Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:34

Koroğlu dastanı ("Koroğlunun İstanbul səfəri" qolu) - 3


əvvəli

Koroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.

Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi. Koroğlunun adı bütün aləmə yayılmışdı.

Dünyanın hər tərəfindən iyid oğlanlar onun dəstəsinə gəlirdi.

Qızlar, gəlinlər onun həsrətini çəkirdilər.

Bu səs-səda gəlib İstanbula da çatmışdı. İstanbul xotkarının qızı Nigar xanım da görməzə-bilməzə eşq badəsini içib bir könüldən min könülə Koroğluya aşiq olmuşdu.

Amma yazıq qız atasının, bir də ki bir namərd qardaşı var idi, onun qorxusundan ləb tərpədib nəfəs çəkə bilmirdi. Koroğlunun dərdini ürəyinə salıb payız yarpağı kimi
gündən-günə saralıb solurdu.

Deyirlər İstanbul kəndlərinin birində Bəlli Əhməd adında yeniyetmə,
cavan bir oğlan var idi. Bəlli Əhmədin bığ yeri təzəcə tərləyirdi.
Amma, neynirsən, sən gəl ki, qüvvətdə-hünərdə Rüstəm pəhləvana
bac verməzdi. Bəlli Əhməd nə qədər ki, igid idi, bir o qədər də əli
açıq, könlü-gözü tox idi. Tapdığını tək yeməzdi.
Elə ki, Koroğlu sədası gəlib buralara çatdı, Bəlli Əhməd çox
götür-qoydan sonra çarıxlarının bağını bərkidib, ağamı Allah saxlasın
deyib, Çənlibelə tərəf yola düşdü. Çox getdi, az getdi, o necə deyərlər
dərə-təpə düz getdi, bir cümənin günündə gəlib İstanbula yetişdi.
Bəli, elə təzəcə bazara girmişdi, o yan bu yana baxırdı ki, gördü
hamı qaçır. Özü də heç dükanı bağlayıb eləmir. Bir su içim saatda
bütün bazar qaldı başına. Bəlli Əhməd mat-məhəttəl dayanmışdı. Bir
də gördü budu bir çolaq tacir qıçını yel tutmuş qoca qatır kimi haytıyahaytıya
qaçır. Tez onun qabağını kəsib soruşdu:
– Ay əmi, bu camaata nə olub? Bu nə qaçhaqaçdı?
Tacir ona diqqətlə baxıb dedi:
– Görünür qərib adamsan.
Bəlli Əhməd dedi:
– Bəli qəribəm, bu gün gəlmişəm.
Tacir qıçının birini sürüyə-sürüyə başladı danışmağa ki, bəs xotkar
gedib Məkkə ziyarətinə, hər cümə günündən cümə gününə xotkarın
qızı Nigar xanım məscidə gedir. O, evdən çıxanda car çəkib camaata
xəbər verirlər ki, gərək hamı evə getsin. Gərək onun boyunu heç kəs
görməyə. Dükanların heç birisini bağlamağa da icazə yoxdu.

Tacir dili tutula-tutula bu sözləri doğrayıb tökdü. Tələsdiyindən
çolaq qarğa kimi atdana-atdana qaçıb gözdən itdi.
Bəlli Əhməd baxdı ki, doğrudan car çəkilirdi. Fikirləşdi ki, adə,
mən Bəlli Əhməd olam, bir kələk qurub xotkar qızını görə bilməyəm,
bu heç bir kitaba-dəftərə sığışmaz.
Cəld bir ətrafa göz gəzdirib baxdı ki, yaxında bir göyərti-səbzəvat
dükanı var, qapısı da açıqdı. Yavaşca özünü verdi dükana. Qapını çəkdi,
özü də piştaxtanın altına girib taxtanın deşiyindən göz qoymağa başladı.
Bəli, gözlə ha gözlə axırda dəstənin ucu açıldı, qaraçılar, fərraşlar
keçəndən sonra Bəlli Əhməd bir də baxdı ki, budu Nigar xanım yetmiş
iki qələmnən özünə ziynət verib qırx incəbel qızın arasında yüz-naz
qəmzəynən sallana-sallana gəlir.
Nigar xanım dükan-bazara tamaşa eliyə-eliyə gəlirdi. Elə ki, Bəlli
Əhməd gizlənən dükanın qabağına çatdılar, Nigar xanım yanındakı
qızlara üz tutub dedi:
– Bu nə sirdi? Bütün dükanlar qalıb başlı-başına. Böyük sərraflar
öz cəvahiratlarını sahibsiz qoyub gediblər. Heç dükanlarını bağlamayıblar,
bu tərəvəz dükanı niyə bağlıdı? Yəqin burada bir hikmət var.
Mən gərək oraya baxam.
Bəlli Əhməd bu sözləri eşidib qorxudan durdu zağ-zağ əsməyə ki,
işdi, əyər xotkar qızı gəlib məni burada görsə, dədəmi qəbirdən çıxaracaq.
Yazıq qorxudan göyərti tağının içinə soxulub gizləndi. Nigar xanım
qırx incəbel qızla içəri girib baxdı ki, bir nəfər şəxs başını göyərtitnin
içinə soxub gizlənib. Bir təpik vurub qışqırdı ki, baxın görün bu kimdi,
burada gizlənib. Qızlar Bəlli Əhmədi bayaqdan qamarladılar. Bəlli
Əhməd min ənvayi-müsibətlə, bir təhər ki, özünü onların əlindən
qurtarıb Nigarın ayaqlarına yıxıldı ki: “Xanım, qurbanın olum, amanın
bir günüdü, bir qələtdi eləmişəm, qoyma bunları, başımda tük qalmadı”.
