Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Zərdüşt Şəfinin onluğa düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin razılığı ilə onu "Oxu zalı"nda dərc edirik.

Zərdüşt Şəfi

“Başqa bir gün” silsiləsindən

Qurtuluş yoxdur
(Hekayə)

Ətrafı dörd gözlə süzdü: mağara girib-çıxan, stollara qulluq edən cavanlar, gələnlər, gedənlər, bir kənara çəkilib göz yaşlarını gizlədənlər, hər kəsin içində ağlayanlar- rəhmətliyin bir gün qabağa kimi yaşadığı məhəllədə qurulmuş çadırın ətrafında xeyli adam qaynaşırdı.

O ağır addımlarla mağara girdi. Üzlərini çevirib bircə saniyəlik kədərli gözləri ilə onu süzən kişilərə başını hüzünlü şəkildə yellədərək keçib bir qıraqda, hamıdan kənarda oturdu. Telefonunu səssiz rejimə keçirtdi, bir siqaret odladı.

Xəbəri eşidəndən bəri özünə gələ bilmir, siqaret dalınca siqaret odlayır, ancaq gözündən bir damcı da yaş çıxmırdı. O heç vaxt ağlamağı bacarmamışdı.

Molla ölümü özü görmüş kimi qorxulu səslə əllərini dua vermək üçün qaldıranda o da hər kəs kimi əllərini önə uzadıb qarşısında açaraq, şəhərin mərkəzində hər addımda pul dilənən uşaqlar kimi gözlərini yuxarı zillədi. Gözünə mağarın paslı dəmirləri və çirkli çadırın boz-yaşıl rəngindən başqa heç nə sataşmadı.

Nə demək lazım olduğunu, nə oxunduğunu bilmir, sadəcə ürəyində ağlına gələn bütün sözləri ard-arda düzərək sürətlə dodaqlarını tərpədərək nələrsə pıçıldamağa çalışırdı.
Əslində yas mərasimlərinin ölüyə heç bir aidiyyatı yoxdu deyə düşünür, kədərini içində saxlayır, özünü tox tuturdu.

Duadan dərhal sonra hər kəs süfrəyə düzülən şirniyyata və çaya dadandı- külçə, qoğal, paxlava, şəkərbura, halva və tünd qara, acı çay.

Mərhumun qohumları əllərindən gələni eləmişdilər. Yazıq sağlığında bunları özü yesəydi bəlkə də ölməzdi.

Salavat çevirdiyi an şeytan görmüş kimi diksindi: “parazit” üzbəüz stolda oturmuş, onun üzünə qorxaq və üzgün nəzərləri ilə baxaraq dua edir, başını narazılıqla sağa-sola ağır-ağır yellədir, az qala ağlayır, bir yandan da dayanmadan şirniyyatı və çayı ard-arda ağzına təpirdi.

Ona elə gəldi ki, yasına gəldiyi dostunu parçalayıb, bədənini stollara xeyrat deyə dağıdıblar və bu “parazit” ciddi-cəhdlə, gözləri yaşlı halda onun dostunun ətini marçıldadaraq yeyir, üstündən də qara qanını çay əvəzi içirdi.

Tez səntirləyərək ayağa qalxdı. Süfrənin arxasından çıxarkən stolun dəmir ayağına dizini vuraraq çayları dağıtdı. Əlini sinəsinə qoyub ona baxanlardan ürəyində üzr istədi.

Qarşısına çıxan ölü yiyəsi onu buraxmaq istəmir, xahiş edirdi ki, heç olmasa bir stəkan çay içsin, xeyrat dadsın. O var gücü ilə imtina edərək özünü birtəhər qapıdan çölə saldı.

Axı bu “yamyam” onun getdiyi bütün yerlərə hardan gəlib çıxırdı? Necə olurdu ki, bu boyda şəhərdə hara getsə də, hara qaçsa da qarşısında onu görürdü. Zalım oğlu elə bil suda-quruda gəzən, qarşısıalınmaz tankdı. Hara getsə ondan əvvəl gəlmiş olur, hər yerdə sanki onu təqib edirdi.

