Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Bakının meri olacaqmı?


Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti
Gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmaması araşdırılacaq.

Bu barədə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Kit Vitmor (Keith Whitmore) AzadlıqRadiosuna verdiyi müsahibəsində məlumat verib.

K.Vitmorun fikrincə, bu monitorinq imkan verəcək ki, bələdiyyələrin hazırkı vəziyyəti haqda məlumat toplanılsın:

«Konqres vəziyyəti qiymətləndirəcək və növbəti tövsiyələr verəcək».

AVROPA ŞURASI BAKIDA MER İSTƏYİR

Konqresin 2003-cü ildəki tövsiyələri arasında Bakı şəhərinin statusu, paytaxtda meriya institutunun yaradılması da var. Amma indiyədək Azərbaycan hakimiyyəti bu tövsiyəyə əməl etməyib. K.Vitmor AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Gürcüstan və Ermənistanda şəhərlərdə meriya institutu yaradılıb və ortaya müsbət nümunə qoyulub. Prezident bildirir ki, onlar Bakı şəhərində vahid bələdiyyənin yaradılmasının üstündə dayanırlar və hesab edirlər ki, yerli hakimiyyətdə demokratiya üçün bu, vacibdir.

AŞ ÜZVÜ OLAN ÖLKƏLƏRDƏN STATUSU OLMAYAN YEGANƏ PAYTAXT

Azərbaycan artıq Avropa Şurasının üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxtının statusu yoxdur. Görəsən, Bakının statusu məsələsi niyə dalana dirənib?

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ilə əlaqə saxladıq. Amma orda sualımızı cavablandırmaq istəmədilər.

YENİ TƏKLİFLƏRDƏ MERİYA İNSTİTUTUNDAN DANIŞILIRMI?

Tbilisidə mer seçkisi, 30 may 2010
Ədliyyə Nazirliyi isə bu yaxınlarda bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər göndərib.

Bu barədə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə məlumat verib. O bildirib ki, təkliflər kommunikasiya, infrastruktur sahəsində bəzi səlahiyyətlərin bələdiyyələrə verilməsini, bələdiyyələrin işində auditin aparılması və s. məsələlərdən ibarətdir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev isə düşünür ki, bələdiyyələrin imkanlarını bir qədər də artırmaq olar. Məsələn, sovet vaxtından qalmış və hazırda istifadə olunmayan bir sıra istehsalat müəssisələri də bələdiyyələrin öhdəsinə verilə bilər.

Bəs Bakı bələdiyyəsinin yaradılması və onun statusu haqqında qanuna müvafiq dəyişiklik nəzərdə tutulmur?

«BAKIDA MER HƏLƏ REAL DEYİL»

Tahir Rzayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Bakının statusu ölkədə bələdiyyə formalaşdırılan zamandan ortaya atılıb. Amma bu, reallıqlara əsaslanmadığı üçün bu tövsiyəyə əməl olunmayıb:

«Bələdiyyələrin özləri hələ tam formalaşmayıb deyə, bu məsələ açıq qalır. Problemlər var. Problemlərdən biri odur ki, Bakının inzibati rayonlarının özlərinin əraziləri, torpaqları tam müəyyənləşib bələdiyyələrə verilməyib. Torpaqla bağlı başqa bir problem də var. Dövlət torpaqları da var, bələdiyyə torpaqları da, bu da mübahisə doğurur. Məsələn, görürsən ki, bələdiyyə ərazisindəki torpağı ya satır, ya icarəyə verir. Sonra isə hansısa şirkət, məsələn, Neft Şirkəti də gəlib deyir ki, bu yer mənimkidir. Buna görə də bəzi çətinliklər var».

Tahir Rzayev
«BUNU FORMAL YARATMAĞIN NƏ FƏRQİ VAR?»