Qızlar elə tökülüşmüşdülər onun üstünə ki, elə bil qarğa leşə
tökülüb. Çimdikləyən kim, dişləyən kim, başını yolan kim. Nigar
xanımın ona yazığı gəlib soruşdu:
– Yaxşı, de görüm burada nə qələt eləyirsən?
Bəlli Əhməd Nigar xanımın cavabında dedi:
– Xanım, vallah, billah mən qərib, nabələd bir adamam. Bura bu gün
gəlmişəm. Elə bazarda gəzirdim. Bir də gördüm qaçhaqaç düşdü, qəriblik
pis şeydi, xanım. Bilmədim hara qaçım. Axırda qaçıb buraya girdim.
Nigar xanım soruşdu:
– Ədə, adın nədi? Haralısan?
– Xanım, sənə qurban olum, adım Bəlli Əhməddi. Özüm də Ərzurum
tərəfindənəm.
Nigar xanım Ərzurumun adın eşitcək tez soruşdu:
– Yaxşı, deyirlər ki, Çənlibeldə Koroğlu adında bir iyid var. Heç
onu görübsən?
Bəlli Əhməd baxdı ki, aha deyəsən burada bir iş var. Yoxsa xotkar
qızı Koroğlunu niyə soruşur. Tez özünü düzəldib dedi:
– Xanım, mən elə qoç Koroğlunun dəlilərindənəm.
Nigar xanım bunu eşitcək kağız götürüb bir namə yazdı ki, bəs
“Koroğlu, mən İstanbul xotkarının qızı Nigar xanımam. Əyər sən
doğrudan da iyidsənsə gəl məni apar”.
Naməni büküb möhürlədi, ondan verdi Bəlli Əhmədə ki:
– Bu naməni çatdır Koroğluya. O əyər kişidirsə gəlib məni aparsın.
Bəlli Əhməd naməni öpüb cibinə qoydu, sonra dedi:
– Xanım, bəlkə inanmadı.
Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. Üstəlik bir
də bir ovuc qızıl verdi ki, atdan, zaddan alıb, naməni tez çatdırsın.
Bəlli Əhməd oradan çıxıb özünü birbaş yetirdi karvansaraya. Tez bir
at alıb Çənlibel deyib yola düşdü. Gecəni gündüzə qatdı, gündüzü gecəyə,
az getdi, çox dayandı, çox getdi az dayandı, bir neçə gündən sonra
gəlib Çənlibelə yetişdi. Koroğluyu tapıb Nigarın naməsini verdi ona.
Koroğlu naməni oxuyub əhvalatdan halı olandan sonra əmr elədi,
Qıratı yəhərlədilər. Ondan üzünü Dəli Həsənə tutub qışqırdı ki:
– Ədə, oradan o zəncirləri buraya gətir.
Bəlli Əhməd zəncir adını eşidəndə getdi fikirə ki, yoxsa bu məni
çarmıxa-zada çəkmək istəyir. Elə elə də oldu. Dəli Həsən onu yaxşıca
zəncirlədi. Əl-ayağını bağlayıb üstünə də qaraul qoydu.
Deyirlər Koroğlunun belə bir xasiyyəti var idi. Ona kim belə-belə
xəbərlər gətirsəydi qabaqcan onu beləcə zəncirləyib üstündə də adam
qoyarmış ki, özü gedib gəlincən qaçıb eləməsin. Elə ki, gedib qayıtdı,
əyər söz düz çıxdı, yaxşı xələt verib özünə dəli elərmiş, yox əyər
yalan çıxdı, ortalıqda hiylə-miylə, oldu, onda tay Allah göstərməsin.
Onda iş qalardı Misri qılınca.
Bəli, elə ki, Qırat hazır oldu, dəlilər yerbəyerdən dedilər ki, bəs
Koroğlu, gəl bu səfərə sən tək getmə, bu, xətərli, qorxulu səfərdi.
Qoy hamımız birgə gedək. Koroğlu bu sözün üstünnən sazı döşünə
basıb, dedi:
İyid gərək yar sevməyə
Özü tək gedə, tək gedə.
Müxənnət qəddin əyməyə
Özü tək gedə, tək gedə.
Nigarın şirin dilləri,
Bağrıma sancıb milləri,
Uzaq-uzaq mənzilləri
Özü tək gedə, tək gedə.
Qəniminə qılınc çala,
Ölkəsinə talan sala,
Düşmənlər üstə baş ala,
Özü tək gedə, tək gedə.
Dala polad yarağına,
Düşə iyid sorağına,
Yüz tülkünün qabağına,
Özü tək gedə, tək gedə.
Koroğluyam, haşa-haşa,
Girrəm xotkarla savaşa,
Qırat döşlətməyə paşa,
Özü tək gedə, tək gedə.
Koroğlu sazla dediyi kimi, sözlə də dedi:
– Dəlilərim, Nigar xanımı gətirməyə özüm tək gedəcəyəm. Siz
qalın, Çənlibeli düşmənlərdən qoruyun.
Koroğlu qılınc qurşadı, əmud asdı, nizə götürdü, üstündən də bir
saz keçirtdi.
Dəlilərlə halal-hümmət eləyib salamatlaşdı. Dəli Həsəni onların
üstünə böyük qoydu. Sonra tərlan kimi tullanıb Qıratı minib yol başladı.
Elə ki, Qırat yüyənin boş gördü, ildırım kimi süzüb dörd günlük
yolu bir gündə gəlib axşam üstə İstanbula yetişdi. Qaranlıq düşmüşdü.
Koroğlu Qıratı sürüb bir qapını döydü. Qapıya qoca bir arvad gəldi.
Koroğlu dedi:
– Ay bacı, qəribəm, məni bu gecəliyə qonaq eləyərsənmi?
Arvad dedi:
– Niyə qonaq eləmirəm. Düş qal.
Koroğlu düşdü. Qıratı töyləyə çəkdi. Özü də arvadın evinə girib
bir tərəfdə oturdu. Arvad çörək gətirdi. Koroğlu yeməkdən sonra
söhbət açıb arvaddan kim olduğunu soruşdu.
Arvad dedi:
– Qoca, dul bir arvadam. Ay bala, aman-zaman gözümün ağı-qarası
bircə oğlum var. Xotkar qızı Nigar xanımın nar bağında bağbandı.
Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. Deyəsən işlər
yaxşı gətirdi. Elə bacadan düşən kimi qismətin üstünə düşmüşdü.
Qərəz, Koroğlu ordan-burdan söz-söhbət salıb öyrəndi ki, bəs xotkar
Məkkə ziyarətinə gedib. Sonra qarıdan oğlunu soruşdu ki, bəs oğlun
haradadı?
Qarı dedi:
– Xotkar qızı xanım hər ayda, on beş gündə bir qırx incəbelli qızla
nar bağına gəzməyə çıxır. İndi sabah yox, o birisi gün vədəsidi. Bağa
gəzməyə gələcək. Odu ki, oğlum bağı yör-yöndəmə salır.
Koroğlu nə qədər oturub gözlədisə, qarının oğlu gəlib çıxmadı.
Axırda arvad durdu ki, “bəs oğlan gəlmədi, yəqin gecəni bağda qalacaq,
yer salım yataq”.
Koroğlu baxdı ki, arvad bunun yerini evin yuxarı başında salıb, öz
yerini qapının ağzında.
Dedi:
– Sən elə eləmə. Mənim yerimi qapının ağzında sal.
Arvad getdi fikrə. Əslində arvad elə Koroğlunun xotkardan, xotkarın
qızından söz-söhbət açmağından, bir dəxi sir-sifətindən, yaraqəsabəsindən
bir az şəkkə düşmüşdü. İndi də belə deməyi ki, “mənim
yerimi qapı ağzında sal”, arvadı lap dağdağıya saldı, dedi:
– Yox, bala, mən qoca arvadam. Gecələr tez-tez bayıra-bacağa
çıxıram.
Koroğlu dedi:
– Heç eybi yoxdu. Sən elə məni ayaqlayıb da keçə bilərsən. Qorxma,
qabırğalarım sınmaz. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam,
sən gərək xurd-xəşil olasan.
Qərəz, nə başınızı ağrıdım, Koroğlunun yeri salındı, qapının ağzında.
Qoç Koroğlu bayax ha elə yerinə gircək getdi yuxuya. Xorultu dünyanı
götürdü. Amma arvadın gözünə yuxu getmədi ki, getmədi.
Gecənin bir aləmində Koroğlu oyandı. Baxdı ki, arvad yatmayıb
soruşdu:
– Ay ana, niyə yatmırsan?
Arvad dedi:
– Nə bilim, ay bala, yuxum qaçıb.
Koroğlu soruşdu:
– Ay ana, bəlkə məndən qorxursan?
– Yox, ancaq elə belə...
Koroğlu gördü yox arvad deyəsən sözlü adama oxşayır.
Dedi:
– Ana, sən olasan oğlunun canı düzünü de, görüm niyə yatmırsan?
Arvadın dar dünyada əziz-xələf bircə oğlu vardı. Odu ki, tay bu
andın üstündən keçə bilməyib məsələni açdı ki:
– Vallah ay bala... elə belə ürəyimə dağdağa gəlib ki, görəsən sən
kimsən. Heç bizim yerlərin adamına oxşamırsan.
Koroğlu soruşdu:
– Yaxşı, ay ana, sənin fikrincə mən kim ola bilərəm.
Arvad dedi:
– Ay bala, baxıram sənə... Nə bilim vallah, deməyə də utanıram...
Sən elə deyəsən Nəzərgəldi pəhlivansan.
– Yox, ana, tapa bilmədin.
– Onda yəqin Ərəb Reyhansan.
– Yox, yenə tapa bilmədin.
– Onda, Giziroğlu Mustafa bəy deyilsən ki?
– Yox, ana, o da deyil.
– Bala, onda vallah az qalıram... Ay bala, birdən sən o Koroğlu
olarsan ha...
– Bax, indi tapıbsan.
Arvadın səsi çıxmadı. Koroğlu bir-iki dəfə onu səslədi gördü yox,
səs yoxdu. Axırda durub arvadın yanına gəldi, gördü nə, bu gün
ölübsən, dünən. Arvad tir-tab düşüb özündən gedib. Tez bir az sudanzaddan
töküb onu ayıltdı. Arvad elə özünə gəlcək durdu ayağa ki,
qaçsın. Koroğlu tutdu onun biləyindən.
