Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Süleyman Rüstəm. Sən deyilmidin?


Bir zamanlar öz yurdunda azad yaşayan
El bağından güllər dərən sən deyilmidin?
Könüllərə qalsın deyə xatirə, nişan,
Qardaşına pay göndərən sən deyilmidin?!

Azadlığın bayrağını ürəkdən öpən,
Alnındansa torpaqlara incilər səpən,
Vəcdə gəlib bülbül kimi mahnılar ötən,
Özü əkib, özü biçən sən deyilmidin,
Haqq yolunda candan keçən sən deyilmidin?!

Sükanını möhkəm tutan ümman içində,
Qərarım dəyişməyən tufan içində,
Süngülərin arasında al qan içində,
Ordulara qalib gələn sən deyilmidin,
Şənliklərdə deyib-gülən sən deyilmidin?!

Ürəklərə dayaq olub öz nəğməsilə,
Haqsızlığa cavab verən haqqın səsilə,
Çağırılmamış qonaqları bir nərəsilə
Uzaqlara qovan oğul sən deyilmidin,
Gözlərini ovan oğul sən deyilmidin?!

Səttarxanın bayrağını qəlbindən asan,
Millətinin şöhrətini günəşə yazan,
Əliqanlı cəlladların qəbrini qazan
Ağ günləri salamlayan sən deyilmidin,
Annıaçıq o qəhrəman sən deyilmidin?!

Sınaq günü görməmişəm mən səni gendə,
Yadellilər üzərinə hücum çəkəndə,
Fürsət tapıb od vuranda şəhərə, kəndə
Qol çırmayıb qılınc vuran sən deyilmidin?!
Səngərində möhkəm duran sən deyilmidin?!

Vətən oğlu vətənini düşünsə bir az,
Güllələrin qabağına güllərlə çıxmaz.
Getsin deyə könüllərdən bu matəm, bu yas,
Son qərara gələk deyən sən deyilmidin,
Lazım gəlsə ölək deyən sən deyilmidin?!

İndi niyə səsin gəlmir, hardasan, harda,
Deyirəm ki, bəlkə yenə dardasan, darda.
Bəlkə qolun gücdən düşüb, halın yamandır.
Bəlkə yenə dağlarının başı dumandır,
Bəlkə yenə zindanlara atıblar səni,
Səsin gəlsin, qoyma, qardaş, nigaran məni!
XS
SM
MD
LG