Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Etiraz aksiyalarının əhəmiyyəti varmı?


Sərdar Cəlaloğlu
«İşdən sonra» proqramında İctimai Palatanın üzvü Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və «Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov hazırkı siyasi vəziyyətdə kütləvi aksiyaların əhəmiyyəti barədə fikir mübadiləsi aparırlar.

Sərdar Cəlaloğlu:

- İctimai Palatanın son bir ay ərzində keçirdiyi aksiyaları götürsək, görərik ki, bu aksiyalar nəticəsində Azərbaycanda kifayət qədər möhkəmlənməmiş və kütləvi xarakter almamış Yaxın Şərq əhval-ruhiyyəsi ölmüşdür. Bunu İctimai Palatanın liderləri özləri də etiraf edirlər.

Pənah Hüseyn:

- Kim etiraf edib? Deyə bilərsinizmi bəy, xalq da bilsin. Ola bilər, Sizinlə çay içəndə kimsə nəsə deyib. Bəlkə mətbuatda rast gəlmisiniz bu fikrə?

Sərdar Cəlaloğlu:

- Fərqi nədir. Bu sözü mən deməmişəm ki. Bəli. Mənə şəxsən çay içəndə deyiblər bu sözü.

Pənah Hüseyn:

- Siz mötəbər mənbə deyilsiniz. Şərləyə də bilərsiniz kimisə.

Sərdar Cəlaloğlu:

- Biz indi buradan çıxanda, mən zəng edərəm yoldaşla şəxsən özün danışarsan. İctimai Palatanın rəhbərlərindən biridir. Pənah bəy, icazə verin fikrimi yekunlaşdırım. İndi Siz istəyirsiniz ki, iqtidarın özünü Yaxın Şərq inqilabından sığortalamaq üçün atdığı addımları İctimai Palatanın keçirdiyi 3 aksiya ilə əlaqələndirəsiniz. Ümumiyyətlə, son hadisələrin Azərbaycanda təsirini azaltmaq məqsədilə atılan addımların İctimai Palatanın keçirdiyi aksiyalarla heç bir əlaqəsi yoxdur. Çünki 2005-ci ildə «Azadlıq» blokunun parlament seçkiləri ərəfəsində 150 min, 2003-cü ildə 200 min nəfər meydana adam yığdıqda belə, iqtidar heç bir kiçik demokratik addım atmayıb. Biz niyə bu son aksiyaların əleyhinəyik?

Pənah Hüseyn:

- Niyə əleyhinəsiniz? Paxıllıqdan. Özləri bacarmır. Yaxud sifarişdən.

Sərdar Cəlaloğlu:

- «Azadlıq» qəzeti yazır ki, Pənah bəy hökumətin sifarişini yerinə yetirir. İndi Siz mənə o sözü deyirsiniz. (Gülür).

Pənah Hüseyn:

- İfadə azadlığıdır. Kimsə o fikrə düşə bilər.

Sərdar Cəlaloğlu:

- Mən də Sizin fikrinizə hörmət edirəm. Amma o sözü Sizin haqqınızda deyiblər, mənim haqqımda yox. Xahiş edirəm diqqətlə qulaq asın. İndi 3 aksiya keçirmisiniz, bunu böyük qəhrəmanlıq hesab edirsiniz.

Pənah Hüseyn
Pənah Hüseyn:

- Mən bu yolla özümü ifadə edirəm. Bir nəsə iş görən İctimai Palata var, bir də onun tənqidi ilə məşğul olan siyasətçilər var.

Sərdar Cəlaloğlu:

- Siz haqlısınızsa, dözün, mən fikrimi deyim.

Pənah Hüseyn:

- Ağsaqqal adamsınız. Mənim yaşım qədər Sizin siyasi təcrübəniz var. Mən istəmirəm axı....

Sərdar Cəlaloğlu:

- Siz haqlısınızsa, niyə narahatsız? Niyə imkan vermirsiniz danışmağa?

Pənah Hüseyn:

- Mən acıyıram Sizin düşdüyünüz vəziyyətə. Mən həqiqətən bir şey anlamıram.

Sərdar Cəlaloğlu:

- Mən bu aksiyaların əleyhinə deyiləm. Bu aksiyalar kütləvi təşkil olunmur. Kortəbii yığışıb haradasa 5 nəfər etiraz aksiyası keçiribsə, bu, İctimai Palatanın 3 həftə əvvəldən planlaşdırılmış aksiyasına nə aidiyyəti var? Bunun özü göstərir ki, bu, İctimai Palatanın aksiyası deyil.

Pənah Hüseyn:

- Xalqın aksiyasıdır.

Sərdar Cəlaloğlu:

- Məsələn, Yunanıstanda 10 minlərlə insan aksiyaya çıxır. Şəhəri yandırırlar, dağıdırlar. Nə hökumətdən istefa verən var, nə də hökumət həyata keçirdiyi siyasətdən əl çəkib. Kütləvi aksiyalarda məqsəd hökuməti siyasi islahatlara məcbur etməkdirsə, dünya təcrübəsi göstərir ki, hətta İctimai Palatanın keçirdiyi aksiyalardan 100 min dəfə böyük aksiyalarda belə hökumət geri çəkilmir.

Pənah Hüseyn:

- Siz deyirsiniz ki, səhv edirlər bu aksiyaya çıxanlar?

Sərdar Cəlaloğlu:

- Mən demirəm ki, səhv edirlər. Mən deyirəm ki, görünən budur ki, bu aksiyalarla hökuməti dəyişmək mümkün deyil.

Pənah Hüseyn:

- Əvvəla çox ciddi reformalar bir qayda olaraq cəmiyyətin əhəmiyyətli bir hissəsinin, kütlənin təzyiqi ilə ifadə olunur. Bu müxtəlif şəkildə ifadə olunur, o cümlədən bunun ən yüksək, ən sivil yolu kütləvi aksiyalardır. Normal, dinc kütləvi aksiyalar. Mənim hüququm var aksiya etməyə. Niyə tənqid edirsiniz?

Sərdar Cəlaloğlu:

İlqar Məmmədov
- Mövzu kütləvi aksiyaların əhəmiyyətidir.

Pənah Hüseyn:

- Bu aksiyaların ən azı öz azadlığını ifadə etmək baxımından əhəmiyyəti varmı?

Sərdar Cəlaloğlu:

- Bəli. Küçəyə çıxıb, orada qışqırmaq baxımından əhəmiyyəti var. Amma ictimai əhəmiyyəti yoxdur.

İlqar Məmmədov:

- Kütləvi etirazlara icazə verilir və ya verilmir mövzusu ikinci növbəlidir. Ondan daha üstün mövzular var, o cümlədən belə aksiyaların səmərəliliyi mövzusu. İcazə verilir, verilmir mövzusu əhəmiyyətini itirib artıq. Çünki bu aksiyalar kütləviləşmir. Mən Sərdar bəylə Pənah bəyin söhbətinə qulaq asıb özümü 1995-ci ildə hiss etdim. Çünki mövzu dəyişmir. Eyni adamlar oturublar 95-ci ildən eyni mövzunu danışırlar.

Pənah Hüseyn:

- Vallah Siz təzə şey danışsanız, biz də Sizə qulaq asarıq. Bir az etik olmaq lazımdır.

Sərdar Cəlaloğlu:

- Mən İlqar bəyi 95-ci ildən AMİP-in funksioneri kimi tanıyıram. Təzə adam deyil ki? Təzə funksiyada çıxış etsə də, təzə adam deyil.

İlqar Məmmədov:

- Bu, zaman maşınıdır və heç bir şey dəyişmir. Azərbaycanda 70-ci illərdə dedikləri kimi, durğunluq təkrar olunur. Həm iqtidar, həm də müxalifət 95-ci ildə ən yaxşı halda ilişib qalıblar. Onlar Azərbaycanda mövcud mövzulara məhəl qoymurlar. Onlar nəzərə alınmır, diqqət yetirilmir. Hansı ki, bu mövzular insanları maraqlandırır. Tutaq ki, «İstefa!» şüarı Pənah bəy, Sərdar bəy üçün maraqlıdır. Çünki onlar siyasətçidirlər və istəyirlər ki, kimsə vəzifəsindən getsin, onlar gəlsinlər vəzifəyə. «İstefa!» şüarı bəlkə də minlərlə insanları 3-cü, 4-cü növbədə maraqlandırır. İnsanların problemlərini insanlarla danışan siyasətçilər çox azdır. Bu aksiyaların da iflasa uğramasının, ora cəmi bir neçə adamın çıxmasının səbəbi də məhz bundadır. Yeni Azərbaycan Partiyasına da, repressiv rejimə də faydalıdır ki, Azərbaycan müxalifəti səhərdən axşama qədər mitinqə icazə verilib verilməyəcəyini danışsın. Ondan sonra YAP təmsilçiləri çıxıb deyirlər ki, Azərbaycan müxalifətinin xalqa mitinqdən başqa təklif edəcəyi mövzu yoxdur. «İstefa!» şüarından başqa deməyə sözü yoxdur. Elə bu səbəbdən biz bu mitinq mövzusunu ikinci dərəcəli mövzu kimi görürük. Azərbaycanda əsas mövzular insanların əmək haqları, sığorta, şəffaf büdcə, büdcə oğurluğunun qarşısının alınması, korrupsiya, xarici siyasətdir. Biz istəyirik ki, siyasilər həqiqi siyasi mövzuları danışsınlar.

Pənah Hüseynin İlqar Məmmədova cavabını eşitmək və studiyanı niyə vaxtından əvvəl tərk etməsinin səbəbini bilmək istəyirsinizsə, verilişi tam olaraq dinləyin:
XS
SM
MD
LG