– Ay arvad, hara qaçırsan? Mən adam zad yeyən deyiləm ki, niyə
məndən qorxursan?
– Niyə səndən qorxuram? Mən hələ çox iyid arvadam ki, sənin
adını eşidəndə qorxudan bağrım çatlamayıb. Allah sənin evini yıxsın.
Sənin adını eşidəndə paşalar qarın ağrısına düşür. Sənin yolun
yomrulsun. Haradan gəlib mənim evimə çıxdın?
Koroğlu bir az gülüb, arvadı sakitləşdirdi. Ürək-dirək verdi. Ondan
çıxardıb bir ovuc da qızıl verdi ki, bu sirri gərək heç yerdə açmayasan.
Yoxsa küpə girib yeddinci göyə çıxsan, balıq olub dəryaya cumsan,
yenə də əlimdən qurtara bilməzsən.
Arvad dedi:
– Xeyir, arxayın ol. Şücaətinə bələdəm. Səni tanımayana lənət.
Heç gör sən gedəndən də bir-iki ay sonraya mən heç yorğan-döşəkdən
dura biləcəyəm ki, bir söz də danışam. Məndə sən ürək-göbək
qoyubsan ki?..
Qərəz, Koroğlu arvada bir az dəlil-dəlayıl eliyəndən sonra yerinə
girdi. Amma elə bil ki, arvadın yerinə gətirib bir kisə birə tökmüşdülər.
Yata bilmirdi ki, bilmirdi. Axırda çağırdı ki:
– Ay oğul, bəs axı, heç bir demədin buraya niyə gəlibsən?
Koroğlu baxdı ki, lap yeridi. Dedi:
– Ana, xotkarın qızı Nigar mənə sifariş göndərib ki, gələm onu
aparam. Mən də onun üçün gəlmişəm.
Arvad dedi:
– Bax, bu oldu. Doğrudan da, Nigar xanım elə sənə yaraşan candı.
Allah mübarək eləsin. Amma, ay bala, onu sən necə aparacaqsan?
Koroğlu dedi:
– Bu işdə gərək sənin oğlun mənə kömək eləyə.
Arvad sevincək dedi:
– O mənim bu əlimin içində. Ağzı nədi ki, eləməsin. İnşəallah
sabah keçər, o birisi gün nar bağından birbaş...
Qərəz, gecəni yatdılar. Səhər oldu. Koroğlu durub atı yemlədi,
suladı, rahatladı, arvada pul verdi ki, şey-şüy alsın xörək hazırlasın,
həm də gedib oğlunu çağırsın, özü də üz qoydu meydana tərəf. Ancaq
getməmişdən üst-üstə arvada tapşırdı ki, dilini dişlərinin dalında
saxlasın, yoxsa boynunun ardından çıxar.
Qərəz, arvad öz işlərində olsun, sizə kimdən deyim, Koroğludan.
Bəli, Koroğlu burdan birbaş gəldi bir ustanın yanına. Ona bir ovuc
qızıl verib xotkarın adına bir möhür qayırtdırıb qoydu cibinə.
Oradan çıxıb gedirdi, bir də gördü budu bir mirzə çeşməyini taxıb
burnunun ucuna, əyləşib bir səkinin üstündə müştəri gözləyir. Koroğlu
mirzənin yanına gəlib dedi:
– Mirzə, mənim bir qoca nənəm var. Budu bir neçə aydı ki, ölüm
yorğan döşəyindədi. Hər nə eləyiriksə sağalmır. İndi mənə səni deyiblər
ki, sən çox yaxşı dua yazırsan. Sənə qurban olum, gedək nənəmə
bir dua yaz.
Mirzənin gözləri buğa görmüş dana gözlərinə döndü. Cəld ayağa
qalxdı, qələm-davatını götürüb bir əlində imanı, bir əlində tumanı
düşdü Koroğlunun yanına. Bəli, gəlib axırda yetişdilər qarının həyətinə.
Mirzə baxdı ki, həyətdə bir qoca qarı var. Koroğluya baxıb dedi:
– Oğlan, bəs sən deyirdin nənəm naxoşdu. Budu nənən həyətdə
gəzir ki.
Koroğlu bayaq ha darvazanı bağlamışdı. Mirzənin lap yanına gəlib
dedi:
– Mirzə, əyər canına heyfin gəlirsə, çıxart kağız-qələmini xotkarın
dilindən qızı Nigar xanıma bir namə yaz.
– Nə namə?
Mirzənin əlləri əsə-əsə bir parça kağız çıxartdı. Koroğlu başladı
deməyə:
– Xotkarın dilindən qızı Nigara yaz ki: “Bu naməni sənə verən
adam mənim çovuşumdu. Mənim barigahımda mənə olan hörmət
gərək ona da ola”.
Mirzə altdan-altdan Koroğluya baxa-baxa naməni yazıb qurtardı.
Tez istədi ki, ağzını bağlasın, Koroğlu dedi:
– Ver görüm nə yazmısan.
Mirzənin rəng urufu qaçdı. Başladı kəkələməyə ki, bəs səhv
eləmişəm, ver təzədən yazım.
Koroğlu oxuyub gördü mirzə yazıb ki, “Nigar xanım, bu adam
quldurdu. Oraya çatcaq tutub asdırarsan”.
Koroğlu bir əyri-əyri mirzəyə baxdı. Mirzə qorxusundan kağızı
cırıb təzədən naməni yazıb Koroğluya verdi. Koroğlu baxdı ki, indi
düz yazıb qayırtdırdığı xotkar möhürünü də naməyə vurub cibinə
qoydu. Sonra mirzəyə dedi:
– Mirzə, mən sənə yaxşıca hörmət eliyəcəkdim. Sən ki, mənə
kələk gəldin, sənə tay ayrı cür hörmət eləmək günahdı. Al, bu sənin
zəhmət haqqın.
Bunu deyib Koroğlu mirzənin iki qaşının ortasından bir tərsə yumruq
düyünlədi. Arvad qışqırmaq istəyəndə Koroğlu dönüb gözünün
ucu ilə ona elə baxdı ki, arvad bayaq ha qaçıb girdi evə. Koroğlu cəld
mirzənin əbasını, əmmaməsini soyundurub onu geyindi, əlinə də bir
təsbeh alıb düzəldi xotkarın barigahına tərəf. Qapıçılar onun əlində
xotkarın möhürlü naməsini görcək iki qat olub torpağa düşdülər.
Qapılar taybatay açıldı. Koroğlu içəriyə keçə-keçə qışqırdı:
– Hanı Nigar? Mənim qabağıma çıxsaydı, ayaqlarına soyuq dəyərdi?
Bütün barigah əhli qorxudan başladılar zağ-zağ əsməyə. Beləbelə
Koroğlu qırx qapıdan keçib Nigar xanımın həyətinə girdi. Nigar
xanım qırx incəbel qızla pəncərənin qabağında oturmuşdu. Bağa
tamaşa eləyirdi. Onu görcək şeyx bilib tez qızlardan birisini göndərdi
ki, getsin görsün kimdi, mətləbi nədi?
Koroğlu qızı görcək elə bir nərə çəkdi ki:
– Hanı Nigar? Niyə mənim qabağıma çıxmır? Xotkarın yanından
gəlmişəm.
Qız onu bir otağa aparıb özü də tez qaçıb Nigara xəbər verdi. Elə
ki, Nigar qırx incəbel qızla onun yanına gəldi, Koroğlu baxdı ki, Bəlli
Əhməd doğru deyib. Nigar doğrudan da elə ona layiq Nigardı. Hələ
üzünü görməmişdi. Elə boy buxununnan aşiq oldu. İşarə elədi ki,
qızlar çıxsın, sənə gizlin sözüm var, xotkar tapşırıb.
Qızlar hamısı çıxdı. Elə ki, Nigarla Koroğlu tək qaldılar Koroğlu
əbanı, əmmaməni tulladı. Nigar baxdı ki, çavuş döndü oldu bir iyid
oğlan, çiynində saz. Elə qaldı mat ki, bu nədi? Koroğlu iki əlini döşünə
qoyub Nigar xanıma salam verdi. Nigar salamı almadı. Koroğlu bir də
salam verdi. Nigar yenə də salamı almayıb istədi ki, geri dönsün.
Aldı Koroğlu:
Salam verdim, salam almaz,
Görüm kəssin salam səni.
Axçasız, pulsuz aşiqəm,
Pulum yoxdu alam səni.
Güllü bağlarda gəzərsən,
Cahıllar bağrın əzərsən,
Yuxa kağıza bənzərsən,
Tutmaz qələm, yazam səni.
Xəzinəm yox, ağzın açam,
Dövlətim yox, tökəm saçam,
Əlac budu alam, qaçam,
Çənlibelə salam səni.
Hansı dağların qarısan?
Hansı bağların barısan?
Nigar, Koroğlu yarısan,
Bilir külli-aləm səni.
Nigar xanım baxdı ki, bu adam kimdisə buna eşq elan eləyir. Nə
qədər elədisə özünü saxlaya bilməyib ucadan bir qəh-qəhə çəkib
güldü, üzünü ona tutub dedi:
– Sən bir aşiq, mən bir xotkar qızı, sənin varın, pulun varmı ki, məni
alasan?
Nigar xanımın cavabından aldı Koroğlu görək nə dedi:
Uca-uca dağlar başı,
Çənli də olur, çənsiz də olur.
Cəhd elə bir işdə tapıl
Sənli də olur, sənsiz də olur.
Ağ üzdə busə tək gərək,
Ərənlər İsa tək gərək,
Gözəllər Nisa tək gərək,
Telli də olur, telsiz də olur.
Koroğlunun atı olsa,
Dəmir, polad qatı olsa,
Bir iyidin zatı olsa,
Pullu da olur, pulsuz da olur.
Nigar xanım baxdı ki, bu çox Koroğlu, Koroğlu deyir. Diqqətlə belə
baxanda gördü ki, öz bazubəndi ki, vermişdi Bəlli Əhmədə, onun sazının
dəstəsindədi. Bildi ki, bu, Koroğludu. Baxdı ki, Koroğlu doğrudan da
Koroğludu. Huşu başından elə dağıldı ki, üz-göz hamısı açıldı. Koroğlu
tez onu dik götürdü. Elə qapıdan çıxartmaq istəyirdi ki, Nigar dedi:
– Yox, Koroğlu belə olmaz. Sən məni bu qədər qoşunun içindən
çıxardıb apara bilməzsən.
Koroğlu dedi:
Ala gözlü Nigar, səni
Mən Çənlibelə aparram.
Çəkərəm Qırat tərkinə,
Dönərəm yelə aparram.
Mailəm gözü, qaşına,
Düşərəm, tər savaşına,
Durub dolannam başına,
Tutaram dilə, aparram.
Tülək tərlan qorxmaz sardan,
Könül ayrılmaz Nigardan,
Səni zor ilə xotkardan,
Alaram belə, aparram.
Saymaram xotkarı, xanı,
Qoşuna verməm amanı,
Meydan içində al qanı,
Döndərrəm selə, aparram.
Koroğlu gəlsə damağa,
Zərbə dözməz sultan, ağa,
Qıratı çapdırram dağa
Çardaqlı belə aparram.
Nigar dedi:
– İyidliyindən dəm vurma. Zorla iş olmaz. Yaxşısı budu ki, camaat
şübhələnməmiş bu əba-qəbanı geyib buradan çıx get. Sabah keçər, o
birisi gün mən nar bağına gəzməyə çıxacağam. Qaçırda bilsən, məni
oradan götürüb qaçırdarsan.
Qərəz, Koroğlu yenə də əba-qəbasını geyib, qapıdan çıxıb özünü
qarının evinə saldı. Baxdı ki, arvadın oğlu da gəlib, onu gözləyir. De
xoş beş, on beş əyləşdilər. Xörək yeyib toqqanın altını möhkəmlədəndən
sonra oğlan üzün Koroğluya tutub kim olduğunu soruşdu.
Koroğlu Nigarı görəndən sonra elə halda deyildi ki, suala sözlə
cavab versin. Odu ki, sazı döşünə basıb dedi:
Cavan oğlan, ölkənizə üz tutub,
Bir qız sorağına gəldim, ha gəldim.
Osman gözəlinin düşdüm eşqinə,
Açıq qabağına gəldim, ha gəldim.
Qıratı çapdırıb yollarda yordum,
Düşmən qarşısında mərdanə durdum,
Adım Rövşən iyid, Çənlibel yurdum,
Laçın oylağına gəldim, ha gəldim.
Əskik olmaz Koroğlunun qovğası,
Düşər paşalarla cəngi, savaşı,
İstanbul şəhrində xotkar balası,
Nigar fərağına gəldim, ha gəldim.
Oğlan dedi:
– Ay igid, sən tək oğlansan. Osmanlı qoşununun içindən Nigarı
necə çıxarıb aparacaqsan?
Koroğlu dedi:
– Sən məni bağa burax, necə aparacağımda işin olmasın.
Əvvəl-əvvəl bağman bir az çəkindi. Elə ki, bir tərəfdən anası, bir
tərəfdən də Koroğlu düşdülər onun üstünə, oğlan razılaşdı. Gecəni
yatıb səhər olcaq Koroğlu durdu, Qıratı yəhərləyib bağmanla birlikdə
nar bağına gəldilər. Koroğlu atı bir tərəfdə bağladı, özü də gizlənib
başladı Nigar xanımın yolunu gözləməyə. Az keçdi, çox keçdi Koroğlu
bir də gördü budu Nigar xanım qırx incəbelli qızla gəlir. Koroğlu qızı
görcək az qaldı huşu başından dağılsın. Nigar xanım da Koroğlunun
bağda olduğunu başa düşdü. Qızları başından dağıdıb özünü o gizlənən
tərəfə verdi. Koroğlu pusqudan çıxan aslan kimi onun yolunu kəsdi.
Nigar dayandı. Koroğlu onun əlindən tutdu ki, çəksin. Nigar dedi:
– Yaxşı, bəs sən məni indi nə ilə Çənlibelə aparacaqsan?
Koroğlu sazı götürüb dedi:
Qırata çəkdirrəm bir cüt üzəngi,
Uca dağ başında tutaram cəngi,
Qırram osmanlını, hindi, firəngi,
İstanbulda qılınc çallam, inşallah.
Qıratımı bəsləmişəm qəhrində,
Gözəl görməmişəm sənin təhrində,
Qılınc çəkib İstanbulun şəhrində,
Xotkarı taxtından sallam, inşallah!
Qarışmayın Koroğlunun işinə,
Dov gəlləm düşmənin əlli beşinə,
Quzğun qonar yağıların leşinə,
Yağıdan qisasım, allam, inşallah!
Nigar xanım dedi:
– Axır o necə atdı ki, bizim ikimizi də bu qədər qoşunun içindən
çıxardıb apara?
Aldı Koroğlu:
Uca dağ başında yel kimi əsər,
Bu günümdə mənə ürək Qıratım.
Bir aylıq mənzili bir gündə kəsər
Köhlən bəsləmişəm, görək Qıratım.
Yolların tozunu göyə qaldırar,
Müxənnət üstünü birdən aldırar,
Meydanın içində düşmən saldırar,
Olar yiyəsinə dirək Qıratım.
Qoç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənləri salar qəhərə,
Axurda arpasın qoymaz səhərə
Dara düşsəm, mənə kömək Qıratım.
Nigar dedi:
– İndi ki, bu qədər Qırat-Qırat deyirsən gedək görək o necə atdı?
Koroğlu Nigarı Qıratın yanına gətirdi. Nigar baxıb gördü at doğrudan
da yaxşı atdı. Koroğlu atın yüyənini ağacdan açıb dedi:
– Nigar xanım, bunun üstünə minməmiş yaxşı, pisliyini görə bilməzsən.
Koroğlu bunu deyib tərlan kimi sıçrayıb atın belinə mindi. Sol əlini
də atıb Nigarı dik götürüb tərkinə qoydu. Nigar işi belə görüb qışqırdı ki:
– Ədə, bir qoy görək, bir danışaq, məsləhətləşək sonra.
