Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:24

Elnur Məcidli: «Cinayət işinə xitam verilməsi də qarantiya vermir»


Elnur Məcidli
Elnur Məcidli
«BU İŞİN DONDURULMASIDIR»

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən bloqqer Elnur Məcidli ilə bağlı cinayət işinin icraatı dayandırılıb.

Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O məsələyə aydınlıq da gətirib: «İşə xitam verilməyib, icraatı dayandırılıb». Amma icraatın niyə dayandırılmasını izah etməyib.

Elnur Məcidli isə prokurorluğun bu addımını belə qiymətləndirir:

«Əslində bu, işin dondurulmasıdır. Mən çox istərdim ki, bu işə xitam verilsin. Mən Azərbaycana gəlsəm, bu işi yenidən qaldıra bilərlər. Bu risk var. Ümid edirəm ki, xitam veriləcək. Dayandırılması tam qərar deyil. İşin dayandırılması mənim günahsızlığımı sübut etmir».

Elnur Məcidli deyir ki, icraatın dayandırılması müəyyən mənada müsbət addımdır. Amma yetərli deyil. Hərçənd düşünür ki, işə xitam verilməsi də tam təminat deyil.
«Hətta qarantiya da deyil. Sabah Azərbaycana gələndə yenidən cinayət işi qaldıra bilərlər...».

HANSI HALLARDA İŞİN İCRAATI DAYANDIRILA BİLƏR?

Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli deyir ki, cinayət işinin icraatı bir çox hallarda dayandırıla bilər. Amma konkret Elnur Məcidli ilə bağlı ağla gələn səbəb budur:

«Cinayət Məcəlləsinin 53-cü maddəsinin mənasına və işin ayrıntılarına görə, «təqsirləndirilən şəxsin olduğu yer müəyyən olunmadıqda» işin icraatı dayandırıla bilər. Yəni yeri məlum olmadıqda».

Amma hüquqşünas deyir ki, Elnur Məcidlinin yerinin istintaqa məlum olmadığı inandırıcı görünmür.

«Elnur internetdə harada olduğu barədə vaxtaşırı özü yazır. İnternetdə onun İP-sindən də harada olduğunu təxmin etmək mümkündür».

Hüquqşünasa görə, bəlkə də Elnur Məcidli rəsmən beynəlxalq axtarışa verilməyib.

Verilibsə də, İNTERPOL-dan imtina cavabı gəlib. Rədd cavabı niyə gələ bilər?
«İNTERPOL siyasi sifarişlə işləmir. Siyasi səciyyəvi cinayətlərə görə beynəlxalq axtarış müraciətlərinə baxmır».

Eurovision müsabiqəsində Azərbaycanı təmsil edən Ell və Nikki cütlüyü
Yeri gəlmişkən, İNTERPOL-un saytında axtarışda olanlar siyahısında Elnur Məcidlinin adı yoxdur.

«EUROVİSİON»DAKI QƏLƏBƏNİN TƏSİRİ

Hüquqşünas deyir ki, prokurorluğun açıqlaması tam olmadığı üçün fərziyyələrə yol açır. Yəni siyasi niyyətlə başlamış, siyasi niyyətlə də dayandırılır. Elə Elnur Məcidli də icraatın dayandırılmasını siyasi səbəblə izah edir:

«Bunu da Azərbaycanda gedən proseslərlə izah edirəm də, həm də «Eurovision»dakı qələbəylə izah edirəm. Məncə, bu qələbənin Azərbaycana böyük təsirləri olacaq».

Bu il aprelin 1-də Elnur Məcidli haqda Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə cinayət işi başlanıb. O, dövlət əleyhinə açıq çağırışlar etməkdə günahlandırılırdı.

27 yaşlı Elnur Məcidli Strasburq Universitetinin məzunudur. Hüquqşünasdır. 10 ildir jurnalistika ilə məşğul olur.

HƏMÇİNİN OXU:
Səfir Roland Kobia: ««Eurovision-2012» qızıl imkandır»
«Eurovision» Azərbaycanı dəyişdirə bilər
Respublika günü, «Eurovision», Eynulla Fətullayev
Eynulla Fətullayev azadlıqda
XS
SM
MD
LG