Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:07

Güntay Gəncalp "Ala inək" (Hekayə)


Alainək gözümü dünyaya açdığım gündən qapımızda idi. Nə zamandan bizim yaşayışımızın bir parçası olduğunu xatırlamırdım.

Ancaq qısır olmadan hər il doğrar və qapımızı doldurardı danalarla. Hələ onun süt-qatığının bizim yemək qaynağımız olduğunu demirəm.

Bu şəkildə alainək hamımızın sevimlisi olmuşdu. Axşamçağı və gündoğarkən, anam gözəl şərqiləri ilə alainəyimizi sağar, mən də onun yavru buzovunun başına ip salıb tutardım gözünün önündə.

Alainək balasını yalayıb, özəlliklə bozovun boynunun tüklərini sanki dili ilə darardı. Yavru bozuv məst olardı anasının onun boynunu yalamasından. Mən də alışmışdım bu gözəlliyə.

Anamın əlində bayda şərqi söyləyib inək sağması, alainəyin yavrusunu yalaması, günbatan çağı və gündoğan çağının oluşdurduğu əsrarəngizlik.

Sağım bitdikdən sonra buraxardım buzovu təpilərdi anasının qıçının arasına və başlardı əmməyə. İndi isə əl çatmaz bir xəyal kimi gəlir mənə o xoşbəxt həyatım.

Bir yaz günü idi. Hər tərəf yam-yaşıl, zəmilər, sarıbaş şüvərənlər yavaşça əsən küləyin təsirindən dalğalanırdı.

Yenə də anam alainəyi sağdı. Buzov anasını əmib həm də həsrət gidərdi. Buzovu anasından ayırıb öz yerinə apardım.

Alainək də digər mallarla bir yerdə örüşə aparıldı. Bir neçə yavru buzovları özümüzlə çalışdığımız tarlaya apardıq.

Orada yumşacıq tər otlardan dərib atırdıq buzovların qabağına yeyirdilər. Buzovlarımın bəzən də boynuna sarılıb üzlərindən öpürdüm.

Anam da mənə “oğlum, sən ki buzovları belə çox sevirsən, indi gör mən səni necə, nə qədər sevirəm. İnşalla bir gün öz uşağın olduğunda mənim dediklərimi anlarsan.”- deyirdi.

Qonşuların tarlasına girməsinlər deyə buzovlarımızı ayaqlarından iplə bağlamış, ipin də bir ucunu yerə mıxlanmış dəmir mıxa düyünləmişdik. Günorta çağı idi. Adətən günorta çağında evdən gətirdiyimiz yeməyimizi yeyib, sərin su və ayran içdikdən sonra kaldarlardan düzəltdiyimiz kölgəciyin altında uzanıb 10-15 dəqiqə gözümüzü yumub yorğunluğumuzu çıxardıqdan sonra yenidən tarlada çalışmağa başlardıq.

O yuxuların dadı, ləzzəti başqa idi. İndi artıq o zamankı kimi yatmaqdan ləzzət ala bilmirəm.

Anamla bərabər kölgəciyin altında uzanmışdıq ki, buzovların bağırtısına diksinib yuxudan oyandıq. Qurd!.

Qurd buzovlarımıza saldırmışdı. Qurd bizi görər-görməz qaçdı. Ancaq alainəyin balasını boğazından yaralamışdı.

Qaçaraq buzova yaxınlaşdıq. Buğazından qan fışqırırdı. Anam “Orağı gətir başını kəsək, artıq bu diri qalmaz.”- dedi. Anam əlləri əsə-əsə buzovun başını kəsdi. Ağlayaraq durumu seyr edirdim. Buzov dostum çabalayaraq can verdi. İçim yanırdı sanki.

Başqa buzovları önümüzə alıb və alainəyin yavrusunun cənazəsini də eşşəyin üstünə yükləyib axşam evə getdik. Anam gəlinimizə “buzovu qurd parçaladı. Ətindən yemək bişir”- dedi. Gün batmışdı artıq.

Bütün inəklər örüşdən gəlmişdi həyətimizdə sağılırdılar. Alainək çox narahat görünürdü.

Quyruğunu tez-tez tərpədib qulaqlarını gözləri baxan tərəflərə yönəldib yavrusunu görmək istəyirdi. Anam başqa inəkləri sağdı. Bu dəfə Alainəyi özəlliklə ən sona saxlamışdı.

Alainək bu dəfə balası gözünün önündə olmadan sağılacaqdı. Ancaq imkan vermədi. Ayaqlarını yerə çırpıb mələyirdi. Axşam inəyi sağa bilmədi anam. Alainək sabaha qədər mələdi qapıda.

Gecə anam buzovun dərsini soyub içinə saman doldurdu. Sonra da dərinin boş yerlərini tikdi. Sabah yenidən alainəyi sağmaq istərkən içi samanla dolmuş balasının dərisini qoyduq alainəyin önünə.

