Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Müxalifətin aksiya keçirməyə gücü varmı?


2 Aprel aksiyası
2 Aprel aksiyası
İctimai Palata iyunun 19-da növbəti aksiya keçirməyə qərar verib. Amma belə fikirlər var ki, müxalifət növbəti aksiya ilə bağlı qərar verməkdə tələsib. Bu fikri müdafiə edənlər hesab edirlər ki, fəalların bəzilərinin həbsdə olduğu bir vaxtda aksiyaya gələnlərin sayı xeyli az ola bilər.

Müxalifətin bundan əvvəlki aksiyalarından birinə görə, 10 günlük həbsdə yatan Müsavat başqanının müavini Tofiq Yaqublu represiyaların növbəti mitinqlərə təsir edəcəyi ilə bağlı deyilənlərlə razılaşır. Amma deyir ki, haqsız yerə həbsdə olanların azadlığa buraxılmasını istəyənlər daha çoxdur və onlar növbəti aksiyaların daha izdihamlı keçirilməsində maraqlıdırlar.

«DÖYÜLƏNLƏR DƏ OLUB, TUTULANLAR DA»

«İndiyə qədər ki, aksiyalarımızda döyülənlər də olub, tutulanlar da olub, amma sonrakı aksiyalarda azalma baş verməyib. Ümid edirəm ki, bu dəfə də belə olacaq».

Barəsində cinayət işi açılan və polis nəzarətində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da növbəti aksiyaya daha çox adamın gələcəyini düşünür. Onun sözlərinə görə, əslində mübarizədə prinsipiallığın və davamlılığın olmaması mənfi nəticələrə səbəb ola bilər:

«Hakimiyyət hesab edəcək ki, represiyalarla cəmiyyətdəki etirazların qarşısını almaq mümkündür. Ona görə də mübarizəyə qərar vermiş insanlar üçün həbslər, təzyiqlər gözləniləndir».

Meriya razılıq verməsə və ya ucqar bir yerdə meydan təklif etsə müxalifət aksiyanı keçirəcəkmi sualına gəldikdə Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, bu barədə son qərarı İctimai Palata verəcək.

Azər Rəşidoğlu
Siyasi şərhçi Azər Rəşidoğlu müxalifətin belə tezliklə aksiyaya qərar verməsinin məqsədəuyğun saymır. Onun fikrincə, bu müxalifətin qalan elektoratın da zəifləməsinə səbəb ola bilər.

«BU ÇOX SÖNÜK ALINACAQ»

«Meriya şəhərin mərkəzində mitinqə icazə verməyəcək. Müxalifət aksiya keçirməyə cəhd eləsə bu çox sönük alınacaq».

Bəzi siyasi təhlilçilər hesab edirlər ki, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin İctimai Palata üzvləri ilə ikinci dəfə görüşməsi müxalifətin yenidən fəallaşmaq istəyi ilə bağlıdır. Yeri gəlmişkən iyunun 10-da Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirlikləri ilə İctimai Palatanın rəhbərlərinin ikinci görüşü olub.

Amma Yeni Azərbaycan Partiyasının iştirakı olmadan keçirlən bu görüşlərdən hakimiyyətin narazı qaldığı görünür.

HAKİM PARTİYANIN GÜLÜŞÜ...

YAP icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində deyib ki, böyük dövlətlərin səfirlərinin heç bir sosial dayağı və qeydiyyatı olmayan İctimai Palata üzvləri ilə görüşməsi gülməli görünür.

Diplomatik korpus nümayəndələri ilə bundan əvvəlki görüşdən sonra müxalifətin 17 aprel aksiyasının qarşısının daha zorakı üsulla alındığını yada salan Azər Rəşidoğlu düşünür ki, belə bir görüş hakimiyyəti yumşaltmır. Əksinə aprel ayının əvvəllərində keçirlən birinci görüşdən sonra Qərb ölkələrinin diplomatlarının özləri belə parlamentdə hakim çoxluğun ciddi tənqidlərinə məruz qalmışdı.
XS
SM
MD
LG