Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:23

Sərvaz Hüseynoğlu. Məmməd Araz dastanı

















Bu dastanın bir qolu Kür, biri Arazdı,
Fikir yükü yerlə təndi, göylə tarazdı,
Bil ki səni anmayanı mən aramazdım,
Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa...

Yoxluğundan biri nəşə, mini qəm çəkər,
Can evimi hey ələyən bu düşüncələr
Məmməd Araz dastanından keçmirsə əgər
Haqqım yox, Məmməd Araz, haqqım yox yaşamağa.

Haqqa varan düzlüklərin yoluydun, ustad,
Kainatın özü kimi doluydun, ustad,
Tərəzinin haqqa çəkən qoluydun ustad -
Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa.

* * *

Baxıb sən baxan baxışla
Yuyunaqmı bu yağışla?
Sağlığında yazdığım söz
İndi oxunur, bağışla...

Sənin kimi ozanların,
Haqq Divanı yazanların
Surətini çoxaltmaq gərək!
Milyon etmək, min eləmək,
Sonra da tutiya kimi
Yer üzünə səpələmək...

Səpələyib yer üzünə
Bu dünyayla bir eləmək.
Döndərib bir səcdəgaha,
Qiblə etmək, pir eləmək...
Ürəklər yuxalsın deyə,

Yaxşılar çoxalsın deyə
Dalğa etmək, ləpələmək...
Şərqi-şərqi, nəğmə-nəğmə
Ölkələrə səpələmək.

Yaxşılıq yağışı kimi
Yağdırmaq gərəkdi səni.
Səninlə bəzəmək gərək
Bizim bu Yer kürəsini.

Baş üstündə, göz üstündə
Əl-əl ötürmək gərəkdi.
İşıqlı sabahlara
Səni götürmək gərəkdi.

Nə qədər ki
Həyat belə davam edir,
Nə qədər ki leş üstündə,
Başdakından alınacaq

Bir "malades", "beş" üstündə
dava gedir
Dönüb, dönüb keçməliyik səndən, ustad.

Burnumuzdan o tərəfi seçənəcən,
Su yerinə yağı qanı içənəcən,
Yurd uğrunda canımızdan keçənəcən
Dönüb, dönüb keçməliyik səndən, ustad.

* * *

Avtomat yerinə,
Naqan yerinə
Əlimizdə kiçik oğlumuzun əli
İrəli,
irəli,
hər gün irəli -
Gedirik Şəhidlər xiyabanına...
Yolumuz bağlıdı bundan o yana...

Əlimizdə oğlumuzun əli
Avtomat yerinə, naqan yerinə...
"Bu qan yerdə qalmaz" əzbərçisiyik,
Bəs haçan qoyular bu qan yerinə?!

Yenə "dost" yolunda duza yüyürən,
Yenə quruca bəy, lovğa, təşərik.
Biz şəhid qanını arada qoyub,
Şəhid ehsanına əyləşənlərik...

Bizi bağışlama, Məmməd Arazın
Böyük vətən eşqi, ruhu, söy bizi.
Bu dərdlə, bu adla məzara yetsək,
Nə yer götürəcək, nə də göy bizi.

Mən sözünün qabağında
Söz yazmaram,
Füzulini oxuyaram.
Peyğəmbərə çəkilərəm,
Ən müqəddəs kitabları
Düşüncəmə toxuyaram.
Söz yazmaram
mən sözünün qabağında.

Hər misranı çiçək bilib qoxuyaram.
Bu dünyanı qəbrin üstdə
Dua kimi oxuyaram, Məmməd Araz.

* * *

Bu şeiri ruhuna pıçıldamağa,
Ötüb keçənlərə nəzər salmağa
Gücüm çatmaq üçün düşünüb
Səni
Gərək mən özümdən sonra sevəydim.

Unudub,
unudub dərdi-sərimi
Eşqimə ötəri həvəs deyəydim.
Ustad Məmməd Araz,
Gərək mən səni
Sevməyə bu qədər tələsməyəydim.

Gərək mən özümdən sonra sevəydim
Xırdaca-xırdaca nağıllarını.
Gərək mən özümdən sonra sevəydim
Bu şeirin, sənətin ağrılarını.

Ay özümdən qabaq sevdiyim şeir,
Ay özümdən qabaq sevdiyim şair...
İndi sizdən qabaq ata-anama
Neynəsəm, könlümcə oğulluq olmur.

Qayğılar bir yana, arzu bir yana
Dartıb apardıqca şəklənir adam.
Hərdən elə gəlir doğmalarına
Min köynək uzaqdı, təklənir adam.