Koroğlu atı sıçradıb bayaq ha bağdan çıxdı ki:
– Qız, nə fikir, nə məsləhət. Məsləhət elə budu ki, var.
Bəli, Koroğlu ilə Nigar Qıratın üstündə yel kimi sürüb getməkdə
olsunlar, sizə kimdən deyim, Nigar xanımın qardaşından.
İstanbul xotkarının Bürcü Sultan adında bir oğlu var idi. Elə ki,
xəbər çıxdı, hay-küy düşdü ki, Nigar xanımı götürüb qaçdılar, Bürcü
Sultan atı minib qoşuna hay vurdu. Qoşun atlanana qədər Bürcü Sultan
özü ata bir-iki tazyana çəkib yola düzəldi.
Koroğlu Nigar da tərkində yeldən qanat taxıb uçan Qıratın üstündə
gəl ha gəl, gəlib bir çəməngaha çıxdılar. Bir tərəfdən Koroğlu gecəni
yatmamışdı deyin yaman yuxusuz idi. Bir tərəfdən də Nigarı belə
davasız-şavasız aparmaq qoç Koroğluya ağır gəlirdi. Odu ki, atdan
düşdü, atı yançidar eləyib otlamağa buraxdı. Nigarı da götürüb bulağın
başına gəldi. Nigar nə qədər elədi ki, gəl gedək, atamın qoşunu gəlib
bizi tutar, səni öldürər, məni də geri qaytararlar, Koroğlu onu eşitmədi.
Koroğlu dedi:
– Qorxma, bizim dalımızca heç kəs gəlməyəcək.
Elə ki, Nigar əyləşdi, Koroğlu başını onun dizinin üstünə qoyub
dedi:
– Nigar xanım, mən bir az yatım. Sənin gözün Qıratda olsun, elə
gördün otdan ağzın çəkib, ayaqlarını yerə döyüb narahatlıq eləyir, bil
ki, düşmən gəlir. Onda məni oyadarsan.
Koroğlu bunu deyib başını alagöz Nigarın dizinə qoyub yuxuladı.
Aradan bir az keçmişdi, Nigar bir də baxdı ki, vallah Qırat bir
hərəkətdədi, bu hərəkətdədi ki... Elə bil ki, vaxt eləyir, atın bağrı
çatlasın. Nigar tez Koroğlunu oyatdı ki:
– Dur, gör at niyə elə eləyir?
Koroğlu dedi:
– Qorxma, bir şey yoxdu. Düşmən gəlir.
Koroğlu cəld atı mindi, Nicarı da götürüb tərkinə qoydu. Bir də
baxdılar ki, budu uzaqdan bir atlı elə gəlir, elə gəlir ki, ildırım kimi.
Nigar onu görcək dedi:
– Qardaşım gəlir.
Koroğlu dedi:
– Qoy gəlsin, görək nə deyir.
Elə onlar bu sözdə idilər ki, Bürcü Sultan gəlib çatdı. Nigarı Koroğlunun
tərkində görcək boğazından qovqal tikanı gəlmiş öküz kimi
bağırıb dedi:
– Qızı əldən qoy!
Koroğlu dedi:
– Xotkar oğlu, hirslənmə. Qızı aparan yoxdu, gəl apar.
Bürcü Sultan ondan bu sözü eşidib bir az da cürətləndi.
– Necə gəl apar! Gərək səni öldürüb qızı sonra aparam!
Koroğlu gülə-gülə dedi:
– Çox gözəl, mən də razıyam. Ancaq deyəsən çox tələsmisən, atın
qarınaltısını yaxşı bərkitməmisən. Onu düzəlt sonra dava eləyək.
Bürcü Sultan əyildi ki, atın qarınaltısına baxsın. Koroğlu onun
boynunun ardından bir yumruq vurub atdan yerə saldı. Alıcı quş kimi
sinəsinə çökdü. Xəncərini çıxartdı ki, başını kəssin, Nigar ağladı ki:
– Koroğlu, onu mənə bağışla. Tək bircə qardaşımdı.
Koroğlu Bürcü Sultanın sinəsinin üstündən durub dedi:
– Get, səni Nigara bağışladım. Ancaq bir də girimə keçsən öldürəcəyəm.
Onlar yenidən Qırata minib Çənlibelə tərəf yol başladılar. Bürcü
Sultan o qədər gözlədi ki, qoşun gəlib çatdı. Hamısı birlikdə Koroğlunun
dalınca düşdülər.
Koroğlu bir də baxdı ki, budu qoşun gəlir. Tez Qıratın başını döndərib
dayandı. Başladı gözləməyə. Nigar gördü ki, Koroğlu dava eləmək
istəyir. Dedi:
– Koroğlu, əzəl məni götürüb qaçmayaydın. İndi ki, aparırsan
qayıtma, sür apar get. Atamın qoşunu çoxdu, sən təksən. Onlarla bacarmazsan,
dava eləmə.
– Mən səni Çənlibelə bu cür apara bilmərəm. Dəlilər deyərlər
Koroğlu getdi xotkarın qızını qaçırdıb gətirdi. Gərək dava eləyəm,
qoşun qıram, qan tökəm, paşa öldürəm, səni elə aparam.
Koroğlu bunu deyib Nigar xanım da tərkində Misri qılıncı çəkib
qayıtdı, özünü osmanlı qoşununa vurdu.
