Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Natiq Məmmədli. Alternativ fikrə dözmək vərdişi


Natiq MƏMMƏDLİ


Alternativ fikrə dözmək vərdişi

«Xor» haqqında məqaləsindən sonra hamı Rövşən Qəmbərova cavab verir. Mən cavab verməyəcəyəm.

Bəri başdan deyim ki, Rövşən bir az yubansaydı, təxminən elə bir məqaləni mən özüm yazacaqdım.

Çünki belə olmaz. Hamı «hə» deyəndə, heç olmasa damazlıq üçün bir dənə də «yox» lazımdı.

Elə inkişaf da, düşünmək də «yox»dan başlayır. Alternativ fikir eşidilməyən yerdə hamının eyni mahnını zümzümə eləməsi xor deyil, bəs nədi?

Yaddaşımızın hansısa dolanbacında ilişib qalan Marks inkişafın hərəkətverici qüvvəsinə ziddiyyət deyirdi.


«Yox»un üstünə qışqırmağa nə var? Yüz dənə «hə» elə bağırar ki, «yox»un ürək-göbəyi düşər. Əvəzində nə qazanarıq, sakit əsəb, monoton ahəng, onun dalınca da ətalət. Bu heç yaxşı deyil…

Bəs hamı «hə» deyəndə inkişaf olurmu? Problem başqadır, alternativ fikrə dözmək lazımdır, buna vərdiş eləməyi öyrənməliyik. Aradabir tolerantlıq sözünü pıçıldayın.

Kamal Abdullanın son kitabı ətrafında müzakirələr və romanın həcmi boyda məqalələrin yazılması ədəbi prosesin tərkib hissəsi olduğu üçün onu canlandırmalı, ona təkan verməlidir.

İş orasındadır ki, «Unutmağa kimsə yox»u təxəyyülün imkan verdiyi bütün aspektlərdən təhlil edənlər, digərlərini unudurlar, ya da görməzdən gəlirlər. Rövşən də yazır ki, yaradıcılığına güc verən insanlar niyə başqaları haqqında da fikir yürütmürlər, bəlkə bu yazılar nəyə görəsə yazılır?

Bir mətn ki, ədəbi tənqidin predmetinə çevrilir, ciddi təhlil olunaraq müzakirələrə yol açır, deməli, o maraqlı nümunədir, ədəbiyyatdır. Kamal Abdullanın trilogiyasının geniş müzakirəsinin lazımlılığını bu baxımdan aşağılamaq olmaz. Bəs bu müzakirələrin ictimai rezonansı necədir?

Bax burda kələfin ucu itir. Əgər bütün reklam hüquqlu məqalələr oxucunu yönləndirib, kitabın daha çox tirajlamasına təkan versəydi, əsl effekt alınardı. Bütün bunlar oxucuya çatmırsa və sərhədləri möhkəmcə qorunan qapalı dairədə gedirsə, deməli ortada sosial sifariş yoxdur. Daha doğrusu, sifariş var, amma sosial deyil…

«Xor» haqqında yazıya reaksiyaları oxuduqca belə qənaətə gəlirəm ki, bütün prinsiplərin (xüsusən də jurnalistikanın) önündə münasibət prinsipi gəlir.

Dost həmrəyliyinə görə heç kimi qınamaq olmaz, əksinə, bu, təqdir olunmalı haldır. Amma «sənin mənim dostumla nə işin var?!» kontekstindən məsələyə yanaşıb, az qala həyat tərzinə çevirdiyin prinsiplərin üstündən adlamasan da, yanından keçmək heç yaxşı deyil.


Rövşənin yazısına yazdığı şərhində Zeynal Məmmədli belə yanaşma tərzini ona yaraşdırmadığını iddia edir. Yəni sən redaktor kimi auditoriyanı yönləndirə bilməzsən, sən öz fikrini demə.

