Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Şuşa niyə işğal olundu?


Arxiv şəkil - Şuşa 1989-cu il.
Arxiv şəkil - Şuşa 1989-cu il.

(Şuşadan qalan fotolara mətnin sonunda baxın)


1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi şəhəri – Şuşanı işğal ediblər. Yüzlərlə dinc sakin həlak olub, yaralanıb, 60-a yaxın dinc sakin girov götürülüb və ya itkin düşüb. Onların arasında qadınlar və uşaqlar da var. 25 minə yaxın insan məcburi köçkünə çevrilib.

Üstündən 19 il keçəndən sonra da çoxlarını bu sual düşündürür, necə oldu ki, Şuşa işğal olundu? Bu sualı biz həmin dövr hadisələrini yaxından izləmiş şəxslərə verdik.

HAKİMİYYƏTSİZLİK

Həmin vaxt müdafiə naziri olmuş Rəhim Qazıyev:
Rəhim Qazıyev

«Şuşanın işğalının əsas səbəbi həmin
dövrdə ölkədə hakimiyyətsizliyin olması və Azərbaycan Silahlı Qüvvələrinin yeni yaranması idi. Hakimiyyətə gəlmək istəyən müxtəlif qüvvələrin yaratdığı könüllü batalyonlar cəbhələrdə vuruşurdular. Onların da bir çoxu bu vaxt Bakıya çağırılmışdı.

Bu Şuşa-Laçının işğalı üzrə cinayət işinin materiallarında da var. Mən bu gün də məhkəmə qarşısında dayanıb Azərbaycana olan bütün xəyanətləri sübut etməyə hazıram. Həmin dövrdə Azərbaycanda hakimiyyət yox idi. Hakimiyyətdə olan indiki klan Əbülfəz Əliyevi hakimiyyətə gətirmək və bir ildə Azərbaycanda demokratik qüvvələrə ümidi məhv eləməklə hakimiyyətə gəldi. Mənim günahım o oldu ki, gecə-gündüz çalışırdım, ancaq ətrafımdakıların torpaq adı ilə kreslo uğrunda mübarizə apardığını başa düşməmişəm. Ora göndərilən qüvvələrin heç biri gedib orada vuruşmadı. Bu, cinayət işində də var».

«SEÇKİNİ TƏXİRƏ SALMAQ LAZIM İDİ»

Müsavat Partiyasının başqanı, həmin vaxt Azərbaycan Xalq Cəbhəsi
İsa Qəmbər
rəhbərliyində təmsil olunan İsa Qəmbər:

«Bunu bilənlər bilir, bilməyənlər də həmin video görüntüləri arxivlərdən qaldıra bilərlər. İyun ayına prezident seçkisi təyin olunan zaman biz Xalq Cəbhəsinin təmsilçisi olaraq buna parlamentdə etiraz etmişdik. Mart ayında müzakirələr gedən zaman mən ətraflı çıxış etmişdim.

Əsaslandırmışdım ki, seçkini təxirə salmaq lazımdır, koalision hökumət yaradıb erməni işğalının qarşısını almaq üçün səyləri birləşdirmək lazımdır. Bu mərhələ yekunlaşandan sonra seçki mərhələsinə qayıtmaq olar. Ancaq təəssüf ki, bir tərəfdən hakimiyyətdə olan mütəllibovçular və hakimiyyətə gəlmək istəyən əliyevçilər bizim bu yanaşmanı qəbul etmədilər, hakimiyyət uğrunda mübarizəni davam etdirdilər. Həmin ərəfədə də təəssüf ki, Şuşa və Laçının işğalı baş verdi».

AZƏRBAYCAN ORDUSU YOX İDİ


Şuşanın işğalı ərəfəsində Müdafiə Nazirliyində Silahlı bölmələr komandanlığında siyasi məsəllər üzrə zabit kimi çalışmış Fəhmin Hacıyev:

«Daşaltı əməliyyatından iki gün əvvəl şəxsi ərizəsi ilə həmin vəzifəsindən kənarlaşdırıldım.

Bu məsələdə Azərbaycandan hər hansı bir silahlı dəstənin, qüvvənin ittiham olunması məqsədəuyğun deyil. Çünki o zaman Azərbaycan ordusu yox idi. Cəmi bir alay formalaşdırılmışdı. Alay heç bir təlim keçməmiş özünümüdafiə dəstələrindən ibarət idi. Onların da Şuşanı müdafiə etmək gücü Rusiya ordusunun silahları qarşısında çox zəif idi. Şuşanın işğalı Rusiyanın Qafqazda mövqeyinin möhkəmləndirilməsi, Azərbaycanda gedən Rusiyadan qopma proseslərinin qarşısını almaq və ermənilərin mövqeyini Dağlıq Qarabağda, Qafqazda möhkəmləndirmək üçün idi».

İMPERİYA SİYASƏTİ YERİDİLİRDİ


Yeni Azərbaycan Partiyasından olan millət vəkili, parlamentin təhlükəsizlik və
Elman Məmmədov
müdafiə komitəsinin üzvü Elman Məmmədov: «Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, faktiki ordu yox idi. Heç bir hazırlığı, səriştəsi, döyüş təcrübəsi olmayan silahlı dəstələr vardı. İkinci bir tərəfdən həmin ərəfədə Azərbaycanda hakimiyyət böhranı idi. Siyasi hakimiyyət həddindən artıq zəif idi. Səfərbərliyi, idarə etməni bacarmırdı. Başqa bir tərəfdən, imperiya siyasəti yeridilirdi».

XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal olunub.

XS
SM
MD
LG