Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

«Bakıda çox böyük bir köç başlayıb»


Əli Kərimli
Əli Kərimli
Bu dəfə “İşdən sonra”da siyasətçilər, deputatlar Azərbaycanda mülkiyyət hüququnun pozulmasından danışırlar.

Əli Kərimli (AXCP sədri):

- Hazırda Bakıda çox böyük bir köç başlayıb. İnsanlar bu dəfə artıq erməni işğalından, Kür daşqınlarından yox, məmur özbaşınalığından köçməli olurlar. Kiminsə ağlına gəlir ki, hansısa məhəlləni sökmək lazımdır, vətəndaşlarla danışıq aparmadan, onların əmlakının qiymətini ödəmədən zorla, inzibati yolla onları evlərindən çıxarırlar, dağıdırlar. Və burda heç bir mülkiyyət hüququ gözlənilmir. Bununla əlaqədar biz partiya olaraq bəyanatla çıxış etmişik. Amma bizim bəyanatlarımız bu prosesi dayandırmaq iqtidarında deyil. Burda bir dövlət siyasəti də var. Əvvəllər bu evləri özəl şirkətlər tikirdi. Onlar adamlarla birbaşa danışıqlar aparıb, qiymətləşirdilər. Xeyli sayda azərbaycanlı az qala mənzilini satmaqla orta təbəqəyə çevriliridi. Azərbaycan hökuməti də bundan narahat olmağa başladı. Azərbaycan hökuməti iqtisadi cəhətdən hakimiyyətdən asılı olmayan insanların mövcudluğunda maraqlı deyil. Çünki müəyyən iqtisadi imkanları olan insanlar özlərini daha sərbəst hiss edirlər və daha yaxşı yaşamaq fikrinə düşürlər.

Mirmahmud Mirəlioğlu (KXCP sədri):

Mirmahmud Mirəlioğlu
- Azərbaycanda insan haqları qorunmadığı üçün hesab edirəm ki, hər kəs haqqı uğrunda mübarizə aparmalıdır.

İsa Qəmbər (Müsavat başqanı):

- Bu məsələ ilə bağlı Müsavat partiyası dəfələrlə mövqe bildirib, bəyanatlarla çıxış edib. Hakimiyyətin bu siyasəti bir sıra məqsədlər güdür. Amma bütövlükdə bu hakimiyyətin görməmişliyi ilə bağlı bir məsələdir. Bu rejim bütün ölkəni öz şəxsi mülkiyyəti kimi nəzərdən keçirir. İndiki mərhələdə Bakının mərkəzini mənimsəməklə məşğuldurlar. Yüz illərlə Bakının mərkəzində yaşayan insanları evlərindən qovurlar, hələ üstəlik bunu kobud şəkildə, qanunu pozaraq, real kompensasiya vermədən həyata keçirirlər. Biabırçılıqdır, artıq məsələ BMT çərçivəsində həll olunur.

İqbal Ağazadə (Ümid partiyasının sədri):

- Partiya olaraq bununla bağlı həm bəyanatlarla mövqelərimizi ifadə etmişik, həm də bunu Milli Məclisdə çıxışlarımda demişəm. İndiki bütün söküntülər, vətəndaşın mülkiyyətinə qəsdin hamısı qeyri-qanuni şəkildə hakimiyyətin zorakı metodlarla həyata keçirdiyi bir aksiyadır. Burda heç bir hüquq onu sökən təşkilatın xeyrinə deyil. Çünki dövlət ehtiyacı anlayışı yoxdur. Həmin vətəndaşların hüquqlarını müdafiə edən qurumlar həmin yükü Avropa Məhkəməsinə qədər daşıya bilməlidir. Əks təqdirdə bunu daxildən hər hansı bir mexanizm durdura bilməz. İndiki situasiyada siyasi təşkilatların gücü, cəmiyyətdə ictimai-siyasi dinamikanın artması nəticə etibarı
Fazil Mustafa

ilə hakimiyyəti bu əməldən çəkindirə bilər. Təəssüflər olsun ki, o dinamika bu gün hiss olunmur.

Fazil Mustafa (Böyük Quruluş partiyasının sədri):

- Parlamentdə bu məsələnin müəyyən dəqiqləşdirməsini nəzərdə tuturuq. Hesab edirik ki, mütləq məhkəmə yolu ilə mülkiyyətin özgələşdirilməsi kimi tanınmalıdır. Əks halda müvafiq icra orqanlarının yaratdığı komissiyalar mütləq həmin orqanların mənafelərinə xidmət edəcəklər. Buna nail olmaq imkanımız isə Azərbaycanda yoxdur. Ancaq bunun mübarizəsi aparılmalıdır.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG