Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:15

"İvan Qroznı Rusiyanı paza oturtdu, ölkə hələ də həmin pazın üstündədir"


Tanınmış rus yazıçısı Vladimir Sorokin deyir ki, rus mentaliteti 16-cı əsrdə - qəddar çar İvan Qroznının dövründə formalaşıb. Elə dövlətin strukturu da o vaxtdan bəri dəyişməyib.

- İvan Qroznı hakimiyyətin şaquli idarəçiyilinin əsasını qoydu və bununla da ölkəni paza oturtmuş oldu. Rusiya hələ də həmin pazın üstündə oturub.

Bir çox mənalarda rus təfəkkürünü formalaşdıran da bu arxaik piramidadır. Məmur elə İvan Qorznı dövründəki opriçnikdir, yəni səndən yüksəkdə dayanan bir şəxs.

Ondan yuxarıdakılar isə ümumiyyətlə göylərdə yaşayan ilahi varlıqlardı. Ordan aşağıdakılara qarışqa dünyası kimi baxırlar.

Bu struktur dəyişməyib. Əksinə daha da möhkəmlənib, sovet dövründə də belə idi, indi də belədir.

Axı Avropada üfüqi idarəçilik də var. Orda hər bir alman, yaxud fransız deyə bilər ki, "Dövlət - mənəm". Bundan fərqli olaraq biz dövlətdən danışanda deyirik ki, dövlət - "onlar"dır. "Onlar" deyərkən yanımızdan ötüb keçən "miqalkalı" maşınları göstəririk.

Yazıçı "Amerikanın səsi" nə verdiyi müsahibədə deyir ki, bir mərkəzdən idarəçilik, yerli özünüidarə sistemlərinin inkişaf etməməsi Rusiyanı inkişafdan qoyur, onu süquta aparır.

Onun fikrincə, Rusiya rəhbərləri "modernləşmə"dən çox danışsalar da, reallıqda bunun bəhrəsi görünmür. İnsanlar Rusiyanı tərk etməkdə davam edirlər.

Sorokin hesab edir ki, Rusiyada Qərbi düşmən obrazında təsvir etmək yönündə aparılan təbliğat insanların düşüncəsini Avropadan təcrid edir, beləliklə də Rusiyada əyalət təfəkkürü formalaşır.

Onun fikrincə, Avropanın demokratik dəyərlərini mümkün qədər tez mənimsəmək lazımdır.

Sorokin bir müddət əvvəl çapdan çıxan "Opriçnik günü" povestində bu fikirləri bədii şəkildə ifadə edib.



İvan Qroznının obrazı

Yazıçı əsərdə 2028-ci ilin Moskvasını təsvir edir. Yeni İvan Qroznının idarə etdiyi şəhər Avropadan Böyük sədlə ayrılıb. Şəhərdə çar opriçnikləri - qara geyimli gizli polis ağalıq edir.

Oxucular asanlıqla bunun Putin Rusiyasına alleqoriya olduğunu anlaya bilərlər.

Bəs əgər rus mentaliteti 16-cı əsrdə formalaşıbsa və tezliklə dəyişəcəyi gözlənilmirsə, bu halda yazıçı nə etməlidir?


V.Sorokin:

- Yazıçı öz əsərləri ilə cəmiyyətdəki problemləri qaldırmalıdır. Özü də metafizik məsələləri. Biz kimik və hara gedirik? Mən də bunu etməyə çalışıram.

Sorokinin "Opriçnik" povesti bir neçə ay qabaq Amerikada da nəşr edilib. "New York Times" qəzeti bununla bağlı dərc etdiyi məqalədə əsəri "hakimiyyətə açıq hücum" adlandırır və ona diqqəti çəkir ki, Sorokin 20 il əvvəl ədəbiyyatı "rəsm əsəri, yaxud keramika kimi təmiz estetika" adlandırsa da, indi onun daxilində "vətəndaş oyanıb".

Amma yazıçı onun bu cür səciyyələndirilməsi ilə razı deyil.

O deyir ki, əvvəla, yazıçı hakimiyyətlə açıq savaşa çıxmamalı, sadəcə cəmiyyətdə baş verənləri olduğu kimi təsvir etməlidir ki, oxucu sərbəst şəkildə düşünsün və özü nəticə çıxarsın.

"Amma bir prinsip olaraq mən ədəbiyyatı divar deşən maşın kimi istifadə etmirəm.

Belə deyək də, bu qeyri-estetik bir şeydir. Sadəcə yaşadığım reallıqları təsvir etməyə və heç bir resept vermədən məsələləri qaldırmağa çalışıram. Bu mənim prinsipimdir".


Sorokin bildirir ki, "onun vicdanı yatmayıb ki oyansın da".

Yazıçı "mən elə həmişə antisovet yazıçı olmuşam. Çünki doğrudan da totalitar rejimləri sevmirəm".

Sorokin deyir ki, müasir Rusiyada sovet dövrünə olan "şirin nostalji hissləri"nin daha çox yayılmasına rəvac verilməsi onda ikrah doğurur.

Hazırladı: R.Qəmbərov

Həmçinin oxu
Tanınmış yazıçı Rusiyanın tezliklə dağılacağını deyir
XS
SM
MD
LG