O sanki hər yerdə var və heç yerdə yoxdu. Ondan bir dənədi və O bir də olmayacaq. Laməkandı. Ondan qaçıb qurtulmaq mümkün deyil- şeytan kimi, ölüm kimi bir şeydi.

Mağardan çölə çıxan kimi bir siqaret odlayaraq mərhumun yaxınları haqqında düşündü: yoldaşına, oğluna başsağlığı diləmək, burda və yanlarında olduğunu xatırlatmaq lazım olduğunu düşünüb binanın blokuna tərəf çevirdi.

“Parazit” artıq orda idi və mərhumun ailəsinə dil-ağız edirdi: “Allah rəhmət eləsin anam, axır qəminiz olsun... Nə yardım, nə kömək lazım oldu, lap gecə 3-də, mən hazır...”

Şeytana lənət olsun. O yenə bir addım öndə gedirdi.

“Əstəğfurullah” -edib əlini üzünə çəkdi. Dərhal kimsə qoluna girdi: ”Özünü pis hiss edirsən? Ürəyin sıxılır? Su gətirim?”

Bu yenə “parazit” idi. Təz qolunu onun əlindən çəkib aldı. “Sağ ol, yaxşıyam, Allah razı olsun... sağol...”- deyib birtəhər ondan uzaqlaşdı.

Tez-tez arxasına baxır, onun gəlmədiyinə əmin olmaq istəyirdi.

Gələ bilir gəlsin, vuracaq, vallah vuracaq, çənəsini çıxardacaq onun, gələ bilir gəlsin.
Təcili işə qayıdıb, yarımçıq qoyduğu sənədləri yoxlamalı, sabahın planlarını tutmalı, işini mümkün olduğu qədər tez təhvil verib özünü gözəl balasının və xanımının yanına çatdırmalı idi.

Müdirinin otağının qarşısında dayandı. Otağa daxil olub katibənin işıq saçan simasına baxdı.

“Yanında adam var... Sizə çay verimmi? Bir az özünüzə gəlin. Rənginiz ağappaqdı.”
“Ver.”

Qız ona çay gətirdi. Əl çantasını açıb içindən bir şokolad da çıxartdı.

“Tofiq bəy, çox dərd eləməyin, bir gün gələn bir gün gedəcək, hamımız öləcik, amma o vaxta kimi xoşbəxt yaşamaq lazımdı...”

Elə qıza cavab vermək istəyirdi ki, qapı açıldı və içəridən “parazit” çıxdı.

Elə bil onu ildırım vurdu. Stəkan əlindən düşdü, çay yerə salınmış xalının üstünə hopmağa başladı.

“Heç nə olmaz, narahat olmayın.”-dedi katibə.

“Bax, vallah, Tofiq, son zamanlar gözümə yaxşı dəymirsən, gəl səninlə bir həkimə gedək. Bax mən də səninlə gedirəm. Gedəkmi?- “Parazit” öz köməyini təklif etdi, sonra da üzünü katibəyə tutub sözünə davam elədi.- Zarafat deyil, 20 il eyni otaqda oturub, eyni fincandan çay içiblər, indi içməsinlər, pis təsir edib...”

Katibə razılıqla başını yellədi.

Bu arada Tofiq otaqdan çıxıb sürətlə öz otağına tərəf uzaqlaşdı. Içəri girən kimi qapını arxasınca vurub, rəzəni çəkdi və qapıya söykəndi. Daha içəri heç kim girə bilməzdi.

Elə bil nəfəsi kəsilirdi. Dərindən nəfəs alır, amma yenə də havanı yetərincə uda bilmirdi.

“Bax, al, sakitləşdiricidi...”

