Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Rəsmiyyə Sabir. Qoca palıd


...sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı,
sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın,
buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
...aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.
XS
SM
MD
LG