Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:51

Vaqif Bayatlı Odər. Bir də o düzümdə, o gözəllikdə


Deyir yaş artdıqca ağıllanırıq,
Sevgidən, kədərdən,
sevincdən, qəmdən
Gözlər yaşardıqca ağıllanırıq;
ancaq mən bilən
bu dünyada hər şey,
Hər şey uşaqlıqdan bizə bəllidi.

Sevginin yarpağı, kədərin üzü,
Həyatın yarpağı, ölümün düzü,
müxənnətin zülmü, "zalımın qızı" -
Hər şey.
Hər şey uşaqlıqdan bizə bəllidi.

Dünyanın əvvəli; dünyanın sonu,
Yerdə doğulanın göydə solduğu,
Yalanın min üzü,
hər şeyin düzü
gəlib təkrar-təkrar keçəcək gendən.

Çoxdan unutduğum bir gözəl şeir
gəlib təkrar-təkrar,
gəlib qərib-qərib keçəcək gendən,
havası yadıma düşəcək bəlkə.

Ən gözəl nəğməni, ən gözəl şeiri
Uşaq vaxtı
bir yaz
üzüstə düşüb
bir qarışqa yuvasına demişəm.
O nəğmə təzədən
gəlib qərib-qərib duracaq gendə
Nə ola,
bir də o düzümdə, o gözəllikdə
təzə bir söz demək qismətim ola...
XS
SM
MD
LG