Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Nehrəmdə susuzluğa etiraz


Arxiv foto
Arxiv foto
Babək rayonunun Nehrəm kəndinin 30-a yaxın sakininin əkin sahələrinin susuz qalmasına etiraz olaraq iyulun 15-də aksiya keçirdikləri bildirilir.

Kənd sakinlərindən Kamil Hüseynov AzadlıqRadiosuna deyib ki, əkin sahələrinə suvarma suyunun verilməməsi ilə bağlı dəfələrlə kənd icra nümayəndəsi Təvəkkül Ələkbərova müraciət etsələr də, bu, nəticəsiz qalıb:

«Bir aydır əkinimizi suvara bilmirik. Tələbimiz budur ki, bizə su versinlər. Əkin sahələrimiz əsasən bostan bitkiləridir. İstinin altında tağların hamısı susuzluqdan yanır. Hərdən bir bəhanə gətirirlər. Gah deyirlər nasos işləmir, gah da deyirlər ki, pul yığın verin, su verək sizə. Su olanda da hər saatına 20 manat pul istəyirlər. Halbuki, hər saatın qiyməti 50 qəpik olmalıdır. İcra nümayəndəsi Təvəkkül Ələkbərov bizə zəng eləyib dedi ki, dağılışın, nasos xarabdır. Düzələndən sonra su veriləcək. Bizə belə vədlər çox verilib. İnanmırıq onlara».

Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov isə AzadlıqRadiosuna deyib ki, aksiya keçirilməsindən xəbərsizdir. Üstəlik, onun deməsinə görə, Nehrəm kəndində su ilə bağlı heç bir problem yoxdur.

Kənd sakinləri isə tələbləri yerinə yetirilməyənə kimi mütəmadi olaraq aksiyalar keçirəcəklərini deyirlər.

Mayın 31-də də Nehrəm kənd sakinləri işsizlik və sosial problemlərlə əlaqədar etiraz aksiyası keçirmişdilər.
XS
SM
MD
LG