq daha yaxşıdır”.

İki arvad birlikdə gəzməyə çıxır

Əvvəlcə İmran ikinci arvad aldığını birinci həyat yoldaşına deməyib. Lakin sonradan məsələnin üstünü açıb. İndi onun birinci arvadı qohumlarının evində yaşayır. Amma hər iki arvadı birlikdə alış-verişə çıxır, birlikdə uşaqları gəzməyə aparırlar. Uşaqlar demişkən, İmran hər arvaddan iki övladı var. İmran dostları arasında qanuni olaraq iki qadınla yaşayanların çox olduğunu bildirir.

Şəriət üzrə Britaniya Şurasının məruzəçisi Xola Hassan hesab edir ki, çoxarvadlılıq hüququ Britaniyadakı yaşayan üçüncü nəsil müsəlmanlar arasında daha çox yayılıb. 20 il əvvəl bu ölkədə çox arvad saxlamaq haqqında heç kim söz salmırdı, belə hallara nadir hallarda rast gəlmək olardı. Lakin son 15 il ərzində bu cür nikahların sayı artmaqdadır.

Britaniyada nə qədər müsəlmanın bu cür nikahda yaşadığı dəqiq bəlli deyil. Belə nikahlar rəsmi olmadığına görə, qeydiyyata alınmır.

Çox arvada görə 7 il həbs

Hazırda Britaniya qanunlarına görə ikiarvadlılıq – cinayət əməli sayılır. Bu cinayətə görə maksimum 7 ildən azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna görə də müsəlmanlar adətən məsələni siğə (Nikka) yolu ilə həll edirlər. Boşanmaq istəyəndə isə Şəriət üzrə Britaniya Şurasına üz tuturlar.

Amma çoxtərəfli nikahda yaşamaq istəyənlər təkcə kişilər deyil. Birmingem sakini Aişə həyat yoldaşının başqa qadınla əlaqədə olduğunu biləndən sonra ondan boşanıb. Amma 8 ay əvvəl o, evlə bir kişiyə rast gəlib. Ona vurulan bu şəxs öz arvadından boşanıb. Aişəni almaq istəyirmiş. Aişə isə buna razılıq verməyib:

Qadınlar da ikinci avad olmağa razılıq verir

"Mən onunla olmaq istəyirdim. Amma arvadını boşamasını istəmirdim. Ona görə oturub belə qərara gəldik ki, mən onun ikinci arvadı olam”.

Kişinin birinci arvadı bundan xəbər tutanda çox əsəbiləşsə də, sonda boşanmaqdansa bu cür varianta razılıq verib. Onlar dar əhatədə toy məclisi qurublar:

“Mən ərimdən soruşuram i, o, hələ də birinci arvadını sevirmi? Bilirəm ki, sevir. Əslində, bəzən qısqanıram da. Amma bilirəm ki, əvvəlcə o olub, mən sonradan gəlmişəm”.

Hansı tip kişilər çox arvadlılığa meylli olur?

Xola Hassanın araşdırmaları göstərir ki, poliqamik nikahlara əsasən 3 tip kişilər daxil olur. Birinci qrup insanlar çoxarvadlılığı məcburi sayır, “camaat nə deyər” məntiqi əsasında belə nikahlara girirlər.

İkinci tip kişilər evlilikdə xoşbəxt olmur, onlar valideynlərinin təkidi ilə qohumları ilə evlənir. Sonra da normal ailə kimi yaşamağa çalışırlar, uşaq sahibi olurlar. Amma belə əlaqədə xoşbəxtlik tapmayanda, ikinci arvadı alırlar. Çünki birinci arvadı boşasalar, valideynləri onları bir də danışdırmayacaq.

Üçüncü qisim müsəlmanlar isə xaricdə işləməyə gedəndə ikinci arvad alırlar ki, onlara qulluq etməyə kimsə olsun.

Seksual tələbləri ödəmək üçün çox arvad almaq olmaz

Britaniyanın Müsəlman Şurasının üzvü Şeyx İbrahim Mogra İslamın çoxpartnyorlu nikaha icazə verdiyini deyir. Amma kiminsə sırf seksual tələblərini ödəmək üçün ikinci, üçüncü arvad almasının şəriət qanunlarına uyğun olmadığını deyir.

Şeyx İbrahim xatırladır ki, kişi ancaq o halda ikinci arvad ala bilər ki, o, arvadlarının hər birinə eyni dərəcədə qulluq edə bilsin, hər birini eyni cür yanaşsın.
XS
SM
MD
LG