Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:13

Məhkəmədə Arif Hacılının videosuna baxılıb (VİDEO)


Arif Hacılı
Arif Hacılı
Sentyabrın 21-də Səbayel rayon məhkəməsində müxalifətin 2 aprel aksiyasında saxlanan müxalifətçilərdən dördünün məhkəməsi davam edib. Proses başlayan kimi Müsavat başqanının müavini Arif Hacılının mitinqlə bağlı İctimai Palatada etdiyi çıxışının videogörüntüsü göstərildi. Dövlət ittihamçısının vəsatəti ilə göstərilən videoda Arif Hacılı keçiriləcək etiraz aksiyası və onun insanların fundamental azadlıqları üçün əhəmiyyətindən danışırdı.

İTTİHAM TƏRƏFİNİN MƏHKƏMƏYƏ TƏQDİM ETDİYİ GÖRÜNTÜLƏRƏ AZADLIQRADİOSUNUN ARXİVİNDƏN BAXIN

Videogörüntü başa çatandan sonra Arif Hacılı bildirdi ki, 2 aprel aksiyası ilə bağlı cinayət işinə daxil edilən bu video görüntüdəki çıxışında qanunsuz heç bir şey yoxdur. Digər tərəfdən 2 aprel aksiyası ilə bağlı məhkəməyə sübut kimi təqdim edilən onun bu çıxışı 12 mart aksiyası ilə bağlı fevralın 26-da İctimai Palatada etdiyi çıxışdandır.

Arif Hacılının məhkəmədə göstərilən 26 fevral çıxışından:

«Hesab edirəm ki, Azərbaycanda ciddi siyasi fəaliyyətə başlamaq dövrü yetişib. Biz ciddi fəaliyyət üçün bu gün konkret qərarlar qəbul etməliyik. Mən təklif edirəm ki, martın 5-i, uzağı martın 12-i aksiya keçirmək üçün İctimai Palata adından aksiya keçirməliyik».

Arif Hacılı onu da qeyd etdi ki, birincisi martın 12-də keçirilən aksiyada da hər hansı qanunsuzluq olmayıb, ikincisi də ki, o, Tural Abbaslı (Müsavat Partiyası gənclər təşkilatının sədri) ilə həmin aksiya zamanı saxlanılaraq inzibati qaydada 7 günlük həbs ediliblər.

O, əlavə etdi ki, cinayət işindəki videogörüntü onun əleyhinə yox, xeyrinə olan bir faktdır. Bu səbəbdən də o, həmin görüntülərdən apelyasiya şikayəti və Avropa məhkəmələrinə müraciət edərkən öz müdafiəsi üçün istifadə edəcək.

Arif Hacılı onlara qarşı olan məhkəmənin siyasi sifarişli məhkəmə olduğunu qeyd elədi.

O qeyd elədi ki, onlara icazəsiz aksiyada iştirak etdiklərinə görə cinayət işi açılıb. Halbuki bu İnzibati Xətalar məcəlləsinə istinadən araşdırılmalıdır.

Onun deməsinə görə, İnzibati Xətalar məcəlləsində də icazəsiz aksiyaya görə 7-13 manata qədər cərimə və bir neçə günlük həbs nəzərdə tutulur. Arif Hacılı çıxışında Cinayət Məcəlləsinin 233-cü maddəsinin tərkibini yaradan heç bir çağırışın olmadığını qeyd elədi.
Məhkəmə zalına gətirilən Tural Abbaslı
Vəkil Nemət Kərimli də bildirdi ki, Arif Hacılı çıxışında demokratik islahatlardan, hökumətin özünün bu ilin əvvəlindən başladığı korrupsiyaya qarşı mübarizədən danışıb ki, bu çıxışda da Cinayət Məcəlləsinin 233-cü maddəsinə uyğun gələn hər hansı bir hal yoxdur.

Bundan sonra Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı vəsatət qaldırdı ki, onları 6 ay həbsdə saxlayandan sonra 15 sutka inzibati həbs cəzası versinlər və məsələ də bununla bitsin.

ŞAHİD POLİS: YADIMDA HEÇ NƏ QALMAYIB

Daha sonra məhkəmədə polis əməkdaşı Məcid Yusifovun ifadələri dinlənildi. Təqsirləndirilən AXCP üzvü Məhəmməd Məcidli onun məhkəməyə yalan ifadə verdiyini bildirdi. O qeyd etdi ki, istintaqa verdiyi ifadəsində həmin polis 2 apreldə xəsarət aldığını və 7 gün Daxili İşlər nazirliyinin hospitalında reanimasiya şöbəsində yatdığını və bu müddət ərzində heç kimlə görüşmədiyini deyib. Amma aprelin 5-də «Azərbaycan» qəzetinə müsahibə verib, mitinqdə xəsarət aldığını deyib. Məhəmməd Məcidli bildirdi ki, əgər polis 7 gün reanimasiyada qalıbsa, o, ən tez aprelin 9-da harasa müsahibə verə bilərdi. Məhəmməd Məcidli polisdən ifadələrindəki ziddiyyətlərin nə ilə bağlı olduğu soruşanda polis əməkdaşı «yadımda heç bir şey qalmayıb» deyə cavab verdi.

BANKLARIN ŞÜŞƏLƏRİNİ KİM SINDIRIB?- VİDEO

Digər şahid, Bank Standartın nümayəndəsi Fuad Əliyev banklarının şüşələrinin sındırıldığını və onlara 600-700 manat ziyan dəydiyini bildirsə də ittiham olunan 4 nəfərin heç birini tanımadığını dedi. Bundan sonra Arif Hacılı ondan iddiasını geri götürə biləcəyinin mümkünlüyünü soruşdu. Bank nümayəndəsi isə bu suala rəhbərliklə məsləhətləşmədən sonra cavab verə biləcəyini dedi.

«MƏN ÖZ ÇIXIŞIMDA 9 DƏFƏ ZORAKILIĞA QARŞI ÇIXMIŞAM»

Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 2 aprel aksiyasına hazırlıqla bağlı Obyektiv TV-yə verdiyi müsahibə nümayiş olundu. Dövlət ittihamçısı Fuad Qəhrəmanlının həmin çıxışda bəzi çağırışlar etdiyini bildirdi.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı isə dedi ki, o, öz çıxışında 9 dəfə partiya üzvlərinə müraciət edib ki, onlara qarşı olan zorakılığa belə zorakılıqla cavab verməsinlər.

Fuad Qəhrəmanlının məhkəmədə nümayiş etdirilən 31 martda Obyektiv TV-yə verdiyi müsahibədən:

«Bizim orda hər hansı zorakı hərəkətə getmək fikirimiz yoxdur. Biz dinc yolla etirazımızı, şüarlarımızı çatdırmaq istəyirik. Yox, hakimiyyət tərəfindən də heç bir əsası olmadan zorakılıq tətbiq olunarsa biz sadəcə olaraq öz mövqeyimizi, öz fikirimizi bildirməklə, dinc mübarizəmizi davam etdirməklə cavab verəcəyik. Hər hansı zorakılığa getmək fikirimiz yoxdur. Çünki bütün demokratik dəyişikliklər dinc mübarizə ilə qələbə qazanır».

Fuad Qəhrəmanlı da bu görüntünün onun xeyrinə olduğunu bildirdi. O qeyd elədi ki, əslində bu video görüntülərlə onlara qarşı sifarişli məhkəmə quranlar özlərini biabır etmiş olurlar. O da məhkəmədə əleyhinə sübut kimi təqdim edilən görüntülərin Avropa Məhkəməsi üçün yaxşı sənəd olduğunu bildirdi.

«İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ MƏHKƏMƏYƏ GƏLSİN»

Bundan sonra ittiham olunanlar vəsatət qaldırdılar ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, icra hakimiyyətinin digər rəsmisi Zaur Ramazanov, İctimai palatanın Koordinasiya Şurasının üzvləri- Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Tofiq Yaqublu, Mustafa Hacıbəyli məhkəmədə ifadə verməyə dəvət edilsin və məhkəməyə verilən bütün video materiallara tam həcmdə baxılsın. Hakim vəsatətlərdən yalnız birini, İctimai Palatanın Koordinasiya şurası üzvlərinin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətin təmin olunduğunu bildirdi. Qalan vəsatətlər isə rədd edildi.

Məhkəmə prosesi sentyabrın 23-də davam edəcək.
XS
SM
MD
LG