Amma Tahir Rzayev hesab edir ki, Bakıda mer institutunun yaradılması mümkündür. Sadəcə, bələdiyyələr formalaşmalı, maddi və kadr cəhətdən təkmilləşməlidir:

«Bələdiyyənin kifayət qədər vəsaiti yoxdursa, iri şəhər bələdiyyəsinin yaradılması hansı effekti verəcək? İdarəetməni necə həyata keçirəcək? İstanbul Şəhər Bələdiyyəsinin külli miqdarda vəsaiti var, texnikası var, ona görə də böyük işlər görə bilir. Bunu formal yaratmağın nə fərqi var?».

Tahir Rzayev Bakı bələdiyyəsinin şəhər icra hakimiyyətinin balansında yaradılmasını düzgün saymır. Onun fikrincə, dövlətin icra strukturları qalmalıdır. Tahir Rzayev deyir ki, icra strukturları hakimiyyətlə vətəndaş arasında əlaqələri yaradır. Millət vəkili deyir ki, hələlik isə kommunal xidmət sahəsinin idarə olunmasının bələdiyyələrin sərəncamına verilməsinin tərəfdarıdır:

«İNANIN Kİ, XAOS YARANA BİLƏR»

«Yaşıllaşdırma, təbiəti mühafizə, məişət tullantılarının təmizlənməsi bələdiyyələrə verilsin. Onlar bunun öhdəsindən gələndən sonra köklü məsələlər də bələdiyyələrin ixtiyarına verilə bilər. İndidən belə iri sahələr bələdiyyələrin ixtiyarına verilsə, inanın ki, xaos yarana bilər».

Tahir Rzayev deyir ki, vətəndaşlarla bələdiyyələr arasında münasibətlər də yetərli deyil. Bu da Bakı bələdiyyəsinin yaradılmasını əngəlləyən səbəblərdən biri sayıla bilər:

«Vətəndaş bələdiyyəni seçir, amma onun gördüyü işlərlə maraqlanmır. Bələdiyyənin həyatında fəal iştirak etmir, vergiləri ödəmir».

«HAKİMİYYƏT BAKIDA NƏZARƏTİ İTİRMƏK TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALA BİLƏRDİ»

Azər Mehtiyev
Ancaq İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev hesab edir ki, Bakı meriyasının yaradılmamasının əsas səbəbi siyasi amillərdir:

«Bu, Azərbaycanda böyük bir ərazidə yeni bir seçkili orqanının təsis edilməsi deməkdir. Yəni, Bakı şəhərinin idarə olunması prezidentin təyin etdiyi adama deyil, vətəndaşların seçdiyi orqana həvalə olunacaqdı. Belədə isə hakimiyyət Bakıda nəzarəti itirmək təhlükəsi ilə üz-üzə qala bilərdi. Düzdür, Azərbaycan reallığında belə seçkilərin keçirildiyi təqdirdə bunun baş vermə ehtimalı yüksək deyil. Buna baxmayaraq, hakimiyyət hətta formal olaraq belə Bakıda mer institutunun yaradılmasının əleyhinədir. Çünki sonradan yarana biləcək nəticələrdən narahatdırlar».

«MERİYANIN OLMAMASININ FƏSADLARI...»

Bələdiyyə üzrə ekspert Abil Bayramov isə hesab edir ki, Bakıda indiyədək vahid bələdiyyə sisteminin yaradılmaması şəhərin infrastrukturunun idarə olunmasına öz fəsadlarını verir:

«Məsələn, əksər yerlərdə kommunikasiya sistemi köhnəlib, bəzilərində işləmir. Bir yerdə yola asfalt örtük çəkilir, bir müddətdən sonra həmin yol yenidən qazılır. Ya su xətti çəkilir, ya qaz xətti».

Abil Bayramov qeyd edir ki, hazırda bu işləri bələdiyyə aparmır. Onun fikrincə, hətta bu səlahiyyətlər bələdiyyəyə verilsə belə, arzu edilən effekt əldə olunmayacaq. Ekspert hesab edir ki, Bakı vahid orqanizm olduğu üçün onun idarə edilməsi də vahid hakimiyyət orqanına tapşırılmalıdır.
XS
SM
MD
LG