Gözlərini açıb qarşısına baxdı. Lənət sənə kor şeytan! O yenə də qarşısında dayanmışdı.

“Burda neynirsən?”

“Dedim onsuz çox darıxacaqsan, zarafat deyil, iyirmi il bir fincandan çay içmisiniz, bir yerdə gəzib dolaşmısınız... dedim otaqda tək sıxılarsan.. yazıqsan axı... Allah eləməsin bir şey olar. Yanında adam olsun...”

Ondan uzaqlaşmaq üçün bir zamanlar dostunun əyləşdiyi stola tərəf getdi və donub qaldı:”Bu nədi belə? Hanı..?”- deyə əlini boşaldılmış stola uzatdı.

“Apardım əşyaları verdim oğluna, lazım olar, atasıdı da, ona daha əzizdi... həm də indi burda sən tək qalmayassan ki, həmişə bu boş stola baxmayasan deyə müdirdən icazə aldım, indi burda mən oturacam..”

“Necə yəni burda sən oturacaqsan?”

“Sevinmirsən? Biz artıq otaq yoldaşıyıq, həm də iş yoldaşı, artıq mən də sizin bölmədəyəm...”

Elə bil başına bir qrafinka su tökdülər. Dalı-dalı gedib qapıya dəydi, otaqdan çıxdı. Qaça-qaça pillələri enib binadan uzaqlaşdı.

Evə getmək, bütün bunları unutmaq, balasını qucaqlamaq və xanımının qollarında yatmaq istəyirdi. Hər halda orda artıq heç kim qarşısına çıxa biməz! Yox, əlbəttə çıxa bilməz, bu lap ağ olar!

Dəmir qapının önündə dayandı. Içəridə onu balaca balası və xanımı gözləyirdi. Onlara nəsə bildirmək, onları üzmək istəmirdi. Hər gün, işdən evə qayıdanda gündəlik ağrılarını, yorğunluğunu bax burda pilləkənlərə tullayıb içəri daxil olurdu.
Əlini qapıya tərəf uzadanda qapı açıldı və kim isə arxası ona tərəf baş əyə-əyə içəridən çıxdı: “Yaxşı olar inşallah. Indi gələr. Narahat olmayın... Zarafat deyil, 20 il bir yerdə işləyiblər, bir fincandan çay içiblər... Nə lazım olsa mən burdayam... Gecə saat 3-də də....”

O mat-məəttəl adamı tutub üzünü çevirdi. Bu yenə idi.

“Parazit”onu qarşısında görən kimi üzünü xanıma tutub sevinclə dedi: “Dedim bacım? Dedim gələcək? Bax maşallah, nolub buna? Yaxşıdı allaha şükür...”

Artıq ona danışmağa imkan vermədi. Özü də artıq heç nə düşünmədən onun yaxasından tutub pilləkənə tərəf çevirdi. Çevirməyi ilə onu divara çırpdı. Divara top kimi dəyib qayıdan adam pilləkən aşağı yumalana-yumalana getdi.

“Tofiq... Tofiq neylədin... noldu sənə?”- yoldaşının səsi idi.

O artıq heç nə eşitmirdi. Sanki özünü də kimsə yerə çırpdı. Sol tərəfindən bir tərpəniş hiss elədi: elə bil içində, indiyə kimi gizlənmiş başqa bir adam vardı və o ilk dəfə hərəkətə gəldi, tərpənərək onun içindən çıxmaq istədi...

Onları eyni təcili yardım maşınında yanaşı uzadaraq xəstəxanaya apardılar- yaxşı ki,Tofiqin bundan xəbəri olmadı.

Torpaq ətri burnunu dolduranda gözlərini son dəfə açıb ətrafına baxdı. Nə baş verdiyini hələ anlamamışdı.

“Bilirsən- birdən kimsə qulağının dibində dilləndi- biz ölmüşük... indi bizi basdırırlar...”

Mart, 2011
XS
SM
MD
LG