Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

2 aprel məhbuslarının ailə üzvülərinin gözü yoldadır


Xuraman Abbaslı
Xuraman Abbaslı

LAP FİLMLƏRDƏKİ KİMİ

2 aprel aksiyasındakı həmin görüntü çoxunuzun yadında qalar. Aksiyaçılar iri avtobusa doldurulub və polis pəncərədən içəriyə gözyaşardıcı qaz buraxır. İçəridəkilər kömək istəyir, çöldəkiləri haraya çağırır. Gerisi kadrlara düşməyib. Daha doğrusu, polisin kadrında həkk olunub.

Cəbhəçi Arif Alışlı özünü atıb avtobus qapılarını açır və içəridəkiləri çıxarmağa çalışır. Onun xanımı Xuraman Abbaslını eşidək:

- Özü zəng vurdu, gecə saat 12-də. Dedi ki, məni iki günlük saxlayıblar. İki gün oldu iki ay. İki ay da indi üç ay olacaq. Hələ buraxmayıblar. Nə deyib saxlayıblar bilmirəm. Avtobusa qaz vurublar. İçəridəkilər boğulurmuş, çöldəkilərdən haray istəyiblər. Bu da avtobusun qapısını açıb. İkisini buraxıb. Bir də açanda kameraya düşüb. Onunla da tutdular. 13 gün sonra. Aprelin 13-ü axşam tutdular. Zəng ediblər ki, filan yerə gəl. Çayxananın qabağından tutub aparıblar.

«AY QIZ, BURDA BİZ YAŞAYIRIQ BURA NƏŞƏ-ZAD ATARLAR…»

Arif Alışlı İctimai Palatanın 2 aprel aksiyasına görə saxlanıb. Haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə iş açılıb. Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin verdiyi məlumata görə, 2 aprel aksiyası ilə bağlı saxlananlardan 6-nın istintaqı yekunlaşıb. Onların arasında Arif Alışlı da var.

İş baxılması üçün iki günə məhkəməyə göndəriləcək. Yenidən Xuraman Abbaslını eşidək:

- Hər gün deyirdi ki, gedirəm, gəlməyə bilərəm, məni tutacaqlar. Qapını açıq qoyanda deyirdi ki, ay qız, burda biz yaşayırıq bura nəşə-zad atarlar…

BİR OTAĞA YIĞIŞAN BEŞ NƏFƏRLİK AİLƏ

Arif Alışlı ali təhsillidir. Amma 18 ildir rəsmən işsizdir. Rəngsazlıqla, fəhləliklə uşaqlarına bir tikə çörək qazanır. O da iş tapılanda.

Beş nəfər Badamdarda bir otaqlı evdə yaşayır. Təzə təmirdən çıxdığı dərhal bilinir.
Xuraman xanım deyir ki, keçən yay yoldaşı evi təmir üçün söksə də, yarımçıq qoyub Qubaya gedib. Qəfil iş çıxıb. Təmirsə qışda başa çatıb. Otağın bir küncündə yük yığılıb. Ailənin uşaqları- İlahə, Səbinə və Elmir burda yatırlar. Böyüklərsə mətbəxdə.

2 aprel aksiyasından görüntü

İlahə bu il orta məktəbi bitirib. Sənədlərini ali məktəbə verib. Bu haray-həşirdə diqqəti yayınmasın, hazırlıqdan qalmasın deyə onu nənəsigilə göndəriblər.

Utancaq, 15 yaşlı Səbinəsə danışmaq istəmir, mikrafondan qaçır. Bir bunu deyir ki, atamın yeri görünür, tez gəlsin.

O ki qaldı 3 yaşlı Elmirə - evin sonbeşiyinə.

«3 YAŞLI UŞAQ GECƏ BİRDƏ OYANIB AĞLAYIR»

Xuraman Abbaslı:

- Balacası, 3 yaşlı uşaq dəli olub. Danışa da bilmir fikrini çatdıra. Gecə saat birdə durur. O nə istəyir mən bilirəm. Ağlayır-ağlayır yatır. Atasını istəyir. Böyük qızım zəng edir ki, ana, Arif gəlmədi, atam gəlmədi? Uşaqlar da bilir ki, bunun cinayəti yoxdur...

36 yaşlı Xuraman Abbaslı toxtaqdır. Göz yaşına güc verənlərdən deyil, qəhərini tez boğur.

- Qınayırsızmı yoldaşınızı?

- Yox, qınamıram. Qınamalı heç nə yoxdur.

- Amma belə fikirləşənlər də var ki, işi ilə məşğul olsaydı ailəsinin yanında olardı...

- İşi var ki? İşi ola ki, məşğul ola. 18 ildir işsizdir. 12 ayın 3 ayını işləmək işdi? Ali təhsilli adam daş daşıyar? Heç fəhləlik də tapılmır... İstəsələr bu dəqiqə buraxarlar. Bu neyləyib, adam öldürməyib, cinayət əməli yoxdur. Bunu buraxmalıdırlar. Bunun 3 uşağı var, 3 uşağı saxlayandırlar onlar? Ümid bunların əlindədir. İstəsələr bu dəqiqə buraxarlar. İstəməsə deyəcək gəl otur 3 il burda.

- Özünüzü hansı ehtimala daha çox hazırlamısız?

- Nə bilim… Haqqa qalsa deyər get evinə.

- Deyəsən, o pis ehtimalı ağlınıza qəti gətirmək istəmirsiz?

- Yox…

Söhbətə Arif bəyin qardaşı oğlu Vasif Alışlı da qarışır:

- Onu heç birimiz ağlımıza gətirmirik. Başqaları üçün də eləcə. Elə absurd addım atmazar.

«BABAMIZ DA MÜSAVATÇI OLUB»

O da cəbhəçidir. Altı il müəllim işləyib, sonra işdən çıxıb. Deyir ki, haqsızlığa dözməyib:

- Düzdür, çətinlik var. Mən özüm gənc ailəyəm. Körpə uşaq var. Amma ağlım kəsəndən biz bunları cəbhəçi görmüşük. Babam da müsavatçı olub. Müsavat əsgəri olub. İkinci dünya müharibəsində əsir düşəndə onu güllələməyiblər, kommunistləri güllələyiblər, onu yox. Müsavat bileti olub, orda ştab əsgəri olub. Gələndə 9 il iş kəsiblər. Bu gendən gələn bir şeydir - məmləkəti azad görmək…

Arif Alışlının haqqındakı iki aylıq həbs müddəti iki həftədir bitib. İş məhkəməyə göndərilib.

Xuraman Abbaslı deyir ki, üç uşaqla hər gün yol gözləyir. İndi hər qapı taqqıtısına, hər zəng səsinə dik atılır. «Buraxdılarmı? Odurmu» deyib sevinir. Ta ki, dəstəyin o başından gələn səsi eşidənə, qapı açılıb, gələn adamı görənə kimi.

Sonuncu dəfə Arif Alışlı onlara məktub göndərib. Yazıb ki, darıxmayın gələcəm:

- Darıxırq. Gözləyirik. Düz on gündür gözümüüz dirənib indi gələr, bu saat gələr. Zəng edərlər ki, məhkəmə bu gündür gəlin. Keçən həftə olmalıydı qalıb. Ayın 27-dir bu gün. Gör neçə gün keçib?

Əsəb oynadırlar. İki ay vermisən, nə ixtiyarın var artıq saxlamağa...

Xuraman xanımın indi bircə arzusu var:

- Ailəsinin içinə qayıtsın. Gecə-gündüz Allaha dua edirik...

Aprelin 2-də baş vermiş hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG