Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:15

Erdogan İsrailə və Qərbə mesajlar göndərir


Qahirə. Misir. 13 sentyabr. Erdogan Ərəb Ölkələri Liqasının toplasntısında çıxış edir
Qahirə. Misir. 13 sentyabr. Erdogan Ərəb Ölkələri Liqasının toplasntısında çıxış edir
Türkiyə Baş naziri Recep Tayyip Erdogan Misirdə qəhrəman kimi qarşılanıb. “Türkiyə Misir əl ələ, tək yumruq”, “Qəzzanın blokadasına son”, “Erdogan, ikinci vətəninə xoş gəldin” şüarları səsləndirilib.

Ərəb Liqası toplantısında çıxışında isə Erdogan ərəb dövlətləri ilə türklərin münasibətlərini pozmaq istəyən Qərbə mesajlar göndərib.


ERDOGANDAN QƏRBƏ MESAJLAR

Deyib ki, “Bizim münasibətlərimiz aramızdan su işığı keçməyəcək qədər sıx olmalıdır. Bu münasibətlərimizi pozmağa çalışan gizli qüvvələrə qarşı həmişəkindən daha çox diqqətli olmalıyıq”.

Erdogan əlavə edib ki, Türkiyə bəzi ölkələr kimi, kiməsə yardım əlini uzadanda o dövlətin sərvətlərinə göz dikmir. Əksinə tarixi və qardaşlıq münasibətlərini əldə rəhbər tutur.

Ortaq keçmişdən danışarkən, Türkiyə Baş naziri Misir və Şimali Afrika ölkələrinin vaxtilə Osmanlı hakimiyyəti altında yaşadığına işarə vurub və hər zaman dost münasibətlərdə olduqlarını xatırladıb.


"İSRAİL ƏNDAZƏSİNDƏN ÇIXIB"

Erdodan ərəb dövlətləri qarşısında çıxşında Fələstin və İsrail Məsələsini unutmayıb. İsrail hökumətinin Qəzzaya yardım aparan gəmiyə hücumuna görə daha sərt tənqid edib. İsrailin artıq əndazəsindən çıxdığını və bu addımların İsrail dövlətinin özünün legitimliyinə kölgə saldığını deyib.

Erdogan bildirib ki, İsraillə münasibətlərin korlanmasına səbəb olan gəmiyə hücum davasından və Fələstinin müstəqillik mübarizəsini dəstəkləməkdən vaz keçməyəcəklər.
Çünki bu məsələ təkcə Fələstinlə İsrail arasında olan məsələ yox, bütün məzlum xalqları maraqlandıran, insanlıq məsələsidir.

Fələstin bu ilin sonuna qədər BMT-də dövlət kimi müstəqilliyinin tanınması üçün müraciət edəcək. İsrailin qəti şəkildə qarşı çıxdığı bu məsələnin ABŞ tərəfindən də dəstəklənməsi gözlənilir.

Erdogan bütün ərəb dövlətlərini Fələstinin müstəqillik cəhdlərini dəstəkləməyə çağırıb. Və deyib ki, bu halda vəziyyət köklü şəkildə dəyişəcək.


TÜRKİYƏNİN YENİ NİYYƏTİ...

Yaxın Şərq üzrə ekspert Soli Ozel deyir ki, Erdoganın Fələstini açıq-aşkar dəstəkləməsi Türkiyə və İsrailin regionda daha çox nüfuz qazanmaq üçün mübarizəsinin ciddiləşdiyini göstərir. Və Türkiyənin Aralıq dənizi regionunda ciddi qüvvəyə çevrilmək niyyətindən doğur.

Bir fakt da var ki, Türkiyə Baş nazirinin İsrail ünvanına tənqidləri və Ərəb ölkələrindəki inqilabları dəstəkləməsi onu doğrudan da təkcə Türkiyədə yox, Ərəb dünyasında populyar fiqura çevirir. Sentyabrın 12-də Misirə gələn Erdoganı hava limanında minlərlə adam qarşılayıb. Ancaq Erdoganın populyarlığı və İsrail işğalı altındakı Qəzzaya Misirdən keçmək niyyətini bildirməsi Qahirədəki bəzi rəsmiləri də çətin durumda qoyur.

Misir rəsmilərinin Qəzza səfəriylə bağlı planların olduğunu inkar etməsindən sonra Erdogan da bu səfərlə bağlı “yaxın gələcəkdə” ifadəsini işlədib.

Üstəlik, Erdoganın Qahirədə xalq qarşısında çıxışı da təhlükəsizlik bəhanəsiylə ləğv edilib. Bahçeşehir Universitetindən beynəlxalq münasibətlər üzrə ekpert Cengiz Aktar deyir ki, misirlirlər arasında populyar olsa da, bu hələ Erdoganın Misir dövləti tərəfindən də dost kimi qəbul edildiyi mənasına gəlmir.

Türkiyə Baş naziri Misirdən sonra inqilabların baş verdiyi digər ölkələr – Tunis və Liviyaya da səfər edəcək və Cümə gününə qədər bir vaxtlar Osmanlı hakimiyyəti altında olan torpaqlarda olacaq.
XS
SM
MD
LG