Ən uzaq kimsəni yaxın bildiyim,
Qəlbini qəlbimə basmağım olur.
Yaxına kar olub,
ərzin o biri
başına qulaq da asmağım olur.

* * *

Bu səndən gəlmədi,
sənlikdi, şair.

"Bir ağacın budağını kəsən olsa
Hesab edin qollarımı budayırlar"
Söyləmişdi ulu öndər...
Məmməd Araz, qalx məzardan
Gördüyünü birər-birər
O dahinin hüzuruna yazıb göndər.
Yaz ki, dədə, bir ağac nə,
Meşələri ucdantutma şumlayırlar.
Şumlayıban
qəsr-qəsr
saray-saray tumlayırlar.
Sərbəstlikdən,
sərməstlikdən keçib daha.
İndi Xəzərin taleyini
Bir mənimlik,
Bir mənəmlik,
Bir əminlik qurdu yeyir.
Ortalıqda gedir yarış,
Hamı "mənim-mənim" deyir.
hasarlayıb qarış-qarış
Əmi, dayı arasında ələyirlər.

İndi Xəzəri görmək üçün
Gərək çıxasan Marsa,
Uçasan Aya -
Dönüb ordan seyr edəsən...
Durub indi kimdən kimə
Şikayətə gedəsən?..
Canını yeyəsən, didəsən.

Məmməd Araz, qalx ayağa,
Bu mənəmlik azarına,
Bu mənimlik bazarına
Yazıb göndər bir hədə sən.

Qalx ayağa, ay dədə, sən!
Qalxıb gör ki mənə, ona,
o birinə
Çatmayıbdı sözün hələ.
Qalxıb gör ki bərkiməyib
Haqq yolunda savaş üçün
Dizimizdə dözüm hələ.
Qalx ayağa, Məmməd Araz,
Qalx özünü Boz Qurd elə.
"Təbriz azad olmadı",
"Qarabağı yağı aldı" dərdimizi
Sən təzədən gətir dilə.

* * *

Çək qılıncı, vur bu başı -
Oyansın Babək ağrısı.
Babaların ruh sirdaşı,
Bəxtin mübarək ağrısı.

Doğra canı kəsim-kəsim,
Kəsən əlin titrəməsin,
Dili gödək eləməsin
Bir tikə çörək ağrısı.

Dərd içində karıxsa da,
Dörd yandan yağı sıxsa da,
Adamın canı çıxsa da
Vuruşa gərək ağrısı.

* * *

Bir röyanın nəşəsiylə gəlmişdik hala,
Göy qübbəsi üstümüzdə qalaça idi.
Böyümüşdük səhra-səhra, qalabaqala,
Altımızda Yer kürəsi balaca idi.

O gün idi, - "Tapılıbdı Babək qılıncı" -
Xəbərindən yaddaşlarda çaxan qığılcım
Hökm edirdi: - Bu günəcən qardaşım, bacım
Gərək Göyçə ellərinə yol aça idi!

Gərək Vedi həsrətinə son qoyulaydı,
Ovulaydı bu torpağa xain baxan göz.
Borçalıdan yol keçəydi Xudafərinə,
Deməyəydi deyən dillər: "Döz, bir az da döz!"

Gərək namərd yuvasına turp əkiləydi,
Gərək xain gözlərinə mil çəkiləydi.
Belə olsa bu dığalar, de, nəkarəydi
Sözümüzün qabağına çıxaraydı söz?

Nə olsun ki, arzularla dolmuşduq o gün;
Göy qübbəsi üstümüzdə qalaça idi.
Məmməd Araz, bu dünyaya "dur" demək üçün
Sənin kəndin, mənim kəndim balaca idi.

* * *

Gündüz barış sevdasına imza atılır,
Axşam sərhəd kəndlərimiz oda çatılır.
Atəşkəsdi -
ATƏT deyir,
BMT deyir.
Televizor elan edir,
Radiolar min tərəfə,
min səmtə əyir.
Yazır-pozur qəzetçilər,
İntervülər dərc olunur.
Aralıqda and içilir,
mərc olunur:
- Bu il Qarabağ məsələsi
həll olunacaq.
Tərəflər araya gəlib,
Söndürüləcək bu ocaq...

Qarabağ mövzusu çörək ağacı,
Hamının əlində qələm görürəm.
Ortada fırlanır vəzifə tacı,
Baş yox, çiyinlərdə kələm görürəm.

Bu kəndir quyuda haçan doğranıb?
Bu sirri ağardıb-açan doğranıb...
Erməni döşündən qaçan oğlanı
Bakının üstünə gələn görürəm.

* * *

Haçanacan bu qazanı örtülü qaynat;
Milyon ildi bu Ay belə, bu Günəş belə...
Alimləri zəlil edib bari-ehtiyat,
Gah sovrulur, gah qovrulur bu küləş belə...

Bu süstlüklə ömr etməyə ömür demərəm,
Bu atəşkəs sevdasında yoxsa səmərə
Qəzəbini şimşək elə, əl at kəmərə -
Qələbəylə bitməsə də bu savaş belə!

Məmməd Araz hikkəsini irəli apar,
Məmməd Araz Məkkəsini irəli apar,
Qəlpəsini, tikəsini irəli apar,
Arxasında imzaya dön, möhürləş belə.

Özün üçün ələ düşməz baxt da qazansan,
Lap gümüşdən, lap qızıldan taxt da qazansan,
Yaşamağa imkan tapıb, vaxt da qazansan
Demərəm bu əsarətə gəl öyrəş belə.

Yatan yaddaş, qalx, Anteydən gücünü, qalx, al,
Qalx ayağa, qisasını, öcünü qalx al,
Şuşa adlı, Laçın adlı bürcünü qalx al,
Məmməd Araz zirvəsində gəl əyləş belə,
Məmməd Araz dünyasında heykəlləş belə...

* * *

Ehtiyacın əli çəkdi, getdi ayağım,
Bu ömür-gün gəlib keçdi necə, bilmədim.
Bir ağrım var;
Saqqız satan keçdi, ustadım, -
Təsbeh satan, qarpız satan keçdi, ustadım,
Ömrü boyu sən Arazı keçə bilmədin.
Vurulmuşdu, yetişmədi Babəkin qolu,
Nə dünyanın vicdanında ismət olmadı.
Düşüncənlə, inadınla açdığın yolu
Ayağınla keçə bilmək qismət olmadı.

* * *

Aşıq mənəm,
Aşiq mənəm,
Şıx mənəm,
Yoxla neçə fəndin varsa, sıx, mənəm,
Milyon dəfə hesaba vur, çıx, mənəm,
Məmməd Araz havalısı dəyişməz.

Min tərəfdən odasına talan sal,
Milyon fitnə, milyon fəsad, yalan sal,
Lap boynuna gürzə dola, ilan sal -
Məmməd Araz davalısı dəyişməz!

* * *

Ancaq bizi dəyişdirmək yolunda
Əmimizlə, dayımızla öc salıb
Qonşumuzla əyişdirmək yolunda
Anasından, bacısından keçən var.

Güdükdədi bizi bizdən gizləyənlər,
Güdükdədi bizi bizlə bizləyənlər,
Arxamızcan göz yetirib, izləyənlər -
Güdükdədi.
Havamızı, halvanızı çalmaq üçün
Ağızları düdükdədi.
İlhamını pas atanlar
Od püskürür, alov yeyir.
Millətimə arxa olan
Arxalara "daloy" deyir
Qısqırdılır,
Fısqırdılır zəncirdəkilər,
Ədasından yer yarılan gədələr artır.
Arvadının oynaşına dəsmal çatdıran,
Oğulları qadınlaşan dədələr artır.

Ev alınca gora çatır bir cavan şair,
Sarayların ağzı bağlı, yönü günədi.
Kim xahişi bacarırsa,
Girib-çıxmaq bazarında ustadısa
O birinci,
o öndədi.

Adamları öz yolundan azdıranlar,
Yaxşıların quyusunu qazdıranlar,
Ona-buna söyüş-filan yazdıranlar
Qurum qurur,
başqan olur.
Katibələr həftəlikdi...
Bu sarıdan müftəlikdi.

Ekranlara
Röyaların qarnı çıxır.
Yıxır bizi içimizdən,
Gizli əllər sıxır, sıxır...
Canımızdan qabaq alır ruhumuzu.
Ruzi ilə sınayırlar, ustad, bizi.
Əhdimizlə,
Vəfamızla sınayırlar, ustad, bizi.

Füzuliyə aşiqsənsə, - geridə qalmısan,
Karvan keçib,
el yeriyib, yerdə qalmısan.
Anar üçün salam verdin - yaltaqsan demək,
Elçin üçün baş endirdin - hədəfdə sənsən.
Bəxtiyarı hədəf edir bir dümələk,
Səs çıxarsan-qələminin ucunda dənsən.

* * *

Naşı olub dumanında itdiyin dağ,
Mamır olub hər daşında bitdiyin dağ,
Böyük bilib ayağına getdiyin dağ
Ayaq altı olub, ustad, xəbərin yox.

Nədən düşdük bu mənəmlik həvəsinə?
Bu həvəsin qabağında tülkü coşar, dəvə sinər.
Bu sərvətə yerikləyən cibimizin əvəzinə
Gözlərimiz dolub, ustad, xəbərin yox...

Xəbərin yox "barış" deyən gəvəzələr
Nə istəyir bu barışın əvəzinə...
Dövrəmizi dövrələyən bu nizələr
Yüz metiri bir qarışın əvəzinə
Qamarlayır, alır, ustad,
Zərbəsini çalır, ustad...
Bu təklənən məmləkətim
Xəyallara dalır, ustad...

* * *

Üstünə gedəsən gərək qəzanın,
Gedəsən qayanın, daşın üstünə...
Gözləri qan çəkmiş,
tükü qabarmış
gedəsən başdakı başın üstünə.
Qanını ağzına alıb gedəsən,
Kəfəni boynuna salıb gedəsən,
İsgəndər Surunu çalıb gedəsən
ətçəkən,
qaniçən maşın üstünə.
İşini əyəni əyəsən gərək,
Çəkib hesabını üz eyləyəsən.
Geyəsən cisminə dəmirdən ürək,
Sözünü vədə yox, söz eyləyəsən.

Yoxsa əyəcəklər səni min yerdən,
Düyün çalacaqlar asan işinə.
Canavar qismində, qaban donunda
Qılınc qıcayacaq yerindən duran
Qorxub, quyruğunu qısan işinə.

* * *

Yoxsa salıb boz üzünə
Çiçək də əyəcək səni.
Bələyib ayaq tozuna
Ləçək də əyəcək səni.

* * *

Dözərsən gözlərin toxsa,
Ehtiyac çoxdan da çoxsa,
Qəzənfər Paşayev yoxsa,
Heç Bakı da yoxdu, şair.

Batar arzuların yasa,
Dinən dilin olar qısa,
Paşa Qəlbinurun yoxsa,
Çingiz Əlioğlun yoxsa
Heç Bakı da yoxdu, şair.

Dərs verir: - Qəmini sinir,
Kəlməsindən qəlb isinir,
Nəriman Həsənzadə bilir -
Haçan Bakı Bakı olur,
Haçan Bakı yoxdu, şair!

Qərib Mehdi yada düşür,
Yaddaşa xoş səda düşür,
Sonra kim var? -
qələmimdən
sual yağır,
nida düşür,
Nə olsun dost çoxdu, şair...

* * *

İşləməyib dişləyənlər,
Dişləməyib işləyənlər
bilet alıb bir qatara.
Hansı inam,
Hansı iman yiyə çıxsın bu atara?
Eyni sümük,
eyni suluk davasıdı
Gündoğandan günbatana!
Bu qaydadı, qaydaları yenək, şair...
Sənin kimi yazaq gərək,
Sənin kimi dinək, şair.

* * *

Nizamilər meydanında yerin uca,
Füzulilər dünyasında pir şairsən.
Rəsul Rza, Xəlil Rza düşüncəli,
Bəxtiyarlar sırasında hürr şairsən.

Ən yenilməz söz mülkünə əl yetirən,
Hər misrası Vətən adlı gül bitirən,
Bu millətə yeni nəfəs, ruh gətirən
Ömrü-günü Xan Arazsan, Kür şairsən.

Bir ilmədə min çaları görə bilən,
Bir duyğunu min ilməyə hörə bilən,
Söz üstündə dönə-dönə ölə bilən,
Yaşadıqca büllurlaşan dürr şairsən.

* * *

Ey daşlaşan,
Yaddaşlaşan şair ata,
Ey şeirimin yeni dövrü,
erası, ey...
Bir sözümdə,
bir misramda olsa xata -
ərkim kimi qəbul elə, bilmə giley.

Asi idin ağlamağa, sızlamağa,
Asi idin pas atmağa, buzlamağa,
Duza qoyub səbirləri, duzlamağa
Asi idin, ey qəlbi ney, ey dili ney...

Ərkim kimi qəbul elə,
balan yazıb...
Balan kimi öz yurdunda qalan yazıb.
Özün kimi qəlbi, ruhu talan yazıb,
Səndən gələn hədə badə, səda bir mey...

Od görmədim sözündəki oddan başqa,
Dad dadmadım şeirindəki daddan başqa.
Bu şeirimin altındakı addan başqa
Səninkidi, ulu ustad, qalan hər şey.

Doğru yazdın - Söz qalacaq,
Sözündəki köz qalacaq -
Yalan, yalan qalan hər şey...

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG