Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:37

Zahid Sarıtorpaq. Vaxtın sirr keçidləri


Xanəmir bəyə və Ayişə xanıma

vaxt qızıldı deyirlər
amma bu qızıl nə topuğunda xalxaldı adamın
nə qolunda bilərzik
o bir tovuz quşudu Can Qəfəsində
qırx çalarından otuz doqquzunun adı bilinməz
vaxt nədisə yürüyürkən
adamın sirr dolu məntiqi bu keçidin içindən ötür
tutalım birincisi giziltidi – əvvəl o keçir səndən
ikincisi: üşəntidi – o da keçir
düşünürsən
imarətlərində daş kitabələrə ayələr döydürən sultan misallılar
sözün basqısındanmı çəkinirlər
ya vaxtın qılıncımı sindirir onları qorxuya
üçüncü: qorxudu – artıq o keçə bilmir cana ilişib qalır
dördüncü: yalqızlıq xofudu
beşinci: yalqızlıqla barışıqdı
bəzən də məzlumun qoynunda cücərir
zülmün arpa-buğdası
amma üzü görünməz kimsəyə əsil əzablının
çünki vaxtın qoynunda haqq hicabında olur zülümlərə girən
altıncı: məzlumluqdu
yeddinci: üzgünlükdü
səkkizinci: sonu duymaq
qürbətdə dərd də kişmiş kimidi
qərib lap şah da olsa
gözdən düşmüş kimidi – çünki qəribdi
doqquzuncu: qürbətdi – iç səltənətini tanımaq üçün
dərdin nicat qapısı bilib üz tutduğun girdab
onuncu: vidadı – bir özün bilirsən bir yaradanın
on birinci: dözümdü – özünlə barışa aparan yolun
hər gün udulan tozu
on ikinci: eşqdi
eşq – vaxtın tacında baş lələk
on üçüncü: gül
gül – haqqın könüllərə sancdığı bir tuğdu
on dördüncü: haqqdı
haqq – tərəzini tutan gerçək
o həm də yerdən göyün üzünə tutulan
güzgüdə təcəlli edən ilk və son işıqdı aşiqlərə
on beşinci: imandı – qüsurlu insan beyninin
hələ də tam həzm edə bilmədiyi ilahi meyvə
qutsallar qutsalı uca söykək də deyilir adına
on altıncı: sözdü – ərmağanlar ərmağanı
sağkən ruhumuzun ipək köynəyi
ölürkən tabutumuza örtülmüş bayraq
qiyamətlərimizdə sığındığımız nuhun təknəsi
on yeddinci: nəfəs – hər alıb verdiyində
fələyin çarxına üfürülən tükənməz gərdiş nüvəsi
on səkkizinci: səs – bizə qədər də bizdən sonra da
gedər-gəlməzin tək yolçusu
on doqquzuncu: savaş – ən qutsalı nəfsə açılanıdı
o içində bir an səngimişsə – məğlubsan demək
yeri gəlmişkən bayraqdan köynək olmur
köynəkdən bayraq olur amma
özü də qana bulaşmışından
qana bulaşmışı ucaldılır fəth günü
iyirminci: fəthdi – içimizi şırımlamış dilək
hər gün bir addım da yaxınlaşırıq ona
hər addımda şəhid düşərək yaxınlaşırıq
iyirmi birinci: şəhidlik – iman məntiqi
ölürkən cismin suya
canın kəfənə üsyan məntiqi
bu gün gizir Mübarizin düşmənlər üstündə
pəncəsini qaldırmış aslan məntiqi
Sabirin şeirlərindən hər gün özünə dar ağacı quran
çarəsiz insan məntiqi
iyirmi ikinci: üsyan – ən sakit günün baş yazısı
insan ömrü əlifbasının “a” hərfi
əgər adamın özünə yönəlmişsə içdən
varlığın bismillahı da demək olar ona
iyirmi üçüncü: sükut – ən çözümsüzü gözlərdə göllənmişidi
tavana zillənmiş və soyumuş gözlərdə göllənmişi
iyirmi dördüncü: duruluq – o ancaq sevdadan gəlir
gəlir və yalın ayaqlarına həsrətlə baxan
girdablara gülümsəyir
iyirmi beşinci: sonsuzluq – bir əbədi hərləncək
iyirmi altıncı: yolçuluq – hamıya Tanrı buyruğu
hər gedən yüz canlıdan doxsan doqquzunun
haraya səfər etdiyindən xəbərsiz olduğu qutsal iş
iyirmi yeddinci: gərdiş – yelkənini yalnız qiyamət günü
yendirəcək bir gəmi
bu sərxoş gəminin sükanının bir üzündən fələk
bir üzündən yaşam tutmuş
iyirmi səkkizinci: qədər – ölən günümüzəcən
qurumayan mübarək yazımızın
mürəkkəbiylə suvarılmış məntiq
iyirmi doqquzuncu: qavram –
günahlarımıza görə fəzaların tozunu qoparan
ahların istisi deyir onun nə olduğunu
otuzuncu: divanəlikdi – üzüyünün qaşında yazılanın dərki
otuz birinci: mehrdi – sevda özülü
otuz ikinci: şəfqət – istər haqdan olsun istər bəndədən
adamın içinə çilənən qırpım-qırpım bir işıqdı o
otuz üçüncü: heyrət – bütün fanilərin içində rast gəlincə
içini çəkməli tək bircə şey var – onu hər kəs bilir
amma bu haqda hamı susur nədənsə
otuz dördüncü: küfr – batilin qardaşı
haqqın düşməni
otuz beşinci: lovğalıqdı – can tarlasında sürülmüş xam yerlərə
səpilən iblis toxumu
otuz altıncı: kin – sevdaları puç eləyən mürgünə qurdu
otuz yeddinci: qətl – öz əlinlə yazılmış
cəhənnəmin halallıq fərmanı
otuz səkkizinci: önəmli deyil
otuz doqquzuncu: o da eləcə

bunları bilmədən də yaşamaq
ömrün günəşlərinə sərməyə çulu sudan çıxarmaq olar
amma getdiyində
nə sağında bir divar nə solunda bir qapı olacağı bilinməz
nə başını divarlara döyəcəksən nə yumruğunu qapılara
boşluqda qalacaqsan çünki
dibsiz bir boşluqda
bir sən olacaqsan bir itirdiyin vaxt
vaxt – o bir tovuz quşudu Can Qəfəsində
orda doğulub orda da ölər
qırx çalarından otuz doqquzunun
adı bilinməz beləcə

qırxıncı: əgər vaxt gedibsə
ölümdü doğumdu nədi
fərq etməz artıq
XS
SM
MD
LG