Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Aqil Abbas "Ölülər" (Komediya-davamı)


Əvvəli

FATMANİSƏ: Ay oğul, Allahın-peyğəmbərin olsun. Bir utan. O nə sözlərdi o yazığa dedin. Yazıq Bakıda gül kimi evin-eşiyin qoyub gəlib burda bizim dərdimizi çəkir. Onun bizdən başqa buralarda kimi var.

İSGƏNDƏR: Niyə Nazlı kimi nişanlısı var.

NAZLI: Qağa, and olsun Allaha, mən Mir Bağır ağaya getməyəcəm, öz şəhərimizə dönməyənə qədər heç kəsə getməyəcəm.

İSGƏNDƏR: Ay yazıq, sən kimsən ey?! Tutaq ki, sən çəm-xəm elədin. Getmək istəmədin. Görəcəksən səni daldan itələyirlər, get-get. Çevrilib görəcəksən dədən Həsənquludu. Deyir, get bala, get, pulu var, maşını var, Bakıda evi var. O boyda Qaçqınkomda o boyda vəzifədə işləyir. Bu yerlərin yiyəsidi. Yardımımızı kəsər, qalarıq ortalıqda...

(Kimsə tövşüyə-tövşüyə içəri girir)

KİMSƏ: Qonaqlar gəlir, qonaqlar gəlir...

HƏSƏNQULU: (girir içəri) Allah-təalanın hər bir bəlası gərək bizim başımıza gələ. Göydən yüzü tökülə, biri bizə çatmaz. Amma bircə paz düşsə bizlikdi. Təsye cənabları yolda özünü soyuğa verib. Barı Allah şəfa versin ki, xəcalət olmayaq. (İsgəndərə) Ə, barı bu gün qonaqların yanında özünü yaxşı apar. Ayıbdı, dost var, düşmən var.

İSGƏNDƏR: Dədə, gələn o İtqapanı qaytaran Təsyedi?

HƏSƏNQULU: Hə, hə. Təsye cənabları özüdü.

İSGƏNDƏR: Dədə, doğrudan İtqapanı padnosda qaytarıb veriblər bizə? Ha, ha, ha... Özü də zəncəfilli, darçınlı?!

(Həsənqulu İsgəndərin qolundan yapışıb çıxarır bayıra. Bu vaxt Cənab Təsye varid olur, yorğundu. Alqışlar qopur. Qaçqınkomun nümayəndələri, şəhərciyin saytal kişiləri daxil olurlar içəri. Cənab Təsyeni oturdurlar divanın üstə, yastıq, mütəkkə ilə dirsəkləndirirlər)

ƏLİ BƏY-MÜƏLLİM: Cənab Təsye, əhvalınız necədi?

(Təsye bir söz deməyib başını tərpədir)

HƏSƏNQULU: (qorxa-qorxa Təsyeyə yaxınlaşır) Cənab Təsye, izin verin çay gətirsinlər.

(Təsye başı ilə "yox" deyir)

HƏSƏNQULU: Bəlkə Cənab Təsye təam buyurur? Yaxşı cücə-plov dəmləyiblər.

TƏSYE: (heç kimin üzünə baxmayıb yavaş-yavaş) Necə cücə-plov?! Cücə-plov nədi? Hara gedirsən plov, xaş, bozbaş, kabab... Deyəsən bu millətin işi-gücü yemək-içməkdi. Əli bəy-müəllim, məgər bunlar bilmirlər ki, mənim yediyim yalnız qurbağa bacağıdı?

HƏSƏNQULU: (Yavaşca Əli bəy-müəllimə) Əli bəy-müəllim, bu nə danışır? Qurbağa bacağı nədi?

ƏLİ BƏY-MÜƏLLİM: Qurbağa qurbağadı də, görməmisən.

HƏSƏNQULU: Görmüşəm, niyə görməmişəm! Amma qurbağa yeyən görməmişəm.

ƏLİ BƏY-MÜƏLLİM: Niyə televizora baxmırsan, qəzet oxumursan. Bilmirsən fransızların cücə-plovu qurbağadı. Tez uşaqları göndər beş-on qurbağa tapıb gətirsinlər, bizi kişinin yanında pərt eləməsinlər. Amma qurbağalar bir az canlı olsunlar.

HƏSƏNQULU: Ə, qurbağadan çox qurbağa var ey, amma onu kim bişirəcək.

ƏLİ BƏY-MÜƏLLİM: Əşi köməkçisi var, o bişirər. Sən uşaqları göndər.

HƏSƏNQULU: Ay uşaq, ordan Cəlalı çağırın.

(Cəlal gəlir)

HƏSƏNQULU: Ə, qaç gölməçəyə, bir vedrə qurbağa tut gətir.

CƏLAL: Ata, vallah mən qurbağadan iyrənirəm.

HƏSƏNQULU: Axmaq-axmaq danışma, o boyda kişi yol gəlib yorulub, acdı, qurbağa istəyir. Uşaqları da götür, qaçın gölməçəyə.

CƏLAL: Ata, vallah uşaqlar da iyrənir. Əlimizə ziyil çıxacaq.

HƏSƏNQULU: Ə, tərpən dedim sənə, tez elə, bir-iki dənə də tısbağa tutun, bəlkə tısbağa da istədi.

(Cəlal gedir)

HƏSƏNQULU: (Təsyeyə yaxınlaşır) Cənab Təsye, vallah bilməmişik. Qarabağın bütün qurbağaları sizə qurban olsun. Uşaqları göndərdim. Hələ dedim tısbağa da gətirsinlər. Cənab Təsye, bizim Qarabağ qurbağalarının dünyada tayı-bərabəri yoxdu ey! Hələ quruldamaların eşidəsiz. Heç bir ölkənin qurbağaları bizim qurbağalar kimi avazla, şirin-şirin quruldaya bilməz. O qızıldan qiymətli başınız haqqı, gecə sizi aparım gölün qırağına qurbağaların qurultusuna qulaq asın, məəttəl qalacaqsınız... Simfoniyadı ey, başdan-ayağa.

ƏLİ BƏY-MÜƏLLİM: Həsənqulu, Cənab Təsye qurbağaları yiyəcək ey, oxutmayacaq.

HƏSƏNQULU: (bir qədər əsəbi) Əşi, ermənilər hər zir-zibillərinin tərifini göyə qaldırırlar. İndi nə oldu, mən bir balaca gül kimi qurbağalarımızı təriflədim dünya dağıldı?! Elə-belə eləyirsiz ey, ala bilmirik Qarabağı.

TƏSYE: (onların mübahisəsini kəsir) Əli bəy-müəllim, bu cənablar kimdi?

ƏLİ BƏY-MÜƏLLİM: Bu Həsənquludu.

TƏSYE: Həsənqulunu yaxşı tanıyıram. Cənab Brat haqqında mənə çox danışıb. Bilirəm ki, bu yerlərin ağsaqqalıdı, hörmətli adamdı.

(Həsənqulu qəddini düzəldib ətrafdakılara bir forsla baxır)

ƏLİ BƏY-MÜƏLLİM: Bu Mirzə Hüseyndir. İngilis dili müəllimidi. Özü də şairdi, iki kitabı çıxıb.

MİRZƏ HÜSEYN: Üç! Biri də çapdadı. Özüm də Yazıçılar Birliyinin üzvüyəm.

ƏLİ BƏY-MÜƏLLİM: Bağışlayın, üç, biri də çapdadı. Özü də Yazıçılar Birliyinin üzvüdü.

TƏSYE: Çox gözəl, çox gözəl. Bəs uşaqlara Hüqonun dilini öyrətmirsiz?

MİRZƏ HÜSEYN: Niyə fransız dili də öyrədirik.

TƏSYE: Hə, bu çox yaxşı, çox yaxşı. Hüqonun dili dünyanın ən gözəl dilidi.

MİRZƏ HÜSEYN: (kənara) Niyə bizim dilimizə it dəyib?! Hüqo Füzulinin heç şagirdi də ola bilməz.

ƏLİ BƏY-MÜƏLLİM: (yavaşca Mirzə Hüseynə) Ə, yavaş, eşidər!

MİRZƏ HÜSEYN: Cəhənnəmə eşitsin. Belə eləysirsiniz deyin Qarabağı ala bilmirik ey.

ƏLİ BƏY-MÜƏLLİM: Bu Mir Bağırdır ki, bizim bu bölgədə nümayəndəmizdir.

TƏSYE: Yəni bu bölgənin bələdiyyə sədridir.

ƏLİ BƏY-MÜƏLLİM: Təxminən elə bir şey. Bu Heydər müəllimdir, şəhərciyin meridir.

HEYDƏR MÜƏLLİM: Ə, mer nədi?

ƏLİ BƏY-MÜƏLLİM: Lənət sənə şeytan, ə, bunlar icra başçısına mer deyirlər, qandın? Özü də oğlun Parisdə oxuyur. (Təsyeyə) Cənab Təsye, özü də oğlu Parisdə oxuyur.

TƏSYE: Bizim Pağidə?

ƏLİ BƏY-MÜƏLLİM: Bəli, bəli, sizin Parisdə.

TƏSYE: Nə gözəl, nə gözəl. Cənab Heydər müəllim, siz mənim telefonumu verərsiz oğlunuza, kəsir-zadı olsa qoy mənə zəng eləsin, rektor mənim arvadımın ən yaxın dostudur. Birbaşa elə bizim arvada da zəng edə bilər. Bizim arvad türkləri çox sevir.

HEYDƏR MÜƏLLİM: Allah-təala sizi başımızın üstündən əskik eləməsin.

TƏSYE: Cənab Heydər müəllim, bu şəhərdə sizin övladınızdan da başqa xaricdə təhsil alan varmı?

HEYDƏR MÜƏLLİM: Xeyr, Cənab Təsye! Doğrudur, Həsənqulunun oğlu da xaricdə təhsil alıb, Leninqradda, amma ora bizim üçün xaric sayılmır. Həm də çifayda, axırı peşmanlıq olub. Alkaqolikdi, ağzının danışığını bilmir. Həsənqulu kişi kimi bir el ağsaqqalın hörmətdən salır. Camaatın ondan gözü qorxduğuna görə day heç kim uşağını xaricə oxumağa göndərmək istəmir.

HƏSƏNQULU: Cənab Təsye, Allah ağlımı onda aldı ki, gül kimi Parisi qoyub uşağı göndərdim o xaraba Leninqrada. Getdi elm öyrənmək əvəzinə qoşuldu uruslara, elm əvəzinə araq içməyi öyrəndi. İnşallah, balaca oğlum Cəlalı göndərəcəm Parisə. Gedib oxusun, sizin kimi elm sahibi olsun.

TƏSYE: Leninqradda oxuyan oğlun burdamı?

HƏSƏNQULU: Xeyr, cənab Təsye, xəcalətindən sizi görcək qaçıb gizləndi. Allah onun üzün qara eləsin.

TƏSYE: Çağırın gəlsin, görmək istəyirəm.

(İsgəndər gəlib durur Təsyenin önündə və əllərini cibinə qoyub baxır onun üzünə)

TƏSYE: Cənabların adı nədir?

İSGƏNDƏR: (fransızca) Adım İsgəndərdir.

(Təsye onun fransızca danışmasından çaşır, təəccüblə başını yelləyir)

TƏSYE: Fransızca harda öyrənmisiz?

İSGƏNDƏR: Mən Sankt-Peterburqda universitet bitirmişəm, ixtisasca diplomatam.

TƏSYE: Belə de, belə de! Çox gözəl, çox gözəl! İsgəndər! İsgəndər Zülqərneyn! İsgəndər Makedonski! Nə gözəl isimdir. İsgəndər Makedonski Qordi düyününü qılıncla kəsdi. Siz də, özünüz, Qarabağ düyününü kəsə bilməzmisiniz?

İSGƏNDƏR: Niyə kəsə bilmirik ki!

TƏSYE: Bəs niyə kəsmirsiniz? Bizi evdən-eşikdən, arvad-uşaqdan, işdən-gücdən edirsiz?

İSGƏNDƏR: Ermənilərin sizin kimi aftafa götürənləri olmasa özləri bizə yalvarar ki, gəlin Qarabağınıza yiyə durun. Az qala iyirmi ildir buralarda veyllənirsiz, siz nə qələt eləmisiz, bizim başımızın altına yastıq qoymaqdan başqa.

TƏSYE: Cənab Həsənqulu, xahiş edirəm bu ədəbsizi burdan kənar edəsiz.

HEYDƏR MÜƏLLİM: Cənab Təsye, ağlı başında deyil, çünki gecə-gündüz keflidi.

MİR BAĞIR AĞA: Hələ kefliliyi cəhənnəm. Hər yerdə deyir ki, ATƏT impotentdi, nə bilim mavidilər.

TƏSYE: Necə?

ƏLİ BƏY-MÜƏLLİM: Xeyr, xeyr, cənab Təsye! O qələti eliyə bilməz.

MİR BAĞIR AĞA: Necə eliyə bilməz?! Elə dünən çayxanada öz qulağımla eşitmişəm.

TƏSYE: (Durur ayağa) Bu təhqirdi, biz sizdən ötəri neçə illərdi evimizdən-eşiyimizdən olmuşuq. Aylarla arvad-uşağımızı görmürük. Bu da əvəzi?! Mən burda qala bilmərəm.

(Adamlar qarışır bir-birinə, Həsənqulu Təsyeni basır bağrına)

HƏSƏNQULU: Cənab Təsye, mən onu necə lazımdı cəzalandıracam. Siz mənim evimdən narazı getməyin. Yoxsa sabah qardaşım Bratın üzünə necə baxaram.

ADAMLAR: Narahat olmayın, bu dəqiqə onu it kimi qovarıq.

(çıxırlar İsgəndərin dalınca)

TƏSYE: Əli bəy-müəllim, bu İsgəndərdi-nədi, ondan heç gözüm su içmir.

ƏLİ BƏY-MÜƏLLİM: Cənab Təsye, heç narahat olmayın, onu buralarda it yerinə də qoyan yoxdu.

TƏSYE: Gör yemək nə oldu, acından öldüm. Mümkünsə bir Napoleon konyakı da tap. Buralarda olurmu?

ƏLİ BƏY-MÜƏLLİM: Buralardakı girdirmədi.

TƏSYE: Girdirmə nədi?

ƏLİ BƏY-MÜƏLLİM: (öz-özünə) Sizin ATƏT kimi bir şey. (sonra üzünü tütür Təsyeyə). Yəni saxtadı. Bəraye-ehtiyat özümlə Bakıdan götürmüşəm.

TƏSYE: Çox sağ ol. Bir də denən yatağımı hazırlasınlar. Bir də özün bilirsən də, mən gecələr tək qala bilmərəm, bədənim möhkəm ağrıyır. Gərək bir qüvvətli gənc oğlan məni massaj eləsin. Özün bilirsən də! Dayanma!

(Əli bəy-müəllim çıxır)

TƏSYE: Mən həmişə deyəndə ki naxoşam, elə bilirlər yalan danışıram. Amma Allah şahiddir ki (xaç çevirir) mən heç kəsi aldatmıram. Çünki mən doğrudan xəstəyəm. Və mənim mərəzim çox şiddətli mərəzdi. Hər gecə bir qüvvətli kişi məni masaj eləməsə yata bilmirəm.

(Yemək-içmək gətirirlər. Əli bəy-müəllim bir bığıburma oğlanla girir içəri)

BIĞIBURMA: Əli bəy-müəllim, vallah ayıbdı.

ƏLİ BƏY-MÜƏLLİM: Ə, nə ayıbdı. Bunlar avropalıdı ey, canlarının qədrini bilirlər. Hər gecə özlərini ovdurmasalar rahat yatmazlar.

BIĞIBURMA: Sənin başına dönüm, ayrı adam tap. Vallah, sabah qəsəbədə bilsələr mən gecə qonağı ovmuşam, gərək baş götürüb buralardan gedəm.

ƏLİ BƏY-MÜƏLLİM: Ə, axmaq-axmaq danışma. Sənə təzə qəsəbədə üç otaqlı mənzil verəcəm. Otur qonaqla ye-iç.

BIĞIBURMA: Əli bəy-müəllim, mən qurbağa yeyənəm?! Mən qurbağa görəndə iyrənirəm.

ƏLİ BƏY-MÜƏLLİM: Ə, sənə kim deyir ki, qurbağa ye. Cücə plov da var, sən plov ye. Xalis Napoleon konyakı vur.

(Bığıburma keçib oturur, Təsye ona da konyak süzür)

TƏSYE: İstəyirsən get, istəyirsən qal. Amma öləndən sonra sənin əməllərini ipə düzəcəklər. Görsünlər cəhənnəmliksən, yoxsa cənnətlik. O zaman səndən soruşacaqlar, dünyada nə qədər savab işlər görmüsən? Məni masaj eləməyini də yazarlar savab siyahısına və cənnətin qapıları üzünə açılar.

(işıq sönür)


ÜÇÜNCÜ HİSSƏ

(Çadır şəhərində Yardım Qərargahı. Cəmiyyət yığılıb. Hamı ayaqüstə Təsyeni alqışlayır. Hamının görə biləcəyi bir yerdə dayanıb. Əli bəy-müəllim, Həsənqulu və digər ağsaqqallar, Qaçqınkomun işçiləri)...

TƏSYE: (Əlində xeyli sənədlər) Ey mənim əziz və mehriban qaçqın və məcburi köçkün qardaşlarım. Siz elə bilməyin Avropa, dünya sizi unudub? Əsla! Sizlər olmasa bizlər neyləyərik. Biz müsəlmanları çox sevirik, elə bizim Fransanın yarısı müsəlmandı. Biz avropalılar xaç gəzdirsək də əslində çoxdan İslamın buyurduqlarına əməl edirik. Sadəcə bir fərqimiz odur ki, bizlər şərab içirik, sizlər yox. Bizlər sizin üçün, siz müsəlmanların xoşbəxtliyi üçün çalışırıq. Baxın, əlimdə Birləşmiş Millətlər Çayxanasının, bağışlayın Təşkilatının Təhlükəsizlik Şurasının çıxartdığı dörd qətnamə var. Bu qətnamələrdə qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarını dərhal azad etməlidirlər.

Yerdən replika: Cənab Təsye, bu qətnamələrdən on yeddi il keçir, hələ ortada bir şey yoxdu.

HƏSƏNQULU: Kəs səsini küçük! Böyük danışanda balaca qələt eləyib qulaq asar.

Yerdən replika: Belə eləyirsiz deyin Qarabağı ala bilmirik də!

(Yerdən replika atanı dərhal ordan uzaqlaşdırırlar)

TƏSYE: Belə araqarışdıranlara əhəmiyyət verməyin. Bəli, əziz qaçqın və məcburi köçkün qardaşlar, elə ATƏT-in Minsk qrupunu məhz ona görə yaratdılar ki, bu məsələni çözsün. Neçə illərdir bu yollarda əziyyət çəkirik, əlimizdən gələni edirik ki, sizlər doğma torpaqlarınıza, evinizə-eşiyinizə, əzizlərinizin yatdığı qəbiristanlıqlara dönəsiz. ATƏT-in Kəraməti böyükdür. Bizlər olmasa ruslar Tiflisi çoxdan işğal etmişdilər. Rusiya məhz bizdən qorxduğu üçün geri çəkildi. İndi də gücümüzü Ermənistana göstərəcəyik. Baxın artıq İtqapanı qaytarırlar. Kimdir deyən ki, ermənilər daha Qarabağı qaytarmayacaqlar.

HƏSƏNQULU: ATƏT-ə qanımız fəda. ATƏT-in hökmünə, kəramətinə inanmayan kafirdir!

Hamı: (Bir ağızdan) Kafirdir!

TƏSYE: Məgər eşitməmisiz ki, ATƏT olan yerdə sülh var, əmin-amanlıq var, demokratiya var. Bax, İraqda, Əfqanıstanda demokratiyanı, əmin-amanlığı bizlər yaratdıq. ATƏT olan yerdə kimsə kimsənin toyuğuna nəinki daş ata bilməz, heç kiş də deyə bilməz! Avropanın istəyi nədir?

Hamı: (Bir ağızdan) Nədir?

TƏSYE: Avropanın istəyi odur ki, siz qansız-qadasız yaşayasız, xoşbəxt yaşayasız. Avropalılar kimi yaşayasız!

BİR CAVAN: Cənab Təsye, bu düzdürmü ki, Avropada kişi kişi ilə evlənə bilər, mavilər böyük vəzifələrə təyin edilə bilər.

ƏLİ BƏY-MÜƏLLİM: Ə, tərbiyəsiz-tərbiyəsiz danışma. Kişi Parisdə ev-eşiyini, arvad-uşağını buraxıb bizdən ötrü düşüb çöllərə. Sən də ağzına gələni danışırsan, təhqir edirsən.

BİR CAVAN: Vallah təhqir eləmirəm. O gün qəzetdə oxudum ki, Parisin yeni meri mavidir. Televizorda eşitdim, özü də öz dilindən.

HƏSƏNQULU: Ə, rədd ol burdan! Cənab Təsye, fikir verməyin siz Allah! Bizim ümidimiz sizlərdir, ATƏT-dir. Yaşasın ATƏT.

Hamı: Yaşasın ATƏT! Urra! Təsye! Təsye! Təsye!

MİRBAĞIR AĞA: Ay camaat, sakit, sakit! Qoyun kişi sözünü desin! Buyurun, cənab Təsye!

TƏSYE: Əziz qaçqın və məcburi köçkün qardaşlarım! Məsələ belədir ki, Ermənistan Qarabağı birdən-birə deyil, mərhələ-mərhələ boşaltmağa razılıq verir. Mənim sizlərlə görüşümün məqsədi də odur ki, sizinlə bir ümumi razılığa gələk. Görək nə deyirsiz. Hansı şəhərdən, hansı kənddən başlayaq.

BİR QOCA: Ya cənab Təsye! Sənə mənim bu qurumuş canım qurban. Mən öz kəndimizi səndən istəyirəm. Bax, bu dar gün üçün saxladığım qızılları da sənə bağışlayıram. Halal xoşun olsun!

TƏSYE: Siz nə edirsiz? Mən sizin üçün Rəfaelli deyiləm ki, rüşvət alım.

BİR QOCA: Səni and verirəm Roma Papasına, əlimi geri qaytarma!

HƏSƏNQULU: Cənab Təsye! Bu rüşvət deyil, hədiyyədir. Evimizə gələn qonağa hədiyyə verməsək özümüzü çox narahat hiss edərik. Bu bizim milli mentalitetimizdir. Özü də Roma Papasının canına and verdi! Götürməsən Papanın xətrinə dəyər. (Qocaya işarə edir ki, sakitcə qoy cibinə. Qoca sakitcə qızıl torbasını qoyur Təsyenin cibinə. Təsye də özünü elə aparır ki, guya bilmədi)

TƏSYE: Hər bir millətin milli mentalitetinə hörmət eləmək biz Avropalıların şərəf işidir. Siz bizim məcburi köçkün və qaçqın qardaşlarımızsız. Heç bir hədiyyənizə ehtiyacımız yoxdur. Biz sadəcə insanlıq borcumuzu yerinə yetiririk. Əli bəy-müəllim, kağız qələmi götür, hər kəsin istədiklərini bir-bir yaz.

(Adamlar hərəkətə gəlirlər. Hamı Əli bəy-müəllimə tərəf axışır)

TƏSYE: Basabasa salmayın. Növbə ilə, bir-bir. (Hamı geri çəkilir.)

ƏLİ BƏY-MÜƏLLİM: Ə, bir-bir, ədəb ilə. Ayıbdı, bizi biabır eləməyin. Özünüzü görməmiş kimi aparmayın. Hamıya növbə çatacaq. İndi bir-bir deyin yazım.

TƏSYE: Cənab Həsənqulu, birinci sən buyur. Cənab Brat sizin kəndinizin birinci azad olunmasını məndən məxsusi xahiş edib.

HƏSƏNQULU: (Gəlir qabağa, başı ilə minnətdarlığını bildirir). Əli bəy-müəllim, yaz. Birinci Fatmanisəgilin kəndini yaz. Qamışlı.

ƏLİ BƏY-MÜƏLLİM: (Yazır) Qa-mış-lı.

HƏSƏNQULU: Sonra yaz, Narınclar.

ƏLİ BƏY-MÜƏLLİM: Narınclar niyə? Narınclar sizin kənd deyil ki?

HƏSƏNQULU: Atamgilin kəndidir. Sonra yaz... (Yer-yerdən səslər gəlir)

MƏŞƏDİ KAZIM: Həsənqulu, bəlkə cijingilin də kəndini deyəsən? Bəs burdakılar adam deyil?

TƏSYE: Tələsməyin, hamıya vaxt çatacaq.

MƏŞƏDİ KAZIM: Həsənqulu düz adamdı, qoy birinci biz yetim-yesirin kəndlərini desin də.

HƏSƏNQULU: Sənə borc deyil, mən kimi birinci deyirəm, kimi ikinci.

MƏŞƏDİ KAZIM: Yox, borcuma qalıb. O Bratdı-nədi sənin dostundu. Cənab Təsye sənin evinə düşüb deyin, birinci sənin qohum-əqrəbalarıyın kəndləri azad olunmalıdı?(irəli yeriyib stolun üstə bir dəsmal qoyur) Yaz, Əli bəy-müəllim, yaz! Bizim kəndi yaz! Camışlı. (Əli bəy-müəllim Təsyeyə baxır, Təsye də dəsmala, başı ilə işarə edir ki, yaz).

ƏLİ BƏY-MÜƏLLİM: (Yazır) Ca-mış-lı.

BAXŞƏLİ: Məşədi Kazım, nə boş-boş danışırsan. Niyə əzizimiz ATƏT-in işini zora soxursan? Bizim kəndimizi azad eləməmiş sizin kəndi necə azad edə bilərlər. Kəndinizin yolu bizdən keçmirmi?

HƏSƏNQULU: Baxşəli düz deyir. Cənab Təsye! Siz Camışlını necə azad edə bilərsiz Baxşəligilin kəndini azad etmədən?

TƏSYE: Cənab Həsənqulu, necə yəni ATƏT bunu bacarmaz. Səndəmi ATƏT-in qüdrətinə şəkk edirsən?

HƏSƏNQULU: Əstəğfürullah! Sadəcə vəziyyəti deyirəm.

MƏŞƏDİ KAZIM: Yox, birinci bizim kənd azad olunacaq.

KƏRBƏLAYİ VƏLİ: Çəkilin görüm. (o da bir dəsmalı sanballayıb qoyur Əli bəy-müəllimin cibinə). Birinci bizim kənd azad olunmalıdır.

MİR BAĞIR AĞA: Niyə birinci sizin kəndləriniz azad olunmalıdır, siz göydən düşmüsüz?! Bəlkə biz göbələyik, yerdən çıxmışıq?! Vallah, bir mərəkə qopararam ATƏT nədi, BMT-də yer yerindən oynayar. (yaxınlaşır Təsyeyə, qucaqlayıb öpür, öpəndə də cibinə nə isə basır). Cənab Təsye, siz bunlara fikir verməyin. Birinci bizim kəndi qaytarın. Sən öl, həyətdə bir çəllək tut arağı basdırmışam ki, Napoleon konyakı onun yanında qələt eləyir. Sənə orda bir qonaqlıq verəcəm ki, yüz il dadı damağından getməyəcək.

TƏSYE: Əli bəy-müəllim yaz.

ƏLİ BƏY-MÜƏLLİM: Ə, kəndinizin adı nədi?

MİR BAĞIR AĞA: Tuğ!

BAXŞƏLİ: Cənab Təsye, atam-anam sənə qurban. Düz iyirmi il əziyyət çəkib güc-bəla ilə bir ev tikmişdim. İndi gəlib düşmüşəm bu ilanmələməz çöl-biyabanda on baş ailə bir çadırda qırılırıq. Ağcaqanadlar yardım paylayanlar kimi qanımızı necə sorursa damarlarımızda qan da qalmayıb. Birinci bizim kəndi azad elə. (yavaşca Təsyenin qulağına pıçıldayır) Bayaqkı azdırsa, bir az artırım.

MİR BAĞIR AĞA: (Baxşəlinin qolundan tutub bir kənara fırıldadır). Ə, pulun çoxdu? Sənin canın candı, bizimki camış gönü?! Dedim ki, birinci bizim kənd azad edilməlidi, vəssalam!

KƏRBƏLAYİ VƏLİ: (Cumur Mir Bağır ağaya). Ə, qoluzorlu çıxmısan?! Atan yaşda kişiyə əl qaldırırsan?! Sən öl, baxmaram Qaçqınkomda işləyirsən, səni deşik-deşik edərəm.

ƏLİ BƏY-MÜƏLLİM: (Araya girir). Ə, bizi ATƏT-in gözü qabağında biabır eləməyin. Belə eləyirsiz deyin Qarabağı ala bilmirik ey!

(Baxşəli də cumur Mir Bağır ağaya, Heydər müəllim də Baxşəliyə qahmar çıxır).

HEYDƏR MÜƏLLİM: Ə, namərdlər, mənim kəndçimi tək görmüsüz. Siz ölün, bu dəqiqə baxmaram ATƏT-ə-MATƏT-ə, bağırsaqlarınızı yerə tökərəm.

(Bu dəfə Həsənqulu girir araya).

HƏSƏNQULU: Boynunuzu yerə soxum. Bizi bu boyda kişinin yanında biabır elədiniz, Allah sizi biabır eləsin.

TƏSYE: (əsəbləşir). Camaat! Ay camaat! Əl saxlayın. Mən qan kəsməyə gəlmişəm, qan tökməyə yox. Əgər bu dəqiqə davanı kəsməsəniz çıxıb gedəcəm Pağiyə. O ermənilər, o da siz! Gedin özünüz öz kəndinizi azad edin.

(Hamı dayanır və qorxa-qorxa geri çəkilir)

HƏSƏNQULU: Cənab Təsye, bizi çevir balalarıyın başına, keç günahımızdan. İcazə ver gedək bir az fikirləşək.

TƏSYE: Yaxşı, get fikirləş.

HEYDƏR MÜƏLLİM: Cənab Təsye, bizi yetim qoyma. Nə səhvimiz var düzəldərik. İcazə verin öz aramızda sakitcə məsələni yoluna qoyaq.

TƏSYE: Yaxşı, get sən də fikirləş.

BAXŞƏLİ: Cənab Təsye! Səni and verirəm Pan Ki Munun o əziz canına, bizi bağışla. Bir işdi oldu, bir də olmaz. Vaxt ver gedək bir fikirləşək, bir götür-qoy edək.

KƏRBƏLAYİ VƏLİ: Cənab Təsye, neyləyək, Allah hamımızın hövsələsini əlindən alıb. Bir qələtdi elədim. İcazə verin gedim mən də bir az fikirləşim.

TƏSYE: Yaxşı, gedin hamınız fikirləşin, görək birinci haranı azad edək. (Kərbəlayi Vəli və Mir Bağır ağa qəzəblə bir-birinə baxa-baxa gedirlər. Camaat başlayır azalmağa)

HƏSƏNQULU: Mən də gedim kişiyə axşam tədarükü görüm.

TƏSYE: Əli bəy-müəllim, sən də cənab Həsənqulu ilə get, gör axşam məni kim masaj edəcək. Mən də bir az tək qalım, yorulmuşam.

(Hamı gedir, İsgəndər gəlir)


İSGƏNDƏR: Hamı getdi fikirləşməyə bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İsgəndər kimi bir igid gəlib dursun bu meydanda və desin (ucadan) Cənab Təsye, hər nə qədər ki, bu ölmüş dirilər durur. Sizlər kef partladacaqsınız. Xa, xa, xa! Hamı getdi fikirləşməyə. (əlini uzadır Təsyeyə) Cənab Təsye, mən ölüm, əl ver! Lotusan ə, əl ver!

TƏSYE: (ucadan) Mən sənə əl vermərəm, sərxoşsan...

İSGƏNDƏR: Cənab Təsye, siz gərək şükür edəsiniz ki, mən içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar, birdən gözümü açıb görərəm ki, həftədə bir, ayda bir bizim bu şəhərciyimizə Avropadan bir lotu gəlir, bu millətin başının altına yastıq qoyur. Gələndə cındırlarından cin hürkür, gedəndə pyerkardenləri göz çıxarır. Bir xanım vardı, ağbirçəklik eləyirdi, gələndə İstanbul çarşısından aldığı paltarla gəlmişdi, gedəndə brilyantın içində alışıb yanırdı. Mən ölüm lotusan, əl ver dost olaq! Xa, xa, xa!

TƏSYE: Cəhənnəm ol! Bu dəqiqə bir telefon açaram, gəlib səni götürüb atarlar ermənilər tərəfə, illərlə Qırmızı Xaç da ala bilməz.

(Təsye gedir, İsgəndər onun ardınca baxır və sonra hər iki yumruğunu yuxarı qaldırıb ucadan deyir)

İSGƏNDƏR: Kaş mənim bu qollarımda Rüstəm pəhlivan kimi bir qüvvət olaydı. Yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başıaşağı gəlib kal qarpız kimi paqq eləyib dağılaydınız (və özü paqq eləyib atılır göyə). Ya da ayaqlarınızdan tutub ataydım belimə, ağızlarınız hara düşə-düşə. Tfu şarlatanlar (kefli kimi ufuldayır) Buuy! Ədə, vallah mən elə pəhlivanam ki, bu zapa-zupa dözürəm. Xa, xa, xa! (Bir siqaret yandırır, yavaş-yavaş gəlib durur Təsyenin dayandığı yerdə) Bunlar yoxdu, barı cəhənnəm, heç olmazsa bu Təsye kimi mənim elə bir qüdrətim olaydı, ölmüş dirilərlə danışa biləydim. Ax! Əgər olsa idi, üzümü tutardım bu ölmüş dirilərə çığırardım. Ey binəvalar! Soruşardılar, nə deyirsən ey İsgəndər? Onda mən bu ölmüş dirilərə deyərdim, gəlin bu Kefli İsgəndərə qulaq asın. Bir yaxşı-yaxşı düşünün və nəsihətimi qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? Mən sizə cavab verməyə hazıram. İnanın mənə. Allah Mirzə Cəlilə min rəhmət eləsin! Bu Təsyelər, bu Bəsyelər, Petkalar var ey! Bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə öldürməyiblər, sizi çöllərə ona görə salmayıblar ki, sonra dirildələr qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar Qarabağı ona görə öldürüb sizi çöllərə salıblar ki, özləri kef eləsinlər. Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər. Ayda bir gəlsinlər, sizləri başlarına yığıb məzələnsinlər, başınızı qatsınlar, ruhunuzu işğal eləsinlər. Yoxsa birdən ayılıb görərik ki, bunlar Şeyx Nəsrullahlardı. Özümüz də başımıza çarə qılarıq. Qalxarıq ayağa, qabağımıza keçənləri tapdalayıb çıxıb gedərik evimizə-eşiyimizə. Gəlin bu Kefli İsgəndərə qulaq asın! Bu Bemtedi, ATƏTdi, Matətdi-nədi, bunlardan bizə imdad yoxdu. Bəsdi bunların quşun götürdük! Ey binəva ölmüş dirilər! Gəlin bu Kefli İsgəndərin sözlərinə qulaq asın! Çıxın gedin evinizə-eşiyinizə!


(PƏRDƏ)


MƏŞƏDİ ORUC: (Əlində "Ədalət" qəzeti ləhləyə-ləhləyə girir içəri və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır ağa, Heydər müəllim və başqaları girirlər içəri, otağa sığışmadıqlarından açıq qapının arxasında qalırlar. Həsənqulu girir içəri, təəccüblə camaata baxır və üzünü onlara tutub soruşur)

HƏSƏNQULU: Nədir ə? Nə vay-noysə salmısız? Nə xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?

MƏŞƏDİ ORUC: Əşi onsuz da hər gün bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd yarıydı.

HƏSƏNQULU: Yoxsa müharibəni yenidən başladılar?

MƏŞƏDİ ORUC: Müharibəni başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini çıxarıb İrəvanadək qovardıq.

HƏSƏNQULU: Ə, bəs nə olub?

MƏŞƏDİ ORUC: (kövrələ-kövrələ) Həsənqulu əmi, İtqapanın qaytarılması söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib gülür və adamların içində gizlənir)...

HƏSƏNQULU: (Məşədi Oruca) Nə sarsaqlayırsan?! Necə yəni yalandı?!

ADAMLAR: Bəli, bəli yalandı.

HƏSƏNQULU: Ay camaat, Allah xətrinə elə söz danışmayın. Bu boyda yalan olmaz! Ola da bilməz!

MƏŞƏDİ ORUC: Həsənqulu əmi, vallah belədi. Ala də, al oxu. Mənə inanmırsan inanma, bəs bu boyda qəzetə də inanmırsan?

HƏSƏNQULU: Ə, boş-boş danışma. Nə vaxt qəzetlərdə düz söz oxumusan? Yalanın ən yekəsini elə qəzetlər yazır də!

MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Öz qardaşın Aqil Abbas yazıb. Ona da inanmırsan?

BAXŞƏLİ: (kənara və öz-özünə) Ə, bu nə təhər adamdı, ə?! Həm Brat ilə qardaşlıq edir, həm də Aqil Abbasla.

HƏSƏNQULU: Ə, o boyda kişi mənə o boyda məktub yazıb. Bu boyda kişi durub gəlib qəsəbəmizə, yanında da o boyda dövlət adamı. Axı ağlım kəsmir ki, gözümüzlə gördüyümüz işlərin hamısı yalan çıxsın. Allaha şükür uşaq deyilik, dəli deyilik. O gün bütün televizorlar hamısı demirdi ki, Türkiyə ilə Ermənistan danışıblar, razılaşıblar, nə bilim protokol imzalayıblar ki, ermənilər bir-bir rayonları boşaltsınlar?! Ermənilərin ağızları nədi Türkiyəyə yalan danışsınlar. Qardaşlarımız onların ağızlarını (duruxur, sonra davam edir) Qardaşlarımız onların ağızların cırıb qoyar qulaqlarının dibində.

MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Demirəm özüyün qardaşın yazıb.

HƏSƏNQULU: Ə, siz hamınız yaxşı bilirsiz ki, Aqil Abbasın ATƏT-lə arası yoxdu, onlar haqqında ağzına gələni yazır. Bir də axı, o gün elə özü qəzetdə məni muştuluqlamışdı ki, Həsənqulu, gözün aydın Təsye gəlir.

BAXŞƏLİ: A kişilər, özümüzü niyə dağa-daşa salırıq ey, gedək Cənab Təsyenin özündən soruşaq.

HAMI BİRDƏN: Bəli, bəli. Cənab Təsyenin özündən soruşmaq lazımdı.

BAXŞƏLİ: Heydər müəllim, sən yaxşısan, necə də olsa dövlət adamısan. Sən gir, soruş.

HEYDƏR MÜƏLLİM: Qardaşlar, mənlik deyil. Neçə ildi zorla bir iş tapmışam, deyirsiz o da əlimdən çıxsın. Girin özünüz soruşun də.

BAXŞƏLİ: Xeyr, xeyr, mən o qələti eliyə bilmərəm. Qoy Məşədi Oruc soruşsun.

MƏŞƏDİ ORUC: Mən niyə soruşuram? Qonaq sənindi, get özün də soruş də.

MİR BAĞIR AĞA: (qabağa yeriyir) Ay camaat, mən bilmirəm burda nə çətin iş var?! Cənab Təsye qurbağa yeyəndi, adam yeyən deyil ha! Mən girib soruşaram.

HAMI: Çox yaxşı, çox yaxşı! Allah atana rəhmət eləsin.

HƏSƏNQULU: Mir Bağır ağa, amma sən Allah ehtiyatlı ol. Birdən Cənab Təsyenin xətrinə dəyər, bizdən inciyər.

(Mir Bağır ağa qulaq asmayıb qapını bərk döyür. Cavab verən olmur. Bu vaxt İsgəndər adamların içindən çıxıb qapını təpik ilə vurub açır, hamı kənara çəkilir. Cənab Təsyenin otağının tamaşaçılar tərəf pərdəsi açılır. İsgəndər girir içəri. Otaqda Təsyeni masaj edən Bığıburma cavan var)

İSGƏNDƏR: Ə, gədə oğlu gədə, hanı Təsye? Hanı Əli bəy-müəllim?

BIĞIBURMA CAVAN: Gecəynən yığışıb getdilər ki, Bakıdan telefon açıb çağırıblar.

(Adamlar qarışır bir-birinə)

ADAMLAR: Bu nə təhər oldu, ə?

BAXŞƏLİ: Allah təpəmə daş salsın, evdə-eşikdə, əlimdə-ovcumda nə vardı hamısını gətirib verdim bu lotulara.

MƏŞƏDİ KAZIM: Məni demirsən?! Ermənilərdən bir təhər qoruyub saxladıqlarımı da bunlar apardı.

MƏŞƏDİ ORUC: Arvad məni öldürəcək.

İSGƏNDƏR: (Təsyenin otağının ortasında dayanıb gülür) Xa, xa, xa!.. ATƏT-in lotuları! Xa, xa, xa!

(Adamlar yığışır İsgəndərin başına)

İSGƏNDƏR: Gəlin, gəlin içəri! Sən də gəl Hacı Kazım. Baxşəli gəl, gəl, utanma. Əvvəl kimin kəndini azad edəcəkdilər? Məşədi Oruc, indi arvada nə cavab verəcəksən? Gəlin! Dədəm hanı? (başını bulaya-bulaya bir-bir hamını süzür). Hə, ATƏT-in baş lotusu yenə sizə atdı?! İndi növbə mənimdi. İndi mənə qulaq asın! Adamı bir il aldadarlar, üç il aldadarlar, beş il aldadarlar. Görün bu ATƏT-in, Avropanın lotuları sizi neçə ildi aldadırlar. Bu sizin tarix kitabınızda qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi yada salıb deyəcəklər (ucadan), tfu sizin üzünüzə (tüpürür adamlara tərəf, hamı başını aşağı salır). Bağışlayın də Kefli İsgəndər tərbiyəsizlik edir. Amma indi növbə mənimdi. Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! Ə, ermənilər heç Beemteni it yerinə qoymurlar, ondakı ATƏT ola! Ə, bu ATƏTin, MATƏTin boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız?! Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar! Tfu sizin üzünüzə. (bərkdən tüpürür, yenə hamı başını aşağı salır) Bu sözləri sizə deməklə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm?! Yox! Yox! Bunu bilirəm ki, mən də heç bir şeyəm. Mən bu çöllərin otuyam, kolların kosuyam, ağacların qurduyam. Mən bu dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini cibinə atıb bir araq şüşəsi çıxarır) buraları havaya uçurardım. Amma mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir. ATƏT-in lotuları hər dəfə gəlib boş-boş qırıldadanda, mən bu şüşədən araq içirdim ki, dəli olmayım! Yox! Yox! O mənim işim deyil. O igid işidir. Sizintək camaatın igidi də mənimtək olar! Hələ mən heç! İndi görək siz kimsiniz?! Mənim adım Kefli İsgəndərdi, bəs sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ulduzları şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər!" Və bizdən sonra gələn nəsillər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: "Ölülər!"

(İsgəndər sonra Təsyeni masaj edən cavanın qolundan tutur və camaatdan soruşur)

İSGƏNDƏR: Bu kimin gədəsidir, ə?

(Camaat başını salıb aşağı. İsgəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə enir və musiqi kəsilir)

Bu da son!

29 may 2010. Bakı

www.adalet-az.com
XS
SM
MD
LG