Koroğlu burada dava eləməkdə olsun sizə Çənlibeldə dəlilərdən
xəbər verim. Koroğlu gedəndən sonra dəlilər dedilər:
– Koroğlu tək getdi, sonra ələ keçər tutular, başsız qalarıq. Dalınca
getmək gərəkdi.
Dəlilərdən bir neçəsi Çənlibeldə qaldı. Qalanı atlandı, Koroğlunun
dalınca yola düşdü. Dəlilər o vaxt yetişdilər ki, qızğın dava idi. Koroğlu
sağa-sola qılınc vururdu. Dəlilər nərə çəkib özlərini osmanlı qoşununa
vurdular. Qoşun əhli dəlilərin hücumundan qorxub Koroğlunun başından
dağıldılar.
Koroğlu göz gəzdirdi. Dəliləri qızğın dava eləyən gördü, könlü
açıldı, ürəyi atlandı. Aldı görək tərkində ağlayan Nigar xanıma nə dedi:
Ağlama, telli Nigarım,
Gəldi dəlilərim, gəldi.
Xotkar qızı, gözəl yarım,
Gəldi dəlilərim, gəldi.
Düşmənə qılınc çəkməyə
Başları biçib tökməyə
Paşalar qəddi bükməyə
Gəldi dəlilərim, gəldi.
Qurbanam mərdin adına,
Dostunu salar yadına,
Bu gün bir ər imdadına,
Gəldi dəlilərim, gəldi.
Əldə şeşpəri, qalxanı,
Yağıya verməz amanı,
Öldürməyə bəy, paşanı,
Gəldi dəlilərim, gəldi.
İgidin kəsməz qovğası,
Həmişə olar davası,
Koroğlunun qoç arxası,
Gəldi dəlilərim, gəldi.
Koroğlunun nərəsinə dəlilər daha da qızışdılar. Koroğlu bir yandan,
dəlilər bir yandan xotkarın qoşunundan çox qırdılar. Qoşun dəlilərin
hücumuna davam gətirə bilmədi, qaçıb dağıldı. Koroğlu tərkində Nigar
xanım, başında da dəlilər Çənlibelə yollandı. Uzaq yerləri keçib, yolları,
yamacları aşıb gəldilər Çənlibelə çatdılar. Nigar xanım gördü,
çatdıqları yer uca dağların başı, güllü-çiçəkli bir oylaqdı, dedi:
– Koroğlu, Çənlibel budurmu?
Nigar xanımın cavabında aldı qoç Koroğlu görək nə dedi:
Çiskinli dağların başı,
Nigar, Çənlibel budu, bu!
İyidlər açar savaşı
Nigar, Çənlibel budu, bu!
Çəkib bəzirgan soyduğum,
Qəflələri boş qoyduğum,
Paşalar gözü oyduğum,
Nigar, Çənlibel budu, bu!
Üst yanı dağ, təpə, dərə,
Müxənnətlər düşər girə,
Mərd iyidə olar bərə,
Nigar, Çənlibel budu, bu!
Xotkarlar bata bilməyən,
Comərdlər tuta bilməyən,
Köksünə yata bilməyən,
Nigar, Çənlibel budu, bu!
Ucalardan uca dağı
Hərgiz gələ bilməz yağı,
Koroğlu tək ər oylağı
Nigar, Çənlibel budu, bu!
Çənlibelə hay düşdü. Dəlilər hamısı at minib Koroğlunun qabağına
çıxdılar. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. Şənlik
başlandı. Koroğlu ilə Nigarı məclisin baş tərəfində oturtdular.
Hamının kefi saz idi. Amma heç kimin kefi Bəlli Əhmədin kefinə
çatmazdı. Xələt xələt üstündən tökülürdü. Hərə öz qüvvəsinə görə
ona xələt verirdi. Bunu görən Nigar xanım Koroğludan soruşdu:
– Ay Koroğlu, bəs sən niyə Bəlli Əhmədə xələt vermirsən?
Koroğlu dedi:
– Mənim xələtim odu ki, onu azad eləyib dəliliyə götürmüşəm. Nə
vaxt ki, Çənlibel dəlisi olmağa layiq olduğunu göstərdi, məndən xələti
onda alacaq.
Bu sözün cavabında Bəlli Əhməd dedi:
– Koroğlu, mən Çənlibelə qorxudan, aclıqdan gəlməmişəm. Mən
igid olmasaydım adıma Bəlli Əhməd deməzdilər. İnşəallah vaxt gələr
səndən də xələtimi alaram.
Məclis əhli onun bu sözünə əhsən dedi. Koroğlu bir Nigara baxdı,
bir dəlilərə baxdı, ürəyi telləndi, adlı görək nə dedi:
İstanbuldan buta alıb gəlmişəm,
İstanbulda arzumanım qalmadı.
Çənlibel oylağım, Qırat dayağım,
At minməkdə arzumanım qalmadı.
Qıratı çəkməsəm dağlar sökülməz,
Bəzməndin çəkməsəm sağrı örtülməz.
Qabağından qaçan düşmən qurtulmaz,
Qisas aldım, arzumanım qalmadı.
Koroğluyam, Çənlibeldə oturram,
Harda gözəl görsəm, allam, gətirrəm.
Dəliləri muradına yetirrəm,
Gözəllərdə arzumanım qalmadı.

davamı
XS
SM
MD
LG