Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

«Qırmızı lentli» müəssisələrin qara taleyi... [2-ci yazı]


«Akkord» şirkətinin Tikiş Fabriki
«Akkord» şirkətinin Tikiş Fabriki
7 İL YARIMA 1 MİLYONA YAXIN YENİ İŞ YERİ

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu ilin birinci yarısında Azərbaycanda 43.8 min yeni iş yeri açılıb. Onlardan 32.5 mini daimi iş yerləridir. Ümumilikdə, 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-dək 1 milyona yaxın (956.7 min) iş yeri açıldığı bildirilir. Onun da 700 minə yaxını daimidir.

Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində iş yerlərinin 78.8 faizinin bölgələrdə açıldığı bildirilir.

Ancaq müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə ilə baxır. Bu barədə bir qədər sonra...

İŞÇİ SAYINDA ZİDDİYYƏTLƏR...

Əslində yeni açılan müəssisələrdə işçilərin sayını bir neçə mənbədən dəqiqləşdirməyə çalışsan, onların arasında ziddiyyətləri aydın şəkildə görmək mümkündür. 2008-ci ildə Ağstafa rayonunda «Akkord» şirkəti Tikiş Fabriki inşa edilib. Bir müddət müəyyən çətinliklərlə üzləşən fabrikin yenidən tam gücü ilə işlədiyi deyilir.

Şirkətin rəsmi internet səhifəsində qeyd olunur ki, buraya 1000 işçi cəlb olunub. Sonrakı mərhələlərdə işçilərin sayının artırılaraq 1500 nəfərə çatdırılması nəzərdə tutulub.

75 YOXSA 300? YA 326 ?

Ancaq Ağstafa rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsindən Aydın Hacıyev hazırda bu fabrikdə 70-75 işçinin çalışdığını deyir. Fabrik rəhbərliyi isə 300 rəqəminin üzərində dayanır. «Akkord» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə işçilərin sayını 326 göstərir. Kimə inanmalı?
İcra hakimiyyətinin rəsmisi A. Hacıyev:

«Ağstafa Tikiş Fabrikində hal-hazırda 70 nəfər işləyir, ancaq orda 500 nəfər işləyə bilər. Hələ ki, istehsal elədiyi məhsulu sata bilmədiyinə görə tam gücü ilə işləmir. Biz də çalışırıq ki, onlara bazar tapaq ki, onlar tam gücü ilə işləsinlər. Bizim də sakinlərimiz orda
«Akkord» şirkətinin dükanı
işləyər».

Fabrik ərazisində söhbətləşdiyimiz mühafizəçi Rüstəm Abdullayev də tikiş fabrikində 70-80 nəfərin işlədiyini təsdiqləyir. Bazar günü olduğundan biz bu sayı özümüz dəqiqləşdirə bilmədik. Ancaq anbardar Vüsal Əsgərov da mühafizəçinin dediklərini deyir:

«İş müəyyən səbəblərdən zəif gedirdi. Amma bir ildir tam gücü ilə işləyir. Problemlər şəxsi problemlər idi, onlar da həll olunub. Əvvəllər 500 nəfər işləyib, sonra isə özləri işləmək istəmədilər, çıxdılar. Bu hər bir kəsin öz seçimidir».

Ağstafa Tikiş fabrikinin rəhbəri İsmayıl Bayramov isə bütün hallarda rayonda işsizliyin aradan qaldırılmasında rollarını yüksək qiymətləndirir:

«İŞÇİLƏRİN BİR QİSMİNİ TƏTİLƏ GÖNDƏRMİŞİK»

- Fabrik açılanda 500 nəfər işləyirdi, sonradan bu sayın azalması nə ilə bağlıdır, sifariş azaldı yoxsa?

- Yenə də ştatda ümumi bu say mövcuddur. Sadəcə olaraq biz onların bir qismini sifarişə uyğun çalışdırırıq. Biz həm şirkətimizin, həm də müştərilərin sifarişini həyata keçiririk. Ayda 6 min köynək buraxırıq, gələcəkdə kostyum, şalvar istehsal etməyi planlaşdırırıq. Fabrikdə modernləşmə, avadanlıqların gətirilməsi ilə əlaqədar işçilərin bir qismini tətilə göndərmişik.

- Bizə məlumat verilib ki, orda 70-80 nəfər daimi işçi var.

- Xeyr, bu, sadəcə olaraq bantın yerləşməsi, təmirlə bağlıdır.

TƏZADLAR ...

Ağstafa Tikiş Fabrikinin nümunəsində görürük ki, bəzən bir müəssisədə işçilərin dəqiq sayı ilə bağlı hətta həmin müəssisənin daxilində belə vahid rəqəm olmur. Belə olan halda rəqəmlərin Dövlət Statistika Komitəsinə çatana kimi dəyişmədiyinə inanmaq çox çətindir.

Qubad İbadoğlu
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, iş yerlərinin artması özünü ilk növbədə bir neçə sahədə göstərməli idi. Birincisi, işçi qüvvəsinin idxalında, ikincisi istehlak kreditlərinin artmasında, üçüncüsü isə Pensiya Fonduna ödənişlərdə:

REALLIQ STATİSTİKANI TƏKZİB EDİR...

«Çünki bizdə 4 milyon 600 min fəal əhali var. Belə çıxır ki, onun 4 milyon 300 mini məşğuldur. Yerdə qalır 300 min məşğul olmayan əhali. Belə çıxır ki, 700 min işçini xaricdən gətirmişik. Xaricdən işçi qüvvəsi gətirmiş olsaydıq, yəqin qarşımıza çıxan hər 10 nəfərdən biri əcnəbi olmalı idi. Başqa bir məqam. Sosial sığorta şəhadətnaməsi olanlar 1.8 milyon nəfər civarındadır. Biz son 5 ildən əvvəlki rəqəmə baxsaq, sosial sığorta ayırmaları ödəyənlər təxminən 1.5 milyon idi. 900 mindən çox iş yeri açılıbsa - düzdür onların bəziləri müvəqqətidir - heç olmasa bu, 2 milyonu ötməli idi. Bütün bunlar statistikanı təkzib edir».

Qanunvericiliyə əsasən, kimsə bir yerdə 3 gündən artıq işləməyə başlayırsa, o zaman Sosial Müdafiə Fondundan sığorta kartı almalıdır.

TƏKRAR-TƏKRAR QEYDƏ ALINANLAR

İqtisadçılar bəzi dövlət qurumlarının rəqəmlərin süni artırılmasında iştirak etdiyini deyir.

Onların fikrincə, bəzən bir obyektin təmir-tikinti işlərində qeydə alınan işçilər, iş başa çatdıqdan sonra belə qeydiyyatdan çıxarılmır.

Ekspertlər rəqəmlərin bu şəkildə artırılmasını siyasi məqsədlərlə izah edirlər. Qubad İbadoğlu bildirir ki, hakimiyyət ölkədə iqtisadiyyatın inkişaf etdiyini, insanların daha yaxşı yaşadığını saxta statistik məlumatlarla nümayiş etdirməyə çalışır.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, yeni müəssisələr bazar tələbatı öyrənilmədən siyasi təbliğat vasitəsi kimi yaradılır.
XS
SM
MD
LG