Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Avropa Azərbaycanı azad görmək istəyir, Heydər Əliyev Torpaq islahatları...


Avqustun 17-də çıxan qəzetlər
Avqustun 17-də çıxan qəzetlər
Avqustun 17-də çıxan qəzetlərin yazdıqları

«AZADLIQ»: Avropa Azərbaycanı azad görmək istəyir:

«Dünən «Hyatt Park» hotelində Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu «Azərbaycanda fərdi hüquq və azadlıqlar» mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, müxalifətdə olan siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının, gənclər təşkilatlarının təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak edib.

«Almaniya ombudsmanı Markus Löninq Azərbaycan nümayəndəsindən soruşub ki, digər ölkələrdən Azərbaycanda müsbət dəyişikliklər olduğunu necə görmək olar? «Azərbaycanda insanlar «Facebook»-da məqalə dərc etdiyinə görə həbs edilir. Müxalifət partiyaları, məsələn, Müsavat Partiyası şəhərin mərkəzində toplantı keçirmək istəyir, şəhərin kənarlarını göstərirlər. Sərbəst toplaşmaq istəyində olan insanlar həbs edilir. Bir sözlə, insanları öz hüquqlarını reallaşdırmaq istəyinə görə həbs gözləyir. Sizcə, belə ölkə xaricdən necə görünər?», - deyə o, rəsmi nümayəndəyə sual verib.

Müxalifət liderləri, həmçinin hüquq müdafiəçiləri Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, Almaniya bundestaqının deputatı Kristofer Ştrasserin iki il ərzində Azərbaycan gələ bilməməsinə diqqəti yönəldib: «Doğrudur, Azərbaycan məruzəçinin gəlməsinə imkan yaratmır, amma cənab Ştrasser də Azərbaycana gəlmək üçün əzmkarlıq göstərmir. Bununla bağlı Almaniya bundestaqında məsələ qaldırılmalıdır».

«YENİ AZƏRBAYCAN»: Heydər Əliyev Torpaq islahatlarının mühüm spesifik xüsusiyyətləri və onun Azərbaycanın 20 illik inkişaf tarixində rolu.

Qəzet Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun iki səhifəlik məqaləsini dərc edib:

Heydər Əliyev
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuşdu. Məsələnin siyasi-iqtisadi, eyni zamanda, sosial-psixoloji baxımdan nə qədər mürəkkəb olması da Heydər Əliyevə məhz o vaxt aydın olmuşdu. Çünki həmin kəndlərin əhalisi bu islahatların onlara nə verəcəyini əvvəlcədən görə bilməmiş, bunu sovxozun dağılması kimi qiymətləndirərək etiraz etmiş, bununla da mülkiyyətçiliyə, sahibkarlıq hissinə psixoloji baxımdan hazır olmadıqlarını nümayiş etdirmişdilər.

Tam əminliklə demək mümkündür ki, bu gün ölkədə keçirilən aqrar islahatlar tarixə «Heydər Əliyev aqrar islahatları» kimi daxil olmuşdur. Bunu yalnız bizim ölkəmizdə deyil, xarici ölkələrdə də etiraf edirlər. Bir çox xarici ekspertlərin fikrincə, Azərbaycanda aparılan aqrar islahatların bütün MDB məkanında analoqu yoxdur. Bu isə o deməkdir ki, «Heydər Əliyev aqrar islahatları» başqa MDB ölkələri tərəfindən model kimi qəbul edilir.

«YENİ MÜSAVAT»: «Eurovision» daha iki bağlı qapını açacaq

Qəzet Bakı funikulyorunun təmirə dayandırılmasının şəhər sakinləri üçün yaratdığı problemlərdən bəhs edir. Bakı Şəhər İcra Hakimiyyətindən qəzetə bildiriblər ki, funikulyorla bağlı yeni layihə hazırlanıb. Layihəyə əsasən funikulyorun stansiyaları tamamilə şüşədən yığılacaq və piramida formasında olacaq:

Şəhidlər məscidi
«Bakı funikulyoru bu dəfə tamamilə dəyişdiriləcək. Ancaq funikulyorun təmirinə ayrılan vəsaitin məbləği açıqlanmadı. BŞİH-dən onu da əlavə etdilər ki, gələn il mayın sonlarında, yəni «Eurovision 2012»-dək funikulyorun açılışı olacaq.

«Şəhidlər Xiyabanındakı «Türk məscidi» kimi tanınan «Şəhidlər» məscidinin də 3 ilə yaxındır qapıları bağlıdır. Xatırladaq ki, came 2009-cu ildə təmir adı ilə qapadılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Saleh Aslanov bildirdi ki, «Şəhidlər» məscidinin fəaliyyəti təmir məqsədilə dayandırılıb: «Və bu gün mətbuat xidmətində bu məscidlə bağlı hər hansı yeni məlumat yoxdur». Türkiyənin Bakıdakı səfirliyinin din xidmətləri müşaviri Sadiq Əraslan öz növbəsində «Yeni Müsavat»a açıqlamasında hazırda «Şəhidlər» məscidinin fəaliyyət göstərmədiyini, burada hər hansı dini ayin icra olunmadığını, hansısa möminin namaz qılmadığını vurğuladı. «Təmir məscidin özündə yox, ətrafında aparılır. Bu səbəbdən məscid bağlanıb. İnşallah, may ayına kimi, yəni «Eurovision 2012» mahnı yarışmasınadək açılacaq. Yəni mən bildiyim bu qədərdir. Biz də gözləyirik ki, məscidimiz açılsın».
XS
SM
MD
LG