Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:16

Sabir Rüstəmxanlı. TONQAL BAŞINDA
















"Tonqal iyi verirsən!” - bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!

Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi!

Tonqal-tonqal işıqdı adlayan əsrləri
Sibirdən üzümüzə sönmüş ocaqlar baxır.
Müşfiqin gur saçları bir tonqalın tüstüsü
Xızıda bir daxmaya dönmək üçün darıxır.

Kimdi budaqlarımı amansız silkələyən,
Qitələrə səpilir bu yetişən barımız.
Mühacir dəstələri ölkələr arasında
Astaca tüstülənən, sönən tonqallarımız!

Gözüm işıqdan doymaz, dilim sözə tamarzı,
O Hadinin ruhudu məzarını soraqlar.
Biz ocaq çatmırıq ki, qalxır zirzəmilərdən
Gözümüzün yaşıyla söndürülən ocaqlar.

Saçımda, paltarımda tonqal iyi, od iyi.
Azadlıq havasında çiçəkləyir daş meydan
Varımı talan edən yalanların içindən
Unudulmuş səsimi mənə qaytarır zaman.

Yerlə göy arasında qalxanda milyon yumruq
Qayıdır bir millətin cavanlığı üzünə
Silaha yadırğamış əllərin gizli gücü
Damla-damla yığışır car çəkdiyi sözünə!

Qeyrət karvanlarıdı keçən uzaq yolları,
Obalardan əlimə milyon əldi uzanan
Tonqalların başında, mütilik şaxtasından
Soyuyan qanımızdı gecə-gündüz qızınan!

Milyon dildə bir hava, milyon əldə bir qılınc,
Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.
Bu meydanın işığı məmləkəti bürüsə,
Qaranlıq ayaq açıb üstümüzə yeriməz!

…Tüstülü saçlarımda titrəyir zərif əllər.
Göz yaşı qorxu dadır: ocağım qaralacaq.
Mən də adi bir kösöy - sönsəm də millətimin
Burnunda həmişəlik tonqal iyi qalacaq!

5.XII.1988

www.vhpress.az
XS
SM
MD
LG