Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

Sabir Rüstəmxanlı: «Bəzən də demokratiyaya parodiya...»


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Bu il müstəqillik aktının imzalanmasının 20 ili tamamlanır.

AzadlıqRadiosu bu silsilədən növbəti müsahibəni Sabir Rüstəmxanlıdan götürüb.

Sabir Rüstəmxanlı müstəqillik aktına imza atanlardan biridir. O zamanlar məşhur olan «Ömür kitabı»nın müəllifidir. Həm siyasətçi, həm yazar olaraq onun 20 ilə qiyməti necədir?

Sabir Rüstəmxanlını Yardımlıda «haqladıq». Həm də tək yox. Rusiyadan gələn həmkarı ilə, elə düz Yardımlı şəlaləsinin yanında.

«MÜSTƏQİLLİK «ÖMÜR KİTABLARI»NIN NƏTİCƏSİDİR»

- Sabir bəy, yenidən «Ömür kitabı» yazsaydız 20 il haqqında nələri qələmə alardız? Bu «Ömür kitabı»nı hansı ovqatda yazardız?

- Əslində mənə elə gəlir ki, müstəqillik «Ömür kitabları»nın nəticəsidir. Azərbaycan ədəbiyyatının, mütəfəkkirlərinin yüz illərlə davam etdirdiyi bir ideyanın, yolun nəticəsidir. Çox ağır dövrlər yaşadıq bu iyirmi ildə. Bu iyirmi ildə ölkəmizin bir tərəfi işğal altda ola-ola dövləti qurduq. Bir tərəfdən demokratikləşmə getdi, bəzən də bu demokratiyaya parodiya... Bu şəraitdə yenə dövlət yaşayır. 1918-1920-ci ildəki cümhuriyyətdən on dəfə artıq yaşayıb. Bu dövlətin geri dönüşü yoxdur. Əlbəttə problemlərimiz var, narazılıqlar var, iqtisadiyyatda, siyasətdə, hakimiyyət bölgüsündə çətinliklərimiz var, narazılıqlarımız var. Bundan da keçməliyik.

- Belə başa düşdüm ki, xoşbəxt sonluğa hələ var?

- O cəmiyyət ki, hesab eləsə hər şey bitib, bu ölüm deməkdir. Bu problemləri qarşılıqlı ittihama çevirməkdənsə onların həlli üçün birgə mübarizə aparmalıyıq. Amma səbrlə, dözümlə. Burda ən çox məsuliyyət də hakimiyyətin boynundadır.

SABİR RÜSTƏMXANLININ ÜRƏYİNDƏKİ MUZEYDƏ KİMLƏR VAR?

- Sabir bəy, müstəqillik aktına imza atanlardan biri də sizsiz. O imzanı atanların çoxu bu gün parlamentdə deyil, siyasətdə deyil, bəziləri hətta Azərbaycanda deyil. Onları görməyəndə nə düşünürsüz?

- Mənim «Xətai yurdu» adlı kitabım var. Orda 1988-ci ildən sonrakı mərhələdə gəncliyin, yeni qüvvələrin mübarizəsi təsvir olunur. Sonda müstəqillik aktının qəbulu və üçrəngli bayrağın parlamentə gətirilməsi yer alır. Mən kitabda müstəqillik aktına qol çəkənlərin hamısının adlarını çəkib, xarakterlərini yığcam göstərməyə çalışmışam. O illər mənim tərcümanımın, ömrümün bir parçasıdır. O zaman Müstəqil Azərbaycan deputat bloku vardı, mən də onun həmsədrlərindən biriydim. Müstəqillik aktının hazırlanması, oxunması, etirazlar, çıxışlar bizim razılığımızla, səyimizlə olurdu. O adamlar mənə doğmadır. Mən «Xətai yurdu»nu çox sonralar yazdım. Amma sonradan baş verənləri qarışdırmadım. O köhnə illərin, müstəqillik ehtirasları və sevgisi ilə yazdım. Ürəyimin bir yerində toxunulmaz, qoruq, muzey kimi saxladım guşə var. Orda həmin adamlar var.

«BU İL O ADAMLARIN XİDMƏTİ NƏZƏRƏ ALINMALIDIR»

- Sabir bəy, sonradan nə dəyişdi? Sizmi, həmin adamlarmı?

- Hamı bir az dəyişdi. Amma mən ən az dəyişənlərdən biriyəm. İndi onların arasında həbsdə olanlar var, ölkədən gedənlər var. Neçə vaxtdır çalışırıq onların təqaüdü həll olunsun. İyirmi illik qeyd olunur, onların xidmətləri nəzərə alınsın. Bu gün vəzifədə olanların çoxu o illəri nəzərə almaq istəmir. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım, elə bilirlər, daimi müstəqil dövlətin vəzifə sahibləri olublar. Halbuki o yükü çəkən, boynuna kəfən salıb mübarizədən keçənlər vardı. Bu il onların bu xidməti nəzərə alınmalıdır, o adamlara, tarixə münasibət dəyişməlidir, o adamların haqqı verilməlidir. İstiqlaliyyətə xidmət edən hər bir adam qiymətli adamdır. Çox istərdim bu il milli barış il ili olsun, milli həmrəylik ili olsun.
XS
SM
MD
LG