Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

İranda həbs olunan fəallara işgəncə verilir


Arxiv foto
Arxiv foto
Təbrizdə avqustun 24-də iftar süfrəsi zamanı tutulan 30 nəfər fəaldan 15-nə hökm oxunub. İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlının AzadlıqRadiosuna dediyinə görə, onların hər birinə 2 il 4 ay cəza kəsilib. Məhkəmə hökmünə görə, fəallar bu cəzanın 4 ayını həbsxanada, 2 ilini isə azadlıqda şərti çəkəcəklər.

«VƏKİLLƏR ÖZLƏRİ HƏBS OLUNURLAR»

Həbs edilənlər məhkəmə zamanı vəkil xidmətindən istifadə edə bilməyiblər. Vahid Qarabağlının sözlərinə görə, İranda vəkillərin gözü o qədər qorxudulub ki, onlar siyasi işlərə çıxmaqdan imtina edirlər:

«Siyasi fəallar orada vəkillə rahat təmin olunmurlar. Vəkillərin çoxu bu məsələlərə hazır deyillər ki, öz öhdələrinə götürsünlər. Çünki siyasi fəalların vəkilliyini öhdəsinə götürən vəkillər özləri həbs olunurlar. Bəzən də dövlət imkan vermir adamlara ki, özlərinə vəkil tutsunlar».

HƏBS DALĞASI BAŞQA ŞƏHƏRLƏRƏ DƏ KEÇİB

Bu arada isə Urmiyə gölünün qurumasına İran hökumətinin biganə yanaşdığını hesab edən və buna görə də avqustun sonlarından küçə yürüşlərinə start verən azərbaycanlılar aksiyaları davam etdirirlər. Etiraz dalğası artdıqca həbslər də artmaqdadır. Urmiyədəki və Təbrizdəki həbs dalğaları indi Ərdəbil, Qoşaçay və Tehran şəhərlərinə də keçib.

«Srağagün yolda bizi saxladılar. Əsgəri maşından düşürtdülər, mindirdilər öz maşınlarına, özləri ilə apardılar».

Bunu sentyabrın 11-də Ərdəbil-Astara yolunda saxlanan Əsgər Əkbərzadənin bacısı Əfsanə Əkbərzadə deyir. Onun sözlərinə görə, qardaşını naməlum istiqamətə aparıblar. Sonradan Onun ETTELAAT-ın Ərdəbil şöbəsinə aparılmasını öyrəniblər. 25 yaşlı Əsgər Əkbərzadə 2008-ci ildə də həbs olunmuşdu.

Ancaq Əsgər Əkbərzadə bu ailədən tutulan yeganə şəxs deyil. Onun qardaşları Xalıq və Müslüm Əkbərzadə də saxlanıb:

Əfsanə Əkbərzadə:

«Dünən qardaşlarımdan biri Xalıq dərman almağa getmişdi, onu da yolda tutub aparıblar».

Abbas Lisani (Arxiv foto)
«ABBAS LİSANİDƏN XƏBƏRİMİZ YOXDUR»

Ərdəbildə həbs olunanlardan biri də son illər fəallığı ilə seçilən Abbas Lisanidir. Abbas Lisanininin həyat yoldaşı Ruqəyyə Əlizadə AzadlıqRadiosuna deyib ki, ərini həbsdə saxlamaq onun gələcək etiraz aksiyalarda iştirakının qarşısını almaq məqsədi güdür:

«Evimizə töküldülər, 4 maşın idilər, tutub apardılar. 5 gündür aparıblar, hələ xəbərimiz yoxdur Abbasdan. Dünən çıxacaqdılar Xiyabana, ona görə də 3-4 gün əvvəldən gəlib evdən tutub apardılar ki, qarşısını alsınlar».

Ruqəyyə Əlizadə deyir ki, Abbas Lisani əvvəllər də üç dəfə həbsdə olub:

«Türklərə xəyanət olmuşdu İranda, ona etiraz etdiyinə görə 18 ay, Babək qalasına yürüşdə iştirakına görə 3 il həbsdə olub. 2 il yarım əvvəl azadlığa buraxılıb. İndi də Urmiyə gölünün qurumasına görə etiraz üçün xiyabanda olacaqdı, ona görə 5 gündür tutulub».

Tutulanlar arasında hərəkat fəallarından Əli BabayiBabək Cavanşir də var. Onları sentyabrın 12-də Ərdəbildə həbs ediblər. Əli Babayinin həyat yoldaşı İlhamə Cavanşir deyir ki, ərinin saxlanmasından 1 gün keçsə də, onun hansı hərəkətinə görə və harada saxlanması barədə ailəyə məlumat verilmir:

«Dünən xiyabanda tutublar, bu günə qədər də bizə heç nə deməyiblər. Hər yerə baş vururuk ki, onun haqqında nəsə xəbər alaq, ancaq ala bilmirik».

Əli Babayi Ərdəbildə 2006-cı ilin may hadisələri zamanı da həbs olunmuşdu.

ADAPP sözçüsü Vahid Qarabağlı deyir ki, sentyabrın 10-da paytaxtın «Azadlıq» stadionunda Tehranın «İstiqlal» və Təbrizin «Tiraxtur» futbol komandaları arasında keçirilən görüşdə «Tiraxtur»un onlarla azərbaycanlı azarkeşi həbs olunub. Onların bir çoxu sonradan azadlığa buraxılsa da, bəziləri Evin həbsxanasına aparılıb.

Məlumatlara görə, «Tiraxtur»un oyunu izləmək üçün Təbrizdən və digər Azərbaycan şəhərlərindən Tehrana gələn 50 min azarkeşindən yalnız 20 min nəfəri stadiona buraxılıb. Stadiona buraxılmadıqlarına etiraz bildirən on minlərə «Tiraxtur» azarkeşi aksiya keçirərək hökumətə qarşı şüarlar səsləndiriblər. Hökumət qüvvələri ilə qarşıdurma yaranıb.

Aksiyalardan görüntü
Son 3 gün ərzində Qoşaçayda Urmiyə gölünün qurumasına etiraz edən azərbaycanlı fəallar Əhməd CavadiSəhənd Nobəxti də ETTELAAT-ın Qoşaçay şöbəsinin əməkdaşlarının tutduqları bildirilir. Fəalların nədə günahlandırıldığı, harada saxlandığı bilinmir.

FƏALA İŞGƏNCƏ VERİLİB


Təbrizdə keçirilən etiraz aksiyalarına görə tutulan azərbaycanlı fəal Səid İbrahimzadəyə isə Təbriz zindanında işgəncələr verildiyi bildirilir. Onun ailə üzvləri hüquq müdafiəçilərinə deyiblər ki, zindan məmurları fəalı iki gün ac saxlayaraq döyüblər. Deyilənlərə görə, şallaq zərbələri nəticəsində daxili orqanlarında qanaxma əmələ gələn təbrizli fəalın səhhəti ağırdır.

Milli kimlik uğrunda apardığı dinc mübarizəyə görə 22 gün əvvəl tutulan urmiyalı fəal Məhsa Mehdili isə ailəsinin ödədiyi 50 min dollarlıq mülk girovu qarşılığında məhkəməyə qədər azadlığa buraxılıb.

ETTELAAT Urmiya şöbəsinin əməkdaşları Məhsa Medilini avqustun 21-də atasının mənzilindən tutub aparmışdılar. Onun məhkəməsinin oktyabr ayının əvvəllərində keçiriləcəyi bildirilir.

«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı bəyanat yayaraq Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz edən yüzlərlə azərbaycanlının tutulmasını pisləyib.
XS
SM
MD
LG