Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Mitinqdə iştiraka görə cəza


Məhkəmə önündə polislər
Məhkəmə önündə polislər
2 aprel aksiyasına görə həbs olunan müxalifətçilər əvvəlki məhkəmə iclaslarından fərqli olaraq məhkəmə zalına prosesdən bir saat əvvəl gətirilmişdilər. Səbayel rayon məhkəməsinin ətrafında isə çoxlu sayda polislər əraziyə nəzarət edirdilər.

Sentyabrın 28-də keçirilən məhkəmə prosesində Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də iştirak edirdi.

Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlər- Arif Hacılının, Tural AbbaslınınMəhəmməd Məcidlinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

MÜSTƏQİLLİK AKTINI İMZALAYAN MÜHAKİMƏ OLUNUR

Məhkəmə başlayan kimi Müsavat başqanının müavini Arif Hacılının vəkili Nemət Kərimli oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunacağını xatırlatdı. Bildirdi ki, həmin müstəqillik aktını imzalayanlardan biri Arif Hacılı mitinqdə iştirak etdiyinə görə bu gün mühakimə olunur.

Çıxış edən digər müdafiəçilər isə bildirdilər ki, təqsirləndirilənlərin ittiham olunduqları maddələrlə bağlı ortalıqda heç bir sübut yoxdur. Zərərçəkənlər isə ittiham olunanların onlara hər hansı ziyan vurmadıqlarını bildiriblər. Müdafiə tərəfinin fikrincə, ittihamlar sübut olunmadığı üçün təqsirləndirilənlərə bəraət verilməlidir.

Vəkil Osman Kazımov dövlət ittihamçısının müttəhimlər haqqında maksimal cəza istəməsini işin siyasi xarakteri ilə izah etdi: «Dövlət ittihamçısı niyə sanksiya üzrə ən son həddə cəza istəməsini əsaslandırmadı. Sifariş xətrinə cəza istənilməsi yolverilməzdir».

Məhkəməyə gələn İsa Qəmbər və Əli Kərimli
MİTİNQDƏ İŞTİRAKA GÖRƏ CƏZA

Daha sonra ittiham olunanlar son sözlə çıxışdan əvvəl replika hüququndan istifadə edəcəklərini bildirdilər. Arif Hacılı da bildirdi ki, dövlət ittihamçısının müttəhimlər haqqında ən yüksək həddə cəza istəməsi cəzanın siyasi sifariş olması ilə bağlıdır:

«Bu hakimiyyət bizə mitinqdə iştirak etməyimizə görə cəza verir. 2003-cü ildən - İlham Əliyev hakimiyyətə başlayandan mitinqdə iştiraka görə saxlamalar, uzunmüddətli həbs ənənəsi başlayıb. Aprelin 2-də biz sərbəst toplaşmaq hüququmuzdan istifadə etməyə cəhd göstərmişik».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bildirdi ki, hüquq siyasi repressiya alətinə çevrilib: «Konstitusiya hüququnu tələb etmək, azad seçki istəmək cinayət sayılır. İstənilən cəzanı qürurla çəkməyə hazırıq».

SİYASİ İŞ

Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslı isə bildirdi ki, məhkəmə prosesinin əvvəldən siyasi iş olduğu bəlli idi: «Bu məhkəmədə əvvəldən axıra qədər sərbəst toplaşmaq hüququndan, istefa, azadlıq şüarlarından danışıldı. Bu da işin siyasi iş olduğunun, verilən cəzanın siyasi sifarişli olmasının sübutudur».

Arxiv foto: Məhkəməyə gətirilən Tural Abbaslı
AXCP üzvü Məhəmməd Məcidli isə bildirdi ki, ədalət uğrunda mühakimə olunması ilə fəxr edir: «Bizi həbs etməklə sındırmaq olmaz».

Sentyabrın 30-da davam edəcək məhkəmə prosesində təqsirləndirilənlər son sözlə çıxış edəcəklər.

Məhkəmə qurtarandan sonra binanın qarşısında «Azadlıq», «İstefa» şüarları səsləndirilənlərlə polislər arasında qarşıdurma oldu. Müttəhimləri aparan Penitensiar Xidmət İdarəsinin maşını isə əvvəlki proseslərdən fərqli olaraq bu dəfə daha çox polis əməkdaşı ilə əhatə olunmuşdu.

2 aprel aksiyasında saxlanan 14 müxalifət fəalı hakimiyyət nümayəndəsinə müqavimətdə və ictimai asayişi pozmaqda təqsirlənidirilir. Onlardan altısı il yarımdan üç ilədək cəza alıb.
XS
SM
MD
LG