Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:22

"Müzakirə yaradan roman"


Cavanşir Yusifli
Cavanşir Yusifli
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Məqsəd Nurun Milli Kitab Mükafatında ikincilik qazanmış "Şəhər meri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


SÖZÜN SÜKUT FORMASI

Roman içinə yığılmış və bir sıra hadisələri sadəcə nəzərdə tutub diqqəti əsasən mikroskopik ayrıntılara yönəltmiş mətn xarakterinə malikdir. Bu nə deməkdir?

Hadisələrin inkişaf dinamikası elədir ki, zahirən adi əhvalat çözülür, zahiri süjet bir an içində nağıllanıb qurtaran hadisə zənciridir və burada hər şey düzxətlidir.

Bu kontekstdə əsər xeyli dərəcədə ənənəvi poetikası ilə diqqəti çəkir, ancaq bu çox çəkmir, abzasdan abzasa keçidlərdə mürəkkəb, predmeti bir neçə yöndən göstərmək istəyən və bir az da qeyri-sərrast dillə yaradılan obrazlarda əsas mətn qurulmağa başlayır.

Bu bucaq altında zahiri süjet parçası daralmağa başladıqca təhkiyə boyu ayrı-ayrı detal və təhkiyə parçalarından mətnin ikinci, üçüncü qatı görünür.

Mürəkkəb və bir-birinə zəncirli obrazlar bəzən mətnin içindəcə gömülür, əksər hallarda isə mətnin ucqar yerlərini göstərir.


Məqsədin roman təfəkkürü və tipi etibarı ilə elədir ki, antiutopiyadan deyil, gerçəkliyin utopik və irreal təsvir momentinə qədər gətirilib dondurulmasından və beləcə sözün sükut formasından bəhs edilə bilər.
Mətndə tez-tez təkrarlanan “ev” obrazı, buradan baxanda açılan mənzərə, qatarlara qoşulan sisternlərin qəhrəmanı haldan salması, süstləşdirməsi, ən əsası, onun sonrakı hərəkətlərinə münasibətdə açar rolunu oynaması (....Bu mənasızlığı həm də pəncərəmizin qarşısından hər gün o yan-bu yana keçən çoxlu çirkli neft sisternlərini gördükcə anlayırdım. Onları özümə bənzədirdim. Onlar da mənimçün mənasız tuladan başqa bir şey deyildi), yadda qalır və bu metodika bəzən həddindən artıq ağırlıq yaradır, bəzən isə mətnin dərinliyini göstərir

(...Biz sakitcə parkın müxtəlif künclərində gəzişir və mən tulaların dalıyca uzun-uzadı baxmağa cəhd etdikcə Anya xala məni özünə çəkib dalıyca sürütləyirdi).

Mətn dərinliyə işlədikcə obrazlar və onların kompozisiya daxilində funksionallaşması mürəkkəb xarakter qazanır.

Və məlum olur ki, bu qatların zahiri süjet xəttinə münasibəti heç də düzxətli deyilmiş. Kompozisiya haqqında Tartu məktəbində yazılan ən güclü əsərlərdən birində (Kompozisiyanın poetikası - Uspenski) deyilir ki, müəllif təhkiyəni qurarkən hansısa işarələri bir-birinə hörməklə eyni zamanda oxucuya əsəri oxudur və buna görə uyğun açarlar verir.

Bundan məqsəd, fikrimcə, odur ki, əsərin kompozisiyasında düyümlənən ideyaların ifadəsinə imkan yaransın.

Mətndəki işarələrin çoxsaylı kombinasiyası bu ifadə imkanlarının sıxlaşmasına, yaxud seyrəlməsinə səbəb ola bilər.

Fikrimizcə roman gözlənildiyindən daha mükəmməl alına bilərdi, ancaq bu niyyətin tam şəkildə baş tutmaması, fikrimizcə, mövqe planında “dil ayrıntısının” zəifliyi ilə bağlıdır. Bu barədə sonra.

Məqsəd Nurun romanı yuxarıda qabardılan nöqtədən və bir sıra digər cəhətlərdən dərin maraq doğurur, çünki mətnin özünün dərinliyi necə deyərlər, orada batmağa kifayət edir.

Güclü nəsr mətnində ən gözəl və mükəmməl (!-?) şeir parçalarının işarə etdiyi yerlərə baş çəkmək realdır, böyük bir enerjini içinə yığan şeirin kadr arxası məkanı, əslində nəsrin də qurtardığı yerdir.

Şeirdə dünya nə başlayır, nə də qurtarır, nəsr mətnində belə bir illüziya yoxdur, hər bir poetik fiqur özlüyündə dayanacaqdır... Adam var, səssiz cinayət daşıyır ... (bunu şair çılğınca da deyə bilərdi).

Məqsədin romanını oxuduqda müasir fransız yazıçısı Olivye Rolənin “Port-Sudən” romanındakı (miniatür roman-!) bir pasajı xatırladım. “Bu sətirləri sağ qalmaq üçün yazıram, təsəvvür edin ki, yazmaq üçün başqa heç bir səbəb yoxdur”.

Jerar Jenetin “Fiqurlar” araşdırmasında belə bir məqam var.

Əsərin Prustla bağlı hissəsində müəllif ədəbi mətndə məkan problemindən bəhs edərkən yazır ki, məsələn, heykəltəraşlıqda, yaxud memarlıqda məkan əsərin danışan dilinə çevrilir.

Bədii mətndə isə bu, dil vasitəsi ilə təzahür edir.

Prustun özü o zaman ədəbiyyatı başına götürən diaxron yanaşmanı tənqid edərkən Sənt-Bövün əsərində zaman məkan formasını alır yazırdı, bu isə bədii mətndə sözün sükut formasına keçidinə adekvat bir şeydir.

Bədii mətndə “şüur axını” hadisəsi zaman üçün əyləc, məkan üçün pərdə rolunu oynayır, bu pərdənin qırçınları açıldıqca sözün işindəki enerji bir haldan başqa hala keçir, gözün tutduğu ərazi böyüyür.

Bu prosesin nəticəsi kimi təsəvvürümüzdə sabit və göz işlədikcə uzanan məkan obrazı formalaşır.

Bədii mətndə rusların ifadəsi ilə desək, “prostranstvennost” anlamını “kitabxana” sözü ilə əvəz etmək olar. Züskindin “Ətriyyatçı” romanında təsvir obyekti olmayan, ancaq mətndən boyaboy görsənən “ətir kitabxanası” mövcuddur.

Məqsədin romanına münasibətdə “rəng qalereyası”ndan bəhs etmək olar.

Bu həm metaforadır, həm təsvirdir, həm də təsvir edən qələmdir. Əşyalalrın canına yığılan rənglər birləşib-daşdanıb insanların üstünə gəlir, sel-su kimi küçələri başına alır.

Kimsə yazıb ki, düşünməyin özü artıq kağızsız və mürəkkəbsiz yazıdır.

Epiqraf yerinə verilən şeir parçası mətndəki hadisə dinamikasını anlamağa bir açardır. Müasir romanın diskurs strukturunda ən müxtəlif dil və nitq janrları oyundaş rolunda çıxış edir.

Əsərin bir yerində Mer və əsabələri yay kinotetarının sökülməsini müzakirə edərkən insanlar hansısa gözə görünməz dalğaların ağuşundaymış kimi təsvir edilir, onlar oyun daşları kimi burdan ora, ordan bura atılır, mətndə oynaılan “mer qambiti” hər şeyi, hər kəsi danışıqsız idarə edir, bu qayda pozulsa, hamını ağuşuna alan hərəkət sönər, bədii mətn orta nöqtəsindən çökər!

Mətndəki ideyalardan biri – hakimiyyət həyatı gücdən salır; yəni, onu əzib suyunu çıxarmaq üçün istənilən şey yalnız material qismində istifadə edilə bilər, canlı insan marionetkaya çevrilir, istənilən nəsnənin keyfiyyəti əzildikcə, istənilən insanın varlığı yerlə-yeksan edildikcə bəllənir. Sən nəyəsə qoşulmalı və nəyisə ardınca dartıb aparmalısan ki (dartı qüvvəsi), insan siması görünsün.

Məqsəd Nur

İşıqla qaranlığın, sevgiylə nifrətin tən ortasında qərar tutan qəhrəman diri ikən ölüdür, canlı meyitdir.

Qəhrəman tipi etibarı ilə statikdir, yəni bədii mətndə hazır verilmiş strukturdur, o, dəyişə, gördüyü iyrəncliklərə qarşı dura bilməz, yalnız məhv ola bilər, parçalanıb, xırdalanıb son tikəsi dağılanadək.

Bu mövqe (kompozisiya elementi – ideoloji müstəvi) mətndə sürətli dəyişmələrə yön verir.

Bu, gerçəkliyin donmuş halının yenidən canlandırılan modelidir. Merin avtomobilindən dünyanın baş-ayaq, insanların çevrilmiş formada görünməsi təkcə sürreal təsvir momenti deyil və təkcə müasir nəsr praktikasında tez-tez müraciət edilən təhkiyə metodu deyil.

Həm də xeyli dərəcədə real hadisədir, çünki bəzən bütün xəstəliklərə qalib gələn insan olur ki, zəmanə ilə xəstələnir.

Deyəsən, Borxesin hekayəsində var ki, bəzən çox qədim zamanların olayları həyatımıza müdaxilə edir və biz bunun fərqində olmuruq.

Hər kəs canında hanısa dövrün rudimentini daşıyır və qəbrə qoyulduqca bu naməlum nəsnə açılır, buna görə də tam mənada müasir və tam mənada arxaik adam yoxdu, hər şey təzə olduğu qədər qədim və əski olduğu qədər yenidir, düşükdür, qərar tutduğu sıradan düşməyə meyllidir.

Mətndə insanların qəribə davranışı və bunun kənardan çox əcaib görünməsi romandakı Paviçvari təsvirlər, üslubi xətt də zahiri oxşarlıqdır.

Paviçin intervülərinin birində xarakterik nüans vardı.

Əsərlərinin birindən bəhs edərkən oradakı şeytan obrazından danışır və əlavə edir ki, üstündən filan qədər vaxt keçdikdən sonra günlərin bir günü təsvir etdiyi monastırın yerləşdiyi məkana gedir, onu həyat yoldaşı ilə birlikdə qonaq edirlər və eyvanda ona deyirlər ki, bax sizin şeytan həyətdəki o daşın üstündə oturarmış...

Məqəsdin təsvirləri haqqında bunu demək olarmı? Müəyyən mənada bəli.

Kitabın içinə kömülən qum saatı və avtomobilin pəncərəsindən baxdıqda görünən metamorfoza.

Paviçdə kitabın oxu metodikasını bilməyənlərin ölüm dayanacağı bəllidir.

Burada, elə Məqsədin romanında da üslubun dediyi sözləri çözmək maraqlı olardı.

Təhkiyə sxemində hadisə hadisəni, yaxud detal başqa bir detalı izah etmək, onun semantikasını açmaq yerinə, onu bir az da tündləşdirir, rənglərin qamması qəlizləşir və bu mürəkkəblik ifrat həddə çatanda hər şey bir rəngin ifrat tünd çalarından pırtlayır.

Bələdiyyə binasına qalxan pillələrin üzərinə sərilən xalçanın qan selinə, rəng daşqınına dönməsi əslində elə o dəmdə xəyala gələn mənzərə ilə - bəyin xanımının yanında süngülünməsi ilə izah edilmir, bu həm də o deməkdir ki, anormal düşüncənin, sevgisiz həyatın üst-üstə yığılan məşəqqəti hardansa çat verir.

Məqsədin roman təfəkkürü və tipi etibarı ilə elədir ki, antiutopiyadan deyil, gerçəkliyin utopik və irreal təsvir momentinə qədər gətirilib dondurulmasından və beləcə sözün sükut formasından bəhs edilə bilər.


Yarım gün ərzində dəhşətli olaylar baş verir.

“Mənə elə gəlir ki, çox qocalmışam. Bu Gözətçi indi də mənə ədəb-ərkanla çağrılmağa layiq bilinib-bilinmədiyi müəyyənləşməmiş adam kimi müraciət edir… Mən bu adamı qana bilmirəm. Görünür, bayaqkı hərəkətlərim onda elə bir təəssürat yaradıb ki, mən kefliyəm. Axı, mən heç vaxt keflənməmişəm və içkili halda işə gəlməmişəm. Bəs, bu adam indi mənim haqqımda nə fikirləşir? Birdən ona qəzəblənirəm. O hələ bilmir ki, mən Şəhər Merinin avtomobilində nələr görmüşəm, hardan gəlib hara getmişəm. Vur-tut yarım gün ərzində mən şəhərin bir neçə küçəsi, prospekti, hökumət binası arasındakı məsafəni qət etsəm də, sanki min illik bir hadisə yaşamışam. (səh. 38)”

Min illik hadisəni yaşayan Fərəc gördüklərini sinirə bilmir, limhəlim dolmuş içi partlamaq həddindədir, ancaq tamaşa edən, dalbadal hadisə ilə rastlaşan qəhrəman şübhəsiz ki, olaylardan düzgün nəticə çıxarmır.

Ona elə gəlir ki, avtomobil sehrlənib, insanları bu şəklə salan, düşüncənin istiqamətini dəyişən mıəhz maşındır. – Sən yuxarıda döyüləndə Çernobl partladı!

Bu, mətnə kənardan düşən sözdür, dram əsərində kənara deyilən söz kimi.

Bu söz – hərəkətə sıçrayış anını mükəmməl şəkildə əks etdirir.

İnsanların bu və ya digər vəziyyətdə dedikləri sözlər, onların ağıl və dərrakəsini, hazırcavablığını deyil, personajlar, predmetlər arası distansiya və münasibətləri bəlləyir. Eynən “dünya qopur” sözü kimi.

“Ayağa durmağa, əsməcələrdən qıc olmuş ayaqlarımı dalımca sürüməyə, başımı üstümdə saxlamağa güc verərək onun dalıyca aşağı mərtəbəyə – giriş qapısındakı gözətçi otağına getməyə çalışıram. Deyəsən, mən hansısa heyvana dönmüşdüm. Mənə elə gəldi ki, Şəhər Merinin avtomobilində olduğu kimi, tulaya dönürdüm. Amma avtomobildə onun çəkmələrini yalamağa çalışsam da, bu dəfə çox hirsliydim və bu daxili qəzəbdən titrəyirdim. Kiməsə cummaq, kimisə qapmaq yox, mırıldamaq, zingildəməkçün gücənirdim. Amma quş kimi yüngüldüm: nə başqa işlər barədə düşünür, nə vicdan labirintlərində vurnuxur, nə də çoxsaylı beyin axınlarını təhlil edirdim – sadəcə, tüklərimi dikəldir, dişlərimi qıcadır, çiyinlərimi qabardır və müvazinətimi saxlamağa can atırdım… (s. 38)” .

Bu adam içində o qədər çək-çevir edir ki, küy maksimum həddə çatır, bu adam daxili nitqindən doğulur. Və daxili çək-çevirdə boğulur. Elə bil kimsə düşündüklərimi eşidir...

Fərəc özünün asılılığını, müstəqil olmadığını və ümumən nə qədər mənasız ömür sürdüyünü anlayır. Merin (hakimiyyətin) əzəməti fonunda Merin xarizması və zəhmi ilə istila etdiyi ərazidən kənarda heç nə yoxdur!

Dünya birdəfəlik tutulub və zəbt edilib. Ölmək də əlində deyil.

“...Şəhər Meri istəsə, bircə dəqiqənin içində məni öz gözləri, baxışları ilə öldürər, ya da elə bir çarə edər ki, o istədiyi qədər mən şərəfsizcəsinə yaşayıb-qalım, sonra hətta o rüsxət versə də, canımı tapşırmaqdan qorxum. Niyə insan hər zaman şərəfli ölmək istəyir – yəqin bunun cənnət və cəhənnəmlə birbaşa əlaqəsi var. Yoxsa, insan öləndə də komfort axtarır?..”

Məqsədin romanı çap edildikdən sonra şübhəsiz ki, çox müzakirə ediləcək.

Mətnin ən önəmli cəhəti, fikrimizcə budur ki, həyat, sevgi, ölüm, hakimiyyət və sair mətləblər haqqında mübahisə yaradır, insan təkcə danışdıqda, yazdıqda deyil, susduqda da səhvə yol verir və bəzən bu dönməz xarakter alır, insan getdiyi yerdən qayıda bilmir. Ancaq bu dünyada elə sözlər var ki, ölümdən qaytarır. Hər bir bədii əsər bu sözə görə qələmə alınır.

Həmçinin oxu
Məqsəd Nur "Şəhər meri" (Romandan parça)
İradə Musayeva Məqsəd Nurun mükafat alan romanını tənqid edir
XS
SM
MD
LG