Dəri hələ qurumadığı üçün balasının qoxusunu ala bilirdi. Alainək başladı balasının içi samanla dolmuş dərisini yalamağa. Anamın gözlərindən yaş axırdı. Anam gözəl səsi ilə yas bayatıları söyləyərək inəyi sağmağa başladı:

“Əzizim üzgün ağlar
Qaş-gözü süzgün ağlar
Balası ölmüş ana
Bir gülsə yüz gün ağlar”

Alainəyin gözlərindən yaş sel kimi axırdı. Bir tərəfdən buzovun ölməsi, bir tərəfdən alainəyin göz yaşları və bir tərəfdən də anamın həzin şərqisi ruhumu elə sarmışdı ki, hönkür-hönkür ağlamağa başladım.

Anam mənim ağlamağımı duyduğunda səsini kəsdi. Ancaq anamın göz yaşlarının sağdığı sütün içinə damladığını görürdüm.

Anam alainəyi sağdıqdan sonra gəlib mənim boynuma sarıldı. “Ağlama bala, nə edə bilərik? Yavaş-yavaş unudulacaq. Çox üzülmə!”- dedi.

Buzovun ətindən yemək hazırlamışdılar evdə bacılarım və gəlinlərimiz. Ancaq kimsə yemədi. Alainəyin kədəri bağrımızı sarmışdı. Onun balasının ətini necə yeyə bilərdik. Kədər evimizi bürümüşdü.

Bizim qapımızı bərəkətlə dolduran alainəyin dərdini necə bu tezliyə unutmaq olardı? Anam üzünü gəlinlərimizə tutub “Buzovun ətini yeyə bilməyəcəyik. Qalıb xarab olar. Günahdı.

Sabah aparın verin qonum-qonşulara. Savabdır.”- dedi.

Təkrar gecə olmuşdu. Qəm içində yatmışdıq. Ancaq nə yuxu. Yuxum gəlmirdi. Anam əlini uzadıb saçlarımı oxşayaraq “Mənuş (Güntay) gəl yanımda yat bu gecə, sarıl boynuma yavrum. Ağlama, keçər gedər.”- dedi.

Sanki anam içimdən keçənləri bilmişdi. O gecə gerçəkdən də anamın boynuna sarılıb yatmaq istəyirdim.

Anama “ana, kürəyimi qaşı! Əllərinlə kürəyimi qaşı, rahatlayıram onda”- dedim. Anamın əlləri kürəyimdə gəzişdikcə ruhum bilinməz uzaqlıqlarda uçurdu. Ağır acı içində yuxu alıb aparmışdı bizi.

Yuxumda gördüm ki, alainək dil açıb. Alainək dil açmış mənimlə danışırdı. Kəndimizin üst tərəfindəki örüşdə alainək sağ böyrü üstündə uzanmış, ölürdü.

Ancaq danışa-danışa ölürdü. Gözlərini qırpmırdı. İri gözlərindən yaş axaraq mənə “mənim balamı hara apardın? Onu məndən niyə ayırdın? Mən artıq onsuz yaşaya bilmərəm. O, mənim son yavrum idi. Son doğuruşum. Yavrum....yavrum...”- deyirdi.

Yuxudan oyandım. Əllərim titrəyirdi. Yanımda anam hələ yuxuda idi. Bir az kənarda atam xoruldayırdı.

Dışarı çıxdım. Hava gözəl, göydə sonsuz ulduzlar parıldaşırdılar. Alainəyimizin yanına getdim. Başqa inəklərdə olan rahatlıq alainəkdə yox idi. Alainəyi bir az tumarladım.

Boynunu çevirib mənə baxırdı. Belə kədərli və bədbəxt baxışların qarşısında dözmək nə qədər də çətinmiş. Təkrar geri dönüb anamın yanında uzandım.

Gün doğmuşdu. Təkrar alainəyi dərisinin içinə saman doldurulmuş yavrusunu gözlərinin önünə qoyaraq sağmağa başladı anam. İnəkləri sağıldıqdan sonra hamısını örüşə aparacaqdım. Alainək yeriyə bilmirdi. Arxada qalmışdı. Digər inəklər kəndin heyvanlarına qatılıb uzaqlara otlamağa getdilər. Alainək geri qalmışdı.

Tam oraya çatmışdıq. Mənim yuxumda gördüyüm yerə çatmışdıq. Alainək tam oraya çatdığımızda sağ böyürünün üstündə uzandı.

Yaş axan iri gözlərini mənə zilləyib can verməyə başladı. Ölürdü.

Fikirləşdim ki, indi yuxumda gördüyüm kimi dil açıb danışacaq. Ancaq danışmadı. Gözləri mənə zillənmiş şəkildə can verdi.

28.09.2009

enyeniedebiyat.com
XS
SM
MD
LG