Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:38

Azərbaycanda sərbəst toplaşma hüquqları WikiLeaksdə


WikiLeaks Azərbaycanla əlaqədar yeni sənədlər yayıb. Sənədlər bu dəfə daha çox 2006-cı ildəki Amerika məxfi diplomatik teleqramlarını əhatə edir. ABŞ-ın Azərbaycanda səfiri olmuş Anne Dersenin göndərdiyi teleqramların birində Azərbaycanda sərbəst toplaşmaq azadlığının vəziyyətindən söhbət gedir. Məsələn, oxuyuruq:

“2005-ci il parlament seçkisindən sonrakı il ərzində Azərbaycan hökuməti sərbəst toplaşma azadlığını məhdudlaşdırıb. Noyabrın 26-da müxalifətin icazəli mitinqinin zorakı yolla dağıdılmasından sonra hökumət daxili siyasəti hədəfə alan heç bir mitinqə və ya etiraz aksiyasına icazə verməyib, razılaşdırılmamış aksiyalara çıxan müxalifət fəalları həbs olunub.

“AMMA HÖKUMƏTİN GÖZ YUMDUĞU AKSİYALAR VAR”

Baxmayaraq ki, həmin vaxtlarda hökumət xarici və ya dini məsələlərlə bağlı keçirilən razılaşdırılmamış aksiyalara göz yumub”. Burda Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə, Fransada “erməni genosidi ilə bağlı qanun layihəsinə olan etirazlar xatırladılır.

Teleqramda deyilir ki, ATƏT və Avropa Şurası Azərbaycan hökumətini sərbəst toplaşma azadlığı haqqında qanuna dəyişiklik etməyi tövsiyə edib və Azərbaycan tərəfi də bildirib ki, bu məsələləri öyrənəcək. Teleqramda qeyd edilir ki, sərbəst toplaşma azadlığı Azərbaycandakı demokratik proseslərdə həssas məqamdır və ölkədə uzun müddətli stabillik üçün mühüm məsələdir.

Anna Dersenin imzası olan teleqramlarda yazılır ki, Bakı şəhər İcra Hakimiyyəti AXCP və Müsavat partiyasının aksiya keçirmək təşəbbüslərini o səbəblə rədd edib ki, “Prezident Aparatı artıq bu məsələlərə baxıb və sizin bu mövzularla bağlı mitinq keçirməyinizə ehtiyac yoxdur”.

AKSİYADAN QABAQ HƏBSLƏR OLUR

Teleqramda “heç bir siyasi partiyadan asılı olmayan gənclərin yaratdığı “Yox” hərəkatının 2006-cı ildə media azadlığı, korrupsiya və bu kimi məsələlərlə bağlı planlaşdırdığı aksiyaya” icazə verilməməyinə toxunulur, bildirilir ki, hərəkatın sədri Əli İsmayılov həbs olunub, sorğu-suala tutulub, hədələnib və aksiyanın təyin olunduğu vaxtdan bir saat sonra sərbəst buraxılıb.

Amerikalı səfirin teleqramlarında müxalifətin 2006-cı ilin noyabrında keçirmək istədiyi və keçirdiyi razılaşdırılmamış aksiyalar barədə, aksiya iştirakçılarının saxlanması, onlara qarşı təzyiqlər olması ilə bağlı məlumat verilir.

“QANUNUN DƏYİŞDİRİLMƏSİ”

Sərlövhəsi verilən hissədə isə deyilir ki, Azərbaycan hökuməti Avropa Şurasının Venesiya Komissiyası ilə sərbəst toplaşma azadlığı haqqında qanununda mümkün dəyişikliklər edilməsi üçün müzakirələr aparır:

“ATƏT-in iyul, 2006-cı il iyul tarixli hesabatına müvafiq olaraq, Azərbaycanın hazırkı qanununda üç əsas problem var. Birincisi, beynəlxalq standartlara görə, qanunlar yığıncaqlar keçirməyə şərait yaratmalıdır. Digər problemlər arasında Bakı icra hakimiyyətindən yığıncaqlar keçirmək üçün icazə tələb olunur ki, bu da beynəlxalq standartlara ziddir. İkinci ziddiyyət vətəndaşların sərbəst toplaşmaq hüququnu yerinə yetirərkən dövlətin onları müdafiə etmək vəzifəsi ilə bağlıdır, bu da polisin təhlükəsizliyi təmin etməsindən keçir. Azərbaycanın müvafiq qanunu dövləti və ya polisi aksiya iştirakçısını aktiv müdafiə etməyə imkan yaratmır.

ATƏT sentyabrın 19-da bağlı qapılar arxasında keçirilən müzakirələrdə bu narahatçılıqları bölüşdü, sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata deyib ki, müştərək qrup yaradıla bilər”.

QANUNUN DƏYİŞDİRİLMƏSİ KİFAYƏT DEYİL, SİYASİ İRADƏ LAZIMDIR

Teleqramın şərh hissəsində deyilir:

“Bu həftələrdə jurnalistlər və siyasi partiyalar mediaya təzyiqlərə etiraz olaraq aksiya keçirmək istəyirdilər, amma onlara icazə verilmədi. Bu, hökumətin sərbəst toplaşmaq azadlığını məhdudlaşdırması ilə bağlı məsələyə diqqəti bir daha artırıb.

Fikrimizcə, qanunun dəyişdirilməsi vacib olsa da, bu, sərbəst toplaşmaq azadlığı ilə bağlı problemi həll etməyəcək. Siyasi iradə tələb olunur. Sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etmək imkanı Azərbaycanın demokratik proseslərdə həssas məqamdır. Aydındır ki, Azərbaycan hökuməti siyasi dəyərini anladığı üçün daxili siyasətə dəxli olmayan məsələlərlə bağlı etiraz aksiyalarının keçirilməsinə göz yumur.
Azərbaycan hökumətinin siyasi imkanı var ki, daxili proseslərə yönəlik etiraz aksiyalarına icazə versin. Bu, onun mövqeyi və sabitliyi üçün elə də təhlükəli deyil.

Uzun müddətli perspektivdə vətəndaşların dinc toplaşma hüququnun təmin olunması hökumətə imkan verəcək ki, sürətli inkişafın yaratmış olduğu gərginlikləri daha yaxşı idarə etsin.

Azərbaycan hökuməti bu problemi indi həll etməlidir. Biz öz tərəfimizdən bütün səviyyələrdə mövqeyimizi açıqlayacağıq, gərək, Vaşinqtonda rəsmilərlə təmaslar zamanı da bu mövqe gücləndirilsin”.
XS
SM
MD
LG