Desən «subyektiv» olacaqsan! Bəs söhbət Kamal Abdulladan yox, tamam başqa bir yazıçıdan getsəydi, Zeynal müəllim eyni münasibəti göstərərdimi? Lütfən öz ürəyinizdə «hə» deməyin.

Yazıda mənim də razılaşmadığım, bölüşmək istəmədiyim nüanslar var. O fikirlə razı deyiləm ki, vəzifəli adam yaxşı əsər yaza bilməz və ya yaradıcı adam vəzifədə pis görünür. Əksinə, mən düşünürəm ki, vəzifəni elə yaradıcı adamlara, istedadlı şəxslərə etibar eləmək lazımdır. Yaradıcı insan plüralizmin nə demək olduğunu yaxşı bilir. Elə Slavyan Universitetinin «APİ Axundov» libasını dəyişib, müasir ixtisaslar tədris edən «alma mater»ə çevrilməsi də onun başında sıradan deyil, yaradıcı bir insanın dayandığının nəticəsidir.

Heç bir kreslo insanın istedadını əlindən almır. Çelentanonun çəkildiyi filmlərin birində qəhrəman sövdələşməyə getmək istəmir, amma imtina da eləyə bilmir, onda maraqlı bir söz deyir: «Siz mənim vicdanımı satın ala bilməzsiniz, amma müvəqqəti icarəyə götürmək olar».

Söz filimdən düşmüşkən, Lesli Nilsenin hamımızı ürəkdən güldürən komediyalarında hətta Roma papası rep deyir, Amerika prezidenti saksafon çalır. Bu, cəmiyyətin bütlərə münasibətidir.

Bütpərəstlik ildırımdan, gurultudan ehtiyatlanan ibtidai insanların qorxu hissindən yaransa da, elə ibtidai icma quruluşunda da tarixləşməyib.


Kamal Abdulla

Paradoksa baxın, XXI əsrin adamı ildırımdan qorxmur, bütlərdən qorxur. Bəziləri də deyir ki, bütləri dağıtmaq xatirinə sındırıb, yerlə bir eləyib, sonra da onun əvəzinə ondan betərini gətirməkdənsə, elə durub də öz yerində.

Mən hesab eləmirəm ki, Kamal Abdulla bütdür və Rövşən bir balaca təəssürat yazısı ilə mifi alt-üst edib. Hərçənd ki, fikrini arqumentləşdirə bilməyənlər belə zənn edirlər.

Həyasızlığı istedadını üstələyən, ədəbiyyata daraşmış bir çətən yazar indi guya bütləri qırmaqla məşğuldur. Amma özlərinin ürəyində büt olmaq həvəsi var.

Səsi gördüyünü söyləyən Alim Qasımova «bəs seçkilərdə oğurlanan səsləri niyə görmürsən?» sualını ünvanlayıb guya hədəfə vurduğunu güman eləmək qədər ilişməni də başa düşmürəm. Belə söz güləşdirməsi kiminsə sifətinə təbəssüm qondura bilər, amma bu təbəssüm sonradan həmin künc yazısının küncündə də ilişib qalır.

Elə hesab eləməyin ki, mətləbdən uzaqlaşdım. Yuxarıda dedim axı, bunlar nüanslardır, yazının ovqatı elə mənim ruhumun ovqatıdır.

«Yox»un üstünə qışqırmağa nə var? Yüz dənə «hə» elə bağırar ki, «yox»un ürək-göbəyi düşər. Əvəzində nə qazanarıq, sakit əsəb, monoton ahəng, onun dalınca da ətalət. Bu heç yaxşı deyil…

Natiq Məmmədli
«Kaspi»
kultaz.com

Həmçinin oxu
Salam Sarvan və Aqşin Yeniseydən reaksiyalar
Görəsən «acığa» oxumaqla obyektiv, qərəzsiz mühakimə yürütmək olar?
Rövşən Qəmbərovun redaktor yönləndirməsi
Tehran Əlişanoğlu. Xorda oxumağı sevmirəm
XS
SM
MD
LG