Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Azərbaycanla Türkiyə arasında vizanın ləğvinə İran niyə etiraz edib?


Əli Həsənov
Əli Həsənov
«Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük. Amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımın atılmasını istədi. Əks halda, Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi».

Bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyənin «Today's Zaman» qəzetinə müsahibəsində deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan viza rejimini həm Türkiyə, həm də İrana münasibətdə eyni vaxtda qaldırmalıdır:

«Amma hazırkı mərhələdə Azərbaycan hökumətinin hər iki dövlətlə viza rejimini eyni vaxtda ləğv etməyə hazır olduğunu düşünmürəm».

Azərbaycan rəsmisi habelə deyib ki, İran kimi böyük dövlətlə münasibətdə vizasız rejim siyasəti yürütmək hazırkı mərhələdə Azərbaycanın milli maraqlarına uyğun deyil:

«İranda siyasi qeyri-sabitlik bizim tərəfə qaçqın axınına təkan verə bilər. Biz isə kiçik ölkəyik və milli təhlükəsizliyimiz barədə yaxşıca düşünməliyik». /apa/

Türkiyə 2010-cu ildə Azərbaycana qarşı viza rejimini aradan qaldırıb.

ƏLİ HƏSƏNOVDAN DÜZƏLİŞ

Ə. Həsənov «APA»ya açıqlamasında deyib ki, türkiyəli jurnalist onun sözlərini yanlış anlayıb:

«Türkiyəli jurnalistlər viza məsələsini qaldırarkən mən söylədim ki, Azərbaycanla viza rejimini həm Türkiyə, həm də İran ləğv edib. Biz də qarşılıqlı şəkildə viza rejimini ləğv etmək üçün hər iki dövlətə eyni vaxtda təxminən oxşar münasibət bəsləməliyik. Buna isə Azərbaycanın texniki cəhətdən hazır olması lazımdır. İran-Azərbaycan, Türkiyə-Azərbaycan sərhədi, Naxçıvandakı keçid məntəqələri isə texniki cəhətdən vətəndaşların kütləvi şəkildə vizasız rejimdə keçidinə hələlik hazır deyil. Sərhəd məntəqələrində vətəndaşların yoxlanma sistemi də buna hazır deyil. Beynəlxalq qurumlar xəbərdarlıq edir ki, İran ərazisi vasitəsilə Əfqanıstandan narkotik vasitələr Azərbaycandan keçməklə Rusiya və Avropaya daşınır. Nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisindən İran vasitəsilə narkotik vasitələrin daşınması da var. Ona görə də Azərbaycan həm təhlükəsizlik, həm də miqrasiya proseslərinin tənzimlənməsi anlamında hazırda iki böyük dövlətlə - İran və Türkiyə ilə münasibətdə viza rejimini aradan qaldırmağa hazır deyil. Burada hər-hansı hədə söhbəti jurnalistin yanlış anlaması nəticəsində yazdığı qeydlərdir».
XS
SM
MD
LG